Aqoniyada olan cəmiyyətin “Apatiya”sı - Şəmşad Ağa

Aqoniyada olan cəmiyyətin “Apatiya”sı   - Şəmşad Ağa

05 Martt 2024 15:21 144


Mühafizəkarlıq bütün avtoritar cəmiyyətlərin özünü qoruma instinktindən doğur. Necə ki avtoritarizmin yeganə qida mənbəyi və instrumenti də "əxlaq pərdəsi”nə bürünmüş mühafizəkarlıqdır. Bu, tarixən belə olub…

Mühafizəkar cəmiyyətlərdə ədəbiyyatın da, sənətin də "gediləsi yol”u ağır, məşəqqətli və uzundur...

Bu yaxınlarda Hikmət Rəhimovun "Apatiya” filmi ilə bağlı müzakirələr də göstərdi ki, onsuz da bütün azadlıqlardan məhrum edilən və iqtisadi böhranın girdabında çabalayan digər sahələr kimi, sənət də hələ çoxlu aşırımlardan keçməlidir. "Axırıncı aşırım”ın isə hələ də hansı olduğu bəlli deyil...

Şübhəsiz, hər kəsin həyata, sənətə münasibəti, düşüncələri fərqli ola bilər. Bu həm də fundamental azadlıqların insana verdiyi doğal haqdır.

"Apatiya”ya gəlincə isə filmdə daha çox o məqamlar tənqid olundu ki, zənnimcə, elə ən uğurlu və bir qədər də cəsarət tələb edən epizodlar məhz onlar idi.

Əslində, mühafizəkar cəmiyyətlərdə belə məqamların tənqid olunması da gözləniləndir, çünki daşlaşmış ənənələrə söykənən toplumun ən çox qorxduğu da sahib olduğu dəyərləri itirməkdir. Belə cəmiyyətlər bataqlıqda belə öz eyiblərini və eybəcərliklərini görmək istəmirlər, halbuki fərdləri həmin mənzərənin qurbanları və iştiraçısıdırlar, belə desək, mühitin yaratdığı səhnənin personajlarıdır.

Amma buna baxmayaraq, hər kəs əsas və göz deşən problemləri görməzdən gəlir: avtoritar cəmiyyətlərdə bütün əxlaqsızlıqlar "əxlaq” və "dəyər” pərdəsi ilə örtülür, cəmiyyət pərdəarxası etdiklərini səhnədə görmək istəmir. Çünki həmin səhnədə bütün çılpaqlıqları ilə özünü görür...

Ona görə də cəmiyyətin sənətə, ədəbiyyata baxışı özünün necə görmək istədiyi kimidir, yəni mən necə görmək istəyirəmsə, elə də göstərməlisən, həlqədən kənara çıxa bilməzsən...

"Bəs sənətin "günahı” nədir?” sualının isə cavabı sadədir: cəmiyyətin görmək istəmədiyini görür və göstərir.

Yeri gəlmişkən, sənətin vəzifəsi təkcə yol göstərmək, iddia olunduğu kimi "şam tutmaq” deyil, həm də gerçəkliyi göstərərək düşünməyə sövq etməkdir. Bu baxımdan "Apatiya”da dar otaqda təsvir olunanları geniş mənada deqradasiyaya uğramış toplumun gerçək mənzərəsi saymaq olar.

Filmdə yorucu və ilk baxışdan ikrahdoğurucu epizodlar olsa da, bütövlükdə bu ekran işi görüntü olaraq avtoritar bir ölkədə mənəvi aşınmaya məruz qalan cəmiyyətin həm də mozaikasıdır.

Mənə görə, filmin ictimai məzmunu da onun ölkədəki mənzərəni çılpaqlığı ilə göstərməsindədir. Hansısa çağırış, "orada bir yol var uzaqda” demək, bir filmin loqosu olmaya bilər, çünki cəmiyyət bu deqradasiya labirintindən çıxış yolunu özü tapmalı, işığa doğru özü can atmalıdır...

