Amanabəndliyin arxasındakı səssizlik

Amanabəndliyin arxasındakı səssizlik

27 İyul 2022 11:44 546


Hacı Zeynallı

Kitabı oxuyub bitirdiyim və obrazlar haqqında düşündüyüm gün Cavid Ramazanovun anadil.az saytına verdiyi müsahibəni oxudum. Günün günorta çağı Görədilə avtobusla edilən səyahətdə müəllifin teleqram kanalından gələn bildirişi dəyərləndirmək əsl fürsət idi. Kitabla bağlı, yazılma prosesindən, konsepsiyadan, roman janrından və bir neçə maraqlı mövzulardan danışıb. Həm də romanı ilə bağlı fikirləri məni sevindirdi, həqiqətən də, “xaltura” hiss etmədim kitabda.

Cavid keçən ayın 24-ü özünün ikinci, lakin ilk romanı – “Amanabənd”i təqdim elədi. Mən də təqdimata gedib imzalı kitabımı aldım, kitabla bağlı həm yazarın, həm də Rasim Qaracanın çıxışını dinlədim, uzun müddət görmədiyim dostları, simaları gördüm.

Romanın son səhnəsində İlyas Şəhla ilə bir maşında “Sovetski”yə, sökülməkdə olan məhəllələrinə yola düşəndə Şəhla playlistdən “Daft Punk”ın “Beyond” adlı parçasını açır. Sözlərin tərcüməsi belədir:

Yuxuların ötəsində yuxu
Həyatın ötəsində
Mahnını tapacaqsan
Səsdən öncə
Kəşf olunmaq üçün
Gözlərini bağla və ucal
Daha da yüksək
Sonsuz həyəcan
Sevginin məkanına
Sevginin ötəsində
Canlan
Mələk gözü
Sonsuzadək səni və məni izləyir

Sən gecəsən, sən okeansan.
Sən buludların arxasındakı işıqsan.
Sən son və başlanğıcsan.
Zamanın qadağan olunduğu bir dünyada
Rəqabət deyilən şey yoxdur.
Yolumuzu tapmaq üçün nəzarəti itiririk.
Xatırla, sevgi bizim tək missiyamızdır.
Bu, ruhun səyahətidir.
Mükəmməl mahnı səssizliklə çərçivələnib.
O heç görülməmiş yerlərdən bəhs edir.
Sənin evin çoxdan unudulmuş vəddir,
O, yuxularının doğum yeridir.

Sovetski İlyasın yuxularının doğulduğu məkandır. Xəyalpərəstliyin vədləri ilə yoğrulmuş düşüncələr, ümidlər və özünün dediyi kimi axmaqcasına itirilmiş illərin yaratdığı məkan. Hisslərin və məntiqin toqquşduğu coğrafiya. Roman özü, ailəsi, sosial çevrəsi və gələcək peşəsi ilə bağlı düyünlərin möhkəmləndiyi bir həyatı təzadlı müstəvidə bizim qarşımıza çıxarır. Romanda heç kim aid olduğu yerdə deyil: nə İlyas, nə Vafə, nə Şəhla, nə də ki dostu Qulu.

Psixoanaliz insanın keçmişdə yaşadıqları, qorxu və qayğısı, obsessiyası, dili - kəlmələri, yuxuları, yaddan çıxarma cəhdləri bir bütün olaraq şərh edilərək fərdin içinə düşdüyü narahat edici vəziyyətdə xilasa duyulan ehtiyacdan meydana gəlib. Yuxarıda qeyd edilənlər Cavidin baxış bucağının hadisələrə uyğun düşməsi ilə romanda izlərini aydınlığa çıxarır. Hansılar ki, İlyasın daxili keyfiyyətlərinə dərin təsirlər buraxıb və amanabənd olaraq qarşımıza çıxardır. Həmin təsirlərin baş verdiyi mühit kitabın fəsilləri dəyişdikcə Cavidin təsvir etmə texnikası, bədii təyin və metaforaları ilə canlanır, sanki binaları, əşyaları, cisimləri sevən İlyasın rejissoru olduğu filmə baxırıq. Yazıçı mimesis yarada bilib.

