Murad Arifin “türkcə” danışmaqlığı - Seymur Baycan yazır...

Murad Arifin “türkcə” danışmaqlığı   - Seymur Baycan yazır...

13 İyul 2023 13:16 215


Mövzuya bələd oxucular türkcə sözünü niyə dırnaq arasında yazdığımı bilirlər. Mövzuya nabələd şəxslərə “Atatürk türk dilini necə məhv etdi?” yazısını oxumaq tövsiyə olunur.

İndi isə əsas mövzuya keçə bilərik.

Gözləriniz qarşısında belə bir mənzərə canlandırın. Aparıcı türk olsa da, Azərbaycan dilini bilir. Dəfələrlə Azərbaycanda olub. Qonaq, yəni Murad Arif azərbaycanlıdır. Verilişə baxanların da çoxu azərbaycanlıdır. Amma qonaq, Murad Arif “türkcə” danışır. Niyə?

Ona görə ki, Murad Arif özünə hörmət eləməyi bacarmır. Yaltaqlanmağa, sitayiş eləməyə paytaxt, ölkə, xalq axtarır. Murad Arif sovet dövründə yaşasaydı rus qardaşlarına, Moskvaya, xilaskar Rusiyaya, Leninə, Stalinə şeirlər yazıb, mahnılar bəstələyəcəkdi və çox güman, öz dilində danışan adamlara ikrahla yuxarıdan-aşağı baxıb onlara “çuşka” deyəcəkdi.

Murad Arif və Murad Arif kimi onurğasız adamlar sabah farsca, birisi gün ərəbcə, ta birisi gün ermənicə danışsalar, şəxsən mən bir qram da təəccüblənmərəm. Çünki onurğasız, yaltaqlanmağa, sitayiş etməyə obyekt, subyekt axtaran adamlardan nə desən gözləmək olar. Onurğasız, yaltaq adamlar “O olmasın, bu olsun” fəlsəfəsiylə yaşayırlar. Bu adamlar üçün “çevrilmək” su içmək qədər asandı. Dünən ruslara yaltaqlanırdı, bu gün türklərə yaltaqlanır, sabah da erməniyə yaltaqlanacaq. Burda nə var ki?

Sovet dövrünü azdan-çoxdan görmüşəm. O dövrün ədəbiyyatın da çox yaxşı oxumuşam. Ona görə bu gün baş verənlərə baxanda mənə elə gəlir ki, bir dəfə baxdığım tamaşaya bir daha təkrar baxıram. Sadəcə bu tamaşada böyük qardaş rolunda dəyişiklik baş verib. Tamaşada rusları türklər əvəz edib. Burda mütləq bir incə məqama toxunmalıyıq. Sovet dövründə azərbaycanlılarla böyük qardaş (ruslar) arasında din, millət baryeri var idi. İndi azərbaycanlılarla böyük qardaş (türklər) arasında din, millət baryeri yoxdu. Ona görə də hər cür düşüklük, səviyyəsizlik, bambılılıq üçün münbit şərait yaranıb. Biri “türkcə” danışır, biri körpəsini türk laylalarıyla yatırdır, biri əl öpmək adətini Azərbaycanda yaymaq istəyir. Nə olub? Bəlkə bir az yavaşlayasınız?

Bir azərbaycanlı qardaş var. Türkiyədə yaşayır. Müxtəlif mövzularda videolar hazırlayır. Bir videosunda Azərbaycandakı və Türkiyədəki adət-ənənələr haqqında danışır. Təəssüflə qeyd edir ki, Azərbaycanda əl öpmək adəti yoxdu. Deyir, mən hər dəfə Azərbaycana gedəndə bu adəti orda yaymağa çalışıram.

Niyə qardaş? Sənin işin gücün yoxdur? Bir insan niyə başqa insanın əlini öpməlidir? Bəlkə, bu öpülən əl on gündür yuyulmur? Böyüyə hörmət etməyin əlli yolu var. Böyüyə hörmət etdiyini göstərmək üçün sən mütləq onun əlini öpməlisən?

