Varmı azadlıq? - Fəxri Uğurlu

Varmı azadlıq?  - Fəxri Uğurlu

04 İyul 2022 09:18 537


İki dünya arasında

Fəxri Uğurlu

...Varmı azadlıq?

Böyük sufi şair, mütəfəkkir Mövlana Cəlaləddin Rumi deyirdi: “Allah insanı hər nəfəsdə yenidən yaradır”. Yəni ilahi iradənin təbiətə müdaxiləsi hüdudsuz, fasiləsizdir, Tanrının istəyi olmasa, bir yarpaq belə budağından qopmaz. Buradan da belə çıxır ki, insan o mütləq azad fövqəliradənin əlində ağıllı oyuncaqdan, Paskal demiş, düşünən əsadan savayı bir şey deyil; başqa sözlə, total ilahi iradənin hökm sürdüyü kainatda azadlığa yer yoxdur.

Ancaq bu, hələ azadlığın birdəfəlik itirilməsi deyil. Sonrakı əsrlərdə Spinoza, Hegel kimi filosoflar sonsuz zərurət zənciriylə azadlığı barışdırmağa çalışdılar, “Azadlıq - dərk olunmuş zərurətdir” kəlamı fəlsəfə meydanına ayaq açdı. Yəni insan boynuna dolanmış zəncirin onu hansı səmtə sürüdüyünü qanıb o səmtə könüllü üz tutarsa, özünü azad bilər, taleyin buyruğunu, fələyin fərmanını öpüb gözünün üstünə qoyar.

Azadlıqla zərurəti qardaşlaşdırmağa Lev Tolstoy da cəhd göstərib. “Hərb və sülh”ün fəlsəfi epiloqunda yazıçı azadlığı həyatın məzmunu, zərurəti həyatın forması saydığını yazır.

***

Göründüyü kimi, böyük mütəfəkkirlər “zərurət”, “qaçılmazlıq” kimi anlayışları səbəb-nəticə asılılığının bir başqa adı olan determinizmlə eyniləşdirib təsadüfə qarşı qoyurlar. Halbuki determinizmlə təsadüf bir medalın iki üzüdür, sonsuz səbəb-nəticə bağlılıqları sonsuz təsadüflərdən heç nəylə fərqlənmir. Təbiət, o cümlədən təbiətin bir parçası olan cismimiz məhz bu qanunauyğunluğa tabedir, onun üstündə hərəkətə gəlib.

Tam təsadüf nəticəsində doğulmuşuq. Nə kimin evində, hansı ölkədə, hansı planetdə dünyaya gəlməyimiz bizdən asılı olub, nə də ölümümüz öz əlimizdədir. Bir bədən kimi havadan, sudan, maddi nemətlərdən, bir sözlə, bizə müdam döşündən süd verən anamız təbiətdən asılıyıq. Fiziki, maddi, cismani həyatda azadlığa bir iynə gözü boyda belə yer yoxdur. Təsadüf, determinizm Şeytanın ta özüdür.

***

Həyata xaos, insan ömrünə təsadüflər silsiləsi kimi baxan fikir adamları da az deyil. Böyük fransız şairi, poeziya tarixində ən böyük islahatçılardan biri Şarl Bodler şeirlərində həyatın iblisanə üzünü vəsf eləyirdi, gözəlliyin heç də xeyirlə, həqiqətlə qol-boyun olmadığını istedadının bütün gücüylə sübuta yetirməyə çalışırdı. Poetik toplusunun adı da bunu çığıra-çığıra deyir: “Şər çiçəkləri”. Bodler xaosdan, nizamsızlıqdan, fanilikdən, eybəcərlikdən, bir sözlə, iblisdən özünə tanrı yaratmışdı, imdad diləyəndə də Tanrıdan yox, İblisdən diləyirdi.

