Şərif Ağayardan yeni hekayə: Yaz intizarı

Şərif Ağayardan yeni hekayə:   Yaz intizarı

30 Aprelel 2024 12:47 770


Axşam avtobus vaxtından yarım saat keçər-keçməz atamın dükançı yoldaşı Əhməd əmi gəlib qapıdan bizi harayladı, mən eşiyə çıxanda altdan-yuxarı qışqırdı: “Atan dedi, atı bağlasınlar, qaçacaq!”

O, cavab gözləmədən aralandı, anam aynabənddən səsləndi: “Ay Əhməd, söz ağzından çıxmamış yenə hara yelləndin? Bir adam kimi danış görək nə olub!”

Heç yönünü də çevirmədi, əlini boynunun dalında oynada-oynada bir də səsləndi: “Alaşanı bağlayın, qaçacaq!”

Mənə qəfil çatdı – aprel ayıdır, “Qışlaq”ın dərəsində alçalar çiçəkləyib, dünən, təxminən, bu saatlarda dağlara ilk yaz yağışı düşüb...

Qayıdıb evə girmədim, anamın qaloşlarını ayağıma alıb örüşə qaçdım.

“Xalıxın yurdu”nda dəhşətli bir boşluq uladı üstümə.

Alaşa yenə aradan çıxmışdı!

Atam onu dağa gələn mərcanlı tərəkəmələrdən almışdı. Alıb gətirəndə möhkəm axsayırdı. Demək olar, yeriyə bilmirdi. Sağ qulağı da azca sallanmışdı. Elə bilirdim, ayağı sağalanda qulağı da düzələcək, amma düzəlmədi.

Çox arıq idi. Görünür, axsadığı üçün örüşə gedə bilməmiş, arxacın yan-yörəsində qurdalanıb ac qalmışdı. Atlar belədir – üç-dörd gün ac qaldımı, ətini tökür, yanları içəri batır. Omba sümükləri elə dik dayanmışdı, arxadan baxanda sanardın ortadakı bir az hündür üç dirəyin üstünə qırmızı palaz atmısan. Belinin iki barmağa qədər çıxmış sərt sümüyü incəsindən yalmanının altınacan uzanırdı.

Bu arıq, axsaq və sallaqqulaq atın adqoyma mərasimi xüsusi əlamətlərlə yadda qaldı. Bibimin əri Əlipaşa dayı əlində ağac özünü qapımıza yetirdi, atamı o ki var danladı, dedi, bu nədi almısan, bundansa qatırdan-ulaqdan alaydın, ya da bir keçi alaydın, uşaqlar sağıb südünü içəydi. Atam bel üstə düşmədi, dedi, mərcanlılardan elə keçi qiymətinə almışam, mıxa düşmüşdü, yeriyə bilmirdi, elatın köçən vədəsi dəyər-dəyməzinə satdılar. Əlipaşa dayı atın yüyənini möhkəm tutub yalmanını bir az sığallayandan sonra qəfil dala çəkilib onun qarnına möhkəm bir təpik vurdu, boş dayanmış heyvancığaz bu zərbəni gözləmirdi, hoppanıb düşdü, sancıdan qıvrıldı, Əlipaşa dayı gülüb dedi: “At deyil bu, Alaşadır!”

O arıq-axsaq atımızın adı Alaşa qaldı.

Əvvəl-əvvəl ağzımız alışmırdı bu sözə, zaman keçdikcə öyrəşdik.

Alaşa özü də öyrəşdi.

Axtalandığını biləndə lap gözümdən düşdü. Paçasının arasında təxminən barmaq uzunluğunda çapığı vardı. Güclə sezilirdi. Uşaq ağlımla axtalığı qavramağa çalışırdım. Lap balaca ikən elə bilirdim, o məlum çıxıntını dibindən kəsib götürürlər. Elə deyilmiş. Alaşanın əsas orqanı yerində idi. Hətta başqa atlar kimi aşağı salladığını da görmüşdüm.

Qulağının əyrisi yalnız qulaqlarını şəkləyib harasa diqqətlə baxanda düzəlirdi.

Qulaqları ilə görürdü Alaşa!

Onsuz da başının yanına sanki sonradan yapışdırılmış domba gözlərini bir-birinə uyğunlaşdırıb qarşıya baxa bilməzdi. Atam deyirdi, heyvanların əksəriyyətində belədir: inəkdə, dovşanda, keçidə... Bu, arxadan gələn təhlükəni görmək üçündür. Biz insanlar qarşımızı yaxşı görsək də, arxamızı görə bilmirik, arxamızı görməkdən ötrü gərək mütləq başımızı çevirək. Maşındakı yan güzgülər insanın bu çatışmazlığını tamamlayır. Əgər atlar maşın sürsəydi, yan güzgülərə ehtiyac duymazdı, əvəzində qarşını bizim kimi dəqiq görməzdi.

Alaşanın yaxşı qaçdığını kəşf eləyər-eləməz aramızda sevgiyə bənzər münasibət yarandı. Sonra onun kaprizləri ortaya çıxdı. Hər yaz vaxtı – aprel ayının müxtəlif günlərində Arana qaçırdı. Düz iki dəfə qaçmış, atam dalınca düşüb aşağı kəndlərdən qaytarmışdı. İlk qaçışında aprel yağışı yağıb narın damcıları ilə budaqların ucundan sırğa asmışdı. Alaşa “Qışlaq” dərəsi yenişə baxıb dərindən köks ötürdü. Yedəyimdə idi. Nəfəsi boynumu qarsıdı. Çevrildim ata tərəf. Qulaqlarını tam şəkləməsə də, harasa baxırdı. Onun duruşundan yaxına deyil, uzaqlara, çox uzaqlara baxdığını duyurdum.

