Qadınlar ikiyə bölünür: sən və hamısı... - Elvin Bakiroğlunun şeirləri

Qadınlar ikiyə bölünür: sən və hamısı...  - Elvin Bakiroğlunun şeirləri

11:37 23


İki sərçə

budaqda ictimai asayişi pozur.
fikir vermirlər onlara baxan iki gəncə…
qızın xəyalında
sərçələri götürüb evə aparmaq,
oğlanın xəyalında
qızı götürüb budağa çıxmaq…

***

parkda nəvəsinə layla deyən nənə
gün düşməsin deyə
özünü sipər edir körpənin gözlərinə.

dimdik ayaqda durub kölgə salır
yol kənarındakı ağacların yerinə.

yol kənarındakı ağaclar
sarı xalı toxuyur
yarpaq ipliklərdən.
başı nəvəsinə qarışan
parkdakı nənənin yerinə…

***

binalar boy yarışına çıxıb
kim ən hündürə çatsa günəş onundu…


binaların yarışına buraxılmayan
başına günəş düşməyən
bir gün görməyən
bəxti zənci bir kişi
səkidə oturub ayaqqabı boyayır
bəxtinin rəngini köçürür ayaqqabılara.

onu ayaqlar altına atan bəxtini
ayaqlar altına atmaq istəyir…

***

Bir də mənim qarşıma çıx,
Bir də mənim xoşuma gəl.
Bir də mənim başıma çıx,
Bir də mənim başıma gəl.

Bir də mənə həyatım de,
Bir də olum sənə ömür.
Bir də mənim ömrümü ye,
Bir də mənim ömrümü sür.

Bir də məni tələyə sal,
Bir də keçir qarmağına.
Bir də məni əlinə al,
Bir də dola barmağına.

Bir də…
Bir də…
Bir də…
Bir də…

***

hamısı ikiyə bölünür:
şeir yazanlar və şairlər.

Şairlər ikiye bölünür:
asanlar və asılanlar.

asılanlar ikiyə bölünür:
ipdən və insandan.

insanlar ikiye bölünür:
başlı və ürəkli.

ürekler ikiye bölünür:
cənnət və cəhənnəm.

cəhənnəm ikiye bölünür:
uzaqlıq və yoxluq.

yoxluq ikiyə bölünür:
kişilər və qadınlar.

qadınlar ikiyə bölünür:
sən və hamısı...