Gənc əsgərlərin öyrənilməsi və tədqiqi eskalasiyası

Gənc əsgərlərin öyrənilməsi və tədqiqi eskalasiyası

10 Aprelel 2023 13:38 357


Hərbi bölmələrə təyin olunmuş gənc əsgərlərin öyrənilməsi və tədqiqi eskalasiyasi

Orxan Mehmanoğlu

Xülasə: Məqalədə bölmələrə təyin olunmuş gənc əsgərlərin tədqiqi, öyrənilməsi baxımından müxtəlif problematik məsələlər dörd mühüm format üzərində (qeyri-əxlaqi keyfiyyətlər, natamamlıq kompleksinin mövcudluğu, internet və digər aludəçiliklər, hərbi strukturun spesifik xüsusiyyətləri) nəzərdən keçirilmiş, müqayisələr fonunda təhlili verilmişdir. Çağımızda hərb elminin digər elm sahələri ilə vahid assosiasiyası fonunda inkişafı, paralel olaraq zabit (komandir) heyətinin bilik və bacarıqları ilə mütənasiblik təşkil etməklə zəruruilik anlamının kontekstini formalaşdırır. Preventiv (qabaqlayıcı) tədbir olaraq bir neçə çözüm variantları fəlsəfi- eskalativ (daimi inkişaf və böyümə) formatda nəzərdən keçirilmişdir.

Açar sözlər: eskalasiya, metodika, leytmotiv, neqativ məqamlar, təsnifləşdirmə

Hərbi hissə və bölmələrə təyin olunmuş əsgər kontingentinin öyrənilməsi, geniş miqyaslı tədqiqi bütün elementlər üzrə həyata keçirilməlidir. Çünki yeni sosial -ictimai sfera fonunda gənc hərbi qulluqçuların fərd olaraq geniş anlamda öyrənilməsi zəruri məsələlərdən biridir. Bu proses isə özlüyündə bir çox neqativ və dekadentliyə (tənəzzülə ) aparan məqamları da əhatə edir. Bütün hallarda zabit (komandir) heyətinin problemlərə, ziddiyyətlərə aporiya (çıxılmaz vəziyyət) qismində yanaşması məqsədəuyğun deyil. Bu məqamlar hərbi xidmətin ayrılmaz tərkib hissələrindən biri kimi xarakterizə edilməlidir. Ən azından yaranan ziddiyyətlərin əsas səbəbləri olaraq hərbi xidmətin çətinlik və məhrumiyyətləri, hərbi kollektivin qapalı, konspirativ xarakterə malik olması, hərbi qulluqçunun gündəlik fəaliyyətinin günün nizam qaydaları çərçivəsində icrası və s. məsələlərdir. Bu nöqteyi-nəzərdən daha çox ilkin mərhələlərdə problemlər və insidentlərin əmələ gəlməsi vəhdətlik prinsipi üzrə hərbi xidmətin leytmotivi (qayəsi, əsası) olaraq qəbul edilməlidir. Antinomiyalara (bir-birinə zidd, lakin eyni dərəcədə əsaslandırılmış nüanslar) peşəkarcasına yanaşma məhz bu cür məqamlarda komandir heyətinin rəhnidir. Onu da qeyd etmək zəruridir ki, neqativ məqamlar və onların yaratdığı operant (aktiv ) fəsadlar təkcə hərbi xidmət səviyyəsində çözülmür. Belə ki, e. ə. I minillikdə formalaşmış buddizm dini-fəlsəfi təlimində deyilir: “Dünyanın təməli dərddir.” [1, 42 ]

Yaranış dövrümüzün müqəddiməsinə aid qədim Misir papirusunda olan yazı isə mövcud problemləri daha da konkretləşmişdir: “Dünya yaman dəyişib, hər yetən kitab yazmaq istəyir, uşaqlar valideynlərinə qulaq asmırlar.” [2, 30]

Yenicə “yaranmış” dünyanın (hər iki sitat eramızdan əvvəlki dövrlərə aiddir) belə bir formada “dəyişilməsi” çağdaş dönəmlə ekvivalentik (məzmunlu məntiqi nəticəyə sahib) uzlaşmaya sahibdir. Hərbi yanaşma baxımından idarəçilik elminin mürəkkəbliyini təsəvvür etmək o qədər də çətin deyil. Məhz buna görə klassik yunan fəlsəfəsinin nəhəng simalarından biri olan Platon əsərlərində israrla dövlətin məhz filosof-krallar tərəfindən idarə olunmasının zərururi olduğunu bildirirdi. Hərb elmində isə bu filosofluq məhz zabit (komandir ) heyətinin öhdəliyidir.