Gərək həmin gündən hörükləyəydim – nə bilim?

İkinci ili heç birimiz gözləmədiyimiz vaxtda aradan çıxdı. Bunun bir şakər olduğunu onda anladıq.

Üçüncü il də belə...

Atam başılovlu gəldi, anama tərəf əsib-sovurdu, mənə acıqlandı, Əhməd əminin qarasına deyindi. Tərslikdən o, atamın rayondan göndərdiyi ismarışı bizə bir gün gec çatdırmışdı.

“Ayağımı bayıra atan kimi bu ev dağılır də!” – deyib təpiklə qapıya vurdu, çölə çıxdı, siqaret çəkən olsa, yüz faiz hekayənin bu yerində birini yandırıb damağına qoyardı, amma o, eynəyini çıxarıb gözünə taxdı və belində səhəng evimizin yanı ilə gedən Çimnaz xalaya baxdı. Çimnaz xala da çiyninin üstündən atama qıyqacı bir baxış atıb yellənə-yellənə addımladı. Atamın hirsi soyudu, üzündə təbəssüm dolaşdı, məni vecinə almadan gülə-gülə dedi: “Kənddə ilk lifçiyi bu qancığa satmışam! Gör necə nazlana-nazlana yeriyir...” Bərkdən şaqqanaq çəkdi. Çimnaz xala eşitdi onun səsini, amma çevrilib baxmadı. Atam da eynəyini çıxarıb şaqqıltı ilə qatladı və cibinə qoyub tövləyə keçdi. Kefinin açıldığını görüb mən də dalınca getdim.

Alaşanın boş qalmış yerində dayanıb deyinirdi: “Çox murdar xasiyyəti var, belə qaçmağı bir yana, nalladanda da mənə itin zülmünü verir, hər dəfə ayağına bir mıx vurmaqdan ötrü burdan Minkəndəcən aparıb çarmıxa çəkdirirəm, o da yaman baha çıxır, nalbəndlər üçqat qiymət oxuyur!”

Atam əsl dükançı kimi gileylənirdi. Əslində, gopa basırdı. O, Alaşanı yalnız qışda oduna aparanda nalladırdı. Meşə yolundakı buzda sürüşməsin deyə “Qadağlı nal” vurdururdu. “Qiblə bulağı”nın arxından keçəndə yedəyini məndən alırdı. Noxtanın yoğun ipini də bir az uzun tuturdu. Yəqin, at sürüşüb odunlu-zadlı dərəyə getsə, imkan tapıb ipi ağaca-kötüyə dolayacaqdı. Yüklə bir yerdə uçuruma yuvarlansa, ölərdi Alaşa, sağ qalmazdı.

Ayağını ilk dəfə xırçıltı ilə buza basanda dizləri necə titrədisə, həyəcandan gözümü yumdum. Açanda əvvəl uçuruma baxdım, amma at da, belindəki yük də, atam da buz bağlamış arxın o üzündə idilər. Atam Alaşanın alnını sığallayıb tərli sinəsini şapalaqladı: “Mənim kəhərim dizibərk imiş!”

Yiyəsinin ilk və son iltifatından razı qalan Alaşa əyri qulağını düzəldib boynunu şax saxladı.

Başqa vaxt il uzunu qaranal gəzirdi. Yayın istisində quruyub taxtaya dönən maşın yolu ilə çapanda tədricən qırağa – yumşaq otların üstünə çıxır, çəmənliklə qaçırdı. Ya da yolun tozlu hissəsinə meyllənirdi. Ona mane olmurdum – ayaqlarının ağrıdığını bilirdim. Çılpaq minəndə belinin sümüyü əzdikcə-əzirdi adamı. Canın çıxırdı. Bəzən ayaqlarının arası elə günə düşürdü, yol yeriyə bilmirdin. Ağrısı öz yerində, xoşagəlməz bir duyğu da yaşayırdın – elə bil dilinin altına turşməzə konfet şirəsi dağılırdı.

Yorulanda fırıldaq işlədirdi Alaşa: qəfil ya sağa ya sola sapıb səni boynundan atırdı. Onun başının üstündən, bəlkə, iyirmi-otuz dəfə dombalaq getmişdim. İncəvara yıxandan sonra qaçmır, yerində dayanıb qayıtmağımı gözləyirdi. Buna görə hirslənmirdim ona, təzədən belinə sıçrayıb çapırdım.

Alaşa ilə mənimki başqa sevda idi!

Atamla tövlədəki söhbətdən sonra bütün günü atın çarmıxa necə çəkildiyini düşünürdüm. Alaşanın Minkənd bazarında nallanmasına tamaşa eləmək ən mötəbər arzularımın siyahısına düşmüşdü.

Mənimlə bir az çox danışsa, atamdan çarmıx haqqında ətraflı soruşardım. Gecələr yatmazdan əvvəl, səhərlər yuxudan oyanan kimi yalnız çarmıx haqqında düşünürdüm. Görəsən insan kimi arxası üstdə bağlayırdılar? Təsəvvürümdə canlandırırdım, çox eybəcər mənzərə alınırdı. Bəs necə edirdilər? Əlim çənəmdə qalmışdım. Dərs oxuyanda, dərs danışanda, məsələ-misal həll eləyəndə diqqətim yayınırdı. Bir-iki dəfə müəllimdən soruşmaq istədim, uşaqların mənə güləcəyindən qorxdum. Anam isə heç nə bilmirdi. Kənd qızı olasan, gözünü açandan həyətinizdə at saxlayasınız, amma çarmıxa necə çəkildiyini bilməyəsən. Nə var-nə var, bunların atı ağıllı imiş, həyətdə özləri nallayırmış.

