Gənc yazar ölən tərcüməçidən hekayə yazdı: İngilis ağlayırdı

Gənc yazar ölən tərcüməçidən hekayə yazdı:   İngilis ağlayırdı

31 Martt 2023 15:36 213


İngilis ağlayırdı

Əsəd Qaraqaplan

İlk dəfə idi, bir ölüyə toxunurdum.

Ayaqlarından tutub tabuta qoyanda o qədər canlı və isti gəldi ki, bir anlıq düşündüm, ölüyə yox, canlı birinə toxunuram. Bəlkə, hələ ruhu bədənini tərk etməmişdi, kim bilir. Qadın hələ ev geyimində idi, evdəki bir neçə adam da o qədər üzgün görünmür, çox da ağlayıb eləmirdi. Sanki bu evdə bir insan ölməmişdi.

Hətta bir anlıq ağlıma gəldi ki, evdəkilərə deyim, bəlkə, qadın hələ ölməyib, onu niyə tabuta qoyursunuz... Ancaq çəkindim.

Binanın ikinci mərtəbəsindəki bu ev köhnə olsa da, son dərəcə səliqə və sevgiylə döşənmişdi. Evin hər yerindən sənət qoxusu gəlirdi. Divardan asılan orijinal rəsm əsərləri, qədimi suvenirlər və yerə döşənmiş milli xalılar evi adama daha da doğmalaşdırırdı.

Zala keçəndə gördüm ki, uzun və geniş masanın üstü şirniyyat, halva qoyulmuş tabaqlar və çay bardaqları ilə doludur. Bir anlıq düşündüm, bunlar hansı arada bütün bu şeyləri hazırlayıb düzdülər... Sonra yadıma düşdü ki, gələndə yolda iş yoldaşım: “Bir həftə öncə anası rəhmətə getmişdi, bu gün də özü...” – demişdi. Bu gün həm də anasının ilk cümə axşamı idi.

Biz içəri girəndə təcili yardım həkimi və tibb bacıları ölüm kağızını imzalayıb evdən çıxmağa hazırlaşırdılar. Evdə çox adam yox idi; üç-dörd qadın və iki-üç kişi. Bir də biz gəlib çıxdıq – müdirim, iş yoldaşım və mən. Qadının əri İni evdə görə bilmədik. Biz tabutu binanın ikinci mərtəbəsindən aşağı – məscidə aparacaq maşına düşürəndə blokun ağzında bir neçə kişi durmuşdu. Onlardan birinin İn olduğunu başa düşdüm. Bu, arıq, uzun, saçları tökülmüş, ovurdları batmış, sarı bir ingilis idi. Üzünün rəngi bir az soyuqdan, bir az da kədərdən boza çalırdı. Sanki ölən arvadı yox, o idi.

Biz məscidə çatanda tabutu daşıyan maşın artıq ora yetişmiş, qapılarını da açmışdılar. Tabutu maşından endirib yuyucuxanaya apardıq. İçəridə sadəcə qadının bacısı və yuyucu qadınlar qaldı.

Hava tərslikdən öncəki bir neçə gündən daha küləkli və daha soyuq idi. Çölə çıxanda üşümümək mümkün deyildi.

Biz məscidin girişində siqaret çəkə-çəkə gözləməyə başladıq.

Adamlar bir-bir, iki-iki çoxaldıqca yanımızdan o yan-bu yana keçənlərin söhbətləri istər-istəməz qulağımıza ilişirdi. Qadın tərcüməçi imiş, 23 il qabaq İnlə Bakıda tanış olub evlənibmiş. Həmin o evdə qadının anasıyla birgə yaşayırmışlar. Elə bir tədbir, elə bir konsert, elə bir tamaşa, elə bir kitab sərgisi olmaz imiş ki, birlikdə getməsinlər. Hər axşam çıxıb evlərinin yanındakı parkda gəzir, Kofe Hausda qəhvələrini içib evə dönürmüşlər. Bir-birinə çox bağlı imişlər...

Hətta bir qadın deyirdi ki, İn arvadını bu yaxınlarda başqa ölkəyə ziyarətgaha da aparacaqmış...

İnin ondan başqa heç kimi yox imiş, hətta İngiltərədə də bir kimsəsi olmadığını deyirdilər. Qadın anasından sonra birdən-birə xəstələnmiş, özünü pis hiss eləmiş, xəstəxanaya aparsalar da, gec olmuşdu...

Müdirim dostu İnin yanında durub ingiliscə nəsə danışırdı, bilinirdi ki, onu təsəlli etməyə çalışır. İn o sakit görünüşüylə müdirimi dinlədikcə arada nəsə deyir, elə bil cümlələrini bitirə bilmir, sözlərini yarıda kəsirdi. Beləcə bu kədərli söhbət ara-ara davam edir, yenidən ortam sükuta qərq olurdu. Hərdən havaya yayılan siqaret dumanı aramızda dövrə vurur, girişdən çölə - şəhərə doğru dağılıb yox olurdu...

Yuyucu qadın içəridən çıxıb ölənin qardaşına meyitin hazır olduğunu dedi. Sonra əlavə etdi ki, bəlkə, həyat yoldaşı onunla vidalaşmaq istəyir? İstəyirsə, içəri keçə bilər. Qardaşı İnə bunu ingiliscə necə başa salacağını bilməyəndə müdirimdən yardım istədi. O da İnə dedi ki, vidalaşmaq istəyirsə, buyurub içəri keçsin.

İn bunu çoxdan gözləyirmiş kimi dikəldi, sanki gözlərində bir ümid doğmuş kimi iti addımlarla yuyucuxanaya girdi. Ancaq çox çəkmədi ki, İn başı aşağı, uzun ayaqlarını sürüyə-sürüyə çölə çıxdı. Əlindəki salfetlə gözlərini silə-silə səssizcə ağlayırdı. Və mən ilk dəfə bir ingilisin ağladığını görürdüm. Elə bil bu ağlayış İnin tənhalığını bir az da yuyub su üzünə çıxarırdı...

Məsciddən çıxıb evə tərəf addımlayanda o qədər üşüdüm ki, mənə elə gəldi, iç orqanlarıma qədər donmuşam. Bircə əllərimdə hələ də o qadının meyitinin istiliyini duyurdum...

Və mənə yenə elə gəldi ki, ölən arvadı yox, İnin özüdür...