Ağappaq əbədi sükut
Fəxri Uğurlu
Ernest Heminqueyin “Kilimancaronun qarı” hekayəsi haqqında
1957-ci ilin aprel ayının 15-də Virciniya universitetində apardığı növbəti ədəbi məşğələdə Ernest Heminqueyin nəsildaşı, həm də ədəbi-estetik rəqibi Uilyam Folkner tələbələrdən birinin ona ünvanladığı “Uzun cümlələrdən istifadə eləməklə hansı məqsədi güdürsünüz - şüur axını təsəvvürü yaratmaq istəyirsiniz, yoxsa öz fikrinizi bu yolla ifadə etmək sizin üçün daha asandır?” sualına belə cavab vermişdi: “Bu, eynilə dülgərin əlindəki iş üçün hansı alətin daha uyğun olacağını seçməsi kimi texniki məsələdir. Bundan başqa, hər bir insanda öz ölümünü qabaqcadan hiss eləmək duyğusu var: bilirsən ki, iş üçün ayrılan vaxtın azdır, buna görə də insan qəlbinin bütün tarixini bir iynənin gözünə yerləşdirməyə çalışırsan. Üstəlik, mənim üçün insan bütün hallarda öz-özlüyündə mövcud deyil, keçmişinin məhsuludur. Keçmiş faktiki olaraq nəsə “vardı” kimi fəaliyyət göstərmir, o, “var”a keçib. Hər kişinin, hər qadının hər anında keçmiş var. Buna görə də insan, əsərdə yaradılmış xarakter istənilən fəaliyyət məqamında onu məhz bu şəklə salan şeylərin hamısını özündə əks etdirir. Uzun cümlə bütün keçmişi, imkan daxilində isə həm də gələcəyi qəhrəmanın hansı bir addımısa atdığı yeganə anda cəmləşdirmək cəhdidir”.
Bir dəqiqəyə min ilin qəziyyəsini yerləşdirməyə çalışan uzun, qat-qat cümlələr Heminqueyin yaradıcılığı üçün xarakterik olmasa da, iri, qollu-budaqlı roman qədər tutumlu dünya şöhrətli hekayəsində o, eynən bütün yazmadıqlarını bir sehirli abzasa sığdırmağı arzulayan qəhrəmanı kimi, puça çıxmış bütöv ömürdən qalan qəlpələri, qırıntıları balaca mətnin çuvalına doldurur. Folknerin bir cümlədə hədəflədiyi, qəhrəmanı Harri Smitin bir abzasda göstərməyi dilədiyi misilsiz ustalığı, ədəbi möcüzəni Heminquey qələminin qənaətcilliyi sayəsində bir hekayə çərçivəsinə sığışdırır.
***
Əsərin qəhrəmanı - biz onu tanıyandan xeyli qabaq yazıçı şöhrəti qazanmış Harri Smit səyahətə çıxdığı Afrikada ölüm ayağındadır. Cümlədəki “ayağında” sözünü hərfi mənada da qavramaq olar, çünki ölüm onu məhz ayağından tələyə salıb: “...İki həftə öncə o, başlarını dik tutaraq düz qabağa baxan, qulaqlarını şəkləyib qaçmağa hər an hazır dayanan, iri burun pərələri havadan iy çəkən və azacıq xışıltıya bəndmiş kimi dərhal kolluğa təpiləsi antilop sürüsünün şəklini çəkməkdən ötrü cəngəlliyə girdikləri vaxt tikanın cızıb qanatdığı dizinə yod sürtüb yandırmamışdı və antilop sürüsü ona fotoaparatın düyməsini şıqqıldatmağa imkan vermədən qaçıb dağılışmışdı” (tərcümə Mahir N. Qarayevindir). Bundan sonra onun ayağı qanqrena verib. İndi zərrə-zərrə ölən Harri arvadı (belə də demək olar) Ellenlə birgə onu yaxın hospitala çatdırası bir təyyarənin intizarındadır.
Buna bənzər situasiyayla biz Tolstoyun “İvan İliçin ölümü” povestində də rastlaşmışdıq. Hər iki əsərdə insan ölümün bir qarışlığındadır, əcəlin həniri nəinki obrazları, hətta oxucunu da vurur. Fərq burasındadır ki, Tolstoy puç olmuş ömrə, fani ömrün aqibəti, cəzasıtək Allahın göndərdiyi əcələ dini-idealist bucaq altında insana kəsilmiş zəruri hökm kimi baxır, Heminquey şıltaq qəhrəmanını balasının dizinə tikan batıran ana təbiətin övladıyla şit zarafatının təsadüfi qurbanı sayır. Tolstoy İvan İliçi ölüm körpüsündən adladıb haqq dərgahına göndərir, Heminqueyinsə belə bir qayğısı yoxdur, o öz qəhrəmanını haqqın mühakiməsinə verməkdən çox (zatən qəhrəman özü özünü yetərincə mühakimə eləyir) ona dinclik axtarır. Onun qəhrəmanı olsa-olsa Kilimancaronun zirvəsinə qalxıb orada əbədi qara bələnmək, fani dünyadan uzaqlaşmaq istəyər, yarasına buz basıb donuq cəsədini ana təbiətin qoynuna atmaq istəyər.