Qarşımıza çıxa biləcək əsas neqativ məqamların bir neçəsini aşağıdakı şəkildə təsnifləşdirmək mümkündür:

1. Qeyri-əxlaqi keyfiyyətlər. Hərbi xidmətin ilkin dövrlərində və sonrakı keçid mərhələlərində özünü biruzə verir. Mahiyyət etibarilə hərbi xidmətdən əvvəliki dövrə aid olub daha çox ailə mühitindən qaynaqlanır.
“İnsan xarakterinin əsası - özülü ailədə qoyulur və psixoloqlar təsdiq edirlər ki, ümumi inkişaf üçün lazım olan əqli qabiliyyətin 80 faizini adam ailədən alır.” [2, 257]

İnsan xarakterinə genetik kodlaşmaların təsirinin (genotipin) mövcudluğu elmi nöqteyi-nəzərdən təsdiqini tapmış və isbat olunmuşdur. Bu səbəbdən ailə aurasının boya-başa çatdırdığı gənc əsgərin gələcək xidmətinə təsiri riyazi diaqram üzrə düz mütənasibdir. Bura həmçinin ictimai-sosial mühit, oxuduğu təhsil müəssisəsi, əhatə olunduğu, ətrafında olduğu digər homoloji (bənzər ) məsələlər də aiddir. Nəhayətdə isə sadaladığımız nəsnələr ictimai şüur anlamını təmərküzləşdirir.
“İctimai şüur dedikdə bütövlükdə müəyyən cəmiyyət üçün və ya müəyyən sosial qrup üçün səciyyəvi olan baxışlar, ideyalar nəzərdə tutulur”. [3, 35]

Hərbi xidmət dönəmində baş vermiş insidentlərin, bəzi kütləvi informasiya vasitələri, sosial şəbəkələr, mətbuat materiallarında belə yekdil olaraq komandir heyətinin günahı olduğunun dəfələrlə oxucusu olmuşuq. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, bu cür neqativ yanaşmalar hərbi mühitdən qaynaqlanan klişelərin (qəlibləşmiş ifadələrin) formalaşmasına gətirib çıxarır. Məsələn: ”Pis əsgər yoxdur, pis zabit var”, ”Əsgərin nöqsanlarının səbəbkarı onun komandiridir” və s. Sanki komandir heyəti 18 il valideynin əxlaqi dəyərlər əsasında tərbiyə edə bilmədiyi övladı qısa bir müddət ərzində həm nöqsansız tərbiyə etməli, əlinə silah verməklə həm də adına layiq vətən keşikçisi, universal əsgər, döyüşçü hazırlamalıdır. Bu cür mükəmməl göstəriciləri olan reformları isə adətən izlədiyimiz “Marvel”, “DC” və digər kinostudiyaların hərbi komikslərində görmüşük. Hələ ki, hərbi xidmətə qədərki dövrdə təmərküzləşən çatışmazlıqları müxtəlif janrlı filmlərdə olduğu kimi bir göz qırpımında aradan qaldıran sehrli eliksirlər, metafizik kombinasiyalar, texnoloji proqres elementləri mövcud deyil. Şübhəsiz, zabit (komandir) heyətinin real situasiyalara müvafiq qeyri-peşəkar yanaşması da istisna deyil. Amma yuxarıda sadalanan neqativ mülahizələrə Ulu Öndər H.Əliyevin sitatına istinad etməklə cavab vermək istərdik:

“Valideynlər öz övladlarını tərbiyə edərkən onlara verdikləri nəsihətlər içərisində ən birinci nəsihət, ən birinci valideyn tapşırığı, oğlunun orduda xidmət etməsi olmalıdır”. [4, 64]

2. Natamamlıq kompleksinin mövcudluğu. Kifayət qədər psixoloji həssas və zərif xarakterik cizgilərdən biridir. Adətən, dərhal bəlli edilməyən, özünü biruzə verməyən, çətin sezilə bilən psixoloji bir sezintidir. Substansiyanın (mahiyyətin) aşkar edilməsi xüsusi ustalıq və bacarıq tələb edir. Natamamlıq kompleksi özlüyündə belə çağdaş elm sahələrinin geniş tədqiqat obyektidir.

