Bayram bazarlığı - Nihat Pir yazır...

Bayram bazarlığı   - Nihat Pir yazır...

08:20 3


Biz bayramda anamla bazarlığa gedərdik. Adı da olardı bayram bazarlığı. Anam bir gün qabaqdan anons verirdi. Bir gün qabaqdan sevinməyimi istəyirdi. Bir gün qabaqdan bayram bazarlığı həyəcanı. Yata bilməzdim heç. Gözümə yuxu getməzdi heç. Bayram bazarlığına gedəcəyik sabah. Siyahı tuturduq. Anam deyirdi, mən yazırdım. Mən deyirdim, anam yaz deyirdi. Onda olardı mənim yeddi yaşım. Onda olardı mənim səkkiz yaşım. Doqquz yaşım. On yaşım, on bir yaşım. Siyahı uzandıqca uzanardı.

Anam iki sumka götürək deyərdi. İki pres sumkası. Pres sumkası yoxdur indi. Dünyanın heç yerində yoxdur, vallah. Pres ipi olur. Ot bağlayırlar onunla. Ot presi. Bax o ipə oxşayırdı pres sumkası. Ondan düzəlir, yəqin. Ağ olur, möhkəm olur, ipə oxşayır. O ağ, o möhkəm, o ipə oxşayan pres sumkada mənim bütün uşaqlığım var. Bayram sevincim var. Bayram bazarlığı sevincim var. Anam bayramda nə bişirəcəklərini sayardı. Biz kəndimizdəki dükana gedirdik. Mağaza deyil oranın adı. Market deyil oranın adı. Dükandır. Eləcə dükan. İki pres sumkası bayram bazarlığı sığırdı o dükana.

Anam yolda sayardı: filan şeyi bişirəcəm, filan şeyi, filan şeyi. İki pres sumkası dolub-daşardı. Nə anamın gücü çatardı, nə mənim. Biz qayıdanda həmişə qonşunun maşını da haradansa qayıdardı. Düz bizim yolumuza çıxardı. Bizə kömək edərdi. Evə qədər gətirərdi. Anam soruşardı: siz bayram bazarlığı eləməmisiniz bəs? Qonşu deyərdi, biz sabah edəcəyik. Çatardıq evə. O iki pres sumkasını bircə-bircə boşaldardıq. Anam tapşırardı: bunlara dəymə, bunları bayram axşamı açarıq.

Soklar var idi. Rəngli-rəngli soklar. Fantadan ötrü ürəyim gedirdi. Fanta görəndə quş olub uçurdum göyə. Fanta olanda mən milyonçu olurdum. Varım-dövlətim başımdan aşırdı. O sevincdən, o sevgidən qalan pay indi mandarindədir. İndi mandarini görəndə elə sevinirəm. Elə uçuram. Bulvarda yeni il işıqları var. Elə qəşəngdir, elə qəşəng.

Bayaq bir uşaq anasına dedi, ay ana, bayramda nə bişirəcəksən. Anası restorana gedəcəyik dedi. Uşaq pis oldu. Görmədi anası. Vallah, billah, görmədi, amma mən gördüm. Bütün Bulvarı gəzdim o uşağın sualı üçün. Bütün Bulvarı ələk-vələk elədim o uşağın sualı üçün. O pres sumkaları axtardım. O bayram bazarlığını. O sevinci. O həyəcanı. O uşağın da olardı yeddi yaşı. O uşağın da olardı səkkiz yaşı. Doqquz yaşı. On yaşı, on bir yaşı.