Qaranlığı soyunub bir nəfər ağlayırdı – Sarıtorpaqdan yeni şeirlər

 Qaranlığı soyunub bir nəfər ağlayırdı   – Sarıtorpaqdan yeni şeirlər

22 Yanvar 2022 10:30 1331


YeniYaz.az tanınmış şair-yazıçı Zahid Sarıtorpağın yeni şeirlərini təqdim edir.

* * *

səhərin kandarında soyundu nəyi varsa –
gecəni, ulduzları, köhnə çəkələyini
qapıları taybatay açıb girdi içəri
eşikdə boğdu gəldi ruhunun küləyini
– meh də əsmir... – dedilər, biçarə dillənmədi
“meh tək necə əsirlər?” – düşündü öz-özünə

görüb görməzdən gəldi ağacları, gülləri,
üzü suya dayandı – baxışı batdı getdi
qolları uzanınca açılınca əlləri
dedilər ki, deyəsən bu ayrı cür igiddi
– heç tələsmir, – dedilər, biçarə dillənmədi
“bəs necə tələsirlər?” – düşündü öz-özünə

heç özü də bilmədi nəyə kimə çökdü diz
tərk etmək istəmirdi bu sirli viranlığı
heç kimə baş qoşmadı susdu səssiz-səmirsiz
dizlərinin altına yıxdılar qurbanlığı
– kəsmir… kəsmir... – dedilər, biçarə dillənmədi
“görən necə kəsirlər?” – düşündü öz-özünə

özünü də yıxdılar cəllad kötüyü üstə
eşitdi qarğışları, dinlədi alxışları
balta enənə qədər gülümsədi ahəstə
“qayıdacam…” – söylədi hamıya baxışları
– zalım bezmir… – dedilər, biçarə dillənmədi
“axı necə bezirlər?..” – düşündü öz-özünə

* * *

bu da mən adlı səhifə
açın, baxın sevə-sevə...
görün Tanrı nələr yazıb
şair adlı əhlikefə,

"ölmə, - yazıb - hələ tezdi... "
bir oxuyun isti-isti
görün bir cavab necədi:
"qurban olum, dan sökülmür,
mən gələn gündən gecədi..."

"yox, onsuz da öləmməzsən,
verməmişəm fərmanını.
kəsməmişəm sən xəstənin
şeir adlı dərmanını...

sözünü de, tələsmə heç,
səbrin olsun... səbrin olsun...
mən deyəndə qon ovcuma,
qon ovcuma qəbrin olsun...

amma hələ gözünü aç,
gör nə diləyir o ağac..."

beləcə açdım gözümü
gördüm, ilahi, yaxşıyam..
ovcumda bir xəzəl vardı,
Tanrı ovcuna oxşayan...

ruhum çırpına-çırpına
qonmaq istəyirdi ona...
...bu da mən adlı səhifə,
bu da dünya adlı kitab.
Səndən başqa oxuyan yox,
edən yox bu taleyə tab...

Sən də ki... "ölmə..." - deyirsən,
ölmə deyirsən kölənə.
kölən də min həsrət ilən
baxır gedənə, gələnə.

“nə vaxt axı, nə vaxt, nə vaxt?....
son şeir, son xəzəl, son taxt
doldurar bu səhifəni?
...vaxtın yoxdu yəni?
yoxdusa... qoy özüm yazım...
Sən də ki... “ölmə...” deyirsən...

* * *

əllərimi uzatdım... o bilmədi... bilmədi...
kabuslar görününcə öpüş yağışı yağdı
göstərdim o haləni... səcdədən dikəlmədi...
məni alıb getmədi ruhların diri vaxtı
gördüm yol yox geriyə...

nə müridim, mürşidim, nə imamım var idi,
yelkən kimi bağlıydım görünməz bir gəmiyə
gözlərimi açanda hər yanda bahar idi
gördüm bir kol dibində bir sıxma qar kimiyəm
nəfəs dəymir əriyəm...

barmağını uzadıb göstərən də yoxdu heç
göydəki çox uzaqdı yerdəkini gəl tanı
heç nə... heç nə ummuram... qınamıram baxtı heç
nə şairlər şairi nə sultanlar sultanı
nə də pirlər piriyəm...

hər nə etdim bilmədi... uçub getdi bir anda
qanadıyla toxunub qırıb getdi güzgünü
söz də unutdu məni əlimi uzadanda
bildim ki sevgisində dünyanın ən üzgünü
bir sümük bir dəriyəm...