“Hər bir kəsin uşaqlıq, xüsusən yeniyetməlik dövründə ailə məhəbbətin və qayğının, pozitiv emosional münasibətlərin defisiti bir çox hallarda insan psixikasında hökm etmək ehtiraslarının qıcıqlanmasına və bununla da siyasi mübarizəyə və ya digər sahələrdə (idmanda, elmdə, sənətkarlıqda, rəssamlıqda və s.) özlərini sübut etməyə çalışırlar. Məşhur avstriyalı psixoterapevt və psixoloq Alfred Adler insan psixikasının bu halını natamamlıq kompleksi adlandırır. O, qeyd edirdi ki, natamamlıq kompleksini kompensasiya etmək üçün insan hökmranlıq etmək iddiasına düşür. Burada cəmiyyətin siyasi quruluşu və sosial psixoloji mühiti böyük rol oynayır.”[5,107]

Mövcud sahənin ilk araşdırmaçılarından fərqli tezislərə sahib Ziqmund Freyd, Karl Yunq və digər nəhənglər də daxildir. C.Kappas, J.Mörfi və digər alimlər isə təhtəlşüur elementlərinin insanın yaşam mahiyyətində daha çox paya sahib olduqlarını vurğulayırlar.

“Əqli həyatın doxsan faizindən çoxu şüuraltında gedir. Ona görə də bu möcüzəvi gücün istifadəsindən imtina edən insanlar əvvəldən öz həyatının çərçivə və imkanlarını məhdudlaşdırır.”[6,109]

Şüuraltı nəsnələrin (bəzi elmi-fəlsəfi mənbələrdə “ikinci mən”, ”iç dünya”, ”nəfs”, dərk edilməmiş “mən”və s. ifadələrlə də qeyd olunur ) insan psixologiyasına, hətta sağlamlığına təsiri təsdiq olunmuşdur. Bu baxımdan məşhur həkim-homeopat, əksər əsərləri bestseller səviyyəsində oxunan alim Valeri Sinelnikov maraqlı qənaətləri ilə böyük oxucu kütləsinin rəğbətini qazanmışdır. İnsan orqanizmində xəstəliyin yaranmasının təhtəlşüur təhlilinə müvafiq olaraq cənab Sinelnikov söyləmişdir: “ Xəstəlik - ətraf aləmlə iç dünyasının münasibətində tarazlığın, harmoniyanın pozulması haqqında siqnaldır.” [7, 206]

Hərbi xidmət mühitində isə natamamlıq kompleksinin mövcudluğu hərbi xidmətdən boyun qaçırma, qarşılıqlı münasibət qaydalarının kobud surətdə pozulması, psixoloji deformasiyalar (darıxmaq, qorxu, stress, özünə xətər yetirmə və s.) intihar və digər fəsadların törənməsinə səbəb olur. İnsanın yaşam dönəmi ərzində yığılaraq toplanmış bu defisitlərin məcmusu ağırlıq dərəcəsindən asılı olaraq fərqli problemlər yarada bilər. Aşkar olunmuş problemlərə ilk növbədə soyuqqanlı, təmkinli və paralel olaraq çevik formada reaksiya vermək lazımdır. Çünki yaranmış insident komandir heyətinin də qeyri-ixtiyarı qəzəblənməsinə, hiss və emosiyalarına sahib olmamasına, nəticə etibarilə problem baxımından sanki ikinci bir cəbhənin açılmasına gətirib çıxara bilər. Fikrimcə, zabit heyətinin bu cür situasiyalarda ən böyük nailiyyəti ciddi bir hadisə baş vermədən öncə, preventiv addımlarla onu qabaqlamaq hesab olunur. Heç bir halda aşkar olunan komplekslərin təhlilinə biganə münasibət bəsləmək olmaz. Bu yöndən məşhur hind filosofu Oşo əsərində şüuraltı nəsnələrin yaratdığı fəsadların nəticəsi olaraq fransız sərkərdəsi Napoleon Bonopartla admiral Nelsonun döyüşünü maraqlı bir şəkildə ədəbi-bədii təsvirini etmişdir: “Nelson, ordunun qarşısına yetmiş pişik gətirir. Napoleon yetmiş pişiyi görəndə əsəb pozğunluğu keçirdi; yazıq insana bir dənəsi belə kifayət edirdi. Köməkçisinə tərəf çevrilib belə deyir: ”Orduya rəhbərliyi sən et. Mən vuruşacaq vəziyyətdə deyiləm; fikirləşəcək halda belə deyiləm. Bu pişiklər məni öldürdü”. [8,106]
Körpə yaşında ikən pişiyin qəflətən balaca Napoleonun üstünə tullanması, nəticədə isə yaranan qorxu faktorunun təhtəlşüur səviyyəsinə enərək qəlibləşməsi döyüşün uğursuz taleyini həll etdi.

