Serial təfəkkürü və bədii məğlubiyyət

Serial təfəkkürü və bədii məğlubiyyət

08:51 13


Anar Oğuz

“Misra book cafe”də kitab rəfinin düz yanında əyləşib çay içirdim. Bu kafedə gənc yazıçılar tez-tez kitab təqdimatları keçirir, əsərlərindən bir neçə nüsxəni də bura bağışlayırlar. Kitab rəfinin bir hissəsi məhz gənclərin hədiyyə etdiyi nümunələr üçün ayrılıb.

Oxumağa nəsə axtarırdım; hazırda gənclərin nə yazdığı, nədən bəhs etdiyi və üslub xüsusiyyətləri mənim üçün maraqlıdır. Təsadüfən əlimə keçən kitab Şükufə İbrahimovanın “Alın yazım” əsəri oldu. Kitabların arxa qapağında, bir qayda olaraq, annotasiya yer alır. O kiçik mətn oxucuya vəd verir ki, “sən təxminən belə bir hadisə ilə qarşılaşacaqsan; əgər mövzu maraqlıdırsa, kitabı al”. Lakin bu kitabda annotasiya olmadığı üçün “nə oxuyacağam?”, “mövzu nədir?” suallarına cavab tapa bilmədim.

Məcbur qalıb vərəqləməyə başladım.

Kitabı əlimə alandan bəri iyirmi saat keçib və mən gecə gözümü yummamışam. Amma əsərin təsirindən yox, sadəcə stress və əsəb məni yatmağa qoymadı. Müəllifə iradlarımı bildirməzdən əvvəl korrektor və redaktora iki kəlmə sözüm var.

Əziz korrektor Kamilə Mayılova və redaktor Məlahət Əbülfəzqızı, qədimdən bəri müxtəlif formalarda səslənən bir deyim var: “Adam gərək bilmədiyi işə qol qoymaya”. Kitabda heç bir orfoqrafik qaydaya əməl olunmayıb, hətta ən primitiv “-da, -də” bağlayıcıları belə sözə bitişik yazılıb. Durğu işarələrindən demək olar ki, yalnız nöqtə və sual işarəsi işlənib, bəzi yerlərdə isə onlar da yaddan çıxıb. Cümlələr dilimizin sintaktik quruluşuna tamamilə yaddır. Əgər cümlə bitmiş bir fikri ifadə etməlidirsə, bəs bu nədir:

“Hardan bilərdim ki, bir gün onun həyatı üçün dua edəcəyəmsə.”

Bu cümlə hansı bitmiş fikri çatdırır?

Və ya bu:

“Uşaqlıqdan sevgiyə möhtac mən biri tərəfindən belə çox sevildiyim üçün dünyalar xoşbəxti olmuşdum.”

Bizdə, təəssüf ki, redaktorluğa sadəcə korrektura işi kimi baxırlar. Bədii redaktor anlayışı isə yox dərəcəsindədir. Görünür, redaktorların öz vəzifə öhdəlikləri haqqında məlumatı yoxdur. Bu barədə özümü yormaq istəmirəm, çünki yaxınlarda Orxan Həsəni bu problemi çox dürüst şəkildə qələmə almışdı. Linki bura əlavə edirəm, bədii redaktorun nə iş gördüyünü oradan oxuya bilərsiniz:

https://kulis.az/index.php/xeber/edebi-tenqid/onlarin-yegane-vezifesi-cumle-duzeltmekdir-azerbaycanda-bedii-redaktor-problemi-64043

Keçək əsərə. “Alın yazım” 106 səhifəlik bir kitabdır. Üz qabığında əlində ayaqqabılarını tutmuş, rəngli don geyinmiş qız günəşli havada uzun incə bir yolla harasa gedir.

Elə üz qabığındaca belə bir cümlə var:

“Bu yalan dünyada ilk dəfə birinin məni gerçəkdən sevdiyinə, mənimlə nəfəs aldığına, görməyincə çox darıxdığına, gözünün məndən başqasını görmədiyinə özümü

inandırmışdım.”

