Aygün Cəfərova
Şərif Ağayarın "Şəkil" hekayəsini oxudum.
Yəqin sonuncu nöqtəsini qoyandan sonra ağlayıb müəllif. Ya da ağılayıb...
Bu hekayəni qələbədən sonra oxumaq, dağılmış kəndlərimizə qələbədən sonra getmək kimidir. Gəldik, amma viran olmuş yurd yerlərinə gəldik. Qalib xalqın oxucularıyıq, amma yaşantılarımızı unutdurmadı qələbə. Necə unuda bilərik ki? Heç unutmamalıyıq da...
Şərif Ağayarın bu mətni haqqında düşünəndə ustanın, bənnanın bir evi tikərkən necə hər daşı dəqiqliklə divara hördüyü mənzərə göz önünə gəlir. Daşı, qumu "söz" olub axı bineyi-ömrdən Şərif Ustanın. Redaktəsinin gücü də bəlli olur zaman-zaman.
Hekayənin elə ilk cümləsindən işini-gücünü bir yana qoyub babasını kor edən uşağın söhbətinə "guş qılırsan". "Babamı mən kor eləmişdim. Buna bütün varlığımla inanacaq qədər balaca, vicdan əzabı çəkəcək qədər böyük idim".
Sonra real bir azərbaycanlı ailə tablosu canlanır bu "daş-söz"lərlə: atasına ehtiramla davranan oğul, gəlin, əsəbi qoca baba, cavan əmi...
"Anamla da dalaşırdı. Bir dəfə şillə də vurmuşdu. Çox pis olmuşdum. Gücüm çatsa mən də babamı döyərdim. Bircə atama güvənirdim ki, o da dinib-danışmırdı. Elə bil görmür, eşitmirdi. Elə çox istəyirdi ki... “Dədə, sənə qurban olum” deyəndə beşi də yanından tökülürdü. Təzyiqi qalxanda qarşısında çömbəlib ayaqlarını isti suya qoyurdu, paltarını dəyişməyə kömək edirdi, küləkli havalarda qolundan tutub su başına aparırdı. Babamsa bunun əvəzində əmimi daha çox istəyirdi. Bütün günü üstünə düşürdü ki, evlənsin. Əmim onu vecinə almırdı. Eləcə gülüb keçirdi."
Hekayəni bura yazmayım. "Kulis" dən oxuyarsınız.
Təsirli, maraqlı cümlələri isə qeyd edirəm:
"Elə qətiyyətlə baxırdı, deyirdin gedib bütün Almaniyanı dağıdacaq"; "Mən babamın şəklinin gözlərini oyan gün müharibə xəbəri gəldi."; " Atam təlaş içində evimizi bir maşına yüklədi"; "O gündən babamın fotosunu asmağa heç vaxt divarımız olmadı"; "İstilər onun gözlərini də qurudurdu", 'Bədənimizdən yanmış yağ iyi gəlirdi"; "Orda tanıdığım adamlar burda tamam dəyişmiş, qorxaq, aciz, ağlağan olmuşdular; "İstidən ümidlərimizin də yanıb kösövə döndüyü günlərin birində..."; "Əgər pərgarın ucuyla babamın şəkildəki gözlərini oymasaydım, o, kor olmaz, evimiz dağılmaz, əmim itkin düşməzdi. Babam kor olmasa uzun çubuğunu əlinə alıb yad adamları evimizdən qovar, əmimi tapar, bizi Hacı Süleymanın istilərinin-mığmığalarının əlindən xilas edərdi", "Qəbrin üstünü götürəndə daşa vurmağa başqa şəkil tapmadıq. Anam düyünçələrini eşələyib gözlərini tökdüyüm şəkli çıxartdı, daş ustasına onu verdilər".
Ölümün ağzından xilas olmuş köçkün balaların hamısı bir gün yazıçı, şair ola bilər. İstedadla dərd birləşəndə sənət yaranır. Həsrətin, itkinin, müharibənin yaratdığı əsərləri xoşbəxtlik yarada bilmir.
Bəlkə, sənət elə buna görə dərdlilərin dərmanıdır həm də...
Şərif Ağayarın "Şəkil" hekayəsini ilk dəfə idi oxuyurdum və kitabdan deyil, "Kulis"dən oxudum. Bu gün o saytdan oxuduğum ikinci hekayə idi. Səhər saatlarında yapon yazıçısı Yukio Mişimanın "Qəzet" hekayəsini də oxumuşdum. O da bir ayrı dərd idi. Mənə "öz dərdim" daha maraqlı gəldi. Milli dərdlərimizi çəkib, yazıb, ağlayıb yüngülləşməsək, bəşəri dərdlərə ağlasaq, bəşəriyyət bizə gülər...
Hekayədə nahamar görünən bir-iki məqamdan da söz açım, məsləhət bilsələr, düzəldə bilərlər.
"Axı kim idi bu əsəbi qoca?", “Nədənsə bunun heç birini eləmədirdim", "Allahüçünə babam şəklinin divardan asılmasını istəmirdi" - cümlələrində hərf səhvləri və digər bir neçə yerdə (ara sözlərin yanında, şərt şəkilli feillərdən sonra) durğu işarələri xətası var. "Dədə, sənə qurban olum” deyəndə beşi də yanından tökülürdü. - bu cümlədə isə "yanından" əvəzinə adətən "ağzından" sözü, "kuza" əvəzinə "kuzov" deyilir, "əmimdən ötəri" deyil, "ötrü" olmalıdır (Sifətlə qoşma bəzən qarışdırılır, bəlkə də, bu obrazın dilində bilərəkdən belə verilib, ola bilər).
Bədii mətn həm də dilimizin saxlancıdır, ona görə də, saytlar belə məqamlarda məsuliyyətli olsalar, "yey"!
Şərif Ağayarın "Şəkil" hekayəsi həm də tariximizin bir səhifəsi olduğu üçün dəyərlidir. Gerçək tarix məhz belə mətnlərdə yazılır, hansısa siyasi sifarişlərin süniliyindən, riyasından uzaq bir "Şəkil"də. Bu mənada müəllifə bir azərbaycanlı olaraq təşəkkür edirəm. Və əslində hekayəni oxuyub bitirdikdən sonra qəlbimin göynərtisi fonunda bir fikir keçdi ağlımdan və sonra bu yazını yazdı barmaqlarım:
- Şərif Ağayar, siz sosial şəbəkədə status yazmayın, kitab-kitab hekayələr yazın... Bizim üçün hekayə, sizin üçün xatirə olan o duyğulardan, o yaşantılardan yazın. Təxminən bir türk mahnısındakı kimi: "Siz susun, qələminiz konuşsun".