Hələ bir yalan da danışırdı: “Ayağını mən saxlayırdım!”

Gülmək tutdu məni: “Sən a! Qadınlığınla...”

Anam: “Mən nal vura bilmirəm axı? Mən tuturdum, rəhmətlik dədəm nallayırdı”.

Mən: “Yalan demə, gücün çatmaz at ayağını saxlamağa!”

Anam and içdi: “Salehin qərib yolları haqqı saxlayırdım!”

Anam belə and içdisə yalan deməzdi. Heyrətləndim: “Arxa ayaqlarını da?!”

Anam: “Bəs nə? İkisini nalladıb, ikisini yalın qoyacam?”

Mən: “Elə olanda nə olur?”

Anam “Olmaz” dedi, amma izahını vermədi. Kartof soyurdu əlində, suallarımla onu bezdirəcəyimi görüb məni başından elədi.

Saleh anamın tək qardaşı idi. Çitada əsgərlik çəkirdi. Bu yaz gələcəkdi. Vaxt azaldıqca anam lap çox darıxırdı ondan ötrü. Bizə yazdığı məktubların qırağına həmişə gül şəkli çəkirdi, anam o məktubları o qədər öpürdü, rəngləri qarışırdı.

Bir dəfə Alaşanı minib məhləmizin baş tərəfinə getdim, anama da dedim, çıxıb əlini alnına qoysun, desin, Ay allah, görəsən, Salehdirmi gələn? Sonra desin, yox, oxşatdım, o deyilmiş. Bir az yaxınlaşıb daha diqqətlə baxsın, fikri dəyişsin, desin, yox eee... odur, əsgərlikdə dəyişib, uzanıb, kökəlib. Sonra “Saleh! Sənə qurban olum!” deyib mənə sarı qaçsın, əlini yaylığının bağlanan yerinə atıb dartsın, yaylığı açılıb küləkdə uçsun, anam fikir verməsin ona, qaçsın mənə tərəf, mən də atdan sıçrayıb düşüm, yüyəni buraxıb anama sarılım...

Saleh olub anamı sevindirməkdən ötrü ürəyim gedirdi və bu tamaşanı Alaşasız heç cür təsəvvür eləmirdim.

Anamı o qədər bezdirdim, axırı Salehin gəlişi səhnəsini birlikdə oynadıq. Qadının heç qabiliyyəti yoxmuş: səsi necə yalançı çıxdısa, nəinki sözümüzün tutmasına, hətta onun Saleh dayımı çox istəməsinə şübhə eləməyə başladım. Hələ bir bəhanəsinə baxın: “Saleh yazda gələcək axı! Mən özümü o vaxta hazırlamışam. Yaz gəlsə sən deyən kimi çağıra bilərəm. Həm də Saleh atla gəlməyəcək, avtobusla gələcək, indi hansı zəmanədir?” Mən bilirdim, anam Alaşanı – bu arıq, axta, sallaqqulaq atı öz forslu qardaşına yaraşdırmırdı. Bəs nə! Onların atı ağıllı idi, kök idi, beli yəhər kimi yastı və rahat idi, üstəlik qulağı da düz idi... Tək onların yox, hamının atı belə idi, bircə mənim bəxtim gətirməmişdi.

Alaşanın əyri qulağının dərdini atamla bölüşmək istədim, güldü mənə: “Deyərəm, Mərcanlıdan qamış göndərərlər, qulağının içinə taxarıq, düzələr!”

Ağlıma batmazmı bu sözlər? Qamış görməyən uşaq! Düşündüm, bəlkə, mümkündür. Həm də atam əvvəl güldüsə də, sözləri ciddi dedi və deyib qurtarandan sonra da gülmədi.

Sevindiyimdən o axşam “Xalıxın yurdu”nun rahat çökəyində Alaşanı xeyli səyirtdim. Elə bil o da bu xəbərdən agah olub sevinmişdi. Uçurdu altımda. Səkirdi çəmənliyin üzü ilə. Sürəti artdıqca qulağı daha çox arxaya yatır, əyrisi daha çox düzəlirdi. O axşam məhləyə girəndə xəyalımda anam çölə çıxdı, mən istəyən səslə “Ay Allah, bu gələn Saleh deyilmi?” dedi, mənə sarı qaçdı, yaylığı açılıb düşdü, ona bənd olmadan qollarını açıb irəli şığıdı, mən də atdan sıçradım... Boynuna sarılırdım ki, həmişəki səsi pəncərədən eşidildi: “Atı yavaş sür, yıxar səni!”

Çox keçmədən Alaşanın başqa bir eybini də öyrəndim: kişnəmirdi! Axta atlar kişnəmirmiş. Vay aman! Tövlədə işləyən atamın üstünə hay-harayla qaçdım. Qaça-qaça allaha yalvardım ki, bu axmaq iddia yalan çıxsın. Heyhat!

“Əlbəttə, kişnəmir!” – and içirəm, atam olmasa, əlimdəki şallaqla başının ortasına birini çəkərdim. Alıb-gətirəndən bəri bu kişidən Alaşa haqqında bir ürəkaçan söz eşitməmişdim. Bəd xəbəri sevinə-sevinə verirdi. Kefimi pozmaqdan ləzzət alırdı zalım oğlu.

“Bəs niyə alırdın?” – az qala üstünə qışqırdım, dalınca ağlamsındım – “Axta, arıq, qulağı əyri, özü də kişnəmir” – xəyalımda tay-tuşlarım yolun qırağına düzülüb mənə gülürdü – “Heç kişnəməyən at olar? Camaat bizə nə deyər?”

Atam axura tərəf əyilib əlində nə isə düzəldirdi, halını pozmadan dedi: “Onu kişnətməyə almamışam ha! Meşədən yük gətirməyə almışam...”

