Şəhid qardaşı - Hekayə

Şəhid qardaşı   - Hekayə

11 Aprelel 2023 15:55 588


Şahsənəm


İsti hava bir yandan, ürəyindəki övlad yanğısı da o biri yandan qadını üzüb əldən salmışdı. Oğlu şəhid olalı, hər gün məzarına gəlir, qara daşı oğul deyib, oxşayır, beşiyi başında çaldığı laylaları oxuyurdu. Oğlu başdaşından daşa dönmüş təbəssümü ilə sanki anasını dinləyirdi. Bu gün qəbir üstə çatanda, ağlamağa heyi qalmamışdı. Hər gün bir az artıq yorğunluq hiss edirdi. Bu gün isə yarıyolda ürəyi də bulanmağa başlamışdı. Bircə burda “yox” deyə-deyə özünü tutmağa çalışırdı. Yeganə oğlunu vətənə qurban vermiş anaya kim təsəlli verə bilərdi?...


Ayaqlarını sürüyə-sürüyə özünü birtəhər evə çatdıranda, əli qapının dəstəyində huşunu itirdi. Təsadüfən yoldan keçən tibb bacısı olan qonşusu Şayəstə özünü yetirməsəydi, darvazanın ağzında palçıq siyirmək üçün düzəldilmiş dəmirə dəyib, başı partlayacaqdı. Qonşu özünü dayaq verib, qadını birtəhər əldamına apardı. Soyuq su içirtdi. Nanəcövhər iylətdi. Göz bəbəklərinə baxan qonşusu: “Ay qız, sən elə bil, hamiləsən” – dedi...

...Aqil ailənin tək oğlu idi. İki qızdan sonra neçə nəzir-niyazla tapılmışdı. Doğuşu o qədər ağrılı keçmişdi ki, anası ikinci oğul istəsə də, heç cür qərar verə bilməmişdi. Əziz-xələf böyüyən Aqil dərslərini yaxşı oxumasa da, tərbiyəsinə söz yox idi. Hətta o qədər tərbiyəli və sakit idi ki, fağırlığı ilə seçilirdi məktəbdə. Məktəbi bitirəndən bir il sonra əsgər getmək yaşı çatanda, anası atasına "aman-zaman bir oğlumuz var, hərbi xidmətdən saxlat" deyəndə, yoldaşı dava salmış: “Arvaddır ki, mən oğlumu əsgərlikdən saxlatdirim” – deyə etiraz etmişdi. Hərbi xidməti başa vurduqdan sonra Aqil müddətdən artıq hərbi xidmət etmək üçün orduda qalmışdı. Həm kənddəki işsizlik, həm də əlində heç bir sənətin olmamağı səbəbindən seçmişdi hərbçi həyatını. Aldığı maaşla ailəsinə kömək edirdi. Həyət-bacaya əl gəzdirib, evi-eşiyi sahmana salmışdılar. Hər şey yaxşı gedən günlərin birində, təlimlərin keçirilməsi barədə yuxarıdan əmr gəldi. Xüsusi təyinatlı qüvvələrdə, kəşfiyyat bölüklərində xidmət etmiş əsgər və zabitlərin, həmçinin, ehtiyatda olan hərbi qulluqçuların təlimlərə cəlb edildiyini eşidəndə, anasının iki əli, bir başı olmuşdu. Xəbər özünü çox gözlətmədi. Atəşkəs pozulmuş, Vətən uğrunda savaş başlamışdı. Aqil döyüş bölgəsinə göndərilmişdi. Əslində, döyüş bölgəsinə getməyi özü könüllü istəmişdi.

On gün olardı ki, Aqildən bir xəbər yox idi. Arada atasına zəng edib, hücumda olmadığını, möhkəmləndirilən mövqelərdə yerləşdirildiklərini desə də, anasının ürəyi narahat idi. Gecələri əllərini ulduzlu səmaya açıb, yaradana dualar edirdi. Gözünün ağı-qarası bircə oğlunu pənahında saxlamasını rica edirdi.

