Səninlə bir başqa yaşardım - Nuranə Nur

Səninlə bir başqa yaşardım   - Nuranə Nur

03 Sentyabr 2024 17:43 178


esse

Hər yerdə adını köks ötürüb çəkdiyim və bir neçə saniyəlik düşünüb sonra haqqında danışa biləcəyim bir şair var – Nazim Hikmət. Әslində, adını çəksəm də, haqqında danışmamışam heç vaxt. Dediyim həmin bir neçə saniyəlik düşüncə o qədər dərin olub ki, qorxmuşam hər dəfəsində o dərinliyə baş vurmağa. Bəlkə, onun həyatı kimi, şeirlərində də olan çarpıntılı və məxfi məqamların sirri qoymayıb məni nəsə deməyə. Başqalarından fərqli şairin həyatı, taleyi, eşqi, şeiri dünya idrakına, duyğularına yerləşməyəcək qədər müəmmalıdır.Uşaq yaşlarından adını eşitmişəm. Milliyyətcə azərbaycanlı olmadığını bilirdim. Şeirlərini türkcə oxuyurdum. Onun şeirlərindən Türkiyə türkcəsinin gözəlliyini, şəhdi‐şirəsini duyurdum. Elə bilirdim, Nazim Hikmət heç vaxt uşaq olmayıb, elə beləcə qosqoca bir kişi kimi doğulub. Bilirdim ki, o, Türkiyə vətəndaşlığından məhrum olan ən böyük türk şairidir. Millətinin azadlığı naminə ömrünün 28 ilini həbslərdə keçirdi Nazim Hikmət! Bu müddət ərzində də daim inqilabi mübarizəyə çağırış şeirləri yazdı, xalqını maarifləndirdi. Amma şairi məmləkətinə həsrət qoyan hökumət onu xalq düşməni kimi cəzalandırdı.Vətəndaşlıq məhrumluğundan 58 il , ölümündən 46 il sonra yenidən vətəndaşlığa alınan türk şairi . Bir faktı xüsusilə qeyd etməyi lazım bilirəm. Türkiyə son vaxtlara kimi Nazim Hikməti qəbul etmirdi, kommunist şairi deyərək onu təhsil sisteminə, geniş oxucu auditoriyasına buraxmırdı. Onun şeirlərinin oxunması və çapı ölkəsində yasaq edilmişdi.

Azərbaycan elitası, başda Anar olmaqla böyük ziyalılarımız Nazim Hikmətin Türkiyəyə dönüşündə, qəbul olunmasında mühüm rol oynadı. Nazim Hikmət, nəinki Türkiyə ədəbiyyatında, bütövlükdə dünya şeirində sərbəst şeirin yeni formalarını yaratdı, şeirləri ilə dünya azadlıq hərəkatına, sülh və demokratiyaya böyük təkan verdi. Nazim Hikmət novator şair idi. Әsərləri müxtəlif dünya dillərinə tərcümə olundu, pyesləri bir çox ölkələrin dram teatrlarında tamaşaya qoyuldu. Dialektik materialist şair kimi tanınan Nazim, şeirləri ilə təpədən‐dırnağa müstəmləkə siyasətinə qarşı yönəlmişdi. O, türk insanını yeniliyə, mübarizəyə səsləyir, nəinki doğulduğu məmləkətin, bütün dünyanın şüurunda bir rezonans yaradırdı. Müasir Azərbaycan ədəbiyyatının formalaşmağında müstəsna rolu olan Nazim Hikmət Azərbaycan xalqının yaxın dostu idi. Bir çox yazıçı və şairlərimizlə dostluq və yaradıcılıq əlaqələri saxlamışdı. İlk şeirlər kitabı olan “Günəşi içənlərin türküsü” də Bakıda işıq üzü görmüşdü. Azərbaycanda Nazimsevərlər onun şərəfinə öz övladlarına Nazim adını verirdilər. Onu sevən qadınlar, şeirlərinin həyəcanını yaşayıb , mübarizəyə qoşulmuş gənclər, demək olar ki, xoşbəxt ola bilmədilər. Şair özü də əslində, təbliğ etdiyi Kommunist rejiminin caynağına düşmüşdü, hər yeni kitabının nəşrindən sonra öz ölkəsində həbsə məruz qalırdı. Onun poeziyasında ən gözəl və yaddaqalan ştrixlər bu əsərlərin içində bir gizli eşqin olması idi. Mən onun poeziyasındakı sevgini sevdim. Başda anası Cəlilə xanım olmaqla, “Vətən xaini” nin sevdiyi qadınların hamısının taleyində bir Nazim qüruru, bir Nazim yanğısı, bir Nazim mücadiləsi olub. Sevdiyi qadınlara həsr etdiyi şeirlərin hər birində sevginin son dərəcə böyük səmimiyyətinə rast gəlirik. Bu şeirləri gözəl yazdıran həbsxana həyatı,həsrət idimi, yoxsa özü idi şeirləri belə gözəl yazmaq üçün bu həyatı seçən ?