Mən incik səslə: “Axtalanmamış alsan, yükü qoyub qaçardı?”

Atam işləyə-işləyə: “Qaçmazdı, amma fikri-zikri madyanların yanında qalardı, bütün günü kişnəyib baş-beynimizi aparardı!”

Özümü yerə çırpıb ağlamaq istədim, təəssüf yaşım bu qədər balaca deyildi. Atın kişnəməsi kimi əvəzsiz bir gözəlliyə atamın münasibətinə baxın. Axı mən niyə onun oğlu kimi gəldim dünyaya? Atı kişnəyən o qədər yaxşı adamlar var ki! İlahi, nə olar, şəhərə gedəndə maşın vursun atamı, ya da camaata bahalı qənd-çay satdığı üçün milislər tutub aparsın...

Tanrı məni eşitdi, axuru düzəldib ayağa qalxmaq istəyəndə başı atla inəyin arasına dolayı qoyulmuş ağaca dəydi: dap! Kepkası düşdü. Gözünün birini qıyıb əlini ağrıyan yerə atanda sevindiyimdən gülümsədim.

Alaşa ikinci dəfə qaçandan bir gün əvvəl, axşam “Qışlaq”ın dərin dərəsi ilə xısın-xısın dağlara sürünən yaz çisəyinə baxıb içini titrətdi. İçində kişnədi – bildim! Səsini çıxarmadan. Yaz intizarını belə ovutmaq istədi. Görünür, mümkün olmadı. Mən yazın dağlara – arana doğru uzanan dərin dərələrdən gəldiyini onda anladım. Atam deyirdi, yaz meşədən gəlir, əsriyir meşə, içini dalğalandırıb tumurcuqları canından tər damcısı kimi çıxardır, beləcə doğur təbiət, ətrafa yeni həyat bəxş edir. Anam deyirdi, torpağın altından çıxır, çünki bu dünyada hər şey torpaqdan yaranır. Mənsə yazın göydən endiyini düşünürdüm. Göyün ayazı vuranda otlar qorxusundan torpağın altında gizlənir, tumurcuqlar buğda boyda düyməsinə çəkilib kiriyir, ilanlar yuvasına, insanlar qalın paltarına sığınır, ulu göylər, uca göylər buz nəfəsini yumşaldanda hər şey öz gizləndiyi yerdən çıxır – ot torpaqdan, tumurcuq düymədən, ilan yuvadan, insan qalın paltardan... Atlar da qalın tüklərdən təmizlənib, təzə, xırda, hamar məxmərə bürünür. O ilıq aprel axşamı Alaşanın genələn burun pərləri, uzanan boynu və titrəyən içi mənə başqa bir həqiqətin dərsini keçdi: yaz dağlara Arandan gəlirmiş! Şəxsən bizim həyətə “Qışlaq” dərəsi yoxuşa sürünüb gəlirdi, ona görə əvvəl çayın qırağındakı alçalar çiçəkləyirdi, sonra bir az hündürdə yerləşən taladakılar, ən axırda bizim həyətdəkilər. Yaz yağışı da o ərəfələrdə yağırdı və elə narın yağırdı, çiçəkləri incitmirdi, təbiətin üzünə çilənib onu qış yuxusundan oyadırdı. Alaşa da onda cana gəlirdi, qaçmaq onda yadına düşürdü mənim sallaqqulaq sirdaşımın.

Etiraf edirəm, bəlkə, kişnəyər deyə onu bir dəfə madyan yanına aparmışam. Gözəl bir səmənd idi. Uzun boynu, səliqəli yalı, incə ağzı-burnu, nazik ayaqları, ətli-yumru əndamı vardı. Tüklərini sanki kərə yağı ilə sığallamışdılar. Madyan özü gəlib Alaşanı qoxuladı, dodaqlarını onun burnuna toxundurdu. Madyana ağız atdı səfeh. Bu, öpüşmək deyildi, onu qovurdu yanından. Ardınca dalını çevirib otlamağa başladı. Qarınqulu! İmkanı ola rastına çıxan bütün çəmənləri yeyib bitirərdi. Barı kökəlsə, adam yanmazdı.

Səmənd madyan geri çəkilib başını buladı, ora-bura baxdı, adamın ürəyinin telini titrədən incə səslə kişnədi. Həyəcandan gözüm qaraldı. Alaşanın tükü də tərpənmədi. Səmənd madyan da məəttəl qalmışdı bu işə. Xəyalımda onları kişiyə-qadına çevirdim – and ola Allaha, bu qadın bu kişiyə baxmazdı! At idi baxdı. At idi mərhəmət elədi. Bu da cavabı. Bəlkə, dolayırdı Alaşanı? Dolayırdı və Alaşa da bunu hiss edirdi. Çoxbilmiş əyriqulaq! Kitabların yazdığına baxmayın, atlarda yumor hissi də var, zarafat duyğusu da. Alaşada da vardı. Sadəcə, bu hisslərin hamısını içinin dərinliyinə gömmüş, üstündən çoxlu ot-alaf yemişdi. Beləliklə, yalnız yük və adam daşıyan canlı mexanizmə çevrilmişdi. Birc köks ötürməyi vardı. Bir də arada lülüşünü boş yerə sallayıb adamın ağlını qarışdırmağı.

Səmənd madyana heç burnunu da toxundurmadığı halda qaşqa bir at quyruğunu və boynunu həddən artıq yuxarı qaldırıb fınxıraraq Alaşanın üstünə cumdu. Onu boğazlayıb arxası üstə yıxacaqdı, son anda birtəhər dönüb qaça bildi. Soncuğu da qaçıb qurtulandan sonra havaya atdı. Elə bil döyüşçü meydandan qaçır, daldada göyə güllə atır. Gedib tutdum birtəhər. Boynunu qucaqladım. Necə qorxmuşdusa bütün bədəni əsirdi.

