Bir manat endirimlə axtardığım azərbaycanlı yazıçı

Bir manat endirimlə axtardığım   azərbaycanlı yazıçı

15 May 2023 11:14 448


Ciddi ədəbiyyat niyə oxunmur?
İlkin Öz

Kitablar hər şeydən əvvəl zəkanın, şüurun ikonalarıdır. Bizim sivilizasiyanın simvoludur kitab.
Aqşin Yenisey

Bir neçə gündür məni bir məsələ narahat edir. Hansı ki, uzun müddətdir bununla bağlı yazmaq fikrindəydim. Bu mövzuda məni yazmağa vadar edən digər səbəblərdən biri də, Azərbaycan dili müəllimizin auditorya içində mənə ünvanladığı sual oldu.

Sual belə idi: “İndi sən azdan-çoxdan ədəbiyyatla maraqlanırsan, mənim sualıma cavab ver görüm: ¬¬¬¬“Biz tələbə olan vaxtlar gözəl əsərlər yazılırdı. Hansı ki, maraqlı romanlar, sevilən şeirlər, rəngarəng hekayələr zövqümüzü oxşayırdı. Məsələn Səməd Vurğunun “Azərbaycan” şeiri kimi (onun sonuncu cümləsi üzümdə kiçik bir təbəssüm oyatdı). Bu şeir uşaqdan-böyüyə hər kəsin dillər əzbəridir. Niyə müasir dövrdə belə əsərlər ortaya çıxmır? Nə üçün yeni yazıçı-şairlər əvvəlkilər kimi istedadlı deyil?”

Ona verdiyim cavabı söyləməmişdən əvvəl, məsələnin nə dərəcədə ciddi olduğunu aydınlaşdırmaq üçün ertəsi gün başıma gələn hadisəni diqqətinizə çatdırmaq istəyirəm. Azacıq səbirli olun, danışacam hər şeyi.

Deməli, universitet çıxışı mühazirə materiallarını kopiya etmək üçün yaxınlıqdakı surətçıxarmaya doğru fikirli halda ayaqlarımı sürüyürdüm. Bir neçə dəqiqəyə Fərmanın yerinə gedib çatdım. Onu deyirəm axı, universitet tələbələri Fərmanı yaxşı tanıyırlar. O həm kopyia işinə baxır, həm də kitab satır. Sözün düzü, maraqlı kitablara da rast gəlmişəm orada. Lakin mənə mühazirə materiallarından əlavə Seymur Baycanın kitabı lazım idi, deyə içəri daxil olub, ondan eləcə soruşdum: “Seymur Baycanın kitablarından varmı sizdə?”. Bu sual qarşısında Fərman sanki üç saniyəlik donub qaldı. Az sonra dilləndi:

– Var, amma arxivdədir. Çətin tapılar, başım qarışıqdır, sabah gələrsən də.
– Bəs özüm axtarsam necə? – dedim.

Cavabında “əgər tapsan sənə bir manat da endirim edərəm”, – dedi. Bu sözdən sonra həm Seymur Baycan kimi kumiri olduğum yazıçının kitabını axtardığıma, həm də bir manat endirimə görə vitrinin arxasında, arxivə atılmış kitabları eşələməyə başladım. Bir qədər axtarışdan sonra nəticə uğurlu oldu. Kitabı tapdım. Yeddi manat idi qiyməti, bir manat da endirimlə cəmi altı manata Seymur Baycanın maraqlı kitablarından birini əldə etmiş oldum.

Ancaq bu hadisə məni bir tərəfdən sevindirdi, digər tərəfdən isə dərindən kədərləndirdi. Sevindim, çünki uzun zamandır axtardığım kitabı endirimlə əldə etmişdim, kədərləndim, ona görə ki, arxivdə olan kitabların çoxu ciddi ədəbiyyat nümunələri idi. Seymur Baycan, Aqşin Yenisey, Kamal Abdulla, Nərmin Kamal, Sabir Rüstəmxanlı və s.-in kitabları çoxdandır alınmamışdı deyə, eləcə arxivdə yatırdı.

