Bu əhvalat 1880-ci ilin mayında, axşamüstü baş vermişdi. İki illik fasilədən sonra Yasnaya Polyanaya qonaq gələn İvan Turgenyev və malikanənin sahibi qraf Tolstoy Voronkanın arxasındakı meşəyə, meşəcüllütü ovuna getmişdilər.
Ova bu iki qoca yazıçı ilə yanaşı, Tolstoyun hələ cavan olan həyat yoldaşı və ov tazısını aparan uşaqlar da yollanmışdılar.
Voronkaya gedən yol çovdar zəmisinin içindən keçirdi. Qürub çağı qalxan xəfif külək taxıl zəmisinin üzərindən ötdükcə, özü ilə torpağın qoxusunu gətirirdi. Tüfəngi çiyninə aşırmış Tolstoy irəlidə gedir, aradabir arxaya çevrilib öz həyat yoldaşı ilə yanaşı addımlayan Turgenyevlə söhbətləşirdi. “Atalar və oğullar”ın müəllifi, hər dəfə sanki təəccüblənibmiş kimi gözlərini qaldırır, gülər üzlə, mülayim səslə müsahibinə cavab verir və bəzən də çiyinlərini titrədən xırıltılı bir səslə gülürdü. Kobud təsir bağışlayan Tolstoya nisbətən onun danışıq tərzi zərif idi və bir qədər qadınsayağı görünürdü.
Yol yoxuşa dirənəndə, görünür, qardaş olan iki kənd uşağı qaçaraq onlara yaxınlaşdı. Tolstoyu görəndə dayanıb təzim etdilər. Sonra yalın ayaqlarının işıldayan dabanlarını göstərərək, sürətlə yoxuş yuxarı qaçdılar. Tolstoyun oğlanlarından biri arxadan onlara sarı qışqırıb nə isə dedi. Sanki heç nə eşitməyib qaçmağa davam edib, çovdar tarlasının arasında gözdən itdilər.
–Kənd uşaqları maraqlıdır! – arxaya çevriləndə üzünü qürub günəşi işıqlandıran Tolstoy Turgenyevə dedi. – Bəzən olur ki, bu uşaqların danışığına qulaq asanda çoxumuzun bilmədiyi sadə və birbaşa danışmaq tərzini öyrənirəm.
Turgenyev ona sarı döndü. O indi əvvəlki adam deyildi. Əvvəllər Tolstoyun sözləri onu uşaq kimi heyrətləndirərdi, indisə onlara bəlli bir ironiya ilə yanaşırdı...
–Bu yaxınlarda dərs deyəndə, – Tolstoy davam etdi, – uşaqlardan biri sinif otağından çıxmaq istədi. Ondan soruşuram: “Hara gedirsən?”. Cavab verir: “Gedim, bir dişləm tabaşir gətirim”. “Tabaşir götürməyə”, “tabaşir qırmağa” demir, məhz “bir dişləm tabaşir gətirim” deyir. Bu cür sözləri yalnız rus uşaqları işlədə bilər, çünki onlar həqiqətən də tabaşiri dişləri ilə qırırlar. Biz böyüklər belə deyə bilmirik.
–Doğrudan da bunu yalnız rus uşaqlar bacarır. Belə danışıqları eşidəndə mən Rusiyaya qayıtdığımı şiddətlə duyuram.
Turgenyev çovdar tarlasını ilk dəfə görürmüş kimi ətrafı diqqətlə süzdü.
–Hə, elədir. Fransada uşaqlar hətta papiros çəkməkdən də utanmırlar.
–Hə, yeri gəlmişkən, deyəsən, siz son vaxtlar papiros çəkməyi tərgitmisiniz, – Tolstoyun həyat yoldaşı, qonağı ərinin tikanlı sözlərindən qorumaq üçün, araya söz qatdı.
–Hə. Mən tütünü tamamilə tərgitdim: Parisdə iki gözəl qız vardı, deyirdilər ki, məndən bərk tütün qoxusu gəlir, buna görə də mənimlə öpüşməyə razı deyillər.
Bu dəfə Tolstoy istehza ilə qımışdı.
Voronkanı keçib ov yerinə çatdılar. Bura çaydan bir az aralı, meşənin artıq seyrəldiyi bataqlıq bir çəmənlik idi.