“Pirayə üçün yazılan saat 21‐22 şeirləri” silsiləsində həsrət sonsuzdur. Həbsə alındığı gündən hər gecə bu saatlarda yazırmış şeirlərini: Necə də gözəl duyğudur xatırlamaq səni Ölüm və zəfər xəbərləri içində. Həbsdə Və yaşım qırxı keçəndən sonra… Necə də gözəl duyğudur xatırlamaq səni Bir mavi parçanın üstündə unudulan əlində Və saçlarında Vüqarlı yumşaqlığı canımın içi İstanbul torpağının… İçimdə ikinci bir insan kimidir Səni sevmək səadəti… Şeirlərini yazarkən əlini şeirin ritminə uyğun masaya vurur və ya kağızın kənarlarında o ritmə düşənə kimi cizgilər çizirdi. O, həm də rəssam idi axı. Bəzən kağızın bir üzündə şeiri yazar, o biri üzündə o şeirə uyğun rəsm çəkərdi. Həmişə daha öncə yazmadığı şəkildə yazmağa çalışardı. Dili dəyişər, bəzən şeirin əvvəlini hecalarla yazıb, ortasında çox sadə danışıq dilinə keçdiyi anlar da olardı. Həm çox aydın, həm çox məntiqli... Bəzən ya sadə, ya tam qəliz...” Şərabı su ilə qarışdırmağa nə gərək var ki, ya su iç, ya şərab “ düşündüyü anlar ...Xaotik təfəkkürlü, dəmir məntiqli bu adam düşüncə “günahları” nın qurbanı idi. Mən onun düşüncə şeirlərində özümü dəfələrlə itirib, tapmışam. Hər dəfə özümü tapanda sanki həyatın yeni bir pilləsini qalxmış oluram. “Ceviz ağacı “ şeiri haqqında saatlarla düşün müşəm.

Yarpaqların əllərimdir, düz yüz min əlim var,
Yüz min əllə toxunuram sənə,
İstanbula. Yarpaqların gözlərimdir,
Baxıram heyrətlə,
Yüz min gözlə seyr edirəm səni, İstanbulu.
Yüz min qəlb kimi çarpar, çarpar yarpaqlarım.
Mən bir ceviz ağacıyam Gülhanə parkında,
Nə sən bunun fərqindəsən, nə polis fərqində."

Onun şeirlərini Türkiyə türkcəsində oxumağı sevirəm. Haqqında 2007‐ci ildə çəkilmiş möhtəşəm “Mavi gözlü Dev” filminə baxdım və 2‐3 gün təsirindən yayına bilmədim. Şairin həbsxana həyatı ,o ağır rejimdə milli mücadiləyə əzmi, qadınına olan həsrəti tamaşaçıya çox həssas biçimdə çatdırılır. Filmdə də daha çox qadınına yazdığı sadə və səmimi şeirlər ürək yandırır.