“Kilimancaro - 19 710 fut hündürlükdə yerləşən, əbədi qarla örtülü uca dağ zirvəsi, Afrikanın ən yüksək nöqtəsidir. Masai qəbiləsinin sakinləri onu “Tanrı evi” anlamını verən “Nqaye-Nqaya”nın qərb zirvəsi adlandırırlar. Zirvənin ən yüksək nöqtəsində soyuqdan donub qaxaca dönmüş bəbir cəsədi var. Nə idi bəbiri belə bir yüksəkliyə çəkib gətirən, burada nə lazım olmusdu ona - burasını heç kəs izah edə bilmir”. Sitat gətirdiyim ensiklopedik məlumat hekayənin epiqrafıdır.
***
Əsərdə keçmişlə indi paralel təsvir olunur. Müəllif qəhrəmanın keçmiş həyatını, xatirələrini seçdirmək üçün onları kursivlə verir. Bir-birinə pərçimlənmiş mətnlər arasındakı fərq təhkiyə tərzində, üslubda da özünü göstərir. Bu paralellik hekayənin ümumən bədii-estetik məziyyətinə, məzmundan doğan etik-fəlsəfi xüsusiyyətinə çevrilir. Kilimancaronun zirvəsində əbədi sükuta dalmış bəbir çürümüş ətin qoxusunu alıb xəstənin yan-yörəsində dolaşan eybəcər səsli kaftara, qəhrəmanı yuxusunda o sükunət zirvəsinə qaldıran dəmir qanadlı quş (dostunun təyyarəsi) yaxınlıqdakı ağaca qonmuş leşyeyən quşlara, uzaqdan sərinlik saçan qarlı dağlar Harrinin qoynunda dustağa döndüyü rütubətli vadiyə, biryolluq itirdiyi sevimli qadın bir addımlığındakı sevmədiyi qadına qarşı qoyulur.
Ümumilikdə bu kolliziya ruhla bədənin toqquşmasıdır, Harri Smit aram-aram ölməkdən bezib, uzun sürən ölümündən qurtuluban birdəfəlik ölüb qurtarmaq, ruhunu qəfəsdən buraxıb azadlığa uçurmaq istəyir. Ancaq ölüm ondan tezliklə qopmaq fikrində deyil, əcəl onun canını misqal-misqal kamına çəkir, qiymə-qiymə doğrayıb çeynəyə-çeynəyə udur. Zövqü-səfa, kef kimi ağrı, əzab da həyat əlamətidir - səfasını çəkən cəfasına da dözməlidir. Həyat elə bir nemətdir ki, çoxluğu da, yoxluğu da adama qənim kəsilir: “Bir dəfə söhbət ondan düşmüşdü ki, guya Tanrı həzrətləri insana yalnız çəkə biləcəyi qədər yük göndərir və kimsə belə bir mülahizəni təsdiqləməyə çalışmışdı ki, guya bəlli bir anda ağrı insanı öldürür”.
Ağrının, əzabın bir həddi var ki, insan ölüm qorxusunu unudur, əcəldən nicat (əslində həyat) umur. Həmin həddə çatanda ölüm qorxunc iblisdən xilaskar mələyə çevrilir. Bu da mahiyyətcə maddi-bioloji dünyanın absurd, məntiqsiz qanunlarla, paradokslarla idarə olunduğunu göstərir: insan ehtiraslarını bəsləyən həyat ona əzab, işgəncə verir, qorxuları, əzabları körükləyən ölümsə insana qurtuluş gətirir. Hər məxluq ana bətninə düşəndən ölüm onu izləyir, məxluq yoxa dönəndən sonra ölüm də yoxa çıxır. Halbuki məntiqlə bunun əksi olmalıydı, ölüm məxluq öləndən sonra başlamalıydı. Fəqət şeytanın məntiqi tərsinə oxunur: məxluq varkən, diriykən ölüm də onunla birgə var olur, məxluq olmayanda ölüm də olmur: “Sağ ayağında qanqrena başlayan vaxtdan ağrıları səngimişdi, ağrı ilə bərabər qorxu da çəkilib getmişdi və indi o yalnız nəhayətsiz yorğunluq, bir də sonun belə olacağına görə qərəz duyurdu. Yaxınlaşan şey onda zərrəcə maraq doğurmurdu. Bu, onu uzun illər ərzində izləmişdi, amma indi daha heç bir mənası yox idi. Qəribəsi də odur ki, hər şeyi, hər şeyi məhz yorğunluq bu cür yüngülləşdirir”.