“Xəbərin var, son günlər kitab üzü açmırsan? Bu şilxor yabı ağlını başından alıb” – anam əsl üzünü göstərdi tezliklə.

Onun satqınlığı da varmış – söhbət gedib atama da çatdı: “Bala, oyuncaq deyil o, atdır! Əl çək yazıq heyvandan. Elə eləmə aparıb yiyəsinə qaytarım!”

Ay Allah, guya yazığı gəlirdi Alaşaya! Bu heç, bu yalan idi, bəs yiyəsinə qaytarmaq nə idi? Kim idi Alaşanın yiyəsi? Biz deyildik? Pul verib aldığın heyvan sənin deyil bəyəm?

Atamın quşu axıracan qonmadı Alaşaya. Heç vaxt ürəklə minmədi. Ögey baxdı ona. Öz malı saymadı. Buna görə təzə yəhər-yüyən də almadı. Ora-bura da Əhməd əminin daranqlet “Jiquli”sində gedirdi. Anlamırdı ki, o da maşınların Alaşasıdır.

Atlar lal da olurmuş – alın bu da sizə növbəti sürpriz. Ata-anamın yekdil qərarına əsasən Alaşa ilə ünsiyyətimi xeyli məhdudlaşdırsam da, altdan-altdan maraqlanırdım. Lal atlar kişnəmirmiş. Onlar həm də eºitmirmiº. Ancaq Alaºa, misal üçün, arpa qabının dınqıltısını nəinki eşidir, həm də tanıyır, səsini burnunda-boğazında qaynadıb yemək arzusunu rahatca ifadə edirdi. Öz adını da bilirdi. Ucadan “Alaşa” dedinmi, ya qulaqlarını xəfifcə oynadır, ya da başını yerdən qaldırırdı.

Atam qonşunun sarı kəhərini, mən əmimin göydəmirini minib səhər qaranlıqlı Alaşanın dalınca çıxdıq. “Qıqqının daşı”na çatanda kişi atdan düşdü, yanaşıb əlini sevgi ilə daşın üstünə qoydu, sağına-soluna diqqətlə baxdı: “Keçmiş zamanlarda şorgöz bir bəy varmış, onun-bunun arvadına tamah salırmış, hər yaz gələndə bizim camaat bu daşın başına yığışır, bəyin qəflə-qatırını o üzə buraxmırmış...” – bir az dayanıb ah çəkdi – “Namus səngəri imiş “Qıqqının daşı!”

Yüz ilin tanışı kimi əlini ərklə daşın kürəyinə vurdu. Mən atamdan “Qıqqı” sözünün mənasını soruşdum. “Bilmirəm,” – dedi – “amma, mənə elə gəlir, həm də bilirəm” – qaşının birini qaldırıb azca fikrə getdi – “Bəlkə də, adam adıdır, amma mən bu sözdə sanki dar bir çığır, keçid, uçurumlu yol görürəm...”

Doğrudan da, ətraf atam deyən kimi idi – enli köç yolu “Qıqqının daşı”nın yanında sıxılıb bir-iki addımlıq dar keçiddən keçirdi. Sağı da, solu da uçurum idi. Daş hər iki uçurumun qaşında mühafizə köşkü kimi dikəlirdi. Atam eynəyini taxdı, daşın dibi ilə sivişib gedən qumsal yolu diqqətlə yoxladı, çömbəlib barmağını nəyinsə üstünə qoydu, sonra durub yola baxa-baxa addımladı. O, az-az göyərmək istəyən balaca bir ot talasına çıxıb dayandı: “Burdan keçib çərdəymiş! Dalınca da canavar düşüb. İnşallah qabaqda leşini görərik!”

Alaşanın əyri qulağını canavarın ağzında təsəvvür elədim, sümüklərim uyuşdu.

“Bizim at olduğunu hardan bilirsən?” – atamın məntiqini yoxlamaq istədim.

“Budu ha,” – qumsalda aydınca bilinən at izini göstərdi – “qabaq sol, arxa sağ ayağı nalsızdır, qalan iki ayağında qadağları yeyilmiş nal var... Əyrisi də bilinir...”

“Başqa qaranal at gedə bilməz burdan?” – şübhəm ötüb keçmirdi.

“Yox! Yiyəsiz at bu vaxt burda nə gəzir?” – atam bir az hirsləndi deyəsən.

“Yiyəsiz?” – təəccübləndim. Bəlkə, atın üstündə adam varmış, atam onun yiyəsiz olduğunu hardan bilirdi?

“Əlbəttə, yiyəsiz! Atın üstündə adam varsa, dalınca canavar düşməz!” – əminliklə söylədi, bu dəfə inandım ona.

Uçurum qurtaran kimi sağa bir çığır sapır, azca irəli gedib qəfil arxaya dönür, dağın yaxası ilə çəpəki üstündə iki-üç ağac bitmiş balaca təpəyə uzanırdı. Atam atı yedəyinə alıb cığırla düşdü, mən də əmimin göydəmirini onun ardınca sürdüm.

Cığır geri qayıdıb “Qıqqının daşı”nın tuşunda sızğa bir bulağa çıxdı.

Bulağın üstündə qalın kürk geyinmiş bığlı bir kişi oturmuşdu. Yəhərli-yüyənli boz atını qolbənd eləyib yaxınındakı hələ otu çıxmayan çəmənliyə buraxmışdı. Atam ona sanbalına uyğun salam verdi, kişi də eyni ahənglə salamı alıb gülümsündü. Atamın bulağa əl uzatdığını görəndə ciddiləşdi: “Yalan danışan adamsansa, içmə o sudan!”