Tolstoy Turgenyevə daha yaxşı yeri güzəştə getdi, özü yüz əlli metr uzaqlaşıb, çəmənliyin bir qırağında mövqe tutdu. Tolstoyun xanımı Turgenyevin yaxınlığında dayandı, uşaqlar isə çəmənlik boyu səpələndilər.
Göy üzü hələ də qırmızıya çalırdı. Ağacların göy üzünün qarşısını kəsən budaqlarının arasından, sanki tüstü süzülürdü, bu, əlbəttə, onları bürüyən tər yarpaqların sıx düzülüşündən yaranan bir təsəvvür idi. Tüfəngini əlində hazır saxlayan Turgenyev, sanki baxışları ilə sıx yarpaqların arxasına nüfuz edirdi. Arabir meşənin alaqaranlıq dərnliklərindən xəfif küləyin doğurduğu xışıltı səsi gəlirdi.
–Qızılboyunlar və sarıköynəklər oxuyur, – Tolstoyun həyat yoldaşı başını yana əyib, sanki öz-özülə danışırmış kimi dilləndi.
Dərin sükut içində keçən yarım saatda zaman yavaşımışdı.
Bu vaxt ərzində sanki səma ağırlaşıb suya dönmüş və aşağı enmişdi. Yalnız adda-budda ağcaqayın ağaclarının kölgəsi ağarırdı. Qızılboyun və sarıköynək quşlarının nəğməsini sərçəyəbənzər sitta quşunun ara-sıra eşidilən civiltisi əvəzləmişdi. Turgenyev yenidən başını yuxarı qaldırıb sınayıcı nəzərlə yarpaqların arxasına nüfuz etməyə çalışdı. Ancaq meşənin dərinliyində artıq hər şey axşam yarıqaranlığına qərq olmuşdu.
Birdən meşədə güllə səsi eşidildi, bir az aralıda gözləyən uşaqlar ov tazısı ilə irəli cumdular.
–Əriniz məni qabaqladı, – Turgenyev gülümsəyib Tolstoyun həyat yoldaşına baxdı.
Çox keçmədən Tolstoyun ikinci oğlu İlya sıx otluğu yara-yara qaçıb anasının yanına gəldi. O, atasının bir meşəcüllütü vurduğunu xəbər verdi.
Turgenyev söhbətə qarışdı:
–Ovu kim tapdı?
–Dora. Dora onu tapanda quş hələ sağ idi.
Sağlamlıq yağan üzü həyəcandan pörtmüş uşaq yenidən anasına tərəf çevrilib Doranın meşəcüllütünü necə tapdığını ətraflı danışmağa başladı.
Turgenyevin xəyalında bir anlıq “Ovçunun qeydləri” əsərinin yeni bir hekayəsi canlandı.
İlya getdi və ətrafa yenə də əvvəlki sükut çökdü. Meşə alaqaranlığının dərinliklərindən tər yarpaqların və nəm torpağın həniri duyulurdu. Zaman-zaman uzaqdan hansısa yuxulu bir quşun qışqırığı eşidilirdi.
–Bəs bu nədir?
–Alacəhrədir, – Turgenyev anındaca cavab verdi.
Qəfildən alacəhrə susdu. Bir müddət meşənin alaqaranlığında tam bir səssizlik hökm sürdü. Xəfif külək kəsildi, göy üzü həyat əlaməti duyulmayan meşəni özünün maviliyinə bürüdü, başlarının üstündən qəfildən bir sarıköynək üzücü bir səslə uçub keçdi.
Bir saat sonra tüfəng səsi yenidən meşənin sükutunu pozdu.
–Görünür, Lev Nikolayeviç meşəcüllütü ovunda da məni üstələyir, – Turgenyev bir gözünü qıyıb, çiyinlərini çəkərək dilləndi.
Qaçışan uşaqların ayaq tappıltısı, Doranın təkəmseyrək hürüşü... Bir azdan hər şey sakitliyə qərq oldu və göydə xal-xal səpələnmiş ulduzlar sayrışmağa başladı. Göz tutduqca, gecə sükutuna qərq olmuş meşədə bir budaq belə tərpənmirdi. İyirmi dəqiqə... Otuz dəqiqə... Zaman darıxdırıcı şəkildə uzanır, rütubətli qaranlıqda haradansa peyda olan ağımtıl duman ayaqlarının altına sürünürdü. Ancaq hələ də meşəcüllütünün heç bir əlaməti yox idi.
