Dünən "Qanun" Nəşriyyatında 2025-ci ilin yekunlarına dair illik hesabat təqdim olunub.
Bakupost.az xəbər verir ki, təqdimat tədbirində nəşriyyatın təsisçisi və naşiri Şahbaz Xuduoğlu çıxış edərək, il ərzində görülən işləri, əldə olunan uğurları və qarşıdakı hədəfləri ictimaiyyətlə bölüşüb.
1492 müəllif hüquqları müqaviləsi, 92 yeni nəşr
Hesabatda bildirilir ki, "Qanun" Nəşriyyatı bu günə qədər ümumilikdə 1492 müəllif hüquqları müqaviləsi imzalayıb. Onlardan 92-si 2025-ci ilin payına düşür.
Hazırda "Qanun" Nəşriyyatının 6370 adda kitabı satışdadır. Bu kitablar Azərbaycanın aparıcı satış platformalarında - Ali&Nino, Libraff, Qlobus Kitab Evi, Oyal, Zəka Kitab Evi, Məntiq, Məktəbili, Kitab Aləmi, Bakı Kitab Mərkəzi, Elm Qlaksi, KitabEvim.az, Atlas Kitab Evi, Manifest və digərində yayılır.
İllik hesabat çərçivəsində ən çox satılan müəlliflərin siyahısı da açıqlanıb. Yerli müəlliflər arasında ön sıralarda Mürşüd Mehdi yer alıb.
Xarici müəlliflərdən isə Robert Qrinin "Hökumətin 48 Qanunu", Ceyms Klirin "Atomik Vərdişlər" kitabları ilin ən çox satılanları sırasına düşüb. Həmçinin, "İlin 100 ən çox satılan kitabı" siyahısı da tədbir zamanı ictimaiyyətə təqdim olunub.
Şahbaz Xuduoğlu təqdimat zamanı həm yerli, həm də beynəlxalq əməkdaşlıqların ildən-ilə genişləndiyini vurğulayıb. "Qanun" Nəşriyyatı dünyanın nüfuzlu nəşriyyatları ilə müəllif hüquqları üzrə birbaşa müqavilələr bağlayır, yeni müəllifləri Azərbaycan oxucusuna tanıdır.
Təqdimatda Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Ərşadoğlu da iştirak edib. O, çıxışında "Qanun" Nəşriyyatının ölkədə oxu mədəniyyətinin inkişafında oynadığı rolu yüksək qiymətləndirərək qeyd edib: ""Qanun" Nəşriyyatının ölkədə oxu mədəniyyətinə verdiyi töhfə əvəzsizdir".
Təqdimatın sonunda Şahbaz Xuduoğlu 2026-cı il üçün əsas yanaşmanı belə ifadə edib: "Bu gün gec olsun, amma keyfiyyətli olsun. Bu, bizim sürətimizin azalması deyil, məsuliyyətimizin, keyfiyyət standartlarımızın və oxucu etibarının artmasıdır".