3. İnternet və digər aludəçiliklər. XXI əsrin ən böyük problemlərindən biri olduğunu düşünürük. Hərbi xidmət məsələləri ilə demək olar ki, tərs mütənasibdir (burada “internet” sözünü yeniliklərlə tanış olma və ya bilik səviyyəsinin artırılması istiqamətində məqsədyönlü istifadə anlamında şərh etmirik) Vaxtaşırı olaraq sosial şəbəkələrdə mənasız yazışmalar, layklarla gününü keçirmək, müxtəlif macəra, ekşn və digər janrlarda olan intəhasız, canlı bağlantılı oyun imkanları, şou xarakterli tele-verilişlərlə sutkanı başa vurmaq və digər zərərli vərdişlər bu kateqoriyaya aiddir. Bir çox elmi mənbələrdə hətta internet asılılığı tibbi xəstəlik olaraq təsdiqlənmişdir. Bu problemlər ədəbi mətnlərin mahiyyətində də narahatçılıq hissi doğurur. Əslən kanadalı olan müəllif Robin Şarma əsərlərində faydasız aludəçilikləri “ambliopiya”(vərdişlərin əsirinə çevrilmək) termini qismində xarakterizə etməklə həyəcan təbili çalır. Əlbəttə, ədəbi əsərlər siyahısını istənilən qədər artırmaq olar. Yaşadığımız ”texnoəsr”dövründə isə bu asılılıq nisbəti günü-gündən artmaqdadır. Hərbi xidmətə qədərki dövrdə sensor toxunuşlu ləzzətli, romantik yaşam tərzindən keçid etməklə, o zərif barmaqlara “dəmir” (silah və digər hərbi ləvazimatları nəzərdə tuturuq) hədiyyə etmək nəinki sterss, hətta psixoloji ətalətin pozulmasına gətirib çıxarır. Stenford universitetinin professoru, yazıçı Kelli Makqoniqal mövcud problemə ən mükəmməl psixoloji şərhlərdən birini bəxş etdiyini düşünürük. “Az sayda arzulanan əşya, yaxud narkotik vasitə tapıla bilər ki, onlardan asılılıq insanların müasir texnologiyalardan asılılığı qədər güclü effekt yaratsın. Beləcə də bu cihazlar bizi əsir alır və biz daima onlardan istifadə edirik. Dövrümüzün mühüm internet fəaliyyəti mükafat vəd etmək üçün mükəmməl bir metaforadır. Biz axtarırıq və axtarırıq. Olmayan mükafatı ”bəlkə özümüzü doymuş hiss edərik” deyə axtarırıq.” [9, 139]

Empirik olaraq gənc hərbi qulluqçularda hərbi xidmətin ilk həftələrində bəzi asılılıqların (intenet, müxtəlif məzmunlu oyunlar) tədricən yoxa çıxmasını müşahidə etmək mümkündür. Amma nəinki azalan, hərbi xidmətə ventral (ən zəif) münasibətin formalaşmasına gətirib çıxaran psixotrop, narkotik və s. aludəçiliklərin toplumu isə nəhayətdə böyük bir tənəzzüldür. Bu yöndən məşhur alman yazıçısı Ekhart Tolle demişdir: “Hər bir asılılıq şüursuz şəkildə özündən və iztirablarından uzaqlaşmaq istəyindən ortaya çıxır. Hər bir asılılıq iztirabla başlayıb iztirabla bitir. Nəyə aludə olamağınızdan asılı olmayaraq, siz ondan öz iztirablarınızı basdırmaq üçün istifadə edirsiniz.” [10,178]

Qeyd etmək vacibdir ki, bu cür problemlərin dispozitiv (rəsmi) həlli bilavasitə zabit (komandir) heyətinin xidməti fəaliyyəti səviyyəsində deyil.