Həyata bu sayaq astar üzündən baxan başqa dahilər də var. Məsələn, Şopenhauer də azadlığı mütləq təsadüflə eyniləşdirirdi. Ancaq fövqəl­iradənin əlində alət olmaqla təsadüflərin qaydasız oyununda girinc qalmağın hansı prinsipial fərqi var? Təsadüflər okeanında dalğaların saman çöpütək sağa-sola çırpdığı insan necə azad ola bilər? Ya zərurət zəncirinə vuruldun, ya təsadüflərin qaçdı-qovdusunda əsir-yesir oldun - nə fərqi var?..

***

İkili dünyada yaşayırıq. Bu dünya yalnız zərurət, yaxud da yalnız təsadüf qanunlarıyla idarə olunmur. Azadlıq da, determinizm də gerçəklikdir, ən azı o səbəbdən ki, bu anlayışlar insanın ağlına gəlib. Biz bu antaqonist gücləri öz varlığımızda ruhla bədən kimi daşıyırıq: biri obyektiv (ruh), o biri subyektiv (bədən); biri qlobal, o biri lokal; universal - məhəlli; abstrakt - konkret; deduktiv - induktiv; aprior - empirik... Xülasə, biri xeyir, o biri şər.

Azadlıq varsa əgər, o, ruhumuzun xassəsidir, çünki təbiətdə azadlıq yoxdur. Determinizm azadlığın, təsadüf zərurətin astar üzü, düşmənidir. Zəruri, qaçılmaz olan azadlığa aparan yol, Tanrı yoludur. Yaxud da tərsinə: azadlıq zərurətdir, qaçılmazdır.

Olmalı olanın bir yolu var. Bəs əgər bir iş olmaya da bilərsə, onun olmamağının neçə yolu var?..

***

Azadlıq tarixin ali məqsədi, tək hədəfidir, ona aparmayan bütün yollar fəlakətə aparır. Məsələn, uşağa da bəllidir ki, çağdaş dünyada demokratiya tarixi zərurət, mütləq azadlıq yolunda növbəti iri addım, ilahi iradəni ictimai iradəyə çevirməyin hələlik yeganə mümkün formasıdır. Bunun qarşısında nə faşizm, nə fundamentalizm, nə də kommunizm duruş gətirəcək; işdir, gətirsə belə nəticəsi qlobal fəlakət olacaq.

Demokratiya universal dəyərdir, adını çəkdiyim cərəyanlarsa, miqyası nə qədər böyük olsa belə, lokal xarakterlidir - bir millətin faşisti o biri millətin faşistini sevməz; bir dinin fundamentalisti özgə dinin fundamentalistini bəyənməz; bir ölkənin kommunisti ayrı ölkənin kommunistiylə yalnız yalandan dostluq eləyər, əslində isə güclü tərəf zəif tərəfi öz bətnində əritməyə çalışar. Bunu keçilmiş təcrübədən yaxşı bilirik.

***

İki dünya arasında, ideal aləmlə real aləmin qovuşağında yaşayırıq. Ancaq bu real dünyanın özü də ikiüzlü, ikiqütblüdür - bir qütbü yaşamaq ehtirası, bir qütbü ölüm qorxusu.

Ziqmund Freyd Birinci Dünya savaşından sonra öz kəşfinə əlavə elədi - sən demə, canlı aləm təkcə eşq allahı Erosun yox, həm də ölüm tanrısı Tanatosun hökmüylə yola çıxırmış. Freyd kimi dahi həyatın iki mənbədən qidalandığını duymaya bilməzdi, ancaq materialist olduğundan, ruha inanmadığından hər iki mənbəni təbiətin bətnində, instinkt­lər aləmində arayırdı. Halbuki Erosla Tanatos iki ayrı instinkt yox, bir instinktin müdam bir-birinə çevrilən iki başı, iki qütbüdür.

Yaşamaq ehtirasıyla ölüm qorxusu bir-birinə düşmən deyil, tam tərsinə, iç-içədir, sağ əllə sol əl kimi, sağ gözlə sol göz kimi daim bir məqsədə qulluq göstərir. Freyd bu fikirdəydi ki, canlı orqanizmdə ayrıca ölüm istəyi, ölümə canatma kimi şüursuz bir təmayül, yenidən qeyri-üzvi varlığa çevrilmək arzusu var. Fəqət həyat göstərir ki, hətta intihar belə özünü qorumaq məqsədi güdür.