...İnternet məhdudlaşdırılmışdı. Hər ağızdan bir avaz gəlirdi. TV kanallar vətənpərvərlik mövzusunda verilişlər verir, əhali hər axşam Ali baş komandanının açıqlamalarını gözləyirdi. Pandemiya da bir yandan camaatın səbrini daraltmışdı. Kənddə koronavirusa yoluxanların sayı durmadan artırdı. Hətta dünyasını dəyişənlər də var idi. Pandemiyadan əvvəl kənddə ölü düşəndə millət hamı bir nəfər kimi dəfndə, hüzr məclislərində iştirak edər, qələbəlik olurdu. Pandemiya dövrü tələblərinə uyğun olaraq, artıq millət yas yerlərinə toplaşa bilmirdi. Yeniyetməliyindən kəndin bütün ölülərinin cənazəsinə girmiş Elman kişini cəmi 6 nəfərlə dəfn etmişdilər. Bu da onun arvad-uşağına yaman dərd olmuşdu. Şəhid xəbərləri gəlməyə başlamışdı. Aqilin anasının ürəyi səksəkədə idi. Gecə yuxuda oğlunu görmüşdü.

...Darvazanın alaqapısı açılır, Aqil hərbi geyimdə, çiynindən kürəyinə aşırdığı yol çantasını düzəldə-düzəldə içəri girir, bacısının körpə qızı "dayım gəldi" deyib, qabağına qaçır. Aqil uşağı qucağına alıb, həmişəki kimi fırladaraq, yerə qoyur, buruq-buruq qızılı saçlarını qarışdırır, uşaq Aqilin boynuna sarılıb yerə düşmək istəmir. Aqil bir qolunda bacısının qızı, o biri qolunu açıb: “Ana, gəl görüşək. Bir də təzədən gələnə qədər mənsiz darıxacaqsan” – deyib, anasını qucaqlayaraq, alnından öpür. Atasına tərəf dönüb: “Anamı ağlamağa qoyma” – deyir. Bu dəm kənd camaatı əllərində bayraqlar həyətə doluşur. Aqil yerdə xalçanin üstünə qoyulmuş tabutda uzanıb yatır. Anası: “Bu yuxu o yuxudan deyil!” – deyə, qışqırıb, oyanır.

Bu yuxunu artıq neçənci dəfə idi, görürdü. Həmin gecə isə ana qəlbi ona pis bir hadisənin baş verəcəyini deyirdi. Səhər isə açılmaq bilmirdi...

Elə həmin bu saatlarda çöllər Aqilin döşəyi, boz buludlar yorğanı olmuşdu... Hərbi formanin rəngi qandan tündləşmiş, qanı axıb torpağa qarışmışdı. Aqil Vətən torpağını qanı ilə suvarmışdı...

Yuxudan hövlnak oyanıb, çarpayıdan ayağa duranda, əri səsə oyandı.

– Sən əzizlərinin canı, yıxıl, yat.
– Aqil şəhid olub!
– Az, atan yaxşı, anan yaxşı, gecənin bu vaxtı ağzını xeyirliyə aç. Yıxıl yat, deyirəm!

Sakitcə yerinə uzanıb, qıvrıldı. Sol qabırğasının altından tutan ağrı kürəyinə vurur, nəfəs almaga qoymurdu. Ərini narahat etməmək üçün səssizcə ağlayırdı. O gecə səhərə ilan vuran yatdı, Gülarə yatmadı. Səhər obaşdan oyanıb, malı sağdı, əri nobata ötürdü. Çay dəmləyib, şordan, pendirdən, yağdan, qaymaqdan yenicə süfrəyə düzmüşdü k, ərinin telefonuna tanımadıqları nömrədən zəng gəldi. Nə eşitdisə, kişinin rəngi boğuldu, səsi içinə batdı. Dirsəklərini masaya söykəyib, ikiəlli başını tutdu.

