Dovşanı yaşıllaşdırmaq - Qismət yazır...

Dovşanı yaşıllaşdırmaq   - Qismət yazır...

21:05 26


Və ya Yeni media sənəti haqqında

İndi kommunikasiyadan alış-verişə, təhsildən istirahətə, əyləncəyə qədər həyatımızın hər anına texnologiyanın təsiri var. Bu texnologiyalar sənət dünyasına da radikal yeniliklər gətirib. Artıq sənət təkcə kağızın, tablonun üzərində yazmaq, çəkmək, mərməri yonmaq deyil, heç foto-aparatın və kameranın obyektivində ədəbləşdirilən kadr da deyil. İndi sənətin materialı həm də kodlar, kompüter proqramlarıdır.

“Yeni media sənəti” 1990-cı illərdə internetin bütün dünyada yaratdığı dəyişikliklərə paralel şəkildə inkişaf edib. Bu gün onun xeyli radikal, bənzərsiz alt qrupu, şaxəsi var. Məsələn, bu alt qruplardan bir “Bio-art”dır, yəni bioloji sənət. Burada radikal bir fikir var: sənətin materialı yaşayan bioloji orqanizmlər də ola bilər. Ən məşhur nümunələrindən biri Eduardo Kasın 2000-cı ildə həyata keçirdiyi “Alba: GFP Banni” layihəsidir. Bu layihədə bir meduzadan götürülmüş yaşıl floresan proteini bir albino dovşanın genomu ilə birləşdirilib və nəticədə qaranlıqda parıldayan, yaşıllaşan canlı bir dovşan yaranıb.

Sonrasında baş verənlər də maraqlıdır. Eduardo Kas geni dəyişdirilmiş dovşanı sərgidən sonra evinə aparmaq istədi, ancaq əməliyyatı yerinə yetirən genetik firma buna icazə vermədi, sənətçi ideyanın müəllifi kimi, canlı sənət əsəri saydığı dovşanı qapalı məkandan, laboratoriyadan xilas etmək üçün aksiyaya başladı və ictimai bir performansa çevrildi. Beləcə, “Alba” dovşanı təkcə elm və sənətin, texnologiyanın kəsişməsindən yaranan, sözün əsl mənasında yaşayan sənət əsəri kimi yox, eyni zamanda, əqli mülkiyyət, geni dəyişdirilmiş canlının fərdi haqları kimi mövzuları da gündəmə gətirdi.

“Yeni media sənəti” beyin-kompüter əlaqəsi kimi yeni dövrün yüksək texnologiyasını da əsər yaratmaq üçün vasitəyə çevirir. Sənətçi Moris Benayunun “Beyin fabriki” adlı instalyasiyası buna örnəkdir. Bu interaktiv instalyasiyada iştirakçıların başlarına beyin dalğalarını dataya çevirən cihazlar taxılır və onlara deyilir ki, “sevgi”, “azadlıq” kimi mücərrəd anlayışları düşünün. Sonra bu datalar 3D printerə ötürülərək hər iştirakçıya xas olan xüsusi, fiziki bir heykəl yaradılır. Düşüncə maddi formaya düşür, mücərrəd olan konkretləşir.

Türkiyədə yeni media sənətinin dünyaca tanınmış nümayəndəsi Rəfiq Anadoldur. Onun ən məşhur işlərindən biri 2019-cu ildə, Nyu-Yorkda həyata keçirdiyi “Maşın hallüsinasiyası” adlı audio-vizual instalyasiyadır. Bu layihədə sənətçi 300 milyondan artıq foto və 113 milyondan artıq datadan istifadə edərək şəhərin ruhuna daxil olmağa çalışıb.