Yeni şeir: İşçi stolu

Yeni şeir:   İşçi stolu

16 Fevral 2022 12:57 571


Zərif Bəkirova

İşçi stolunun üstündə var
İki kompüter:
Bir laptop, bir monitor, bir prosessor, bir klaviatura
İki telefon – biri iş, biri özəl.
Heç sevmirəm iki telefon daşımağı
Kiçik çantama yerləşmir.

Dörd kağız
Birinin üzərində nə isə qeyd olunub
İkisi təmizdir.
Biri MKSİFin keçmiş sədrinin biznes kartıdır
Ona çeynədiyim saqqızı bükmüşdüm.
Gərək stolun üstündə saxlamayım.
Birisi görər iyrənər.

Bir stəkan, içində paket çay
Tipik ofis həyatı məqamları.
Məndən olsa idi, dəmləmə çayı içərdim.
Bir dəfə təklif də verdim.
Dedim: İstəyirsiniz əməlli çay dəmləyək, kəkotuyla?
İşdəkilər mənə baxdılar belə
Dedilər bizə bu da bəsdir, sən istəyirsən özün dəmlə.

Bir Sirab suyu - şüşə qabda
İşə ondan gətirilər. Plastik olmaz.
Ətraf Mühiti qorumaq vacibdir.
Bir tərəfdən də gündə yüzlərcə broşür çap edirik.
Görəsən onda niyə təbiəti düşündüyümüzü deyirik?
Amma indi mən də ancaq şüşə qabda su içə bilirəm.
Bəyənmirəm, plastik qabdakının dadını.
80 qəpik olsa da verirəm.

Bir yazı dəftəri
İçində əlavə kağızlar.
Həm şəxsi planlarımı ora yazıram –
Məsələn: gələn həftədən idmana yazılacam
Bunu yarım ildir ki, deyirəm.
Həm də iş planlarımı:
Siyahını Gülər xanıma göndərmək,
İştirakçıları Mariflə təsdiqləmək.

Yazı dəftərlərim həmişə belə olur,
Amma həmişə də bir yazı dəftərim olur.
Ümumiyyətlə, qeyd götürmək adətimdir
Sonra onlara baxmasam da,
Tullasam da.
Sanki bir şeyi yazmasam, dərhal unudacam.

Bir boşqab, içində portağal dilimi və bıçaq.
Modem,
Qələmləri, markerləri, qayçını yığmaq üçün penal.
Freshmaker - nəmli salfetlər
Bir salfetlə əvvəl gözümə yayılmış qara karandaşı silirəm,
Sonra əllərimi,
Sonra stolu,
Sonda da ayaqqabılarımı.
Çox funksionaldır.
İki qulaqlıq: biri ağ – laptop üçün
Biri böyük qara –
Digər kompüter üçün.
Bir zərli stiker
Keçənilki Yeni il tədbirimizdən qalıb.
Üzərində arzumu yazıb
Yapışdıracaqdım divara,
Amma arzu tapa bilmədim.
Və kağız da qaldı stolda.

Görəsən hansı daha qarışıqdır,
fikirlərim ya işçi stolum?