Atam ovcunda su quruyub qaldı və altdan yuxarı bu qəribə adama baxdı.

Bığlı kişi: “Bunu demək borcumdur. “Əli bulağı”nın suyundan içib yalan danışmaq olmaz. Fəda olduğum vaxtı ilə bizim dağlara gələndə arpa çörəyini bu bulağın suyunda isladıb yeyib...”

Atam ovcunda su dik dayanmışdı, su əlindən asta-asta axıb gedirdi. Bığlı kişi onun diqqətlə qulaq asdığını görüb davam elədi: “Mənim bir qohumum bu sudan içib saatı çoban yoldaşına səhv demişdi, ağzı əyildi, düz yeddi gün acqarına Beyləqandakı imamzadə məscidinə gedib tövbə edəndən sonra düzəldi”.

Atam ovcundakı suyu bulağın arxına buraxıb əllərinin son damcılarını da çırpdı. Bığlı kişi hələ susmamışdı: “Yalan danışmayan adam “Əli bulağı”nın suyundan içə-içə nə dilək diləsə, həyata keçər!”

Mən əvvəl sudan çəkindim, lakin şirin, zümzüməli axışına baxanda canımda bir istilik dolaşdı, əllərimi, dizlərimi yerə atıb ağzımı suya söykədim. Özümdən asılı olmadan əvvəl öpdüm suyu, sonra içdim, içə-içə Alaşadan ötrü Allaha dua elədim. Qalxanda bığlı kişi atamla üzbəüz dayanıb danışırdı: “O arıq kəhərin dalınca gəlmisən?” – cavab gözləmədən əlavə elədi – “Dünən axşam burdan keçdi” – gülümsündü, gözləri qalın qaşlarının altında parıldadı – “Anan namaz üstə imiş, canavar çox hərləyib, yeyə bilməyib, amma tamam əldən salmışdı, qan-tərin içində idi. İstədim tutam, əl vermədi, üstdən-aşağı yelləndi, elə bil kimsə çağırmışdı onu, çox tələsirdi, düzünü desəm, özbaşına belə yeyin yeriyən at görməmişəm”.

Atam arxayın səslə: “Yazı qarşılamağa gedir!”

Kişi tutuldu: “Yaz? Nə yaz?”

Atam: “Yaz də, bahar, vesna!”

Yaşlı kişi qaşlarını qaldırdı: “Hmm... Harda qarşılayacaq?”

Atam: “Araz qırağında. İndi oralar yamyaşıldır. Düzü, at olsam, mən də qaçardım ora!”

Yaşlı kişi: “Ha-ha-ha! Elə insan kimi də bir yerdə durana oxşamırsan, amma incimə, atın axmaq atdır!”

Atam: “Qulağının əyriliyinə görə deyirsən?”

Yaşlı kişi gözlərini yumub başını buladı: “Yox-yox! Mən belə şeyi başa qaxmaram. Ağlı yoxdur atının! Qış uzunu dözüb-dözüb, yaza beş-on gün qalmış qaçır, özünü yiyəsinin gözündən salır” – əlindəki simli qamçını üzüaşağı uzatdı – “Budu ha, yaz gəlib Cicimliyə çatıb, uzağı bir həftəyə burdadır!”

Atam razılıqla başını tərpətdi: “Ölənlərin rəhmətlik! Səbir yaxşı şeydir.”

Bığlı kişi: “Yəqin dəyər-dəyməzinə satarsan onu”.

Atam: “Mütləq. Alan olmasa, ətə verəcəm”

Bığlı kişi: “Qınamıram səni. Atın gəzəyəni arvaddan da pisdir”.

Atamdan növbəti ürək sındıran Alaşa açıqlaması. Başa düşə bilmirdim, adamlar öz atlarını necə sata bilirdilər? Yazıq heyvanın sonrakı taleyi necə maraqlandırmırdı onları? Bu idimi dünyanın etibarı? Hələ bir ətə vermək də varmış... Yəni qoyun kimi kəsmək... Kolbasa sexinə göndərmək... Sonra da süfrədə dilim-dilim doğrayıb yemək... Dəhşətdir!

Atam sarı kəhərə yanaşdı, xurcundan anamın yemək bağlamasını çıxarıb mənə verdi, bığlı kişiyə tərəf dönüb ərklə söylədi: “Gəlin bir qismət çö...” Səsi batdı birdən. Əli xurcunda heykələ dönüb qaldı. Mən də çönəndə yanımızda heç kim yox idi. Yaşlı kişi atını da götürüb getmişdi. Nə təpədə görünürdü, nə cığırda, nə də köç yolunda. Atam çaşqınlıqdan bilmədi nə desin, dönüb məndən şəhadət istədi: “Sən də gördün o bığlı kişini?”

Udqundum. Necə görməmdim? Bayaqdan söhbətləşmirdilər?

Atam elə ciddi soruşdu, özüm özümdən şübhələndim.

Bulağın üstündə oturub çörək yedik. Atam həm çənəsi şaqqıldaya-şaqqıldaya pendir-çörək çeynəyir, həm də danışırdı: “Kişi düz deyir, mən də eşitmişəm bu bulaq haqqında. Keçmişdə heyvanı itən adamları inandırmaq üçün oğruları bura gətirirmişlər. “Əli bulağı”nın üstündə heç kim yalan danışmırmış...”

“İndi niyə gətirmirlər, indi oğru yoxdur?” – mən soruşdum.

“Var, niyə yoxdur, indi lap çoxdur, həm də indinin oğruları burda da yalan danışırlar, mən dediyim saf oğrulardır” – atam cavab verdi.