Roman Sovetskidə çiskin bir havada axşamçağına xas tutqun əhval-ruhiyyədə İlyas adlı 30 yaşlarında, bir neçə gün öncəyə qədər köçməyən, yazıçının dili ilə desək, sakinlərin hənirtisi, zamanın qımıldaması mövcud olan məhəllədəki tənha insanın həyatı ilə başlayır. Bura elə bir yerdir ki, Sovetskinin digər məhəllələri kimi insanlar bir-birinə sıx evlərdə yaşayır, hamının sözü-söhbəti hamının ovcunun içində şəkillənirdi. İki nəfər polis əmrə tabe olmayan şəxsin, "Amanabənd" qəhrəmanımızın qapısını döyür. Roman səhər-səhər çağdaş Azərbaycan həyatının qorxu maşını olan güc strukturunun əməkdaşlarının təhdid üzərinə qurduğu dialoqla ondan niyə evi tərk etmədiyini soruşması ilə başlayır, tərk etmək üçün istənilən iki günlük möhlətin sərhədləri ilə uzun bir yola çıxarır.

İlyasın 2002-ci ilin isti bir avqust günündə darısqal, pəncərəsiz otaqda yatıb yuxu görməsi ilə yeniyetməlik dövrünə keçid baş tutur. Yuxuda bir dəstə braziliyalı futbolçu sinif otağında atılıb-düşür. Yekədiş Ronaldonun və digərlərinin sinif otağında yatmağa çalışdığı bir vaxtda ona mane olmalarını, ətrafı bürüyən möhkəm ayaq döyəcləmə səs-küyünün nə olduğunu anlamağa çalışırdı. Yuxusundan ayılanda səslərin çöldən, taxta pilləkənlərdən gəldiyini anladı. Bu ayaq səsləri İlyasın daxili dünyası ilə zahiri gerçəkliyə qədəm qoyması idi. Məhəlləyə yeni biri köçürdü. Həm də uzun müddətdən sonra məhəlləyə yenilik gələcəkdi. Freyd yuxuları şüuraltına açılan qapının açarı hesab edirdi. Bu fəsildə İlyas bir dəfə də yuxudan səsə oyanır, anasının evin daimi sakini Zeynəblə yeni qonşular haqqında etdikləri söhbəti dinləyir, Sovetskinin söküləcəyinə dair xəbəri bölüşür.

Bir səhər, o, yuxudan dünyanın ən xoşbəxt insanı olaraq oyanır, dostu Qulu ilə görüşməyə gedən zaman küçələrə, insanlara nəzər yetirir, sevinc hissinə qapılır, ancaq birdən-birə özünün Sovetskiyə həmişə yad olması fikrinə qapılır. İlyasın amanabəndliyini hiss etdiyim ilk məqam idi. O, köklərinin doğulub böyüdüyü məkana bağlı olmasına baxmayaraq hər kəsə aid adlandırılmış dünya içində yaşadığı məkanı özünə yad hiss edirdi, ya da yadlaşdırıldığını. Əsərin süjet xətti, əsas qəhrəmanların xarakterləri İlyasın hər dəfə yuxudan ayılması ilə, demək olar ki, müəyyənləşir. Onun xəyal dünyasına, şüuraltısına gedən səyahət İlyasın oyanmaları ilə başlayır, əsərin sonluğunda "Beyond" parçasının səsləndirildiyi səhnənin axışı ilə məchul başlanğıcı yaradır.

Mişel Qondrinin (rejissorun "Daft Punk"la əlaqəsini gördükdən və "borderline" şəxsiyyət pozuntusu olan xarakterlərin təsvir edildiyi filmlər haqqında axtarış sonrası qeyd edəcəyim filmi ilk dəfə və "Eternal Sunshine of Spotless Mind"ı yenidən izlədim) 2006-cı il istehsalı filmi "The Science of Sleep"də baş personaj olan xəyalpərəst Stefan ilk kadrda yuxunun necə hazırlandığını göstərir: bir az təsadüfi fikirlər, az miqdarda günün yaddaqalanları, keçmiş xatirələr, sevgi, dostluq, münasibətlər, gün ərzində dinlədiyin mahnı, gördüklərin və şəxsin özü. Stefan və İlyas arasında bənzərliklər çoxdur. Hər ikisi oxşar və fərqli tonlarda xəyalpərəstliyin hekayəsini yaradır.

İlyasın sökülməyə hazırlaşan "Sovetski"dəki yeniyetməlik xatirələri ilə məkan və zaman üzərindən onun daxili dünyasına, münasibətlərinə, yaşadıqlarına, onun amanabəndliyinə işıq tutan səhnələrə keçid baş tutur.

