Çağdaş monqol hekayəsi: Orijinaldan tərcümə

Çağdaş monqol hekayəsi:   Orijinaldan tərcümə

26 Aprelel 2022 15:58 677


YeniYaz.Az tanınmış tərcüməçi Elvin Abbasbəylinin orijinaldan tərcüməsində çağdaş monqol yazıçı Batnasan Qanhuunun “Yeni başlanğıc” (Удаахь эхлэл) hekayəsini təqdim edir.

Körpünün sürahisinə bağladığım kanatı dəfələrlə yoxladım. Amma özümü qətiyyən təhlükəsizlikdə hiss etmirdim. Əgər kanat açılsa bu, mənim sonum olar. Sürahiyə bağlamaqda olduğum kanatın ucunu buraxsam burada ilişib qalar, nə yuxarı çıxa nə də aşağı enə bilərəm. Sürahinin arxasında durmuşdum və atlamaq istəyirdim. Bu absurd olardı. Atlayarkən kanat açıla bilərdi və suya düşərdim. Körpünün hündürlüyü bəzən yetərli bəzən də yetərsiz görünürdü. Siqaret yandırdım və bir neçə qullab vurdum. Fəhlə kimi geyindiyim üçün bir sürücü məni körpüdə təmir işləri görən biri zənn etdi. Məndən yolu soruşdu.

Öncə tikinti nərdivanından istifadə etməyi düşündüm, lakin sonra bir nəfər üçün böyük olan bu tikinti mexanizmi yerinə havada sadə bir kanatla sallanmağın daha yaxşı olduğuna qərar verdim. Çünki sadə bir kanat yuxarıdan aşağıya və sağdan sola bütün istiqamətlərdə rahatlıqla hərəkət etməyimə imkan verəcəkdi. Hər şey bitdikdən sonra sadəcə bu kanat bağlandığı yerdə asılı qalacaqdı.

Körpünün altında asılı qaldığım zaman bunun düşündüyüm kimi rahat olmadığını başa düşdüm. Bunu yoxlamaq üçün vaxtım olmadı. Lakin edəcəklərim çox olduğundan işə başladım. Bu dəfə körpünün özülündən biri üzərinə nəhəng qrafit çəkəcəm. Buna çoxdan hazırlaşmışdım və hər şeyi dəqiq ölçüb biçmişdim. Bu işin ən çətin tərəfi öncədən kəsilmiş çoxlu estampın istifadəsi idi. Havadan asılı şəkildə və heç bir kömək olmadan tək işləmək asan deyildi. Çünki bir çox balaca estamplardan istifadə etməli idim. Rəsm çəkəcəyim yerin bir az yuxarısına rəssamlıq alətləri ilə dolu çantamı və estampların olduğu balaca torbanı asdım. Rənglərin dəqiq qatışığını əldə etmədən onlar bir-biriindən fərqli olacaq. Təəssüflər olsun ki, bütün bunları kaskama bərkidilmiş baş fənərinin zəif işığı altında etməliyəm.

Hər küçə başında qrafit çəkməyə təxminən iki il bundan öncə başlamışam. Bunlar sənət əsəri deyildi, sadəcə rəsmlər, yazılar və düşüncənin təzahürləri idi. Bu gün hər yerdə mənim çoxsaylı əsərlərimə rast gəlmək olar, amma kimsə insanların bu haqda nə düşündüyünü və ya bununla maraqlanıb maraqlanmadığını deyə bilməz. Buna baxmayaraq, qrafitlərim şəhərdə populyarlıq qazandı. Silinənlərdən daha çox qalanları saymaq daha yaxşı olardı. Ümumilikdə insanlar tənbəldir. Onlar üçün vacib yerlərdə olmadıqca mənim qrafitlərimi silmirdilər. Yəqin ki, çox adam yaşayış binalarının giriş qapılarında kiçik rəsmlərimi görüb. Əslində qapılar rəsm çəkmək üçün arzu edilən yerlərdəndir. Bəzi qrafitlərim çəkildikləri gün silinirdi. Saysız-hesabsız əsərlərim mənim ustalığımı artırdı və yaddaşımda silinməz izlər buraxdı.

Sübh çağı artıq bitirdiyim işə tamaşa edirdim. Körpünün özülünü əsl ulduz topası kimi görünən nəhəng qalaktika bəzəyirdi. Günəş sistemini çox detallı çəkməyimə baxmayaraq qalaktika onu tamamilə udmuşdu. İndi o, böyük sürətlə qara dəliyə doğru hərəkət edirdi. Son hərfi yazmaq üçün kanatı boşaltdım və rəsmə yaxınlaşdım. “Hər kəsin kanatı yoxdur” cümləsindəki “kanatı” sözünün “ı” hərfini yazdıqdan sonra kanatın açılıb-bağlanma mexanizmini qəfildən açdım. Yazının forması və hər tərəfə yayılmış rəng körpünün altından baxana son hərfin bunu yazan insanın düşməsi anında yazıldığını açıq-aşkar göstərirdi. Alətlərlə dolu çanta yuxarıda asılı qaldı. Kanatın, onun açılıb-bağlanma mexanizminin və rəngin fakturasını o çantaya qoymuşdum. Bir çox kameranın nəzarət etdiyi böyük mağazadan kanatı alarkən satıcı qızdan dəfələrlə “Bu, kifayət qədər möhkəmdir?” - deyə soruşmuşdum.

Satıcı qız bu kanatın alpinistlərin seçdiyi kanat olduğunu deməsinə baxmayaraq sualımı təkrar etmişdim. Qıcıqlandığını gizlətmədən məhsulların kataloqunu mənə göstərmiş və izah vermişdi.

Qayığımda rahat oturub kanatın ucunu əllərimlə tutmağa davam edirdim. Yaddaşıma əbədi həkk etmək üçün əsərimə son dəfə baxdım və kanatın ucunu buraxdım. Güclü sel həmən məni öz ağuşuna aldı. Kanata bağlı olan balıqçı şalvarım və uzunboğaz çəkmələrim suya batır və sanki mənə əlvida demək üçün bir-bir suyun üzünə çıxırdı.

İki gün sonra günəş doğmağa başlayanda, yuxulu və alnım yük maşınının pəncərəsinə dayalı diksinərək oyandım. Təkandan başım maşının pəncərəsinə dəydi. Amma alnımdan daha çox sıyrılmış əlim ağrıyırdı. Selin böyük dalğaları arasında az qala öləcəkdim. Qayığıma möhkəm yapışdığım və avarları yaxşı tutduğum üçün həyatda qala bilmiş və boğulmadan uzun zaman ölümlə həyat arasında gedib gəlmişdim. Ağlar söyüdlərin budaqlarından tutduğum zaman qayığım ayaqlarımdan məni aşağıya doğru çəkirdi. Buna görə də həyatda qalmaq üçün özümü var gücümlə ağaclara doğru atdım. Vücudumdan bir titrəmə keçdi. “Buna həqiqətən də ehtiyac var idi?” - deyə düşündüm. Sonra uzaqdakı dağları seyr etdim.

Günəş doğduğu zaman əsas yoldan kifayət qədər uzaqlaşdığım üçün buraya qədər sürüyüb gətirdiyim kauçuk qayığımın necə yandığına baxırdım. Atəşli düşüncələr qayığın ərşə çəkilən qara tüstüsünə qarışırdı. Lakin küllər asta-asta qəlbimin dərinliyinə düşürdü.