Sən arıdan çox bilirsən? - Yalçın İslamzadə yazır...

Sən arıdan çox bilirsən?   - Yalçın İslamzadə yazır...

16:42 8


Əslən monqol olan bir şəxs İstanbulda dönər yeyib, xoşuna gəlib. Səhərisi həmin obyektə gedib "Dünənki at dönərindən verin" deyib. Dönərçi panikaya düşüb, "Sənə o dönərdən verərəm, ancaq demə ki, at ətidir". Yüzlərlə insan at ətindən dönər yeyib, fərq etməyiblər. At əti yemiş olduğu üçün monqol vətəndaş məsələni anlayıb.

90-cı illərdə, universitetlərin birində müəllim tələbələrə qiyməti biliyə görə yox, kənd təsərrüfatı məhsullarına çıxışlarına görə yazırmış. "X rayonundan olan 2 yeşik y məhsulu, Z rayonundan olan 5 kg t məhsulu gətirsin"-dərsin tapşırıqları belə imiş.

Əmimoğlu müəllimə qiymət üçün üzüm gətirmişdi, professor əsəbləşmişdi, "Ev doludur üzümnən. Gətirdiyin üzümləri apar bazarda sat, mənə pulunu gətir".

Əmioğlu Nəsimi bazarında üzüm satır, mən də yanında dayanmışam. Bir tip gəldi, hər üzümdən bir gilə qopardı, salxımların görünüşünü pozdu, pulsuz qarın doyurmaq üçün guya narazı qalmış kimi, "Üzümlər turşdu, şirin deyil" dedi. Əmoğlu dedi ki, "Üzüm turşdursa, bu qədər arı bura niyə yığışıb? Sən arıdan çox bilirsən?"

"Sən arıdan çox bilirsən?" sualı o vaxtdan ağlımda ölçü meyarı kimi qalıb. Bir fəaliyyət sahəsi üçün tədris materiallarının hazırlanması iclasına dəvət olunanda, sahədə çalışan, tanıdıqları bacarıqlı mütəxəsissləri dəvət etmələrini və ilk görüşü onlarla keçirməyi təklif etdim. "Çətinliyiniz nədir? Çatışmazlıqlar nədir? Necə dəstək olsa, işlər inkişaf edər?". Görüş çox məhsuldar keçdi. Biz o sahəni "arıdan çox" bilə bilməzdik.

Frensis Bekon da eksperimenti əsas bilik mənbəyi kimi təklif edəndə təcrübə aparmağı "təbiətdən soruşmaq" adlandırmışdı. Aristotelə demişdi ki, "Sən təbiətdən çox bilirsən?"

Tez-tez müxtəlif qruplara dair fikirlər səsləndirilir, təkliflər irəli sürülür. Qadınlara, şagirdlərə, tələbələrə, gənclərə dair. Kresloda oturub onların problemlərini və həll yollarını təklif edirlər. Soruşsan, problemlərə dair sosioloji sorğu keçirilibmi, "arılardan" problemləri soruşulubmu, onların pespektivindən baxılıbmı? Xeyr.

Ölkədə sosioloji sorğuya sifariş yoxdur. Hesablasan, son on ildə 1200 filologiya üzrə fəlsəfə doktoru "yetişib", 5 sosioloq olar, olmaz. Onlara da sifariş yoxdur.