ömür deyilən dönür bir üzü boş varağa
yanmayıb əriyəcəm , qoy görməsin külümü
bilməzdim haqq deyəndə o özünü buraxa
yoxluqlardı hayqırır hər yana bu ölümü
çətin… çətin kiriyəm...

* * *

...ölmə, yaz gəlir, qumrulara bax,
qaratoyuqlar oxuyur, ölmə...
dabanı islanmış küləklər təpikləyir qapını:
ölmə, ölmə...
mataha minmiş bir məktubun ünvanında,
bir kimsəsizin yuxusuna girib də yaşamaq - alın yazın
"bəlkə gəldilər, bəlkə gördülər və sevdilər"dən uzaq
adamın sonuyla əvvəlini çarpazı mismarlamaq nə lazım...
onsuz da bənövşə açacaq
onsuz da bənövşə açacaq
onsuz da bənövşə...
yazın dizin-dizin gəldiyini
dodağnının çatındakı sazaq da deyir
ölmə, bir az da gözlə...
...ömür bir kibrit qarasıdı,
ya islanıb heç nəyə yaramayacaq,
ya da yanınca söndürüləcək vecsiz bir nəfəslə...
sən elə bənövşələri, quşları səslə hər an, döz...
...ölmə,
ey kipriklərdən kəlmə-kəlmə daman, döz...

* * *

çiynimə əl toxunur görürəm öz əlimdi
öz əlimdi yaxamdan yapışıb silkələyən
üstümə düşən kölgəm sanki bir gözəlindi
onu qucaqlayıram... gülürsən… gül... güləyən!..

sığallı gecələrdə buruq-buruq saçları
axtaran o bir cüt əl uzanır əllərinə.
yenə də qımışırsan… kipriyinin ucları
yazır qaranlıqlara külümü gül yerinə.

qəfil boynu vurulur günün qürubda mənsiz
bir damcı da kimsəyə pay düşməyir qanından.
sevgisiz ölənlərin külü üstündə səssiz
məni bir qılınc kimi sıyırırlar qınımdan...

çiynimə əl toxunur görürəm öz əlimdi
öz əlimdi kəsilmiş başımda sevda gəzir...
…sənə güləyən dedim, keç günahımdan indi
aç kitabı "ol!" mənəm… bax, O Mən tir-tir əsir!..

* * *

bax bu köhnə küçənin işıqgələn sonunda
qaranlığı soyunub bir nəfər ağlayırdı
nəyi varsa qılınc tək sıyırmışdı qınından
işıqlı yalqızlığı biçirdi doğrayırdı...

elə bil bu küçənin köçmüşdü adamları
hara? niyə? – bilən yox... xəbərsiz idi o da...
qaranlığın altında süst qalan o damları
o divanə aşiqin dərdi salmışdı oda...

təzədən geri dönüb zülmətdə gülləməyə
nə canında sevgisi nə təpəri var idi...
hazır idi gecənin girdabında ölməyə
işıqla savaşan bu zalım bəxtiyar idi...

gecə? gecə nəydi ki gözünün boşluğunda
işığın şəkli düşüb qalmışdı ölü quş tək
duymurdu ki adamdır küçənin daşlığında
çırpınırdı dünyaya təzəcə doğulmuş tək...

bircə onu bilirdi gedib-gələn nəfəsdi
deyirdi pərvərdigar mənə də bir son ayır...
işıqdan, qaranlıqdan giriftar oldum, bəsdi,
ruhum nə bir qaranlıq nə də işıq tanıyır...