Harri Smit yazmaq istədiyi ən vacib mətləbləri indiyədək çinədanında saxlayıb, onları həm tənbəlliyindən, həm illər uzunu eyş-işrətə aludə yüngül həyat sürdüyündən, həm də həmin mətləbləri layiqincə yazmaq üçün peşəkarlıq vərdişinə hələ tam yiyələnmədiyini düşündüyündən qələmə almayıb. İndi isə artıq gecdir, əcəl bir cırmağıyla bütün planların üstündən xətt çəkib: “İndi o, əvvəllər günü günə satıb vaxtını uzatdığı, necə lazımsa məhz o cür yazmaqdan ötrü tam öyrənincəyə qədər həmişə gələcək üçün qoruyub saxladığı həmin şeylər barədə daha heç zaman yazmayacaqdı. Neynək, belədə ən azından məğlubiyyətə uğramaz. Həm də kim bilir, bəlkə lap yazsaydı da heç nə alınmayacaqdı və bəlkə elə bu səbəbdən vaxtı uzadaraq yazmağa heç cür girişmir, niyyətini sonraya saxlayırdı. İndi əsl həqiqəti bilmək də daha heç zaman mümkün olmayacaqdı”.
Harri onun başına dolanan, nazıyla oynayan qadını tez-tez incitməkdən qəddar bir zövq alır, onu acılamaqdan təsəlli tapır, başına gəlmiş fəlakətin səbəbini onda görür, Ellenə “bütün günahlar sənin o murdar pullarındadır”, “deyəsən mən səni heç vaxt sevməmişəm” kimi sözlər deməkdən belə çəkinmir:
“- Sevgi peyin topasıdır, - Harri dedi, - mən də onun üstünə dırmaşıb banlayan xoruz.
- Əgər sən həqiqətən ölürsənsə, gərək elə hökmən özündən sonra qalan hər şeyin axırına çıxasan, - qadın soruşdu, - yəni sən doğrudan hər şeyi özünlə aparmaq istəyirsən? Yəni sən hökmən atını da, arvadını da öldürməlisən, yəhərini, silahını yandırıb ölməlisən?
- Hə, - o dedi, - mənim silahım sənin o lənətə gəlmiş pulların idi, mən o pulların havasına yəhər üstdə oturmuşdum”.
***
Qadın ondan yaşlı, ondan varlı, ondan təcrübəlidir, buna görə də Harrini təmkinlə, nəvazişlə yola verir, onun sağalması üçün canı-dildən çalışır. Yəqin Ellen məşuqunun nədən bunca aqressiv kökləndiyini yaxşı anlayır, yoxsa onun bir batman balla udulması mümkün olmayan sözlərini boğazından keçirməzdi. Söhbət heç can ağrısından da getmir, sadəcə, Harrinin çin olmamış yazıçı xəyalları, həyata keçməmiş ədəbi arzuları qəlbində yara bağlayıb, yaradıcı enerji dağıdıcı enerjiyə çevrilib. “Çevrilib” demək yəqin ki, doğru deyil - onun beyninin bir küncünə qısnanmış yaradıcı mələyin xaraba yurdunu dağıdıcı mələk, yəni iblis həzrətləri zəbt eləyib. Qan qardaşı Frensis Makomber kimi Afrika cəngəlliklərində ana təbiətin günahsız övladlarına zahirən səbəbsiz nifrətlə ölüm saçması da elə həmin o xarabalıq mələyinin təhrikiylədir. Yaradıcı insanın dağıdıcı insana çevrilməyi yaman olur, bu vaxt o, diriliyini başqalarının sevgisində, sevincində, xoşbəxtliyində yox, qorxusunda, nifrətində, faciəsində axtarır: “Heç özüm də baş açmıram ki, niyə belə eləyirəm. Öldürürsən ki, hələ ölmədiyini, yaşadığını hiss edəsən, yəqin belədir...”