Əsər Viktor Hüqodan gətirilən sitatla başlayır: “Dünyada ən böyük xoşbəxtlik əmin olmaqdır ki, sizi sevirlər; daha dəqiq desək, sizi sizə rəğmən sevirlər.”

Kitab oxucuda elə təəssürat yaradır ki, qarşıda banal bir sevgi hekayəsi var. Bəs nə baş verir?

Leyla və Ceyhunun təsadüfi tanışlığı onları maraqsız, amma müəllifin dililə desək, “macəra dolu” yola çıxarır. Onlar qarşılarına çıxan maneələri “ustalıqla” aşır, keşməkeşli yollardan keçib vüsala yetirlər.

Kitabda hadisələr birinci şəxsin dilindən nəql olunur. Təhkiyəçi oxucuya heç nəyi göstərmir, sadəcə danışır, izah edir və özünə bəraət qazandırır. 106 səhifəlik kitabda bircə dənə də olsun təsvir yoxdur. Dünya ədəbiyyatının qızıl qaydası olan “Göstər, nəql etmə” (Show, don’t tell) prinsipi tamamilə unudulub. Ətraf mühit, məkan anlayışı yoxdur. Hadisələrin harada cərəyan etdiyini bilmirik, yalnız sonunda qızın haradansa Bakıya gəldiyini öyrənirik. Müəllif hər yerdə hadisləri, dialoqları, təsvirləri yazmaq əvəzinə öz acizliyini bu standart ifadələrlə ört-basdır edir:

• “O an necə qorxduğumu təsvir edə bilmirəm.”

• “Necə xoşbəxt olduğumuzu təsvir edə bilmərəm.”

• “Bu hissi təsvir etmək çətindir.”

Əsərin kulminasiya nöqtəsində, Ceyhun obrazını açmaq üçün müəllif çox mühim bir hadisəni — atanın ananı xəyanət üstündə öldürməsini belə nəql edir:

“Bir tərəfdə yerdə qanlar içində yatan anası, digər tərəfdə əlində bıçaq tutan, qorxunc gözlərlə baxan atası… Sonrası isə bəllidir, hadisə yerinə qonşular toplaşır və polisə xəbər verirlər.”

Bu, bədii mətn deyil, quru xəbərdir, informasiyadır. Ümumiyyətlə müəllif bu səhnəni niyə yazdı? Ata ananı xəyanət üstündə, özü də uşağın gözünün qabağında öldürür. Amma bu hadisə obraza heç bir xüsusilik qazandırmır. Adətən müəlliflər belə səhnələri hansısa xüsusi obrazlar üçün yazırlar. Obraz pəltəkdirsə, laldırsa, zalım və ya canidirsə müəllif bu obrazı açmaq üçün belə səhnələr yazır. Məsələm, bu obraz ona görə cinayət törətdi ki, ona xəyanət etmişdilər. O uşaq vaxtından bilir ki, xəyanətin cəzası budur.

Tanışlıq səhnəsində oğlanın qızın dalınca əlində gül ilə düşməsini on beş səhifə yazan müəllif, iş dramatik cinayətə, valideyn qətlinə çatanda hər şeyi iki cümlə ilə yola verir. Qız işdən çıxanda görür ki, oğlan əlində gül bunu gözləyir. Bayaqdan, on beş səhifədir – “əclaf, məni təhqir etdi, üzr istəmədi” deyə deyinən qız əlində gül ilə dayanan oğlanı görən kimi başlayır:

“— Nə istəyirsiniz?

danışmalıyıq xanım
Niyə?
Dünən əsəbi idim üzr istəyirəm
Aaa, demək sizin üzr istəmə qabiliyyətiniz də var? Nə yalan deyim, təəccübləndim.”
dedim axı əsəbi idim.
Həə belə de, imkanlı ailənin qudurğan oğlu nəyə əsəbiləşib görəsən? Daha bahalı maşın ala bilmədiyinizə görə?”
Yazıq oğlan nə qədər istəyir ki, izah eləsin, qız aman vermir. Oğlana ağzına gələni deyir, axırda oğlanı maşın vurur, qız bunu aparır xəstəxanaya orda bağışlayır.”