O indi neyləyir hal‐hazırda, indi görəsən?
Evdədir, küçədədir, İşləyir, uzanıb, ayaq üstədir?
Qolunu qaldırıb, bəlkə də, ‐ hey gülüm,
O ağappaq biləyini necə də göstərər bu hərəkətin!…
O indi neyləyir, hal‐hazırda, indi görəsən?
Bəlkə dizinin üstündə bir pişik balası var, sığallayır,
Bəlkə də harasa gedir, indicə addım atacaq…

“Həbsxanadan məktublar” silsiləsində ilk baxışdan bəsit təsir bağışlayan dərin poeziya təsvirləri yer alır. Bu təsvirlər həbsxana həyatında bütün kişilərin xəyalına gələ biləcək şeylər olsa da, onu oxuyan adamın xəyalı ola biləcəkləri aşır. Onun həsrətinin gözü ilə baxırsan artıq hadisələrə. Yoluxursan həsrətinə, bürünürsən nisgilinə...

"Bir dənəm! Son məktubunda: “Başım ağrıyır, ürəyim dolu qəm”‐ deyirsən.
“Yaşamaram səni asarlarsa, səni itirsəm” ‐ deyirsən.
Yaşarsan, bir dənəm.
Qara duman kimi xatirəmi dağıdar küləklər.
Yaşarsan, qəlbimin qızıl saçlı bacısı,
Әn artıq bir il çəkər iyirminci əsrdə ölüm acısı.

Şairin bütün şeirlərində yaşamaq eşqi, yaşamaq fəlsəfəsi dərin bir düşüncə olaraq zəngin ədəbiyyat materialıdır. Nazim yeknəsək həyatı ədəbiyyata çevirə bilirdi.

“Hər şeyi görmək azdır, yaşamaq lazımdır” deyirdi şair.
Və yaşamaq çox ciddi işdir, sevmək kimi...
Geniş meydanda saat zəng çaldı.
Bir azdan kameraların qapıları bağlanacaq
bu dəfə məhbəs uzun çəkdi: 8 il
Yaşamaq ümidli bir işdir, sevgilim,
Yaşamaq səni sevmək kimi ciddi bir işdir…

Sonralar belə deyirdi Nazim Hikmət: “Ürəkli bir qadının başı, ürəksiz bir kişinin çiyninə ağır gəlir!” Həyatı bu qədər gözəl bilən adamın qənaəti ilə yaşamı uyğun gələ bilmirdi. Onunla bərabər düz 8 il həbs həyatının ağrılarını yaşamış həyat yoldaşı Pirayə Altınoğlu şairin saf məhəbbətinə qarşılıq olaraq bütün çətinliklərə dözmüşdü. Həbsxana həyatının sonu bu inanılmaz, böyük eşqin də sonu oldu. Həbsdən azad olmasına az qalmış dayısı qızı Münəvvər xanım ziyarətinə gəlir və Nazim ona vurulur. Azadlığa çıxıb Münəvvərlə evlənir. Mehmet adlı bir oğlu dünyaya gəlir. Münəvvərə və oğlu Mehmətə yazdığı şeirlərdə də son dərəcə səmimi bir eşqin şahidi oluruq. Amma hərbi çağırışdan yayınmaq üçün Münəvvərdən də xəbərsiz Rusiyaya gedir. Və bu zaman türk vətəndaşlığından çıxarılır. Münəvvər isə hələ də onu ürəyindən çıxarmamışdı. Bu qədər cəsarət saçan şeirlər müəllifi canının parasını qoyub kilometrlərlə uzaq bir diyara getmişdi. Zaman və həyat bu qəhrəman insanı aciz bir adama çevirmişdi. Oğluna yazdığı “Mehmətə son məktubumdur” şeirindən onu nə qədər sevdiyi və nə qədər çarəsiz olduğu məlum olur.

