O ancaq saya bilir / Yediyi dondurmanı - Uşaq şeirləri

O ancaq saya bilir / Yediyi dondurmanı   - Uşaq şeirləri

14 Aprelel 2023 12:32 371


Əyyub Türkaydan uşaq şeirləri

MƏNİM ANA DİLİM

Öz tarixi günü var
Mənim ana dilimin.
Azərbaycandır adı
Mənim doğma elimin.

Öyrəndim əlifbanı
Birinci sinifdə mən.
Sevinərək yazıram,
Əziz ana, can Vətən!

Dilimizi qorumaq
Ən uca, xoş məramdır.
Öz dilimin varlığı
Mənim üçün bayramdır.

VURMA CƏDVƏLİ

Ona qədər öyrəndim,
Mən vurma cədvəlini.
Artıq riyaziyyatın
Biləcəyəm dilini.

Üçü-üçə vururam,
Cavabı edir doqquz.
Hamı deyir vurmanı,
Yaxşıca öyrənib qız.

Lap balaca bacımsa,
Hələ bilmir vurmanı.
O ancaq saya bilir,
Yediyi dondurmanı.

ANA VƏTƏN

Bir sual var ki, tez-tez
Düşündürürdü məni.
Anaya bənzədirlər
Axı niyə Vətəni?

Bu sualın ən gözəl
Cavabın anam verdi.
Dedi: - Vətən bizlərə
Candan əziz bir yerdi.

Bu eldə, bu obada
Yaşamışıq əzəldən.
Bizə mirasdır torpaq,
Verə bilmərik əldən.

Sevməlisən yurdunu,
Doğmaca anan qədər.
"Ana", "Vətən" sözünü
Tutmalısan bərabər.

XARIBÜLBÜL

Niyə çoxdur dəyəri,
Bildim xarıbülbülün.
Adını Şuşamızla
Bir çəkirlər bu gülün.

Artıq bu gül çevrilib
Qələbənin rəmzinə.
Sevilərək döşənib
Qarabağın düzünə.

Bir zaman düşmənlərə
Əsir düşmüşdü gülüm.
İndi azadlıqdadır,
Mənim xarıbülbülüm.

GÖBƏLƏKLƏR

Yağışdan sonra bağda
Göbələklər bitmişdi.
Onların sayı çoxdu,
Bəlkə, yüzü ötmüşdü.

Mən bu göbələklərə
Tez toxunmaq istədim.
Gətirdiyim səbətə
Yığmaq idi məqsədim.

Anam dedi ki, onlar
Zəhərlidir, yeyilmir.
Adlarına yeməli
Göbələklər deyilmir.

Zəhərli göbələyə
Gərək toxunmayasan.
Sən onları tanısan,
Yığa bilərsən asan.

QUŞLAR YEM AXTARIR

Bir qış günü tor qurub
Quş ovlamaq istədim.
Özümü ovçu kimi
Göstərməkdi məqsədim.

Atam dedi: -qar yağıb,
Soyuq qışdır, çətindi.
Quşlar yem tapa bilmir,
Bizə möhtacdır indi.

Bəlkə, bu ac quşlara
Bircə ovuc dən ataq?
Gərək deyil, onları
İncidib torla tutaq.

QARANQUŞ YUVASI

Bizim evin divarında,
Bir qaranquş yuva qurub.
Zəhmət çəkib palçıq ilə
Çox həvəslə onu hörüb.

Bir gün baxdım qaranquşun
Daha gəlmir civ-civ səsi.
Düşündüm ki, bəlkə küsüb,
Baharın ilk müjdəçisi.

Anam dedi: -fikir etmə
Artıq soyuyub havalar.
Qaranquşlar qayıdacaq,
Elimizə gələn bahar.

NƏNƏMİN ŞƏFALI BİTKİLƏRİ

Dağ döşündə bitibdir,
Nanə, yarpız, əvəlik.
Nənəmlə bitkiləri,
Toplamağa gəlirik.

O söyləyir saçımı,
Dağlarda ağartmışam.
Faydalı bitkilərdən,
Yeməklərə qatmışam.

Mixəklə itburnudan,
Şəfalı çay dəmləyir
Dərmanlı bitkilərlə,
Dərdə əlac eləyir.

CƏMİLİN YUXUSU

Kitabları əzməyi,
Cəmil çox xoşlayırdı.
Əlinə keçən kimi,
Cırmağa başlayırdı.

Girdi bir gün kitablar,
Cəmilin yuxusuna.
Onlar səbəb oldular,
Uşağın qorxusuna.

Kitablar danışırdı,
Bir-birinin dilindən.
Əl atıb yapışdılar,
Oğlanın kəkilindən.

Hərəsi öz haqqını,
Tələb edirdi ondan.
Cəmil heyrətə gəldi,
Bu qorxulu oyundan.

O diksinib oyandı,
Kitabları axtardı.
Onları incitməyi
Birdəfəlik qurtardı.

AĞACLARI QORUYAQ

Emin əlində mismar,
Ağacları cızırdı.
Ağlına gələn sözü
Qabığına yazırdı.

Bir gün də atasının
Adın yazdı budağa.
Fikirləşdi, atası
Əhsən deyər "qoçağ"a.

Sevimli atasına
Göstərdi əl işini.
Sevinclə, gülə-gülə
Ağardırdı dişini.

Atası dedi: -oğlum,
Yaralama ağacı.
Axı anlamırsan ki,
Onlar da çəkir acı?

Yaralanmış ağacı
Qışda şaxta vuracaq.
Yayda isə istidən
Yanaraq quruyacaq.

KƏLƏKBAZ KƏLƏM

Kələmin yarpaqların,
Soyub tökürdü Mələk.
İçində nə olduğun,
Deyir, öyrənim gərək.

Dartıb yarpaqlarının
Hamısını qopardı.
Gördü heç nə qalmadı,
Bildi ki, iş qurtardı.

Ətrafa təəccüblə,
Baxdı balaca Mələk.
Dedi: - Kələm də bizə,
Belə gəlirmiş kələk.

TƏMİZKAR LALƏ

Tozsoranı işlətdi,
Balaca, dəcəl Lalə.
Guya ki, iş görürdü,
Sevinib gülə-gülə.

Anası gəlib gördü,
Lalə oyun çıxarıb.
Tozsoran udub xırda
Əşyaları aparıb.

Lalə dedi: -ay ana,
Mənə sağ ol denən sən.
Bax, otağımı necə,
Tərtəmiz etmişəm mən.