“Oğrunun da safı olur?” – yenə mən idim.

“Olur, olur, baxır insafı haracan itirirsən. İndiki oğruların dilini ancaq milis bilir, tutub bir-iki dubinka vuran kimi hamısı dil-dil ötür!” – güldü atam.

Söhbət edə-edə onun üzünə diqqətlə baxırdım, deyirdim, nə yaxşı sudan içmədi, yoxsa çoban yoldaşını aldadan kişi kimi ağzı əyilib qulağının dibinə gedərdi. Özüm isə yenə bulağa qaçıb bir ovuc içdim. İçə-içə yenə eyni duanı elədim: Alaşanı canavar yeməsin, onu sağ-salamat tapaq!

Atlara minəndə atam ətrafı gözdən keçirdi, onun bığlı kişini axtardığını düşündüm, çünki mən özüm də gözlərimlə onu axtarırdım, amma atam astadan köks ötürüb tamam başqa söz söylədi: “Buraları yazda görəsən... Çox gözəl olur...”

Göydəmir qoçaq at idi, amma bir az narahat yeriyirdi, yorğası cəhənnəm, qədəm yerişi də yox idi, eləcə şortdaqlayırdı.

Bütün xəritələr yalanmış! Ən irisində Həkəri çayı ilə aramız dırnaq sədəfi boyda görünürdü, indi get... get... bitmirdi. Çaya axşam gün batanda çatdıq. Burda alçaların hamısı çiçəkləmişdi. Sağda-solda ala-tala bahar otları gözə dəyirdi. Yaz tamam gəlməsə də, nəfəsi aydın duyulurdu. Atam sarı kəhəri çayın sahilindəki böyük işıq stansiyasına sürdü, İsi adında bir adamı soruşdu, dedilər, buralardadır. Mən ömrümdə bu boyda stansiya görməmişdim. İçinə girsən, cərəyan vurmasından çox itib-batmaqdan qorxardın. Görən İsi kişi hörümçək toruna bənzəyən bu qarmaqarışıqlığın içindən necə çıxıb gələcəkdi? Ümumiyyətlə, bu boyda aparatın, məftilin, şnurun, şüşə və dəmir yığınının içinə girib təzədən geri qayıtmaq mümkün idimi? Sehrbaz olmalı idi İsi deyilən kişi... Amma sadə adammış... Arıq, uzun, güləş çöhrəli... Atamla tanış imişlər... Atı soruşan kimi güldü, “Budu ha burdadır, vaqonun arxasında otlayır” – dedi.

Alaşa Həkərinin sahilindəki işıq stansiyasına bu gün səhər gəlib çıxıbmış. Çox yorğun imiş, yaşıl otlardan bir az yeyib yatıb, günorta durub təzədən otlamağa başlayıb. Görünür, burda həm otlamaq, həm də dincini alıb güc yığmaq istəyirmiş. Xəyalında da Araz qırağının yamyaşıl çəmənlikləri...

Görəsən, Alaşa niyə işıq stansiyasına gəlmişdi? Məncə, o bu dəmir-dümürün arasında həm atamdan, həm də canavardan gizlənirdi. Vaqona yaxınlaşdıqca bir tərəfdən Alaşanı görəcəyimə sevinir, bir tərəfdən də atamın onu tapmasını istəmirdim. At olanda nə olar, onun da arzuları, xəyallar vardı...

Bizi görəndə dikəldi. Gözlərinə inanmadı. Atam fürsəti əldən verməyib onu tutdu, başına ip saldı. Alaşa necə içdən köks ötürdüsə, ürəyim titrədi. Əlimdə imkan ola, ipini açıb dərə yenişə ötürərdim. Atam hirsli idi ona. Bir neçə dəfə dırnağına söydü. İpi boynuna salandan sonra bir şallaq da vurdu. Alaşa başını azca yana qaldırıb gözlərini qırpmaqla kifayətləndi.

Günahkar olduğunu bilirdi.

Gecə qarovulçu vaqonunda qaldıq. Kartof qızartması yedik. Atamla İsi kişi çaxır da içdilər.

Səhər tezdən qalxdıq. Atam yəhəri Alaşanın belinə basıb onu mindi, qonşunun sarı kəhərini yedəklədi. Hoçazın yoxuşuna dikləşəndə Alaşa fürsət tapıb başını arxaya çevirdi. Həkərinin axarına doğru necə həsrətlə baxdısa, mən də ixtiyarsız o səmtə döndüm. Yaz bir anlıq insan kimi gülümsündü, mənə də, Alaşaya da əl elədi. Sanki bizə deyirdi: getməyin, hələ tezdir, bir az gözləyin, dağlara birlikdə qalxarıq. Atam təpinib Alaşanı yoxuşa diklədi, bu dəfə atın yerinə mən köks ötürdüm. Dərə boyu qıvrılıb axan Həkərinin yaz nəfəsli sahilləri məni kürəyimdən çəkdikcə Alaşanın baş alıb aşağılara qaçmaq ehtirasını daha dərindən anlayırdım.

Yoxuşun düz ortasında atam göydəmirə də dinclik verib məni sarı kəhərin belinə mindirdi.

Alaşaya dincəlmək düşmürdü.

Qayıdan baş yenə “Əli bulağı”nın üstündə çörək yedik. Gözüm yenə bığlı kişini axtardı. Görünmürdü. Yəqin yaz gəlib buralara çatanda kürkünü əynindən çıxarıb biryolluq qayıdacaqdı. Dilində də tanış sözlər: “Yalan danışansansa bu sudan içmə! Mənim bir qohumum saatı yalan dediyinə görə...”