Bu dəm bələdiyyə sədri həmişə açıq olan həyət darvazasından içəri girdi. Gülarə qəfil anladı. Yuxusu çin olmuşdu...

Rəhim rayon mərkəzinə çatanda, bəd xəbəri çatdıran nömrəyə zəng vurdu. Onu qarşıladılar. Kiçik avtobusla döyüşlər gedən bölgəyə yola düşdülər. Avtobusda onun kimi nigaran adamların heç biri dinib danışmırdı. Başını qaldırıb, yanındakıların üzünə baxmağa heyi yox idi. Sanki qorxulu bir yuxunun içində idi, oyansa, hər şey bitəcəkdi. Oyanacaq, traktorunu işə salıb, çöllərin bağrını yarmağa gedəcəkdi. Ömrünün bəlkə də ən uzun və ağrılı yolunu gedirdi. Ürəyində ümid işığı sönmürdü. Onun oğlu ölə bilməzdi. Axı nə onun, nə arvadının, nə oğlunun heç kimə pisliyi keçməmişdi, heç kimdən ah almamışdılar. Niyə başlarına belə bir şey gəlsin ki?! Fikirləşməkdən başı çatlayırdı. Gözünə yuxu getməyindən xəbəri olmadı.

…Budur, bax, Aqil yeni ayaq tutub yeriyir. Qollarını açıb, işdən qayıdan atasına doğru qaçır. Ayağı büdrəyir, yıxılır. Bacıları qaçıb, ayağa qaldırırlar. Rəhim qollarının altından yapışıb, yuxarı qaldırır oğlunu. Atıb-tutur, uşağın ağlamağı gülməklə əvəz olunur. Gözlərində yaş, Aqil elə şirin-şirin gülür ki. Rəhim oğlunun üzündən, əllərindən, sonra da totuq ayaqlarından, ayağındakı xalından öpür… öpür…

Avtobus dayananda, yuxudan ayıldı. Üzü mis rənginə çalan bir gənc zabit hündürdən deyir:

– Adlarını oxuduqlarım bir-bir yaxınlaşınlar, buradan o yana kiçik avtomobillərlə gediləcək.
Az sonra Rəhimin mindiyi avtomobil döyüş bölgəsi istiqamətində yola düşdü.

Parça-parça olmuş meyidlərin arasından oğlunun tanınılası qalmayan başsız bədənini ürəyi ilə tanımışdı. Körpə vaxtı öpdükcə öpdüyü xalını görəndə, isə ürəyi getmişdi…

Sonra olanları yuxu kimi xatırlayırdı. Tay-tuşu olan kəndin həkimi dost məclislərindən birində uzun-uzadı sağlıq deyəndə, maraqlı söhbətlər eləmişdi. “İnsan beyni onu incidən hadisələri unudur, əslində unutmur, süuraltı deyilən yerə göndərir. Bir növ kitabxana, arxiv kimi. Birdən hansısa qoxu, söz, mənzərə, adam, hadisə və s. bunu xatırladana qədər…”

Rəhimin yaddaşı da həmin gün olanları beləcə arxivə göndərmişdi.

…Pandemiya dövrü olmasına baxmayaraq, qadağalara rəğmən bütün kənd camaatı uşağından böyüyünə ağzı maskalı axın etmişdi həyətə. Bayraqlar, güllər, səssiz göz yaşı tökən izdiham...

Gülarə nə qədər yalvarsa da, cənazəni açıb, ona göstərmədilər. Hərbi hissədə yuyulub kəfənləşmiş cənazə tabutda da basdırıldı. Hadisənin dəhşətini ana ürəyi qəbul etmirdi. Gələn qonaqlara yuxusunu danışırdı.