Yəqin, sizə də maraqlıdır, vitrində – daha cəlbedici¬, ön tərəflərdə hansı kitablar qoyulmuşdu. Belə deyim, Rövşən Abdullaoğlu, Elxan Elatlı, Çingiz Abdullayev, Varis, Hakan Mengüç, Xalid Hüseyninin... kitabları mağazada xüsusi görülən hissələrdə sərgilənirdi və sizi inandırıram ən çox alınanlar da elə onlar idi. Nə isə.

Şübhəsiz ki, mən Fərmanda bu məsələ ilə bağlı zərrə qədər də olsun günah görmürəm. Nə oxunursa, o da, onu gətirir, sözüm onda deyil.

Bu xüsusda, hazırda əsl ədəbiyyat nümayəndələrini, doğrudan, bəzi suallar olduqca narahat edir? – Niyə ciddi ədəbiyyat nümunələrinə çox az təlabat var? Nə üçün çoxu detektiv əsərlər oxumağa üstünlük verir? Və niyə oxucuların əksəriyyətinin mütaliə zövqü bayağıdır? Düşünürəm, bütün bu suallar, həqiqətən, həyati əhəmiyyətli problemlər əsasında dayanır.

Hə, əvvəlki sözüm yarımçıq qalmışdı axı. Deməli, müəllimin sualı məni biraz düşünməyə sövq etdi. Sonra fikrimi cəmləyib ayağa qalxdım. İstədim sözə başlayam, gördüm ki, 59 nəfər tələbənin gözləri mənə zillənib. Ona görə də onları düzgün maarifləndirməliydim:

– Sözün açığı, Sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri var. Onlardan Süleyman Rəhimov “Şamo” romanını ortaya qoydu, Mehdi Hüseynin “Abşeron” romanı işıq üzü gördü, İsmayıl Şıxlı, Mirzə İbrahimov, İsa Muğanna, Əli Kərim kimi sənətkarlar yetişdilər, bu öz yerində. Amma bir məsələ var. Onların dövründə müəllif kitab çap etdirirdi və dövlət də ona müəyyən qədər qonrar ayırırdı (sözsüz, o vaxtlar senzura filan problemi vardı, indi bu cəhətdən az-çox sərbəstlik var, o heç). Üstəlik, kitab satışı, filan müəyyən qədər yazıçının dolanışığın təmin etməyə kifayət idi. Söz yox, bu vasitə bəzi yazıçılara şirnikləndirici gəldiyi üçün həqiqətləri bir kənara qoyub, Sovet ideologiyasını mədh edirdilər, bu da məsələnin digər tərəfi. İndi isə müasir dövrdür, kitab çıxartmaq istəyirsən, lap əla, çap etdir, fərasətin var sat, amma kimdənsə dəstək gözləmə...

Bu baxımdan çağdaş azərbaycanlı yazı-pozu adamları çox ağır seçimlər qarşısında qalır :

a) Ciddi ədəbiyyat nümunələri yaratsın, oxucu auditoriyası zəif olsun, özü də ac-yalvac həyat sürsün.
b) Detektiv əsərlər, gic-gic şeirlər, psevdo-fəlsəfi fikirlərdən ibarət və ya mənasız özünü inkişafla bağlı kitablar çap etdirib beşdən-üçdən qazansın, öz başını saxlasın.

Sözsüz ki, a variantını seçsə, oxucu üçün maraqlı olmayacaq, b-ni seçsə, ədəbiyyat üçün...

Elə bu vaxt xanım tələbələrin biri mənim nitqimi diqqətlə dinləyib yerinə düşən, maraqlı bir sual verdi: “Yaxşı bəs siz ciddi ədəbiyyat deyəndə nəyi nəzərdə tutursunuz?”

