Məni diksindirən gənc şairlər - Şərif Ağayar

Məni diksindirən gənc şairlər   - Şərif Ağayar

28 Sentyabr 2024 09:49 1446


Azərbaycan şeiri Aqşin Yeniseydən sonra məni üç-dörd dəfə diksindirə bilib.

Əvvəlcə Alik Əlioğlunun bu misralarına heyran qalmışam:

Elə bir doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxlamaq istəyəsən.
Yanında olduğuna əmin olmaq üçün
Əlini üzünə qoyub yoxlamaq istəyəsən...

Mütləq hamının belə bir kimsəsi var. Hətta bir yox, beş nəfər, on nəfər... Sevdiyindən tutmuş itirdiyin doğmalaracan... Əlinlə üzünə toxunmaq e... Onsuzluğun bu həddi yəni! Qayıtdığına inanmadığın birinin dözülməz həsrəti... "Gözlərinə inanmamaq" idiomunun şeirdən abidəsi...

Amansızdır.

Sonra Şəhriyar del Gerani girib dövriyyəyə:

Para buğdasına söykənib yatan
Qarışqa misalı elə yorğunam
Kirpiyimə qədər yorğunam, anam!

İntellektual mətnə aid “göndərmə” fəndinin fantastik nümunəsi...

Eyni zamanda:

Qollarım sənə qalxıb e, endir bu minarəni...

Lap “Göylərə açılmasın, əllər ki, damanındadır” hayqırtısı düşür yadıma – hecada əruza meydan oxuyur! İntonasiya dəniz kimi yellənir.

Eyni zamanda:

Enməmişdi qadınlığa, kişiliyə ruhumuz...

Pol Osterin “Yüksəklik qorxusu” romanı bütünlüklə bu misranın içinə preslənib. Neçə sufi əhvalatı var burda. Cihadi-kəbir var. Kamil insanlar uşaq vaxtı qadınlığa-kişiliyə enməyən ruhu qadın-kişi olduqları vaxt cismani bədəndən aralayıb həmin məqama qaytara bilənlərdir.

Bir kitab yazaram bu misradan!

Lakin onun özündən başqa hər şey təfərrüatdır. Çünki çox adam çox şey düşünə, tapa, uydura bilər, amma heç kim onu bu qədər qısa, bu qədər aydın, bu qədər dəqiq və bu qədər gözəl ifadə edə bilməz. Bilənlər bilir, ədəbiyyat məhz bu incəlikdə gizlidir.

Daha sonra Rəşad Nağının misraları:

Anamın olduğu yer, atamın yatdığı yer,
bir də sən hardasansa ora mənə vətəndi,
Mən atamdan bilirəm, ölüm bədahətəndi!

Elə bil uca bir qayanın tinində qəfil güllə dəyir sənə. Ölürsən. Amma ağrı ilə bir yerdə çox şahanə bir duyğu da yaşayırsan.

Bir də lap gənc El Romanın bir misrası:

Mağara dağların əsnəməsidi...

Amansız misradır! Əvvəla, mağaranı əsnəyən ağıza bənzətmək, ikinci və ən əsası bunu belə gözlənilməz ifadə etmək. Açığı, ismin – adın feilə – hərəkətə bu sayaq fenomenal metaforasına başqa heç bir yerdə rast gəlməmişəm. Bir var deyə, mağara əsnəyən adamın ağzına bənzəyir... Bu çox sadə çıxardı. Elə demir. Hoqqa verir. Füzulinin qarşısına “Tuz kozır” çıxarır. Pistoleti adamın qarnına elə qəfil dirəyir, əllərini qaldırmaqdan başqa əlac qalmır. Brus Li kimi saniyənin səkkizdə birində ölümcül zərbə endirir. Nə baş verdiyini anlamadan nokaut olursan.

Sizcə, on beş-iyirmi il ərzində azdırmı bu misallar?

Məncə az deyil.

Bu cür misraların doğulması üçün şeir ən azı yüz il yol gəlir.