Üzvi varlıq, canlı orqanizm nə eləyirsə özünü qorumaqdan ötrü eləyir, onun ölmək naminə ölmək kimi bir niyyəti ola bilməz. Bununla belə bütün yollar, üsullar onu ölümə, yoxluğa aparır, necə deyərlər, onu aclıq da öldürür, toxluq da.

***

Hər bir canlını, o cümlədən insan cismini hərəkətə gətirən tək mühərrik - özünüqoruma instinkti yaşamaq ehtirasıyla ölüm qorxusunun ortaq adıdır. “Şaqren dərisi” romanında Onore de Balzak həzzin ağrıya, ağrının həzzə çevrilməsini böyük ustalıqla təsvir eləyib. Əsərin qəhrəmanı Rafaelə sehirli dəri bağışlayan qoca belə bir söz işlədir: “Ola bilsin, ağrı özü həddini aşmış nəşədən başqa bir şey deyil”.

Bəli, insan beyni iki alternativ mənbədən impuls alır - biri sevgi, o biri qorxu. Sevgi, intuisiya - ruhun, qorxu, instinkt - bədənin dilidir. Beynimiz bu iki qaynaq arasında müdam var-gəl eləməkdədir.

Freyd determinist idi, ruha inanmırdı deyə onun insanı azad deyil, daim təhtəlşüurunda irin bağlamış yaraların, iz qoymuş çapıqların, zədələrin təsiri altındadır. Onun Eqosu İd adlandırdığı şüursuz istəklərlə Super-eqo dediyi qorxuların, yasaqların arasında çırpınır. Eqodan ötrü azad olmağın tək yolu bütün qadağaların, tabuların aradan qalxması, türmə qapılarının yasaq istəklərin üzünə açılması, şüuraltı təmayüllərin şüuru tam qapsamasıdır ki, bu da vəhşi təbiətə qayıdış deməkdir. Belə azadlığın nəyə başa gəldiyini Freydin soydaşları Hitler Almaniyasında öz canlarıyla sınaqdan keçirdilər.

***

Şagirdi, dostu Karl Yunq kollektiv şüursuzluq aləmini kəşf eləyəndə Freyd qəzəblənib bunu cəfəngiyyat adlandırmışdı. Halbuki Yunqun kəşfi tarixin ən böyük ixtiralarından biridir; o, insan şüurunun dərinliklərində ruhu, Allahı tapmışdı. Materialist Freyd üçün belə tapıntının heç bir elmi dəyəri yoxuydu.

Bir az irəli-geri boylansaq, XIX əsrin mütəfəkkir yazıçılarından biri Emil Zolyanın da nəzərində insan - varlığında qalanmış instinkt tonqallarının, ana təbiətin apardığı genetik reaksiyaların məhsuludur, insan şüuru insan vücudunun köləsi, əsiri, qoşqu atıdır.

Son illər dünyada populyarlıq qazanmış İsrail filosofu Harari də insan xarakterinin, davranışlarının büsbütün beyində gedən kimyəvi reaksiyalardan asılı olduğunu vurğulayır. Bu cür determinist yanaşmalar insanın azadlığına bilmərrə yer qoymur, yer üzünün əşrəfini hansısa mübhəm qüvvələrin, ən yaxşı halda təbiətin oyuncağına çevirir.

***

Beləliklə, ruhumuz - azadlıq, zərurət; vücudumuz - determinizm, təsadüf qanunlarıyla hərəkətə gəlir. Böyük alman filosofu Kant noumenlər aləminin (yəni transsendental, ideal dünyanın) zərurət (yəni determinizm), fenomenlər aləminin (yəni real, maddi dünyanın) azadlıq qanunlarına tabe olduğunu deyirdi. Tolstoy da yazırdı ki, dərk olunan azadlıqdan əl çəkib adi hiss orqanlarımızla duymadığımız asılılığı qəbul eləməliyik. Hər iki dahinin zəhmi məni bassa da deməliyəm ki, bununla razılaşmaq çətindir.