Bihudə ötən illərinin qisasını başı bəlalar çəkmiş bir qadından almağa çalışan Harri ömrünə dəymiş hər zərbədə onun barmaq izlərini axtarır, halbuki Ellenin zədələri heç də onun yarasından yüngül deyil, qadın gənc yaşında sevimli ərini, sonra da hava qəzasında cavan oğlunu itirib: “Bəyəm bu, qadının günahıydı ki, zavallının yanına o, tam tükənmiş vəziyyətdə gəlib çıxmışdı? Qadın hardan biləydi ki, ona deyilən sözlərin arxasında heç nə dayanmır və sən o sözləri elə-belə, öz arxayınlığın üçün, adətkərdə olduğuna görə söyləyirsən. Söylədiyi sözlərə hansısa məna verməkdən vaz keçəndə isə qadınlar arasında onun yalanları doğrularından daha yaxşı qarşılanmağa başlamışdı”.
Beləliklə, gənc yazıçı qazandığı şöhrəti dəbdəbəyə, işrətə, saxta sevgiyə, qəlp səadətə xərcləyir, öz doğmaca həqiqətini qəlbindən eşiyə atıb can evində sürtük yalanlara iqamət verir: “Pis olan orası deyildi ki, o, yalan danışırdı, yox, pis orasıydı ki, həqiqətin yerində boşluq qalmışdı. O öz ömrünü sürmüşdü, bu ömür çoxdan başa çatmışdı, o isə hələ də yaşamaqda, amma indi başqa adamlar arasında yaşamaqdaydı. İndi pul da kalandı və o, tanıdığı yerlərin ən yaxşılarını seçirdi, təzə məkanlarda da olurdu”.
***
Düşdüyü mühit onu yaradıcı işdən ayırsa da, Harri özünü aldatmağa çalışır: guya ruhunun işsiz qalmağı onu narahat eləmir; gah da bununla təskinlik tapır ki, ruhuna yad mühitdə müvəqqəti məskunlaşıb, burada kəşfiyyat işləri aparır, günün birində o mühitdən aralanıb, topladığı materialları sənət əsərinə çevirəcək: “...Özünü aldadırdın ki, guya əvvəllər məşğul olduğun iş heç vecinə də gəlmir, indi artıq çəkmək gücündə olmadığın həmin işə heç tüpürmək də istəmirsən. Özünə isə deyirdin ki, haçansa bu adamlar haqqında yazacaqsan; bu zəngin insanlardan mütləq yazacaqsan; deyirdin ki, sən onların tayfasından deyilsən - sən bu düşərgədə bir casussan; deyirdin ki, bu düşərgədən çıxacaq və onun barəsində yazacaqsan, özü də bu, nə haqda yazdığını bilən birisi tərəfindən həyatda ilk dəfə yazılmış bir yazı olasıdır. Di gəl, həmin işdən yapışmağa özünü heç cür məcbur edə bilmədi, çünki özündən iyrənə-iyrənə yaşadığı, tam rahatlıq və eyş-işrət içində keçirdiyi günlərin hər biri onun yazmaq səriştəsini kütləşdirir, işləmək meylini zəiflədirdi; axırda da yazmağın daşını biryolluq atdı”.
Afrikaya da bundan ötrü gəlmişdi ki, ruhunun havasını dəyişsin, dəbdəbəli şəhərlərdən uzaq yabanı təbiətdən, çox sevdiyi ibtidai həyatdan, sivilizasiyanın vəhşicəsinə təcavüzü qarşısında təbiiliyini hələ də qoruyub saxlamış qara qitədən yeni ilham, yeni təpər alsın: “Bir vaxtlar o, Afrikada həyatının ən gözəl illərini keçirmişdi və indi təzədən bu yerlərə təşrif gətirmişdi ki, hər şeyi yenidən başlasın. Səyahət zamanı çalışırdılar mümkün qədər az komfortdan istifadə etsinlər; məhrumiyyətə dözmək lazım gəlmirdi, amma dəbdəbə-filan da yox idi, ona görə fikirləşirdi ki, yenidən formaya düşəcək, bədənindəki artıq çəkidən xilas olmaq üçün dağlara çəkilib gecə-gündüz məşq eləyən boksçular sayağı o da ruhunun piyini əridəcək”.
***
Səyahət qadının da ürəyincədir. O da azı məşuqu qədər həyatsevər, təbiət vurğunu, üstəlik çöl həyatına maraq göstərən mahir ovçu, sərrast atıcıdır: “...Təzə adamlarla ünsiyyətə, hər cür əyləncəyə həvəslə can atan bu qadın qəlbi ehtizaza gətirən, vaxtaşırı şərait dəyişkənliyinə səbəb olan hər şeydən xoşlanırdı, o da özünə təskinlik verirdi ki, içində işləmək həvəsi yenidən güclənəcək. İndi, əgər bu son idisə, - özü isə bunun son olduğunu bilirdi, - onda quyruğu tapdanmış ilan kimi yerində qıvrılmağa, acığından özünü sancmağa dəyərdimi? Bu qadının heç bir şeydə günahı yoxdu. O olmasaydı, yerində bir ayrısı olacaqdı. Əgər bütün ömür yalan içində keçibsə, elə yalan içində də ölmək lazımdır”.