4. Hərbi strukturun spesifik xüsusiyyətləri. Gənc hərbi qulluqçulara daha çox hərbi xidmətin ilkin dönəmlərində təsir edir. Bu təsirlər gündəlik xidməti fəaliyyətin günün nizam qaydaları çərçivəsində vaxt bölgüsünə uyğun icrası, hərbi kollektivin qapalı və konspirativ xarakterə malik olması, idarəçilik xüsusiyyətlərinin hərbi nizamnamələr çərçivəsində qurulması, bəzi hallarda günün nizam qaydalarının epiqonçuluq (daimi təkrarlanan) təəssüratı bağışlaması, hərbi kollektivin özünəməxsus fərdi-psixoloji və sosial etalonlara malik olması və s. anlamlardır. Hərbi struktur stadiyasına alışma tədricən və mərhələli xarakter daşımalıdır. Unutmayaq ki, düzgün hərbi dissiplinli proqram əsasında xidmətini başa vuran hər bir əsgər, sahib olduğu gələcəyin cəngavəri, vətənpərvər övladı, sağlam vətəndaşı, ən azından isə milli mentalitet və ideologiyaya sahib ailə başçısıdır. Dünya şöhrətli amerikalı yazıçı Uilyam Stayronun diskursiv (məntiqi, əyani) qənaəti sadaladığımız nəsnələrin davamıdır: “ Mən dəniz piyadası olmuş elə bir əsgər tanımıram ki, hərbi xidmətdən sonra nə iş görməsindən asılı olmayaraq çətin sınaq hesab etdiyi təlimlərdən sonra daha cəsur və daha dözümlü olmuş olmasın.” [11,102]

İndi isə hərbi xidmətin müxtəlif mərhələlərində yarana biləcək problemlərin aşkarı və çözümü, bütövlükdə mənəvi-psixoloji vəziyyətlərinin tədqiqi və yüksəldilməsində istifadə edilən əsas üsullardan bir neçəsinin ümumiləşdirilmiş şərhini nəzərdən keçirməyimiz daha məqsədəuyğun hesab edirik:

– Müşahidə və nəzarət üsulu. Hərbi xidmətin bütün prinsiplərini özündə ehtiva edir. Ona görə də zaman və məkan baxımından bir o qədər də asılı deyil . Adətən, hərbi qulluqçuların davranışı, ünsiyyəti, qarşılıqlı münasibət və rəftar prinsiplərini müşahidə və nəzarət altında saxlanılmaqla komandir heyəti hər bir fərd barədə özünəməxsus dolğun təsəvvür formalaşdırır. Bu zaman hər bir əsgərin sahib olduğu limbik sistemi də nəzərdən qaçırmaq olmaz.

“Limbik sistem ətraf aləmə reflekslərlə və anındaca, özü də şüursuz reaksiya verən hissədir. Başqa sözlə desək, limbik sistem kənardan gələn informasiyalara ən doğru reaksiyanın verilməsidir.” [12, 45] Müşahidə və nəzarət üsulu hərbi qulluqçuların sahib olduqları bilik və bacarıq, fərdi psixoloji, xaraker meyarlarının öyrənilməsində daha çox mobillik xarakteri daşıyır. Mobilliyin genişmiqyaslı tədqiqi zabit (komandir ) heyətinin xidməti peşəkarlığının tərkib hissəsidir. Bəşəriyyət tarixinin ən mükəmməl hərbi traktatlarından biri olan qədim Çinin yeddi hərb qanununu özündə birləşdirən “Hərb sənəti”ndə deyilir: “Hökmdar hər şeydən əvvəl adamlarla olmalıdır, tabeçiyindəkilər, yalnız itaətkar olmalıdırlar. O, heç kəsdən uzaq düşmədən onların yanında olmalıdır. Onlar heç nəyi gizlətmədən itaətkar olmalıdırlar. Hökmdardan yalnız hamını dinləmək tələb olunur; tabeçiliyindəkilər öz yerlərinə otuzdurulmalıdırlar.” [13, 51]

– Fərdi söhbət. Hərbi qulluqçuların fərd olaraq psixiloji cizgilərinin öyrənilməsində ən geniş yayılmış üsuldur. “Fərd - özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir.” [3, 129]