Yazıçı Bakını həm şəhər, həm də obrazlar olaraq qarşımıza çıxarır. Əsrin əvvəlləri ilə canlanan, ona keçici sevinc bəxş edən, sonsuz həyəcana bürüyən və davamlı özünütənqid xaosu yaradan, ötəkiləşdirən şəhər və obrazlar. Bakı həm şərqli, həm də qərbli olaraq qarşımıza çıxır: qaranlıq Sovetski və onun ətrafındakı işıqlı şəhər; hisslərin və məntiqin qarşılıqlı əsdiyi küləklər şəhəri.

Sovetski məkan kimi İlyasın uşaqlıqdan yeniyetməliyinə, ordan da yetkin dövrünə qədər gələn və fərd olaraq inkişafının və çöküşünün mərkəzində duran bir yerdir. O, burada doğulub, seksual hislərin və fantaziyaların ilkini burada dadıb, sevgi ilə arasındakı bağa düyünü burada vurub. Evlərinin daimi qonşusu Zeynəb xala Sovetskinin məişət həyatını özündə əks etdirən canlı obrazı idi. O, dedi-qodu sevir, qonşular haqqında sirləri öyrənir. Ətrafda baş verən hadisələr onun dilində redaktə olunurdu. Həyatındakı tək sevgisi 10 ildir onu görməyən, qayğısını düz-əməlli çəkməyən qərib oğludur ki, yalnız onun haqqında danışanda bir müddətlik həyatı dirçəlirdi.

İlyasın qorxusu zəifliyi idi. “Cəsarətliyəmsə, varam” fəlsəfi debatlarında şəxs əvəzliyinin şəxsə görə 3 növündə də çıxış edən məktəblinin daxili dünyası reallıq kainatından uzaqlaşır, dilemmaların toqquşması ilə hər şeyi ürəyinə salan özünəinamsız utancaq birini yaradır və beləliklə, qeyri-müəyyənliyin sərhədləri keçilir. Nə özünü inşa edə bilir, nə sevgisini etiraf edə, nə anasına qarşı duyduğu hisləri ifadə edə bilir, nə məhəllədəki bullinqə reaksiya verə, nə baş verənləri mənalandıra bilir, nə də baş verən mənasızlıqları ifadə edə.

Məhəllə qeybətlərinin baş qəhrəmanı olan Vəfa hər kəsin diqqətini özünə çəkə bilən gözəl və azad qadındır. Jurnalist kimi fəaliyyət göstərir. Özü bildiyi kimi yaşayır, adət-ənənələri vecinə almır. Bəzən gecələr gec gəlir, bəzən başqa yerdə gecələyir, siqaret çəkir, içki içir. Uzun illərdir sevdiyi biri var və bu münasibətdə gözləntisi böyük, əlaqənin özü isə enişli-yoxuşludur. Sovetski ilə bağlı təəssüratları xoş olmayan Vəfa oğlunun məhəllədəki uşaqlar kimi “balaca vəhşi” olmasını istəmir. Ona kitablar oxutdurur, redaksiyaya aparır. Bir dəfə İlyasla arasındakı xırda söz davasında ona çuşka-muşkanın ağzı ilə onunla danışmamağı bildirir. O, Sovetskidə yox, Parisdə yaşayan “Bakinka”dır. Və ən əsası, Şəhlanın arzuladığı ana/qadın obrazıdır.

İlyasın eşqi platonikdir, zehnində yaşatdığı, reallığı olmayan bir sevgidir, tutqudur. İdeallaşdırdığı eşq sarmaşıqdır. Onun həyatını, fəaliyyətini, duyğularını ələ keçirib. Özünü bütünü ilə Şəhlaya həsr edib. O, bu münasibətdə nə davamlı sevgi, nə bağlılıq, nə də sədaqət görüb. Şəhlanın uzun müddət İlyasla ünsiyyətə girməməsi onun üçün bu illüziyanın genişlənməsi demək idi. Özünü davamlı şəkildə digərləri ilə müqayisədə tapan İlyas üçün hər keçən gün stressli və qayğılıdır.