Bir qədər fikirləşib onun sualını cavablandırmağa çalışdım:

“Əvvəla, ciddi ədəbiyyat dövrün ədəbi tələblərinə uyğun olmalıdır, əsl olmalıdır(plagiat deyil), qoyulan məhdudiyyətlərə qarşı kəskin etiraz sədalarını ucaltmalıdır. Ciddi ədəbiyyat xalqın etno-kulturioji stereotiplərini özündə ehtiva etməlidir. Onun nümayəndəsi adi insanın nəzərini cəlb etməyən çox incə məqamları belə görməyi, öz missiyası seçməlidir. Əlbəttə, ciddi ədəbiyyatın əsasında xalqın mənafeyi, rifahı dayanmalıdır. Onun təmsilçiləri məhz dünya ədəbiyyatı xəzinəsindən bəhrələnməli, əsərlərini də məhz həmin nümünələrin məzmun-forması ilə tutuşdurmalıdırlar. Unutmayaq ki, ciddi ədəbiyyat mənsub olduğu xalqın adət-ənənələrini, sosial-tarixi, ədəbi-mədəni dünyagörüşünü özündə əks etdirməyi bacarmalıdır.

Onun əsas vəzifələrindən biri də, cəmiyyətin uzun illər boyu formalaşdırdığı təfəkkürünü, ədəbi-mədəni dünyagörüşünü olduğu kimi əks etdirməkdir”.

Müəllimin sualının ikinci tərəfinə qayıtdıqda isə qeyd etdim ki, çağdaş dövrdə də bizim güclü istedadı və talantı olan kifayət qədər yazıçı-şairlərimiz var. Sadəcə onları tanımaq üçün bu məsələylə bağlı yaxından araşdırmalar aparmaq, müasir ədəbi mühiti daim izləmək lazımdır”, – deyib, – fikrimi yekunlaşdırdım.

Beləliklə, düşüncələrimin bir çoxu üçün faydalı olacağını ümid edirəm. Çünki acınacaqlı haldır ki, bir sıra ali təhsil alan oxucular da ciddi ədəbiyyatın nə olduğunu hələ tam dərk edə bilmirlər. Bir də adam təhsilli olmayan oxucuları düşünür.

İnanın, dilin üst qabığından, səthi hissəsindən istifadə edib yazmağa qalsa, nənəm də bunu edər. Əsas məsələ özündən yeni dünya kəşf edə bilməkdir, deyilməmiş fikri söyləməyə can atmaqdır.“Həyat eşqi”ni, “Səfillər”i yaratmaq, “Karamazov qardaşları”nı, “Mənim adım qırmızı”nı yazmaq, “Çevrilmə”ni, “Hərb və sülh”ü ərsəyə gətirməkdir vacib olan, yoxsa nə var qeyri-ciddi ədəbiyyatla məşğul olmağa...

Etiraf edirəm mənim də əvvəllər qeyri-ciddi ədəbiyyata müəyyən qədər meyl etdiyim vaxt olmuşdu. Bu isə sadəcə məlumatsızlığım və kiminsə məni düzgün yol göstərməməsi üzündən baş vermişdi. Anlayanda ki, bütün bunlar mənim üçün sadəcə mənasız, faydasız, gərəksizdir, ümumiyyətlə, yerli-dibli onları özümdən kənarlaşdırdım.

Ay, Aqata Kristi belə gəldi, Çingiz Abdullayevin, Rövşən Abdullaoğlunun yeni kitabı çap olundu, Hakan Mengüç belə yazdı, Miraç Çağrı elə dedi... Yenə qeyd edirəm, yuxarıda adıçəkilənlər müasir oxucu üçün maraqlı olmamalıdır. Əgər oxuduğun kitabın sənin üçün faydalı olmasını istəyirsənsə, get Çəmənzəminlini, Hüseyn Cavidi, İsi Məlikzadəni, Şekspiri, Kafkanı, Çexovu, Tolstoyu, Pamuku, Dostayevskini oxu...

Mənim fikrimcə, yerli, çağdaş yazarlarımız var, hansı ki, onlar heç də dünya ədəbiyyatı nümayəndələrindən geri qalmırlar. Qeyd edirəm onların bəzilərinin adlarını, şübhəsiz, onları oxumaq məsləhətdir: Salam Sarvan, Həmid Herisçi, Rafiq Tağı, Rasim Qaraca, Şərif Ağayar, Ataqam, Qanturalı, Aqşin Yenisey, Seymur Baycandan... çox şey qazanmaq olar.

Son olaraq deyirəm, müasir oxucu çalışıb, qızıl suyuna batırılmışla əsl qızılı ayırd etməyi bacarsın.