Halbuki, oğlana əsəbi də əsassızdır.

Bu əsərdə nə obrazların psixoloji təhlili var, nə də məntiqli davranışları. Məsələn, xəstələnsə dərman almağa pul tapmayan, kirayəsini ödəyə bilməyən Leyla xanım maaşını məhəllədəki imkansızlara paylayır. Bir gün dalınca it düşəndə isə yol kənarındakı maşına atılır və sahibi ilə absurd bir dialoqa girir:

“O heç nə demədən susmuşdu

– Bağışlayın, mən… mən…

– Aha, sən?

– Məni üzrlü sayın, mən…

– Saydım, sonra?

– Bilmirəm necə deyim, əslində mən hazırda çöldə…

– Xanım, sözünüzü deyəcəksiniz, yoxsa hələ çox gözləyəcəm?

– Aa, bağışlayın, sadəcə çox həyəcanlıyam, mən uşaqlığımdan bəri…

– Aha, uşaqlığınızdan bəri mənim kimi biri ilə tanış olmaq istəmisiniz?”

Bu, sadəcə rüsvayçılıqdır. Birincisi, oğlan “heç nə demədən” necə susa bilər? Ya “heç nə demədi”, ya da “susmuşdu” yazırsan qurtarır da. İkisini də yazmağa gərək yoxdur. İkincisi, bu qədər vaxt itirməkdənsə, nala-mıxa vurmaqdansa de ki, “arxamca it düşüb”.

Bu qədərmi çətindir? Müəllif qeyd edir ki, oğlan iti görməyib. Yaxşı, bəs onun hürməyini də eşitməyib?

Biz obrazları görmürük, sadəcə onlar haqqında eşidirik. Oğlanın çarəsiz böyrək xəstəliyi olduğu üçün qızdan ayrılmaq qərarına gəldiyi məqamda, müəllif bir jest və ya baxışla oxucuda şübhə yaratmaq əvəzinə, hər şeyi bəsitləşdirir:

“Mən bu işdə bir iş olduğunu sezmişdim.”

Oğlanla ayrılandan sonra Leyla sahilə gedib iki simit alır. Səhildə gəzir. Sonra tək olduğunu xatırlayır, axı oğlanla ayrılıb. “Ehh bu vərdişlər” deyib köks ötürür. Əlindəki simitin birini parkdakı uşağa verir. Uşaq sevinir iştahla yeyir. Uşağın anası isə “borclu qalmamaq” üçün nə təklif etsə yaxşıdır?

“- Əlini ver zəhmət olmasa

– necə anlamadım?

– Əlini uzat, falına baxım”

Şükufə xanım, siz hansı dövrdə, harada yaşayırsınız? Bu falçı qadın niyə belə mədəni danışır? Və həqiqətən elə bir falçı varmı, oğluna smit vermisiniz deyə sizə yaxşılıq etmək istəsin, ya da elə bir falçı qadın varmı ki, oğluna smit almağa pulu olmasın?

Siz orda obrazı açmalıydınız, bəlkə pulla fala baxmır deyə imkanı yoxdur? Bəlkə vicdanlı qadındır, sadəcə xurafata inanır? Belə şeyləri yazmalısınız ki, obrazı canlı olsun. İnandırıcı olsun.

Falçı qadın qıza “səni sevən adam qəlbini qırıb” deyir, “amma siz birbirinizi həqiqətən sevirsiniz” deyə əlavə edir, bu da hönkür-hönkür ağlayıb qaçır. Ümumi məzmun banal bir serial ssenarisindən o yana keçmir.

