O gün Yazıçılar Birliyində tədbirdəydim. Foyedə Brejnevin kitelini xatırladan divara gözüm sataşdı. «Xalq şairləri» və «Xalq yazıçıları»nın şəkillərinin asıldığı divara.
Pifaqor boş yerə demir ki, dünyanı rəqəmlər idarə eləyir: gözəyarı saydım. Saydıqca da ağlıma gəldi ki, görəsən, niyə nə sovet vaxtı, nə də indi Rusiyada, imperiyanın mərkəzində «Xalq yazıçısı», «Xalq şairi» adları yoxdu?
Ukraynada da yoxdu «Xalq yazıçısı» və «Xalq şairi» adları. Gürcüstanın cəmi iki «Xalq yazıçısı» olub, onlar da 1930-cu illərdə ölüblər. Ermənistanın üç «Xalq yazıçısı» var, onlardan biri – Aleksandr Şirvanzadə həm də Azərbaycanın xalq yazıçısıdır. Ermənilərin sonuncu xalq yazıçısı 1937-ci ildə dünyasını dəyişib.
Rusiyanı başa düşdük: orda «rus ədəbiyyatı rus xalqının bibliyasıdır», «xalqın vicdanıdır», nə bilim, «yeni dövrün müqəddəs mətnləridir» və s. Vaxtilə fəlsəfəni, dini, siyasəti – hər şeyi ədəbiyyat əvəzləyirdi orda, ədəbiyyat Avropada parlament və universitetlərin gördüyü işlərin ağırlığını da öz üzərinə götürmüşdü. Ona görə, «xidmət etməyi» özünə sığışdırmır, sadəcə şahidlik edir, hətta hökm çıxarmaqdan çəkinmir, bir sözlə distansiya saxlamağa üstünlük verirdi. Puşkinin nəzarətə alınması, Lermontovun, sürgünə, Dostoyevskinin katorqaya göndərilməsi, Tolstoyun anafeması, Pasternak, Soljenitsın, Brodskinin başına gələnlər… hamısı bundan qaynaqlanırdı. Razılaşın ki, bu şəraitdə heç kəs gedib, öz sakral yazıçı statusunu hansısa «xalq yazıçısı» adına dəyişməzdi. Çünki çörəyi bu «sakrallıq»dan çıxırdı.
Siz xalq yazıçısı Tolstoy, Dostoyevski, xalq şairi Brodski təsəvvürünüzə gətirirsinizmi?
Mən də yox!
Təbii ki, mən xalq yazıçılarının hamısını eyni gözdə görmürəm.
Yeri gəlmişkən, mən ruslardakı vəziyyəti nə norma, nə də orientir kimi qəbul edirəm. Hətta fikirləşirəm ki, Rusiyanın bu günkü acınacaqlı vəziyyətə düşməsinin iki baiskarı varsa, biri ədəbiyyatdır. Amma bu başqa söhbətin mövzusudur.
Rusları bildik, bəs gürcülər, ermənilər nə əcəb xalq yazıçısı olmaqdan ötrü əldən-ayaqdan getmirlər?
Ya ifrat dərəcədə yarınmaq, ya da hər şeydən imtina edib özünə əzabkeş obrazı yaratmaq və bu yolla sərfəli identiklik qurmaq fikri niyə başqa xalqların yazıçılarının ağlına gəlmir?
Əziz dostlar, gözəl insanlar!
Bəlli inkişaf yolu keçmiş xalqlarda yazıçının heç bir sakral obrazı yoxdur. Ən cahanşümul yazarlar belə oralarda «millətin vicdanı», filan deyil, sadəcə səslərdən biridir;
yazıçlıq sadəcə bir peşədir o xalqlarda, intellektual əməyin bir formasıdır. Yazıçı isə ideyalar bazarının iştirakçısıdır. Ona görə onun «distansiya saxlamaq» və ya «medal almaq» kimi bir dərdi yoxdur, çünki belə şeylər ona heç nə vermir. Dövlət və cəmiyyət də öz növbəsində onun üzərinə hər hansı bir missiya yükləmir. Yazıçını, belə deyək, legitimləşdirən, onun statusunun müəyyənləşdirən əsas arbitrlər tənqid, akademik mühit, ədəbiyyat bazarıdır. Yazıçı, məsələn, gedib Fransanın «Şərəf legionu» və ya ABŞ-ın «Milli incəsənət medalı»nı alsa da, yaxud onlardan nümayişkaranə şəkildə imtina etsə də, bu, oxucuların gözündə heç nəyi dəyişmir. Yəni hansısa mükafatı, titulu qəbul etmək satqınlıq, imtina eləmək qəhrəmanlıq sayılmır. Necə ki, Sartrın Nobeldən imtina eləməsi heç kəsi şoka salmadı, Kamyunun qəbul etməsi onun kimi. Onlar yenə də Kamyu və Satr olaraq qalırlar.
Ona görə də, Avropalar və onların mədəniyyəti stabil olaraq, əzabkeşlər və ya tribunlar yox, professionallar yetişdirir.
Nə isə, söhbət uzandı deyəsən, belə rapsodi fasonu bir şey alındı. Yenə də şənbə söhbəti üçün işə yarayar düşünürəm.