–Bu gün nə baş verir? – Tolstoyun həyat yoldaşı dodaqlarının altında deyindi və sözlərində təəssüf duyuldu. – Çox nadir halda belə olur, ancaq...
–Qulaq asın! Bülbül oxuyur.
Turgenyev bilərəkdən söhbətin mövzusunu dəyişdi.
Həqiqətən də, qaranlıq meşənin dərinliyindən bülbül cəh-cəhinin sədaları eşidilirdi. Bir müddət hər ikisi susdu və bülbülə qulaq asdıqca öz aləminə qapıldı...
Və birdən, – Turgenyevin öz sözləri ilə desək, – “və birdən – bu sözümü yalnız ovçular anlayar”, birdən bir az uzaqdan, otluğun arasından meşəcüllütü özünün tanış qışqırığı ilə havaya qalxdı. Ağaran qanadlarını açaraq sıx budaqların arasından uçan quş gecənin qaranlığında gizlənməyə can atırdı. Turgenyev o andaca tüfəngini dikəldib tətiyi çəkdi.
Tüstü qalxdı, alov parıldadı və atəş səsi meşənin sükutunu pozaraq ətrafa yayıldı.
–Vura bildiniz? – ona yaxınlaşan Tolstoy uca səslə soruşdu.
–Vurdum! Daş kimi yerə düşdü...
Uşaqlar artıq ov tazısı ilə birlikdə Turgenyevin ətrafında toplanmışdılar.
–Gedin, axtarın! – Tolstoy onları buyurdu.
Uşaqlar tazını irəli buraxıb hər yeri axtarmağa başladılar. Ancaq nə qədər axtarsalar da, vurulmuş meşəcüllütünü tapa bilmədilər. Dora dayanmadan ətrafı ələk-vələk edir, yalnız aradabir dayanıb şikayət duyulan səslə zingildəyirdi.
Nəhayət, Tolstoyla Turgenyev uşaqların köməyinə gəldilər. Ancaq meşəcüllütünün hara düşdüyünü nişan verən bir dənə lələk yox idi.
–Görünür, siz onu öldürə bilməmisiniz, – iyirmi dəqiqə sonra Toltoy ağacların arxasındakı qaranlıqdan Turgenyevə sarı səsləndi.
–Necə? Axı onun daş kimi yerə düşdüyünü öz gözlərimlə gördüm.
Turgenyev bu sözləri deyib, yenidən ətrafdakı otluğu ələk-vələk etməyə girişdi.
–Vurmağına vurmusunuz, ancaq ola bilsin, yalnız qanadını yaralamısınız. Görünür, yerə düşsə də, qaça bilib.
–Elə deyil. Mən onu qanadından vurmamışam. Çox güman öldürmüşəm.
Tolstoy çaşqınlıq içində, qalın qaşlarını çatdı.
–Onda it onu tapmalıdır. Dora həmişə vurulan ovu tapıb gətirir.
–Ancaq mən onu yəqinliklə öldürdüyümü bilirəmsə, daha başqa sözə ehtiyac qalmır, – tüfəngi hələ də əlində saxlayan Turgenyev əsəbi şəkildə cavab verdi. – Öldürüb öldürmədiyimi uşaq da bilir. Mən onu vurduğumu çox aydın gördüm.
Tolstoy istehza ilə Turgenyevə baxdı.
–Elə isə itə nə gəlib?
–İtə nə olduğunu bilmirəm. Mən yalnız gördüyümü deyirəm. Daş kimi düşdü, –Tolstoyun gözündəki parıltını görən Turgenyev qəfildən kəskin bir tövrlə səsləndi. – Il est tombé comme pierre, je t'assure (Səni inadırıram, daş kimi düşdü – fransızca).
–Onda Dora onu tapmaya bilməzdi.