Adətən, ən böyük effektliliyi təkbətək formatda özünü büruzə verir. Fərdi söhbətin mütləq olaraq qapalı məkanda və ya otaqda keçirilməsi o qədər də vacib deyil. Bu proses birgə xidmətin təşkili, asudə vaxt və s. məkanlarda da həyata keçirilə bilər. Bu zaman komandir heyəti üçün yarana biləcək ən böyük çətinlik demoqrafik və ya əhəmiyyətli informasiyaların ardıcıl şəkildə yadda saxlanılmasıdır. Fərdi söhbətdə genişmiqyaslı nailiyyətə malik olmaq üçün komandir heyətinin öhdəliyində də müəyyən şərtlər hakimdir. Hər bir zabit ilk növbədə fərdi söhbət üçün açıq atmosfer yaratmalıdır. Eqosentrik mühit formalaşdırmaq, təkəbbür və sarkazmla ünsiyyət qurmaq, yalnış və anlaşılmayan suallar vermək qətiyyən yolverilməzdir. Fərdi söhbətdən əvvəl zabitin özlüyündə ünsiyyətin additiv istiqamətini yaratması, sual və müzakirələr fonunu mental olaraq sistemləşdirməsi, bütövlükdə fərdi söhbət aparan zabit kimi özünə müəyyən standartlar təyin etməsi yalnız peşəkarlıq baxımından analiz edilməlidir.

– Fiziki hazırlıq və kütləvi idman tədbirləri. Hərb sahəsinin ən zəruri, ayrılmaz tərkib hissələrindən biridir. Bütün hərbi qulluqçular ən azından yaş və ixtisas kateqoriyalarına uyğun fiziki hazırlıq üzrə normativ standartlarına cavab verməlidirlər. Fiziki hazırlıq və kütləvi idman tədbirləri orqanizmin möhkəmlənməsi, dözümlülük, cəldlik, kompleks inkişaf və s. üstünlüklərə gətirib çıxarır. Bəzi idman təmrinləri isə hətta hərbi qulluqçularda xarakter formalaşmasına gətirib çıxarır. ( turnikdə dartınma, məkik qaçış və s.) Qeyd etmək vacibdir ki, fiziki hazırlığa verilən önəm təkcə hərbi xidmət sferasında ölçülmür. Klassik yunan fəlsəfəsinin banilərindən biri olan Platonun (Əflatun ) yaratdığı və təxminən 900 il fəaliyyət göstərdiyi, adını daşıdığı Platon akademiyasının sistematik təhsilində fiziki hazırlıq təmrinlərinə isə xüsusi üstünlük verilmişdir. “Təhsilin ilk on ili əsasən fiziki hazırlıqla bağlıdır. Bu ilk dekadada həyat o qədər sağlamlaşmalıdır ki, heç bir təbabətə lüzum qalmasın.” [14, 39]

Qədim Çin mənbələrində təsdiqini tapmış əski türk xalqlarından biri sayılan hunların fiziki hazırlıq və döyüş təlimi proqramı da diqqətəlayiqdir. Bütün məşq və hazırlıq 3 yaşında başlayıb 18 yaşında bitməliydi. Təlimin müddəalarına uşaqlarda zərbədən yayınma bacarığının formalaşması üçün qızarmış kömür atmaqdan tutmuş, qoyunlara minib quş və siçovullara ox atmaq, müxtəlif növ silahlarla rəftar təlimləri və s. aiddir.

Azərbaycan hərb tarixində isə ordu üçün vahid təlim və məşq yerlərinin yaradılması daha çox I Şah Abbasın adı ilə bağlıdır. Orta əsrlər dönəmində çovqan oyunu, həmçinin milli idman kateqoriyasına daxil olan zorxanalar hərbi xidmət sferasına nüfuz etmiş, fiziki hazırlıq elementlərinin milli mentalitet səviyyəsində vacibliyini sübut etmişdir. Gənc hərbi qulluqçularla sistematik fiziki hazırlıq təlimlərinin keçirilməsi, hərbi xidmətə qədərki dövrdə yaranan bir çox zərərli vərdişlərin istisnasına, sağlam düşüncə və hərbi kollektiv mühitinə adaptasiyasına, hərbi yoldaşlıq mühitinin yaranmasına, həmçinin cəsarət, koordinasiya və digər kontiniumları (bir-birilə sıx əlaqəli olan hadisə və proseslərin ardıcıllığı) özündə birləşdirən tərəqqi xarakterli anlamları əhatə edir.