Müəllifin təxəyyülünü yalnız baxdığı seriallar formalaşdırıb. Hiss olunur ki, bunlar da məhz aşağı keyfiyyətli türk seriallarıdır. Əsərdəki ifadələrə baxaq: “yetməzmiş kimi”, “insanlıqdan nasibini almayan”, “xəyanət yaşatmaq”, “təmiz hava yaxşı gəldi”, “rahatsız olduğunu”, “görür-görməz anlamaq”, “güvəndə olmaq” və s. Bunlar Azərbaycan dili deyil, türk dilindən kobud şəkildə kopyalanmış qəliblərdir.

Səhnələr, cümlələr və duyğular o qədər sünidir ki, oxuduqca hadisələrin Bakıda deyil, İzmir və ya İstanbulun hansısa səmtində baş verdiyini zənn edirsən.

Səhnələrin birində Ceyhun Leylanın dalına düşür, Leyla ona fikir verməyib əsəblə yanından keçəndə Ceyhun qızın qolundan tutur. Leyla qolunu geri çəkir. Deyir burax, o da buraxır. Bu səhnə yetəri qədər məhşur “bırak kolumu acıtıyorsun, afedersin bir anlık kendimi kaybetdim” səhnəsidir.

Növbəti səhnəmizdə yetimxanada böyüyən Ceyhun yetimxanadan çıxanda hansısa villada bağban işləməyə başlayır, villanın sahibi, imkanlı kişi Ceyhuna güvənəndən sonra onu sürücüsü təyin edir. Yəqin ki, hər kəsin ağlına bir-iki serial adı gəldi.

Daha bir absurd səhnəyə baxaq. Ceyhun xəstəxanada əcəllə boğuşur. Tibb bacısı Leylanın nömrəsini tapıb zəng edir. Deyir ki, “xəstə müalicədən imtina edir. Xəstəliklə mücadilə aparmaq istəmir. Heyif cavan oğlandır, çox dəhşət də yaraşıqlıdır, eeh mən danışıram e, fikir verməyin mənə…”

Müəllifin bu səhnəni yazmaqda məqsədi nədir? Oğlanın yaraşıqlı olduğunu demək istəyirdisə, girişdə təsvir edəydi. Yoxsa bu səhnədən mən belə başa düşdüm, müəllif deyir ki, tibb bacıları yamandı, oddu, aloydu.

Müəllif obrazları təsvir etməliydi, heç mən bilmədim ki, onlar nəyə oxşayır, ümumiyyətlə bir birilərinə yaraşırlarmı, yaraşmırlarmı? Xarici görünüş onlar üçün əhəmiyyət daşıyırmı? Yoxsa məsələyə bibilərim kimi, “əşşi, üzündə yemək yeməcəm ki, əsas imkanı olsun” təfəkkürü ilə yanaşırlar? Bunlar müəllifə əhəmiyyətsiz detallar kimi görünsə də, elə deyil. Müəllif əmin olsun ki, bunlar əhəmiyyətli detallardır.

Üstəlik, bütün obrazlar istər altmış yaşlı kişi, istər gənc qız eyni cür danışırlar. Eyni ifadələrdən, sözlərdən istifadə edirlər.

Məsələ təkcə dildə də deyil, təfəkkürümüzün seriallaşmasındadır. Kitabdakı obrazların hamısı eyni cür danışır. Hazırda Azərbaycanda kiçikdən-böyüyə, məmə deyəndən pəpə deyənə, “A”-dan “Z”-yə türkcə düşünməkdə və danışmaqdadır. Türk seriallarının təsiri ilə geyinirlər, soyunurlar, evlənirlər, boşanırlar. Arzuları, istəkləri belə özlərinəməxsus deyil. Leyla xanımın timsalında bir qız tanışım varıydı, bəs bundan bir dəfə soruşmuşdum ki, “Özündə bir şeyi dəyişdirmək şansın olsaydı bu nə olardı? nəyi dəyişərdin?”

