İlham Qəhrəman 5 ən yaxşı şeirini seçdi - Mətnlər

İlham Qəhrəman 5 ən yaxşı şeirini seçdi   - Mətnlər

07 Aprelel 2022 10:01 575


YeniYaz.Az “Seçilmiş əsərlər” layihəsindən İlham Qəhrəmanın şeirlərini təqdim edir. Xatırladaq ki, layihədə istedadlı Azərbaycan şairləri özləri öz yaradıcılıqlarından 5 ən yaxşı şeiri seçirlər.

“Yeniyaz.az”-ın məndən yaradıcılığımın ən yaxşı 5 şeirini seçib çap üçün göndərmək müraciəti o gündən müəllif kimi məni çox düşündürür. Hətta deyim ki, bir az keçdi özümü təzyiq altında hiss etdim. Deyək ki, gənc şair (30-35 yaşlarında) üçün yazdıqlarına nəzər atıb qərar vermək daha asan olar, nəinki mən yaşda olan şairə. Bu seçim məsələsi müəllifdə xeyli daxili suallar doğurur. Tutaq ki, həyatda olmayan şairin ən güclü 5 şeirini kiminsə seçməsindən müəllif sağlığında razı qalardımı?! Məsələn, mən deyək ki, yaradıcılığımın hansısa mərhələsinə aid 5 ən yaxşı şeiri daha asan seçərdim. Ancaq şərt bütün yaradıcılıq dövrünü əhatələyir. Məcbursan seçəsən. Amma burda da bir əmma çıxır ortaya – İlham Qəhrəman özünün 5 güclü şeirini seçmək məcburiyyətində olanda həm də xətri onun yanında xoş (əziz - İ.Q.) olan şeirlərindən vaz keçə bilmir. Ona görə də aşağıdakı 5 şeiri seçərkən həm də “xətri mənə xoş” olan şerləri də əlavə etməli oluram. Və mən bu seçimi edərkən güclü olub burda yer almayıb küsən şeirlərimin məni bağışlamasını dilədim.

Yuxu-1

Әyan oldu mәnә sonuncu sirrim,
Qalmadı daha bir dәrdim dünyada,
Öldüm ölümü dә gördüm dünyada.
…Gördüm ki, ölmüşәm sәhәrә yaxın,
Bir yol qırağıdı şәhәrә yaxın.
Keçir dörd yanımdan
axır adamlar,
Boylanır… harasa baxır adamlar.
Biri dә gözünün ucuyla baxmır,
Qardaşım da baxmır,
bacım da baxmır…
Dost qoyur özünü görmәmәzliyә,
Baxıram, irәli duranım yoxdu,
Ağlayıb saçını yolanım yoxdu.
Elә bil tutulub qolum-qanadım,
Mәn elә key kimi baxıram mәnә,
Yaman yer elәdi axırım mәnә…
Ölәsәn, irәli duran olmaya,
Ölәsәn, ortada qala meyidin.
Axırı qaçasan haraya özün,
Deyәlәr hardadı, bala, meyitin?..
Deyәlәr ölmüsәn, qan olmayıb ki,
Toxtaq ol,
ölmüsәn,
canın sağ olsun!

May, 1997

Gedənə

Heyif, saxlaya bilmirəm,
Çəkirsən gərdən gedirsən.
Bir adamlıq şəhər idim,
Sən o şəhərdən gedirsən.

Burdan belə nə fərqi var –
Kim haqlıdı, kim günahda?!
Bu can şəhəri tərk etdin,
Xaraba qaldı Gün altda.

Özümü Adəm sanırdım,
Səni də onun Həvvası.
Sevgim sovulmuş bostandı
Özüm bostan müqəvvası.

01.09.2019

Əsgərlərimizə

Sizin qarşınızda ikiqat ollam,
Bu yurdun ən təmiz, duru yerisiz.
Vətənin gözünün dikənəcəyi,
Xalqın ürək qutu, qürur yerisiz.

Parçalanmış yurdu bir yerə yığmaq, –
Sizdən bundan özgə nə umuruq biz.
Bir Allah bilir ki, hər gələn gecə
Sizə umud olub göz yumuruq biz.