Xoşbəxtlikdən bu vaxt Tolstoyun həyat yoldaşı təbəssümlə onlara yaxınlaşdı, heç nə olmamış kimi, qoca yazıçıların söhbətinə qarışdı. Dedi, sabah səhər tezdən uşaqları bir də axtarış aparmaq üçün göndərəcək, indi isə ən yaxşısı, hər şeyi olduğu kimi qoyub malikanəyə qayıtmaq lazımdır. Turgenyev o dəqiqə razılaşdı.
–Onda mən də onlardan xahiş edərəm. Sabah, sözsüz, öyrənərik.
–Hə, sabah yəqin, öyrənərik, – hələ də narazı qalan Tolstoy istehzalı təbəssümlə gülümsündü, arxasını Turgenyevə çevirib sürətlə meşədən kənara addımladı...
***
O gecə Turgenyev təxminən saat on birdə yataq otağına keçdi. Nəhayət, yalqız qalıb, ağır-ağır stulun üzərinə çökdü və dalğın halda ətrafa göz gəzdirdi.
Turgenyev üçün adətən Tolstoyun kabinet kimi istifadə etdiyi otağı ayırmışdılar. Böyük kitab şkafları, taxçadakı büst, üç-dörd portret, divardan asılmış maral kəlləsi – bütün bunlar şam işığında qüssəli və cansıxıcı görünürdü. Ancaq hər halda bugecəki təklik Turgenyevə qəribə bir sevinc gətirmişdi.
...Yataq otağına keçənədək qonaq bütün ailə ilə birlikdə çay stolunun arxasında vaxt keçirmişdi. Turgenyev bacardığı qədər söhbəti qızışdırır və gülürdü. Ancaq Tolstoy bütün bu müddət ərzində qaşqabaqlı oturur və demək olar, söhbətə qarışmırdı. Onun bu hərəkəti Turgenyevdə inciklik yaradırdı. Ona görə də qəsdən ev sahibinin susqunluğunu nəzərə almamağa çalışır, ailənin digər üzvlərinə adi vaxtlardakından daha mehriban yanaşırdı.
Turgenyevin hər bir uğurlu zarafatı bütün ailənin gülüşünə səbəb olurdu. O uşaqlar üçün, Hamburqun zoologiya bağçasında filin necə böyürdüyünü və parisli küçə uşaqlarının vərdişlərini təqlid edəndə, masa arxasındakılar daha bərkdən gülüşürdülər. Ancaq süfrənin ovqatı nə qədər şənlənirdisə, Turgenyevin ruhu bir o qədər ağırlaşır və rahatsızlaşırdı.
Söhbət fransız ədəbiyyatının üzərinə gəlib çıxanda, artıq özünü süni şəkildə şən göstərməkdən bezən Turgenyev qəfil Tolstoya sarı çevrildi və səsinə məqsədyönlü yumşaqlıq verib dedi:
–Bu yaxında orada çox ümidverici bir yazıçının peyda olduğunu bilirsinizmi?
–Yox, bilmirəm. Kimdir ki?
–De Mopassan. Gi de Mopassan. Ən azından təkrarolunmaz güclü müşahidə qabiliyyəti ilə seçilir. Çamadanımda onun “La masion Teller” (“Tellerin müəssisəsi”) adlı hekayələr toplusu var. Vaxtınız olsa oxuyarsınız.
–De Mopassan?
Tolstoy qonağa şübhə ilə baxdı. Ancaq kitabı oxuyub-oxumayacağı barədə heç nə demədi. Turgenyev uşaqlıq çağında, yaşca böyük uşaqların özünü necə incitdiklərini xatırladı. Onun ürəyində eyni ilə ondakına bənzər bir inciklik baş qaldırmışdı.
–Madam yeni yazıçılardan söz düşdü, bizdə də bir heyrətamiz yazıçı meydana çıxıb.
Turgenyevin çaşqınığını duyan Tolstoyun xanımı tələsik söhbətə qarışıb, qəribə qonağın gəlişindən söz açdı. Bir ay qabaq, axşamüstü, çox yoxsul geyinmiş bir gənc onlara gəlib, Tolstoyu hökmən görməli olduğunu bildirmişdi. Onu yazıçının otağına gətirmişdilər. Tosltoyu görəndə ilk sözü bu olmuşdu: “Xahiş edirəm, mənə bu dəqiqə bir qədəh araq və siyənək quyruğu verəsiniz”. Yalnız elə bununla hamını təəccübləndirdi, ancaq daha təəccüblüsü, bu qəribə gənc artıq bəlli bir şöhrət qazanmış, yeni yazmağa başlayan bir yazıçı imiş.
