Gözümü yumum, şeiri bir də oxu – Muraddan təsirli bir xatirə

Gözümü yumum, şeiri bir də oxu    – Muraddan təsirli bir xatirə

17 Fevral 2022 10:36 312


YeniYaz.az şair Murad Köhnəqalanın bu günlərdə dünyasını dəyişmiş əslən Qərbi Zəngəzurdan olan şair Əhməd Oğuzla bağlı bir xatirəsini təqdim edir.

Əhməd Oğuzla Azərbaycan Tərcümə Mərkəzində işləyirdik. 1992-ci ilin payızı idi. Dostların yığıldığı dumanlı məclislərimizin birində mən bu şeiri oxudum. Öz doğma yurdundan didərgin düşmüş Əhməd şeirdən çox təsirləndi. O, məclisdəkiləri sakitləşdirərək üzünü mənə tutub dedi:

- Qardaş, mən gözlərimi yumacam, xahiş edirəm o şeiri bir də de.

Yurdundan zorla ayrılmış, hər söhbətində doğma dağ kəndini xatırlayan şair dostumu yaxşı anlayırdım. Əhməd gözlərini yumub sakitcə oturmuşdu, mən şeiri təzədən söylədim. O, bir müddət gözlərini açmadı, beləcə gözüyumulu səssiz-səmirsiz ağladı.

Sakitləşəndən sonra göz yaşını silərək dedi:

- Sən şeiri söyləyərkən mən evimizə getdim, kəndimizi gəzib dolandım, özü də kəndimizə, dağlara qar yağırdı, dizə qədər qar vardı. Bu şeir elə bil mənim bu halıma yazılıb. Səndən bir xahiş də eləmək istəyirəm.
Dedim, buyur, qardaş.

Dedi, sən mənim şeirimi yazıbsan, xahiş edirəm, bu şeiri indən belə harda söyləsən, mənə həsr elədiyini deyəsən.

Dedim, baş üstə, Əhməd.



Sonralar bu şeiri “Alma əhvalatı” adlı ilk kitabımda verdim və üstünə belə yazdım:

“Əhməd Oğuzun dağlarına”

Qarğayıblar, daşın düşüb
Dağlar, qoy səni ağlayım.
Yazın keçib, qışın düşüb
Dağlar, qoy səni ağlayım.

Bir şarkıya qalxar boyum,
Sənin kökün – mənim soyum,
Əlimi qoynuma qoyum,
Dağlar, qoy səni ağlayım.

A bəxti kəm, oyan görək,
Sənin kimi həyan gərək.
Özümü ağlayan gərək,
Dağlar, qoy səni ağlayım.