– Mədəni-kütləvi və maarifləndirici tədbirlər. Gənc hərbi qulluqçuların vətənpərvərlik və milli ideologiya ornamentləri əsasında formalaşması, hərbi xidmət və hərb tarixinın mənəvi dəyərlərinin aşılanması istiqamətində həyata keçirilir. Bu bölməyə müxtəlif mövzular üzrə kollektiv və izahedici söhbətlər, disput və tematik gecələr, tarixi-mədəni irsimizlə bağlı olan yığıncaqlar, incəsənət tədbirləri və s. aiddir. Bu formatda tədbirlərin keçirilməsində vacib məqamlardan biri də özünüifadə aurasının yaradılmasıdır. Hər bir gənc əsgər müstəqil şəkildə düşüncə və qənaətlərini ifadə etməli, təəssüratlarını bölüşməlidir. Peşəkar zabit heyəti dərhal koqnitiv (idraki) olaraq bunları nəzərə almalı, gələcəkdə ixtisas bölgüsü üzrə düzgün şəkildə istiqamətləndiriməyi bacarmalıdır. Yekun olaraq yuxarıda sadaladığımız bütün nəsnələrdə gənc hərbi qulluqçularda yarana biləcək psixosomatik reaksiyalara xüsusi diqqət yetirmək lazımdır. “Psixosomatik reaksiyalar əsasən, emosional gərginlikli qorxu, hirs, hiddət, sevinc affektlər zamanı formalaşır. Bəzən bu reaksiyalara ”orqanların nitqi” deyilir.”[3,170]

Nəticə etibarilə milli ideologiya anlayışlarının aşılanmasında, izahında, ümumilikdə bütün sferalarda zabitin fərdi bilik və bacarığı, peşəkarlığı əsas şərtdir. Bu cür yanaşma baxımından xalqımızın ümummilli lideri H.Əliyev demişdir: “Azərbaycan zabiti gərək yüksək mənəviyyata malik olmalı, milli ruhda tərbiyə olunmalıdır. Bizim tariximizi yaxşı bilməli, keçmişi yaxşı bilməli, dilimizi yaxşı bilməli, milli-mənəvi dəyərlərimizi yaxşı bilməli və bunların əsasında tərbiyələndirilməlidir” [15, 61]

Yekun olaraq gənc əsgərlərin tədqiqi fonunda izahına çalışdığımız bir neçə konteksti aşağıdakı şəkildə ümumiləşdirmək mümkündür:

- Müxtəlif tədqiqat obyektlərinə malik elm sahələrinin inkişafının hərb elminə varması mahiyyət etibarilə təsdiq olunmuşdur. Bir çox elm sahələrinin isə (psixologiya, politologiya, fəlsəfə, riyaziyyat, fizika, tarix və s.) hərb elminə viral (hədsiz sürətlə yayılan) nüfuzu zabit (komandir) heyətinin fərdi xarakter və inkişaf alqoritmi ilə düz mütənasibdir. “Hərb sənəti” traktatında deyilir: “Əgər sərkərdənin ağlı yoxdursa, o, rəqibi qiymətləndirə və lazımi taktikanı işləyib hazırlaya bilmir; əgər onun qərəzsizliyi (ədaləti) yoxdursa, o, digərlərinə əmr verə və tabeçiliyində olanları arxasınca apara bilmir; onun humanistliyi yoxdursa,o, kütlələri özünə cəlb edə və əsgərləri özünə bağlaya bilmir; onun cəsarəti yoxdursa,onda hər hansı hərəkətə keçmək və döyüşə girmək üçün qərara gələ bilmir; əgər o ciddi deyildirsə, onda güclünü özünə tabe etdirə və kütləni idarə edə bilmir. Bu beş keyfiyyətə tam malik olan sərkərdənin təcəssümüdür.” [13, 178]

- Gənc hərbi qulluqçuların hərbi xidmətlərinin ilkin və sonrakı mərhələlərində yaranmış, aşkar olunmuş problemləri vahid kontekst fonunda tədqiq etməli, fərdi yanaşma prinsipi rəhbər tutlmaqla referans ( istinad ) nöqtələri diqqətlə təhlil olunmalıdır.

- Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi, onların formalaşdırılması istiqamətində nəzərdə tutulmuş bütün tədbirlər milli - mənəvi dəyərlər və novatorluq fonunda həyat keçirilməlidir. Novatorluq faktoru kortəbii olmamalı, dövlətin sülh doktrinası, Silahlı Qüvvələr strukturuna uyğun tətbiq edilməlidir. Belə ki, 44 günlük vətən müharibəsində “Bayraktar”, “Harop” tipli pilotsuz uçan aparatlar, “LOR” kvasiballistik raketləri və digər innovasiyalar, Rusiya–Ukrayna müharibəsində “HİMARS”, “NASAMS” sistemlərinin tətbiqi novatorluq amilinin ən uğurlu göstəricilərindən biridir.

- Etnopsixoloji amillərə sadiqlik isə kifayət qədər mühüm bir konsolidasiyadır. Bu istiqamətdə nəzərdə tutulmuş tədbirlər planı praqmatik ideyalar əsasında həyata keçirilməlidir. Belə ki, torpaqlarının azdlığı uğrunda vətən müharibəsində Azərbaycan xalqı sahib olduğu genezis və arxetipik dəyərlərini bütün dünyaya yenidən bəyan etdi. Autentik nümunəyə Ukrayna xalqı da daxildir. Demilitarizasiya və denasifikasiya fonunda Rusiyanın bir neçə günlük strateji plan üzrə nəzərdə tutduğu taktiki döyüş əməliyyatları mahiyyət etibarilə nəzərdə tutulan nəticələri vermədi. Patriotizm kontekstində Ukrayna xalqı ümumbəşəri nümunə göstərməklə arxetipik ideyalara əsaslanaraq yekdilliklə milli ideoloq İvan Kotlyarevskinin yaratdığı qəhrəman obrazına çevrildi.

“Vətənə məhəbbət qəhrəmanlıq yaradan yerdə düşmən qüvvəsi dayanmayacaq, orada sinə toplardan daha güclüdür.” (https://ewikiaz.top/wiki/Ivan_Kotliarevsky )

İstifadə olunmuş ədəbiyyat:

1. Fərrux Rüstəmov Pedaqogika tarixi (dərslik). “Elm və təhsil” Bakı – 2010
2. Azad mirzəcanzadə. “ İxtisasa giriş”. Neft və qaz profilli ali məktəblər üçün dərs vəsaiti. Bakı: Qanun nəşriyyatı, 2010, 432 səh.
3. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı- 2002
4.Hərbi bilik №4 ( 88 ) iyul-avqust 2007-ci il
5. Adıgözəl Məmmədov. Avtoritar rejimlər və psixoloji portretlər. Bakı-2012 “Elgün”, 190 səh.
6. Jozef Mörfi Şüuraltının göcü. Bakı, Qanun nəşriyyatı, 2021, 288 səh.
7. V.Sinelnikov, S.Slobodçikov Doktor Sinelnikovun praktik kursu: Özünü Sevməyi Necə Öyrənməli. Bakı, Qanun Nəşriyyatı, 2021, 256 səh.
8. Osho. Cəsarət: Təhlükəli yaşamağın sevinci. Bakı, Qanun nəşriyyatı, 2018, 224 səh.
9. Kelli Makqoniqal. İradə gücünün instinkti . Bakı, “Teas Press” nəşriyyat evi, 2018, 324 səh..
10. Ekhart Tolle. İndinin gücü: Mənəvi inkişaf bələdçisi. Bakı, Qanun Nəşriyyatı, 2019, 256 səh..
11. Robert B.Cialdini İnandırma psixologiyası Bakı, Qanun nəşriyyatı, 2019, 344 səh.
12. Co Navarro, Marvin Karlins Bədən dili. “Xan” Nəşriyyatı.. Bakı- 2018, 328 səh..
13. U-TSzin. Hərb sənəti ( Qədim çinin yeddi hərb qanunu ). Bakı, ”Zəkioğlu”, 2009, 620 səh.
14. Uill Durant . Fəlsəfi hekayətlər..”Zəkioğlu” Nəşriyyatı. Bakı- 2006,578 səh.
15.Hərbi bilik №4 (64) İyul-avqust 2003-cü il