Məsələn, tənqid olunan əsas məqamlardan biri də hadisələrin cərəyan etməsi fonunda "Xoşqədəmin verilişi”nin film boyu proseslərlə yanaşı görüntülənməsidir. Əslində, bu, siyasi sistemin cəmiyyət üçün yaratdığı fondur. Yəni cəmiyyət olaraq sənin fonun, görüntün budur.

Bu məqam mənə - reallıqla nə qədər əlaqəsi var, bilmirəm - bir vaxtlar məşhur olan bir hadisəni – Putinlə Narışkinin dialoqunu xatırlatdı. Rusiya televiziyalarının xəbərsizlik, yalançı görüntülər və şou-biznesə geniş meydan verdiyi, həqiqətlərin efirdən qovulduğu dövrdə Putin Narışkindən soruşur:

- Bizim milli dövlətçilik ideologiyamız nədir?

Narişkin də təxminən belə cavab verir:

- Televiziyalarımız nəyi göstərirsə, o...

Burada cəmiyyətin fonuna acı bir kinayə var. Fikrimcə, elə "Apatiyada”kı fon da məhz buna hesablanıb.

Filmdə tənqidə məruz qalan əsas epizodlardan biri də intim səhnələrlə bağlıdır. Amma diqqət edəndə orada da bir etiraz motivi var. Mühitin yaratdığı dar bir otaqda insanların intim azadlıqları belə əllərindən alınıb, Mansur da məhz bir obraz olaraq, mühitin təsviridir, onun yaratdığı məhdudiyyətdir ki, "qardaş” adı ilə bir evin içinə qədər girib.

Bu baxımdan Elnarə həm də o aktı ilə özündən əvvəl eyni şeyi edən ərinə, bir az obrazlı desək, mühitin yaratdığı o məhdudiyyətə - "qardaş”a etiraz edir.

Bu epizodu hətta Sevilin çadranı atması, Firəngizin ölümü gözə alaraq səhnəyə atılması ilə də müqayisə etmək olar, simvolikası bəsit olsa da, indiki məqamda cəsarətli yanaşmadır, yəni əksəriyyətin gizli etdiyini ekrana daşımaqdır...

Həmin epizodun simvolikası ona görə bəsitdir ki, Sevil və Firəngiz ictimai olaraq daha fundamental problemə etiraz edir. Elnarənin etdiyi isə deqradasiyaya uğramış cəmiyyətdə "qadağan" və "ayıb" sayılan bir aktın ifadəsidir, yəni bu baxımdan həmin hadisələrin davamı da sayıla bilər...

"Niyə davamı sayıla bilər?” sualının da çox aydın cavabı var: bunun ekrana gətirilməsi tabuların qırılmasına yönəlik cəhddir, çünki indiki dövrdə insanlar hələ də öz intim həyatı ilə şantaja məruz qalır, təhdid olunur, "ifşa” edilir...

Filmdə tənqid olunan digər məqamlar da var. Bunların bir çoxunu bəzi həmkarlarımız artıq dilə gətirib və haqlı iradlar da səsləndiriblər.

Filmin bədii keyfiyyətlərindən isə kinoşünasların danışması doğru olar, çünki burada peşəkar yanaşmalara ehtiyac var.

Bu arada son olaraq, bir məqamı da xüsusi vurğulamaq istəyirəm: filmdə mühitin yaratdığı mənzərəni öz gələcək arzuları üzərində divara çizən, bu səhnəni dəyişməyə çalışan, onun prototipinin ölümünü gözləri ilə görən və bütün həqiqəti bilib hamıdan gizlədən bir obraz var: balaca Akif...

Onu tapıb danışdırmaq və həqiqəti öyrənmək lazımdır.

Bə deyirdiniz mesaj yoxdur?

P.S. Filmin müəllifini şəxsən tanımıram. Bu yazı heç kəsə cavab da deyil, sadəcə, bir film haqqında düşüncələrim və onu izləyən hər kəsə ünvanlıdır.

arqument.az