Özüylə səmimi olanda Harri boynuna alır ki, ilhamının qurumasını, istedadının soğulmasını ona qəyyumluq eləyən qayğıkeş məşuqəsinin üstünə atmağı həm haqsızlıq, həm də əbəsdir: “Qadının günahı tək bundaydı ki, onun həyatı üçün şərait yaratmışdı. O öz talantını barışığa heç bir ümid yeri qoymadan, özünə, əqidəsinə xəyanət etməklə puça çıxarmışdı; bütün hissiyyatını korşaldan sərxoşluqla, tənbəllik və avaralıqla, nazpərvərdəlik və snobizmlə, şöhrətpərəstlik və təkəbbürlə, hər cür həqiqət və hər cür yalanla onun axırına çıxmışdı... Olmağına talantı, əlbəttə, vardı, bunu danmaq olmaz, intəhası, işlətmək əvəzinə o, istedadıyla alver eləmişdi. Heç vaxt belə olmamışdı: bax mən bunu, bunu, bunu eləmişəm; həmişə belə olmuşdu: bax mən bunu, bunu, bunu eləyə bilərdim. Yaşayış üçün gərək olan vəsaiti də yazmaqla yox, başqa üsullarla əldə etməyə üstünlük vermişdi. Axı bu, heç də elə-belə deyildi ki, aşiq olduğu hər yeni qadın əvvəlkindən varlı çıxırdı. Lakin vurğunluq ötüb keçəndə və o, əvvəlkilərin hamısından daha zəngin çıxmış pulunu balta kəsməyən, haçansa əri də, uşaqları da, ona rast gələnəcən lap oynaşları da olan, intəhası, onların heç birində istədiyini tapmayan, onu isə bir yazıçı, bir kişi, bir yoldaş və qiymətli mülkiyyət kimi sevib-əzizləyən bu qadınla olduğutək yalnız yalana üz tutanda, - burası qəribə deyildimi ki, əsla sevmədən, sevgini yalana dəyişməklə o, həmin qadına pullarının əvəzində həqiqətən sevdiyi digər qadınlara verdiyindən daha çox şey verə bilirdi?..”
Oğlunun müsibətindən sonra Ellen məşuqlarıyla əlaqələrini biryolluq kəsir, artıq içkiylə də təsəlli tapmır. Qadının qəlbində yeni həyata başlamaq ehtiyacı bütün gücüylə baş qaldırır: “Öz tənhalığının dəhşətini qadın qəfildən dərk edib bundan bərk qorxuya düşdü. Amma ona elə birisi lazım idi ki, həmin adama hörmət eləyə bilsin... Hər şey çox sadə şəkildə başlandı - qadın onun kitablarını xoşlayır, həyat tərzinə qibtə edirdi. Qadına elə gəlirdi ki, o məhz ürəyinə yatan işi görür, məhz görmək istədiyi işlə məşğuldur. Ona yiyələnmək niyyətiylə atdığı addımlar axırda qadının ürəkdən vurulmasıyla sonuclandı - bütün bunlar qadının öncədən qurmağa hazırlaşdığı həyatın mütənasib şəkildə əks silsiləsi oldu, o isə əvvəlki həyatının artıqlarını satırdı. Satırdı ki, əvəzində təminatlı yaşayış, dəbdəbə qazansın - bunu danmaq olmaz. Qadın ona nə desən almağa, hər bir arzusunu yerinə yetirməyə canla-başla hazırdı. Bundan savayı, bir qadın kimi də qiyamət idi. Yolunu məhz beləsiylə davam etdirməyin əsla əleyhinə deyildi, çünki bu qadın daha varlıydı, daha canayatan idi, özü də məhəbbət məsələlərindən yaxşı baş çıxarırdı, üstəlik, dava-dalaş salıb qan qaraltmırdı. İndisə qadının yenidən qurduğu həyat sona yetmək üzrəydi...”
Bütün bunları düşündükcə Harri ona ana şəfqəti göstərən qadını incitdiyinə peşman olur, ölümüylə Ellenə daha bir zərbə vuracağını anlayıb mənasız mübahisələrə son qoyur: “Bu qadınla heç zaman məxsusi öcəşməzdi, sevdiyi o biri qadınlarla isə yaman tez-tez çəkişər, o qədər höcətləşərdi ki, axırda umu-küsünün pası onları bir-birinə bənd eləyən zənciri çürüdüb sıradan çıxarardı. O, hədsiz dərəcədə bərk sevirdi, hədsiz dərəcədə çox şey tələb edirdi, axırda da heç nəsiz qaldı”.