– Qarşin...
Turgenyev adı eşidəndə içində Tolstoyu söhbətə çəkmək istəyi baş qaldırdı: soyuq davranışı getdikcə xoşagəlməz hal alırdı və indi bunu aradan qaldırmaq üçün uyğun bir məqam yaranmışdı. Axı Tolstoya Qarşin barədə ilk dəfə özü danışmışdı.
–Doğrudanmı, Qarşin idi? Mənə elə gəlir, onun hekayələri pis deyil. Bilmirəm, onun haqqında söhbətimizdən sonra onu oxumusunuzmu...
–Məncə, pis deyil.
Tolstoy laqeyd halda cavab verdi, söhbətdən qaçmaq istədiyi açıq-aydın görünürdü.
Turgenyev qalxdı, ağ saçlı başını yelləyərək otaqda var-gəl etdi. Stolun üzərinə qoyulmuş şamın divara saldığı kölgə gah uzanır, gah da qısalırdı. O, əllərini arxasında qoşalaşdırıb, sükut içində addımlayır və qüssəli gözlərini döşəmənin çılpaq taxtalarından ayırmırdı.
Turgenyevin xəyalında iyirmi il bundan qabaqkı parlaq xatirələr bir-birini əvəz edirdi – o vaxtlar Toltoyla dostluq edirdi. O vaxt zabit olan Tolstoyun bir neçə gecəni ardıcıl içki məclislərində keçirəndən sonra onun Peterburqdakı mənzilində gecələməyə gəlməsi... Tolstoyun Nekrasovun qonaq otağında, onu qalib nəzərlərlə süzüb, dünyada hər şeyi unudaraq, Jorj Sand barədə kəskin fikirlər səsləndirməsi... O vaxt “İki qusar” əsərini yazan Tolstoyun onunla birgə Spassk meşəliyində gəzişməsi, sonra qəfildən dayanıb yay səmasındakı buludlara heyranlıqla baxması... Nəhayət, Fetin evində hər iksinin yumruqlarını sıxaraq bir-birinin üzünə ən dəhşətli təhqirlər yağdırması... Bu xatirələrdən hansı birini götürsən, həmişə inadkarlıq göstərən Tolstoy başqalarının səmimiyyətinə inanmaq istəmirdi. Başqalarının gördüyü bütün işlərdə həmişə hansısa bir yalandan şübhələnən adam... Həm də bu yalnız başqalarının gördüyü işlərin onunku ilə ziddiyyət yaratdığı hallarda baş vermirdi. Qoy kimsə elə onun kimi, qadınlarla gəzib pozğunluq etsin, ancaq o, başqalarının etdiyi pozğunluğu, öz pozğunluğu kimi bağışlaya bilmirdi. Hətta inana bilmirdi ki, bir başqası yay səmasındakı buludların gözəlliyini onun kimi duya bilər. Jorj Sandın səmimiyyətinə şübhə etdiyinə görə, ona nifrət edirdi. Və o vaxt o, Turgenyevlə münasibətlərini kəsdi... Hə, heç nə dəyişməyib, yenə də əvvəlki kimidir, indi də Turgenyevin meşəcüllütünü öldürdüyündən şübhələnir...
Turgenyev dərindən köks ötürüb taxçanın qarşısında dayandı. Taxçada, uzaqda yanan şamın işıqlandırdığı, dumanlı kölgəyə bürünmüş mərmər büst gözə dəyirdi. Bu Lev Tolstoyun böyük qardaşı Nikolayın büstü idi. Düşünməyin özü belə ağırdır; Turgenyevə çox yaxın olan, insanlara qarşı mülayim və istiqanlı bağlılığı ilə seçilən Nikolayın ölümündən iyirmi il keçmişdi. Əgər onun qardaşı insanların hissləri ilə hesablaşmaqda Nikolayın yarısı qədər olsaydı... Turgenyev yaz gecəsinin necə keçdiyini duymadan, qüssəli gözlərini dumanlı görünən büstə dikib uzun müddət taxçanın qarşısında dayandı.