İlyas öz mənliyinin axtarışı yolunda müxtəlif dayanacaqlarda dayanır. O hələ də gələcəkdə kim olacağını müəyyənləşdirməmişdi. Bir gün şair olub şeir yazır, bir gün yazıçı olub roman qələmə alır (həyatda böyük ağrı-acılar çəkmiş bir gəncin manifesti idi ki, özünün sonda sevgi ilə əldə etdiyi şöhrətinin illüziyasını yaşayırdı), bir gün dahi olmaq eşqinə düşür. Keçdiyi hər dayanacaq ona müsbət təəssüratların uzaq gəzdiyi təcrübələrlə yaddaşında iz buraxır. Lenin “insanın ağıllı düşmənlərinin gözündə öz zəifliklərinin nə olduğunu görüb vacib anlayışlara yiyələnə biləcəyinə” vurğu edirdi. İlyas öz həyatına “düşmənlərinin” gözü ilə baxırdı.

Yazıçılar evində ziyalı ailədə böyüyən, qəşəng qızlara məktəbin girişində yüksək səslə şeirlər deyən, hamının “şair” adlandırdığı ədəbsizliyi ilə yaxın arealdakı ocaqlara qədər hekayəsi yayılan Qulu adlı dostu var. Əlacsızlıqdan davam edib formalaşan dostluğun hökm sürdüyü qənaətinə gəlib, arzuladığı dostluğun xəyalını qurur. Sonradan “peysər” olduğunu öyrəndiyi, illər sonra əsl dostluğa yiyələndiyi Həmidlə bu xəyalını gerçəkləşdirdiyini düşünsə də, sonradan şərq küləyi inşa etdiyi münasibəti yerlə yeksan edir və düşüncələrini güman sovuruqlarına örtür.


O həm də impulsiv davranışlar sərgiləyir, iradəsizlik nümayiş etdirir. Küləklər şəhərində, evdə pəncərənin önündə, bərbərdə, Vəfanın iş yerində, bufetdə, yaxşı təsvir edilən küçələrdə şəxs əvəzliklərinin toqquşmağa yaxın olduğu zaman ərzində meydana gələn ani dəyişiklik şübhə burulğanları yaradırdı. “Görən”lərlə düşünür, özünütəndiqin aşırılığı ilə yaşadığı hadisələri mühakimə edir. Məktəbdə Şəhlaya yaxınlaşmaq üçün ən uyğun zamanı axtara-axtara özündən kənarda fəaliyyətdə olan dünya ilə özünüdərkə aparan yola kölgə salır. Bir dəfə Vəfayla mübahisədə zəhəri ilə onu sancdıqdan sonra həm haqlı olduğunu hesab edir, həm peşman olduğunu fikirləşir, həm düz dediyini, həm də ağır ifadə işlətdiyini düşünür. Bütün bunların fonunda onun özünə yazığı gəlir, özünü qurban kimi hiss edir və peşmançılıq hislərinə qapılırdı.

İlyas bütün baş verənlərin fonunda ötəkiləşməni yaşayır. Onun itkiləri əldə edə bilmədikləri idi. Sovetski hər şeyi ilə özgədir. Hər şeyi ilə məhəllələrinə bağlı olan atası sadəcə uşaqlığının bir neçə xatirəsində gizlidir (baxmayaraq ki, atasının ölümü ilə bağlı xatirəsi Sovetskidə keçmir), evdə anası ilə münasibətləri qaydasında deyil, məhəllədə damğalanıb, məktəbdə tənhadı, daxili natamamlığın və zehnində yaşatdığı, reallığı olmayan sevginin içində öz daxili iztirablarına sarılmış vəziyyətdə, dözümsüzlük göstərdiyi Sartrı oxuyaraq qusan bir yadlaşmanı böyüdürdü. Qordon Olport deyir ki, qərəzli şəxsiyyətə sahib insan fərdin itkilərini ortaya qoyur. Fərdin duyğu və düşüncələrindəki itkilər ilk öncə danışığa, daha sonra hərəkətlərinə yansıyır. Münasibətdə olduğu insan və ya qruplara da əks etdirərək onları damğalamağa səbəb olur.

Daha çoxu üçün kitabla sizi baş-başa buraxıram.

Sonda onu deyim ki, təsvirlər çox canlı idi. Məkanı təsəvvürdə yarada və orda səyahət edə bilirdim. Obrazların psixoloji portreti dəqiqliklə işlənilib. Özünün dediyi kimi “bütöv bir aləmi” yarada bilib. Bu təəssüratı mənə bəxş etdiyi üçün ona təşəkkür edir, dost və yazıçı Cavidi təbrik edirəm.

Reallıqda özünüzü daha çox hiss etməniz, yaşamanız ümidi ilə.