Ay qardaş, sən Azərbaycanda əl öpmək adətini yaymamalısan. Əksinə, sən Azərbaycanda əl öpmək adətinin olmamasına sevinməlisən. Hər fürsətdə də türk qardaşlarına bu adətin nə qədər murdar, nə qədər iyrənc bir adət olduğunu başa salmalısan. Başa salmalısan ki, bu murdar, bu iyrənc, mağara dövründən qalma adəti tarixin zibilliyinə yola salmağın vaxtıdır. Bu gün əl öpən adam sabah ayaq öpəcək, birisi gün isə…

Azərbaycan indi hər cür çirkab suların axıdıldığı, hər cür zərərli, zəhərli tullantıların atıldığı gölə oxşayır. Rusiyadan bu gölə köləlik, kriminalın romantikləşdirilməsi, konspirologiya xəstəliyi (ən pisi də odur ki, ruslar bu xəstəliyi çox yaxşı əsaslandırmağı bacarırlar), İrandan və ərəb ölkələrindən dini radikalizm, cəhalət, Türkiyədən isə qeyri-ciddilik, ha-ha-ha virusu, hapa-gopa basmaq ustalığı, millətçilik axıdılır. Hələ mən başınızı ağrıdıb gölə axıdılan çirkab suların hamısını sadalamadım. Özü də çirkab sular gölə birbaşa axıdılır. Təmizləyici qurğular, təhsil, ciddi jurnallar, ciddi saytlar, ciddi təşkilatlar, ciddi televiziya kanalları, ciddi müsabiqələr, ciddi müzakirələr yoxdur.

Onsuz da, göldə vəziyyət elə əvvəldən qaydasında deyildi. Sağdan-soldan axıdılan çirkab sular gölü daha da yaman günə qoydu. Göldə yaşayan faydalı canlıların bəziləri bu ağır vəziyyətə dözə bilməyib məhv oldular. Bəziləri göldən başlarını götürüb qaçdılar, digər göllərə sığındılar. Yerdə qalanlar da təkamülün amansız qanunlarına boyun əyməkdədirlər. Hər cür çirkab suların axıdıldığı göldə indi dəhşətli, qorxulu canlılar yetişməkdədir.

Belə bir söhbət var. Elmi nöqteyi-nəzərdən söhbətin nə qədər həqiqətə uyğun olduğunu bilmirəm. Açığı söhbətin elmi tərəfi indi bizə o qədər də maraqlı deyil. Bizə söhbətin ibrətamiz tərəfi maraqlıdır. Deyilənlərə görə qədimlərdə dənizçilər gəmidəki siçovullara qarşı qəribə bir üsulla mübarizə aparırmış. Bir neçə siçovulu dəmir çəlləyə atırmışlar. Çəlləkdə ac qalan siçovullar bir-birlərin yeməyə başlayırmış. Axırda çəlləkdə ən güclü, vəhşiləşmiş siçovul qalırmış. Dənizçilər bu vəhşiləşmiş siçovulu çəlləkdən azadlığa buraxırmışlar. Vəhşiləşmiş, quduzlaşmış, gözünü qan örtmüş siçovul gəmidəki bütün siçovulları tutub yeyirmiş. Amansızlıqla öz növünə qənim kəsilirmiş. Hətta ən ağlagəlməz dəlmə-deşiklərdə gizlənən siçovulları da tapırmış. Çünki özü də siçovuldur, haradan girməyi, haradan çıxmağı, kimin harada, hansı deşikdə gizləndiyini çox yaxşı bilir…

Sözümün canı ondan ibarətdir ki, hər cür çirkab suların birbaşa axıdıldığı, təmizləyici qurğuların işləmədiyi bir göldə yetişən qorxulu, dəhşətli canlılar gölün küncündə- bucağında gizlənmiş, nisbətən faydalı canlıları da tutub yeyəcəklər.

azlogos.eu