“…Yuxuda gördüm ki, müəlliməm məni səsləyir. Deyir ki, Gülarə, sənə sürprizim var. Deyirəm ki, “bilirəm, müəllimə, Aqil sağdır. Bizə göndərilən onun cənazəsi deyil. Aqil döyüşlər səngiyəndə gələcək”. Müəllimə deyir ki, “gör sənə nə göstərəcəyəm?..” Rəhim məni yuxudan oyatdı, qoymadı bilim ki, uşağım hardadır”.

Həmsöhbəti – yas yerinə Bakıdan gəlmiş uzaq qohumu Arzu, dərd əlindən dəli olmaq üzrə olan bu həlim xasiyyətli, mehriban qadına ürək-dirək vermək üçün bilmirdi, nə desin. Özünü toplayıb: “Bilirsən, belə hadisələr çox olur. Yəqin ki, səhv düşüb. İnşallah, oğlun sağ-salamat qayıdıb, gələr…”

Hüzr yerindən qayıdanda, Arzu şəhid anası ilə söhbətini qardaşına danışdı. Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş qardaşı siqaretləri bir-birinin oduna yandırırdı. Ağzını bıçaq açmırdı qayıdalı. Xeyli susandan sonra siqaretindən dərin bir qullab alıb xırıltılı səslə: “Atasi dedi ki, ayağındakı xalından tanıdım…”

Bir neçə ay keçmişdi. Gülarənin günü qəbiristanlıqda keçirdi. Axırda qonşu Ballı arvad dözə bilməyib, bir gün toyuğunu soruşmaq bəhanəsi ilə onlara keçəndə, həyətdə, tut ağacının altında qoyulmuş masanın ətrafındakı kətillərdən birində oturdu. Gülarə tez əl-ayağa düşdü. Mürəbbə, konfet, əlinə nə gəldi, süfrəyə düzdü.

Ballı arvadın da öz dərdi vardı. Beş övladının ilki birinci müharibədə itkin düşmüşdü, nə öldüsü bilinirdi, nə qaldısı. O gün, bu gün, arvad kənddən heç yerə çıxmırdı. Digər uşaqları hərəsi bir yerdə yaşayırdılar. Biri Almaniyaya, biri Türkiyəyə, biri Ukraynaya, biri də paytaxta üz tutmuşdu. Hər biri anasını özü ilə aparmaq istəsə, də arvad nırx deyib, durmuşdu: “Ay bala, birdən qardaşınız gəlsə, çöldəmi qalsın?” – deyirdi. Bu sözdən sonra uşaqların əl-qolu boşalırdı. Həmçinin, qohum-qonşunun evinə gedəndə, oturmazdı, tez evinə qayıtmağın hayında olurdu. Üz-üzə oturmuşdular. Çayları soyumuşdu. Ballı arvadın gözlərindən yaş süzülürdü. Gülarə isə dillənməyə cəsarət edə bilmirdi. İki ürəyi dağlı ana, hərəsi öz dərdini ağlayırdı...

Ballı arvadın heç nə danışmadan nəmli gözləri ilə anlatdıqlarından sonra Gülarə az-çox toxtadı. Axşam əri evə gələndə, baxdı ki, saçları yaman ağarıb, beli bükülüb. Qulluğunda durdu, adəti üzrə. Gecə ərinin qoynuna girdi, neçə aydan sonra ilk dəfə. Səhər oyananda dünya sanki gözündə dəyişmişdi. Oğlunun yuxuda dediyi: “Ana, gəl, görüşək. Bir də mən təzədən gələnə qədər” sözləri yadına düşmüşdü. Axı, o da, əri də hələ gənc idilər. Qırx beş yaş nə idi ki...

Şayəstənin sözü ildırım kimi çaxdı qulaqlarında: “Ay qız, sən elə bil, hamiləsən...”

Altı aydan sonra körpələrini qucaqlarına alanda, Gülarə də, əri də əvvəl istədilər, şəhid oğullarının adını versinlər körpəyə, sonra fikirlərini dəyişdilər. Oğulları başqa zamanda, başqa adda qayıtmışdı...

Oktyabr, 2022