***
Harri ölüm ayağında yazmalı olduğu materialları, şahidlik elədiyi dəhşətli həyat səhnələrini bir-bir gözünün qarşısından keçirir, xəyalında onları bir sapa düzüb, bir kitaba, bir hekayəyə, hətta bir abzasa, bir cümləyə, Folknerin dediyi həmin o iynənin gözünə yığmağın fantastik yollarını arayır:
“O qədər işlər olmuşdu, yazılası o qədər mətləblər vardı, gəl görəsən. Həmişə də fikirləşirdi ki, günlərin bir günü, nəhayət, bu barədə yazacaq. Bunların hamısını o özü yaşamışdı, hamısını öz gözüylə görmüşdü, bu barədə yazmağa borclu idi, amma indi daha yazmayacağı dəqiqdir...
- Mən yazmaq istəyirəm, - o dedi.
- Bir az bulyon iç ki, canın bərkisin.
- Mən bu gün öləcəm. Canımın bərkiməsi mənim nəyimə gərək?!
- Harri, faciə düzəltmək lazım deyil, - qadın dedi.
- Sən bəyəm iybilmə qabiliyyətini itirmisən? Ayağım yarıyacan çürüyüb. Bulyonu neynirəm! Molo, mənə sodalı viski gətir.
- Bulyon iç, xahiş edirəm səndən, - qadın nəvazişlə dilləndi...
- Sən stenoqrafik üsulla yazmağı bacarırsan?
- Yox, bacarmıram, - qadın dedi.
- Eybi yox, elə də vacib deyil.
Əlbəttə, daha vaxt çatmazdı, amma bütün bunlar bir-birinə elə bitişikdi, o qədər iç-içəydi, hamısını bir abzasa sığışdırmaq mümkün kimi görünürdü...”
Harri Smit əmindir ki, işdi-şayəd, əgər ölməyib sağ qalsa, bu qadından, elə o biri kübar qadınlardan da heç vaxt heç nə yazmayacaq, çünki varlılar darıxdırıcı məxluqlardır.
***
Çənəsi ölüm tələsi goreşən əcaib səslər çıxara-çıxara Harrinin yatdığı çadırın böyür-başında əcəl elçisi kimi sülənir. Leş yeyən quşlar güdükdə durub ölümdən müjdə gözləyirlər. Harri Smit sonuncu yuxusuna dalır:
“Ölüm bir az da qabağa gəldi, indi o daha ölümlə danışa bilmirdi; onun danışa bilmədiyini görəndə ölüm lap irəli yeridi, o da cəhd elədi ki, ölümü səssizcə qovsun, amma sinəsindən basa-basa ölüm elə hey yuxarı dırmaşırdı, dırmaşa-dırmaşa axırda çıxıb düz sinəsinin üstündə oturdu, özü də onu nə tərpənməyə qoydu, nə ağzını açıb danışmağa; həmin anda o, qadının səsini eşitdi:
- Bvana yuxuladı. Çarpayını qaldırın, aparın içəri, amma ehtiyatla.
O deyə bilmədi ki, ölümü qovsunlar; ölüm də bütün ağırlığını onun üstünə salıb nəfəs almasına imkan vermədi. Nökərlər çarpayını qaldıranda birdən hər şey keçib getdi, sinəsinin üstündəki ağırlıq da qəfildən yoxa çıxdı”.
Harri Smitin yaralı gövdəsinin macərası burada tamama yetir.
Ancaq onun gördüyü yuxu davam eləyir. Bu, artıq yuxu deyil, bədəndən çıxan ruhun yeni macərasıdır.
Səhər açılır, göydə təyyarə uğultusu eşidilir. Harrinin köhnə dostu Komton əynində biçimsiz şalvar, tvid pencək, başında qəhvəyi fetr şlyapa onun çadırına sarı yeriyir. Nökərlər onu dostunun təyyarəsinə mindirirlər, dəmir qanadlı quş yerdən son dəfə təkan alıb havaya qalxır: “Sonra təyyarə yuxarı millənib, deyəsən, gündoğana tərəf istiqamət götürdü və qəfildən araya zülmət qaranlıq çökdü, şəlalə içindən keçirmiş kimi qapqara buludların arasına, dəhşətli leysana düşdülər, yağmurdan çıxanda isə Komti başını geri çevirib gülümsədi, əlini qabağa uzatdı və orada, irəlidə Harri göz önünə pərdə çəkərək bütün dünyanı görünməz edən, günəşin şəfəqləri altında bəyazlığı göz deşən ağlasığmaz dərəcədə parlaq, başı göylərə dirənmiş kvadratşəkilli nəhəng Kilimancaro zirvəsini gördü. Onda başa düşdü ki, bu yer onun üz tutub getdiyi həmin yerdir”.