***
Birisi gün səhər Turgenyev evdə yemək otağı kimi istifadə edilən salona çox tez gəldi. Salonun divarlarından əcdadların portreti asılmışdı və Tolstoy onlardan birinin altında qoyulmuş stolun arxasında oturub, poçtu gözdən keçirirdi. Salonda ondan başqa heç kim yox idi.
Qocaman yazıçılar salamlaşdılar.
Tolstoyun üzünün ifadəsinə diqqət yetirən Turgenyev orada kiçicik bir xeyirxahlıq görsəydi, dərhal onunla barışmağa hazır idi. Ancaq Tolstoyun hirsi soyumamışdı və bir-iki söz mızıldanıb, yenidən tam sükut içində poçta baxmağa davam etdi. Turgenyev yaxınlıqdakı stulu çəkib oturdu, masanın üstündən bir qəzet götürdü və səssizcə oxumağa başladı. Alaqaranlıq salonda bir müddət qaynayan samovarın pıqqıltısından başqa heç bir səs eşidilmədi.
–Gecə yaxşı yata bildinizmi? – poçta baxıb qurtaran Tolstoy düşüncəli bir görkəm aldı.
–Yaxşı yatmışam.
Turgenyev əlindəki qəzeti aşağı endirdi və Tolstoyun yenə də nə isə deyəcəyini gözlədi. Ancaq ev sahibi samovardan öz gümüş fincanına çay tökdü və daha heç nə demədi.
Bu bir-iki dəfə təkrarlandı və Turgenyev üçün gecə olduğu kimi yenə də Tolstoyun narazılıq yağan üzünə baxmaq çox ağır idi. Xüsusilə indi, səhər çağı, yalnız ikisinin bir yerdə olduğu məqamda, bu onun üçün çox dözülməz idi. “Heç olmasa xanımı gəlsəydi”, – daxili bir həyəcanla bir neçə dəfə düşündü. Ancaq nədənsə hələ də heç kim gəlmirdi.
Beş dəqiqə, on dəqiqə... Daha dözməyə taqəti qalmayan Turgenyev qəzeti tulladı və inamsız halda ayağa qalxdı.
Elə bu anda qapının arxasından hay-küy və tappıltı eşidildi. Pilləkəndə bir-birini ötməyə çalışan uşaqların hay-harayı gəldi. Qapı taybatay açıldı, bir-birinə aman vermədən danışan bir neçə oğlan və qız uşağı içəri girdi.
–Ata! Tapıldı!
Hamıdan qabaqda dayanan İlya əlində tutduğu quşu təntənə ilə silkələyərək səsləndi.
–Birinci mən gördüm! – anasına çox bənzəyən və qardaşına güzəştə getmək istəməyən Tatyana qışqırdı.
–Görünür, düşəndə ilişib. Ağcaqayın budağından asılmışdı, – yaşca hamıdan böyük Sergey məsələyə aydınlıq gətirdi.
Tolstoy heyrətlə uşaqlara göz gəzdirdi. Dünənki meşəcüllütünün uğurla tapıldığını anlayanda, saqqal basmış sifətində işıqlı bir təbəssüm yarandı.
–Demək belə? Ağacın budağına ilişib? Bax buna görə də it onu tapa bilməyib.
Yerindən qalxıb Turgenyevə yaxınlaşdı və güclü əllərini ona uzatdı.
–İvan Sergeyeviç! İndi sakitləşə bilərəm. Mən yalan danışmağı bacarmıram. Əgər bu quş yerə düşsəydi, Dora hökmən onu tapacaqdı.
Turgenyev utancaqlıq duyulan bir tövrlə Tolstoyun əlini sıxdı. Kim tapılmışdı – meşəcüllütü, yoxsa “Anna Karenina”nın müəllifi? “Atalar və oğullar”ın müəllifinin ürəyini elə bir sevinc çulğamışdı ki, o bu suala cavab verə bilmədi.
–Elə mən də yalan danışmağı bacarmıram. Baxın, məgər mən onu öldürməmişəm? Axı mən atəş açanda, o, daş kimi yerə düşdü.
Qoca yazıçılar baxışdılar və sanki qabaqcadan razılaşıblarmış kimi eyni vaxtda qəhqəhə çəkdilər.
Yanvar, 1921-ci il.
Tərcüməçi: Araz Gündüz