Bir yandan cəlladlar girdi araya,
Bir yandan oyun etdi mənə bu məndəki ürək,
Nəsib olmayacaq Məhmətim, yavrum, səni bir daha görmək.
Bilirəm,,. buğda başağı kimi dəliqanlı olacaqsan,
mən də elə idim gəncliyimdə, qumral, incə, uzun;
gözlərin ananınkı kimi iri, bəzən də bir az qəribə, qəmli;
Ananı üzmə, oğlum, mən güldürmədim üzünü, sən güldür.
Anan, ipək kimi möhkəm, ipək kimi yumşaq;
anan, nənə olanda da belə gözəl olacaq onu ilk gördüyüm günkü kimi,
Boğaz içində, on yeddi yaşında, ay işığı, gün ışığı, dünya gözəli.
Anan, ayrıldıq bir sabah,
Görüşmək üzrə, görüşə bilmədik..
Anan, anaların ən yaxşısı, ən ağıllısı, yüz il yaşar inşallah...
Ölməkdən qorxmuram oğlum,
amma nə də olsa iş arasında bəzən diksinib qəflətən,
və ya yuxudan öncə yalqızkən günləri saymaq çətindir.
Dünyadan doymaq olmur, Mehmət, doymaq olmur...

Şeirin ən sevdiyim yerlərini ixtisarla Azərbaycan türkçəsinə çevirdim. Nələri alıb aparmadı ondan ayrılıq?! Kilometrlərlə ümidi, tonlarla kədəri, daradığı saçları, sıxdığı əlləri və söyləmək istədiyi ən gözəl: hələ söyləməmiş olduğu sözü ... Həyat eşqi, millət eşqi, qadın eşqi, övlad eşqi nə qədər imiş bir insanın qəlbində. Budur şair ömrü, budur şairi şair edən, sevdirən, yaşadan. Bəlkə, kədərə, yalqızlığa, əzablara olan eşqi bütün eşqləri üstələyib şair etmişdi bu adamı? Amma bu qədər acıya rəğmən, bütün şeirlərində gələcəyə ümid var. Üzüntülər içində yaşayan bu adamın təsəlliləri bitib tükənməyən qadın sevgisi olub. Ömrünün sonlarına yaxın başqa bir rus qadını ilə ailə qurmuşdu. Son sevgisi olan Veraya da dəlicəsinə aşiq olmuşdu şair. Vera xatirələrində Nazimin ona ”Sizi ürəyimin qanadığını hiss edəcək qədər çox sevirəm” deyib bərk ağrıdığını yazırdı. Görünür, ömrü sona yetməsəydi, bu da son sevgisi olmayacaqdı. Bu qədər sevgiyə rəğmən, heç bir qadını xoşbəxt edə bilmədi o “mavi gözlü div”, özünü edə bilmədiyi kimi... Әvəzində türk ədəbiyyatını xoşbəxt etdi. Dünya poeziyasının nəhənglərindən olan bu şair Beynəlxalq Sülh mükafatı laureatı, türk inqilabi poeziyasının banisi və böyük ictimai xadim kimi tarixə tarix yazdı.

Bəli, bəlkə, ümidim qalmadı gələcəyimə,
amma əsla peşman deyiləm keçmişimə.
Amma əsəbiyəm yaşaya bilmədiklərimə – deyən Nazim Hikmət insanlığa miras qoyub getdiyi misraları ilə bəşəriyyətə əvəzsiz dəyərlər verdi. Son illərdə onun Pirayə xanımdan olan nəvəsi tərəfindən heç yerdə çap olunmayan bir şeiri və üç yarımçıq romanı tapılıb. Bu əlyazmaları Pirayə xanım qoruyub saxlamışdı. Bilmirəm, aşağıdakı misraları Nazim Hikmət hansı qadınına həsr edib, amma bu sözləri qovuşa bilməyən sevənlər həmişə bir‐birlərinin ruhunun qulağına pıçıldayıblar. Və dərin bir ah çəkirəm: “Mən sənsiz də yaşayıram, amma səninlə bir başqa yaşayardım”.