Məhz həmin anda goreşən qaranlıqda ulamağını kəsib adam səsinə, hönkürtüyə bənzər qəribə səslər çıxarır. Qadın kaftarın vahiməli səsinə ayılıb Harrinin ruhsuz bədənini haraylayır...
***
Əsəri dilimizə çevirmiş yazıçı-tərcüməçi Mahir N. Qarayev Heminqueyin yaradıcılığından danışanda “Kilimancaronun qarı” hekayəsi haqqında belə yazır:
“Bu əsər yaradıcı insan ömrünün yaşanmamış anları, günləri haqqında elegiya, reallaşdırılmamış istedadın faciəsindən doğan həzin, kədərli bir hekayətdir. Əsərin baş qəhrəmanı - bütün həyatı boyu istedadını zərrə-zərrə, hissə-hissə doğrayıb maddiyyata satan Harri ömrünün son saatını öz mənəvi dünyasının sərt həqiqətlər, kəskin ittihamlar girdabında keçirməyə məruz qalır; özündən iyrənə-iyrənə yaşadığı ona yad bir cəmiyyətdə bütün vaxtını müşahidə və əyləncələrə xərcləyən, özünün başlıca missiyasını yerinə yetirməyi isə günü günə sata-sata həmişə sonraya, hansısa müəmmalı gələcəyə saxlayan və bütün həyatı ərzində topladığı zəngin materialı hamıdan daha yaxşı yazacağı ümidiylə əslində özünü aldadan Böyük Yazıçı axırda yazmağın daşını biryolluq atır. Həqiqətin yalanla, yalanın həqiqətlə çulğaşdığı bütöv bir ömrə onun son saatının səmimiyyət zirvəsindən baxan Harri əldən çıxmış, itirilmiş, unudulmuş, bir kənarda yaşanmamış qalan tam başqa bir həyatın varlığını aşkar etsə də, artıq gecdir...
Məhv olmuş daxili aləmin, iflasa uğramış düşüncələrin xarabalığında gecələr kaftar zingiltisi, goreşən ulartısı ilə baş-başa qalıb iztirab çəkmək və özündən sonra heç nə qoymadan dünyanı bu iztirabın ümidsizliyi içində tərk etmək Harrinin labüd sonluğu, qaçılmaz aqibətidir.
Ömrün son saatında Harri təskinliyi illüziyada tapır. Lakin onun bütöv bir ömür silsiləsini bir abzasa sığışdırmaq ehtirası, əslində, elə həm də Heminqueyin öz yaradıcılıq metodunun ağlasığmaz görünən cəhdlərindən biridir.
Harridə Heminqueyə xas bir çox cəhəti aşkar etmək mümkündür; böyük ustalıqla yaradılmasına və ümumiləşdirilməsinə baxmayaraq bu obraz hər halda (və başqalarından daha çox) məhz Heminqueyin özünü xatırladır.
Başqaları sırasında, heç şübhəsiz, ilk növbədə Heminqueyin dostu, Amerikanın digər böyük yazıçısı Skot Fiscerald və onun kədərli taleyi göz önünə gəlir. Əyalətdən çıxmış Fiscerald öz parlaq istedadını kommersiya dərgilərinə satmaqla qısa müddətə varlanıb kübar cəmiyyətə ayaq açmış, hətta öz zümrəsindən yox, varlı təbəqədən olan qadınla evlənmişdi və bu izdivacın yaxşı qurtarmayacağını hiss etsə də, yenə könüllü əsarətə boyun əymişdi. Əsərdə Fisceraldın bilavasitə adı çəkilən abzas var; həmin abzasda Heminquey dostunu zənginlərin pərəstişkarı kimi təqdim edərək Harrinin vasitəsilə onu ələ salır, həyatın zərbələrinə duruş gətirə bilməyən belə adamlardan zəhləsi getdiyini bildirir. Bu isə hekayənin yazıldığı ildə ağır mənəvi iztirablar keçirən, bədbinliyə qapılmış Fisceralda ağır zərbə olmuşdu.
Amma ömrünün son illərini ruh düşkünlüyü içərisində yaşayan Heminqueyin öz aqibəti də faciə ilə sonuclandı; əcəba, yazdıqlarıyla yanaşı yazmadıqlarının, yaza bilmədiklərinin acısını yaşayan və ömrünü intiharla bitirən Heminquey elə Harri deyildimi?..”