Nə qədər meydanı daraldı onun, –
Qoy şaxı açılsın – o bayraq üç rəng!
Onun bir adı da sevinc göz yaşı, –
Ondan gözəl olmaz gözümdə heç rəng!

Nə vaxt döyüş olur, torpaq qayıdır,
O bayraq sizinlə irəli gedir.
Əsgər yoldaşının son nəfəsidi –
Bax o da dayanmır, yaralı gedir.

İllərdi ürəkdə bir arzumuz var, –
Düşmənin burnunu əzəsiniz bir!
Tanrı çox görməsin – qalxsın bu töhmət –
Papağı yan qoyub gəzəsiniz bir!

Yan-yana sıx durun düşmən önündə,
Amandı sıranız olmasın seyrək!
Tağbənd körpülərin daşları kimi
Biri birinizdən bərk yapışın, bərk.

Sizin qarşınızda ikiqat ollam,
Bu yurdun ən təmiz, duru yerisiz.
Vətənin gözünün dikənəcəyi,
Xalqın ürək qutu, qürur yerisiz.

05.01.2019

Xatirələr sərgisi

Sənli xatirələrim olan yerə
baş çəkdim bu axşam,
Sətəlcəm adama titrətmə kimi
Bu cana sevginin əsəri gəlir...
Mənim başıma xeyir –
Hələ sevgidən məstəm, sərxoşam.
Məzara baş çəkənlər kimi...
Gözlərim doludu, əlləri boşam.

Saata baxıram – səkkizə qalır...
Mətbəx pəncərədən qaraltın keçir.
Yəqin yenə çayın qaynayır
Mən olsam deyərdim – dur altın keçir.

Evinizin hər tərəfində
Xatirələrin sərgisi qalıb.
Həm iliyə işləyən qışın sazağı,
Həm yayın qovuran bürküsü qalıb.

Xatirəsiz bir yer yoxdu,
Bax burda bir dəfə dilin“gəl” dedi,
Bax burda bir dəfə “bir ayaq saxla”.
Deyirdin maşını tanıyırlar
daldaya çək, uzaq saxla!

İkimiz bir yerdə görünmədik heç
Tanrı verən eşqi gizlin yaşadıq.
Günahkar olsaq da bir onu billəm
Biz elə sevginin əslin yaşadıq.

Sən bir az təşərdin, bir az cilvəli,
Maşında güzgüdə dil çıxardırdın...
Elə gəlməliydim kimsə duymasın,
Qapıdan içəri girirdim sonra
Paltomun altından gül çıxardırdım.

Dağıldı dörd yana xatirələr
Küçədə, maşında, güzgüdə qaldı.
Yığıb topalaya bilmədik,
Heyf! Xatirələr sərgidə qaldı.

01.01.2019

İkimiz üçün yer

Duraq bu yerlərdən ayaq götürək,
Gedək gözlərimiz tutan bir yerə,
Gedək könlümüzə yatan bir yerə.

Bütün idmiləri buraxaq qalsın, –
Getməsin bir qanun, bir tabu biznən,
Bir bəndə çəkməsin hesabı biznən.

Doğmadan ayrılaq, yaddan ayrılaq,
Gilizdən ayrılan güllələr kimi –
Bu bizə qoyulan addan ayrılaq.

Mən orda adını Həvva çağırım,
Sən mənim adıma Adam deyərsən,
Bütün tabulara “qadam!” deyərsən.

Ataq əynimizin paltarını da,
Təzə paltar geyək yarpaqdan, otdan,
Bir adam baxmasın bizə gözaltdan.

Bir qaya altını bəyənək evtək,
Adəmlə Həvvanın evidi deyib, –
Səliqə-sahman et, o evə əl çək.

Bir çayın ləpəsi döyən yer olsun,
Səhərlər o çaya qarmaq sallayaq,
Axşamlar əyləşib ayaq sallayaq.

Dolanaq, quşumuz qonan yer tapaq,
Ora bizdən başqa kimsə getməsin.
Elə yer olsun ki, alma bitməsin.

Ayrı haramız var, hara üz tutaq?!
Duraq, bu yerlərdən ayaq götürək,
Bir ayaq dəyməyən yerə üz tutaq.

18.06.2016