O da bir az düşünüb demişdi ki,

“çox istəyərdim ki, qan qrupum sıfır erhaş neqativ olsun”

Elə başıma qaynar su tökmüşdülər.

0 Rh- olmaq istəyi əslində tibbi bir arzu deyil, o türk seriallarında ağ xalat geyinmiş, amma saçı-makiyajı pozulmamış həkimin dəhlizə çıxıb: “Təəssüf ki, qan tapa bilmirik, xəstəni itiririk” dediyi o 40 saniyəlik dramın baş rolunda olmaq istəyidir. İnsanlar xarakterləri ilə fərqlənə bilməyəndə, genetik kodlarının arxasında gizlənirlər.

Bax bu bayağı türk seriallarının bizə şüuraltı aşıladığı şey budur. Zəhmət çəkib oxuma, hansısa sahədə inkişaf eləmə, öz xüsusi bacarıqlarını formalaşdırma, amma fərqli ol, əlçatmaz ol. Bunu da göz rənginlə, dəri rənginlə, burnunla, sinənlə, dodağınla, qan qrupunla əziyyətsiz yolla əldə et və ya kəşf et. Allah veribsə nə yaxşı, verməyibsə estetik əməliyyatlar sağ olsun.

Fikir vermisinizsə, bu banal seriallarda əsasən qızların xüsusi bacarıqları olmur, olsa da hamısı axırda gözəlliyinin sayəsində nəyəsə nail olurlar.

İndi bizim yazıçımız, həkimimiz, müəllimimiz, aparıcımız, jurnalistimiz bu təfəkkürdədirsə, bəs onlara baxanlar, nümunə götürənlər necə olacaq? Hər kəs qarşısındakına öz qabında olan qədər və ya öz qabında olandan az verə bilir. İndi bizim yazıçımız, həkimimiz, müəllimimiz, aparıcımız, jurnalistimiz bu gündədirsə, onların öyrətdiyi nə gündə olacaq?

Heç nə, pomidor yumurta.

Və son olaraq bu kitabın üzərində “roman” yazılsa da, bu, ən yaxşı halda pis qələmə alınmış uzun hekayədir. Bir mətnin roman olması üçün zaman, məkan və dil üçlüyü yerində olmalıdır. Əgər süjet, struktur, konflikt və ideya məsələlərinə dərindən varsaq, müəllif özü də görər ki, bu, heç hekayə səviyyəsinə də çatmır.

Burada bir fasilə verib, müəllifə və oxucuya romanın mahiyyətini xatırlatmaq yerinə düşər. Roman sadəcə uzun bir hekayə və ya hadisələr ardıcıllığı deyil.

Romanda qəhrəman əsərin əvvəli ilə sonunda eyni adam ola bilməz. O, hadisələrin içindən keçərək dəyişməli, psixoloji sarsıntılar keçirməlidir.

Oxucu hadisənin hansı atmosferdə baş verdiyini hiss etməlidir. Küləyin soyuğunu, küçənin səsini, otağın qoxusunu duymalıdır.

Hər obrazın öz nitqi olmalıdır. Professorla küçə süpürgəçisi, yaxud gənc qızla yaşlı kişi eyni leksikonla danışmamalıdır.

Əgər bir obraz mühim bir addım atırsa (məsələn, cinayət törədir və ya fədakarlıq edirsə), müəllif bunun psixoloji köklərini oxucuya izah etməlidir, oxucunu inandırmalıdır. Roman, təxminən “niyə?” sualına cavab axtarmaq sənətidir.

Şükufə xanıma tövsiyəm odur ki, bu il çıxarmağı planlaşdırdığı üçüncü kitabını təxirə salsın. Üzərində ciddi işləsin, ədəbiyyatdan başı çıxan bir neçə nəfərə oxutsun. Tələsməyə ehtiyac yoxdur. Əvvəlcə ancaq oxumaq, öyrənmək, sonra isə yazmaq lazımdır.