Yeri gəlmişkən deyim ki, Mahir N. Qarayevin bir neçə il qabaq işıq üzünə çıxardığı “Sonuncu korifey” romanının mərhum prototipini yaxından tanıdığımız başıbəlalı, talesiz qəhrəmanı da cəmi səkkiz səhifəlik bir əsərə bütün bildiklərini, həyatın bütün ali həqiqətlərini sığdırmaqla dünya ədəbiyyatının ən uca zirvəsinə bayraq sancmaq arzusunda, bununla da söz sənətinə yekun vurmaq, möhür vurmaq iddiasındadır...
***
Əlbəttə, Harri Smit avtobioqrafik obrazdır. Zaman-zaman bədbinliyə, xurafata qapılan müəllif onu hansısa ağır yükdən qurtulmaq üçün yaradıb, yaradıcılıq terapiyası üsuluyla dərdini-azarını alter-eqosuna yükləməklə azad ruhunun qalasını cin-şəyatin basqınından qoruyub.
“Kilimancaronun qarı” hekayəsi 1936-cı ildə dərc olunub. Həmin il bircə ay fərqlə yazıçının daha bir misilsiz incisi - haqqında əvvəllər danışdığımız “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” hekayəsi də işıq üzü görmüşdü. Amerikanın üzərinə qara buludtək çökmüş böyük depressiya illərində, Avropanı faşizm dalğası bürüdüyü bir dönəmdə Heminquey kimi həssas yaradıcı insanın əmin-arxayın dolandığını, rahat keçindiyini təsəvvürə gətirmək çətindir. Çox güman, həmin illərdə yazıçı güclü psixoloji sarsıntı, dərin yaradıcılıq böhranı keçirib - haqqında danışdığımız hekayədə bunun əlamətləri aşkar görünür. Əminəm ki, müəllif Amerikanın, Avropanın mənəvi atmosferini zəhərləmiş şər vulkanının boğanağından adını çəkdiyim iki misilsiz hekayənin ruhunu mayalandırdığı Afrika havasının sayəsində qurtulub. Yoxsa sonrakı illərdə bir-birinin ardınca yeni gözəl əsərlər, nəhayət, “Qoca və dəniz” kimi dünya söz xəzinəsinin qızıl fonduna düşmüş ölməz şedevr yarada bilməzdi.
Yaradıcılıq terapiyası - insan beyni, insan sinirləri üçün ən effektiv müalicə üsulu, yeganə ziyansız dərmandır. Sual yarana bilər ki, bəs bu dərman Heminquey kimi şöhrətli yazıçını niyə intihardan çəkindirmədi? Əlbəttə, haqlı sualdır, ancaq unutmaq olmaz ki, Heminquey 62 yaşına məhz o müalicənin, o dərmanın hesabına gəlib çatmışdı. 1951-ci ildə yazdığı “Qoca və dəniz” povestindən sonra yenidən yaradıcılıq böhranına düşmüşdü, ruhuna iş tapmamışdı, ömrünün qalan on ilində qələmindən dişədəyər bir şey çıxmamışdı. Bu boşluğu nə “Kilimancaro”nun uğurlu ekran versiyası, nə də çox arzuladığı Nobel mükafatı doldurmuşdu. Bir sözlə, hansısa mövhumi qüvvələrin təhrikiylə yaradıcılıq terapiyasına ara verən, içindəki qazıntı işlərini dayandıran yazıçı bir daha əvvəlki halına qayıtmamışdı, onun ruhu bədənindən cüda düşmüşdü, dövrünün ən adlı-sanlı həkimləri belə o ruhu o bədənlə barışdıra bilməmişdilər. Harri Smitin ayağından başlanan qanqrena Ernest Heminqueyin beyninə işləmişdi.
Bundan sonra ruhu qəfəsdən buraxmaq, saf ürəyin məzarına dönmüş bədəni əcəl adlı goreşənə təhvil vermək qalırdı. Kilimancaronun qarı - yurdundan qovulmuş sərgərdan ruhun təşnəsi olduğu əbədi sükunət, sakitlik, dinclik rəmzidir. İnanmaq istərdim ki, o saf ürək, didərgin ruh Kilimancaronun zirvəsindəki əbədi qar cənnətində, gün işığında bərq vuran ağappaq sükut içində, yuxusu buz bağlamış xallı bəbirin qonşuluğunda gecə-gündüz bilmədən, yorulmadan, usanmadan şad-xürrəm dincəlməkdədir.
“Yeni Azərbaycan” qəzeti