Ruh fəaliyyətində azaddır, özü addım atmasa, heç kim onu buna vadar eləyə bilməz. Onun zərurəti səbəb-nəticə zəncirinə bənzəmir, ideal varlığın səbəbi də, nəticəsi də özündədir. Vücud kənar faktorlardan asılıdır, fələyin oyuncağı, təbiətin girovudur.

Ruh vücudu qapsamasa, insan bir bədən kimi təsadüflər, olar-olmazlar girdabında rahatlıq, xoşbəxtlik tapa bilməz (ruh kimi onsuz da xoşbəxtdir, bunu bilsə də, bilməsə də, çünki ruh elə xeyirin, gözəlliyin, dürüstlüyün, həqiqətin, xoşbəxtliyin özü deməkdir). Yalnız ruhumuz cismimizi fani dünyadan qoparıb əbədi, baqi, ideal dünyaya apara bilər. Bu mənada beynini ruhuna təslim eləmiş insanın “o” dünyası elə “bu” dünyadır. Şəxsən mən özümü ideal dünyanın sakini kimi xoşbəxt hiss elədiyim məqamlarda ruhlar aləminə yox, tərsinə, maddi, real dünyaya “o” dünya kimi baxıram.

***

Cismin fəsadlarından qurtulmaq üçün ehtirasları cilovlamaq, həyatı ömrün üzünə yasaqlarla kilidləmək süni yoldur. Ehtirası cilovlamaq yox, susdurmaq lazımdır, bundan ötrüsə ruh bədəni zəbt eləməli, beyində idarəçiliyi ələ almalıdır. Bu zaman vücudun ruhu dilləndirə bilən alətləri işləyir, qalan alətlər kəsərdən düşür. İnsanı qəzavü-qədərə, taleyə, təsadüfə bağlayan zəncirlər incəlib telə dönür, fələyin atdığı oxlar ona batmır, batsa da dərindən yaralamır.

Gerçək azadlıq budur. Qalan azadlıqlar yaxşı halda mütləq azadlığa gedən yolun dayanacaqları, pis halda volyuntarizm, dağıdıcılıq, ərköyünlükdür. Azadlıq əxlaqla qoşa doğulub (daha doğrusu, Tanrının xassəsi kimi doğmayıb, doğulmayıb, hər zaman olub, hər zaman olacaq), mənəvi başlanğıca söykənməyən azadlıq heç bir halda gerçək azadlıq ola bilməz. Hətta İblisin özünə qarşı yönəlsə belə!

***

Bədənin ruha, gövdənin könülə təslim olması (islam kəlməsini də mən belə anlayır, belə yozuram) insanın həm ruhani, həm cismani dincliyi, xoşbəxtliyidir. Öz xislətindən azad olmaq istəyən İblis Tanrının müdaxiləsinə möhtacdır. Tanrı isə azadlığın ta özü olduğuna görə heç nəyə, heç kimsəyə möhtac deyil.

Hegelin “Kantın dualizmindən qurtarmaq” arzusu da yalnız bu proses ideal səviyyəyə çatandan sonra gerçəkləşə bilər. Yalnız o zaman ikilik aradan qalxacaq, iki dünya həqiqətən bir olacaq, varlıq Tanrı nuruyla dolub daşacaq. Materiyanın tam susdurulacağı o gün kainatda ruhun təntənəsi, maddi həyatın sonu olacaq.

Fəqət Hegelin təlimində ruhla materiya xorla danışır, materiyanın bütün əməlləri ruhun adına yazılır. Bu gedişlə tarixin son dayanacağına gedən yolu tapmaq olmaz. Bu gedişlə Tanrını da qorumaq olmayacaq, Şeytanın işləkləri Allahın boynuna atılacaq.

***

İnsan seçimində azaddır. Fəqət azadlığı seçdiyi kimi azad olmamağı da seçə bilər.

Biz azadlıqdan başqa heç nəyi seçə bilməyəndə tam azad olacağıq. Paradoksal görünsə də...