Yazla bir yerdə “Əli bulağı”na çoxlu adam gələcəkdi, hamıya bu sözləri söyləməkdən ötrü gərək axşamacan bulağın başında oturaydı.

Atam məni fikirdən ayırdı: “Bilsən, Alaşanın qaçacağını harda bildim?”

“Harda” – atama bir az da yaxın oturdum.

“Raypo”da”! – yuxanın arasına pendir və soğan dilimi qoyub bükdü, ağzına dürtüşdürüb iştahla çeynədi. “Raypo”nun hara olduğunu bilirdim – bütün mallar kənd dükanlarına oradan paylanırdı.

Atam: “Anbara qəşəng ipək parça gəlmişdi; rəngi gömgöy, üstündə xırda qırmızı güllər... Qiyməti də camaata uyğun. Nə illah elədim onca metr vermədilər, dedilər, sizin mağazanız balacadır, bu mal böyük mağazalar üçündür” – boğazını arıtladı, elə bil “Əli bulağı”na şikayət edirdi – “Halbuki parçadan üç-dörd nəhəng taya vurmuşdular” – güldü – “Mən də çıxıb küçədəki avtomat telefondan birbaş raykomun qəbul otağına zəng elədim. Xoşbəxtlikdən dəstəyi yoldaş Cabbarov özü götürdü!” – yenə güldü – “Dedim, Muradxan müəllim, biz adam deyilik bəyəm, bizim arvadlar qırmızı naxışlı don geyinə bilməzlər? Sağ olsun, dedi, heç kimə fikir vermə, qayıt “Raypo”ya! Getdim, gördüm, məni axtarırlar... Düz yüz metr götürdüm o parçadan!”

“Gətirdin?” – maraqla soruşdum.

“Birinci gün! Maşını o vaxta ayırıblar. Un da gətirəcəm. Hamısı hazırdı. Amma hələ pulunu verməmişəm...”

“Raypo”dan ayın-oyunu pulla alırsız?” – uzunçuluq eləyən yenə mən idim.

Atam “Əli bulağı”na baxıb udqundu, gözlərini süfrəyə dikib həvəssiz-həvəssiz cavab verdi: “Almırıq, beşdən-üçdən hörmət eləyirik, adət belədir”.

Birdən səsini qaldırdı: “Parçanı ölçüb qırağa qoyanda əlim dinc durmadı, qırmızı gülləri sığalladım, sığallayan kimi Alaşa düşdü yadıma” – qəhqəhə çəkdi – “Dünyanın qəribə işləri var... Gör ipək parça hara, Alaşa hara? Onda bildim, qaçacaq. Mən maşına görə rayonda qaldım, Əhmədə dedim, get evə xəbər ver. O da sağ olsun, iş-işdən keçəndən sonra deyib...”

Məni maraq bürüdü: “Görəsən, Əhməd əmi niyə belə eləyib?”

Atam ağzına yarım yumurta sarısı atıb səsini qaldırdı: “Nə bilim?! Əhməd dəqiq adamdır. Amma nədənsə hər il yazağzı belə qəribə hərəkətlər edir, elə bil havalanır...”

Durana yaxın fürsət tapıb atamdan atın çarmıxa necə çəkildiyini soruşdum, dedi, çox sadədir, iki vur ikidir, sadəcə, nalbəndlər pul qazanmaq üçün hoqqa çıxardırlar. Necə hoqqa? Bax, bunu demədi.

“Qıqqının daşın”a çataçatda Alaşa qəfil ayağını dirədi, atam üstündə irəli-geri getdi, yüyəni çəkib tarazlığını düzəldən kimi ayağı ilə dəhmərlədi, Alaşa tərpənmədi, elə bil maşının əl əyləcini axıracan çəkmişdin, yerə mıxlanıb qalmışdı. Kişi bir az düşünəndən sonra ayaqlarını bir də atın qoltuqlarına, şallağını bir də boynuna-ombasına vurdu, Alaşa quyruğu ilə qövs cızaraq açıqca etiraz elədi. Atam hirslənib onun yanbızına daha möhkəm bir şallaq çəkdi, bu dəfə aşağıdan soncuqlayıb qabaq ayaqlarını qumsala daha bərk dirədi. Nə baş verirdi? Yoxsa onun növbəti axmaq xasiyyəti ortaya çıxırdı? Atam yerə düşdü, atın yüyənini bərk-bərk tutub onun təpəsini-gözünü şallağın ağzına vermək istədi, at gözünü qırpıb başını sağa-sola yayındıranda, deyəsən, ona yazığı gəldi, mən də ixtiyarsız “Ata, vurma!” deyincə, kişi yumşaldı, yüyənin ucunu mənə verib ehtiyatla daşa doğru addımladı, sağına, soluna, altındakı balaca deşiyə baxdı, eynəyini taxıb dar keçiddəki izi-çəhlimi yoxladı, təhlükəli bir şey tapmayıb yanımıza qayıtdı. Alaşanı bu dəfə yedəyində “Qıqqının daşı”na tərəf çəkdi, at eyni yerdə yenə ayaqlarını dirəyib dayandı. Nə fikirləşdimsə, qonşunun sarı kəhərini qabağa salıb daşın yanındakı dar yolağı qadasız-bəlasız keçdim. Yalnız bundan sonra Alaşa atamın yedəyində “namus səngəri”ni adladı.

O həftə sonu atam Alaşanı Minkənd bazarında iki yüz manata satdı. Amma pulla bir yerdə atı da evə qaytardı – elat yaylağa köçəndə gəlib qapıdan aparacaqdılar. Pulun əlli manatını “Raypo”ya verib istədiyi malları gətirdi. İpək parçadan iki metr də anama bağışladı. Anam çox sevinirdi.

Yaz hər yanı bürümüşdü artıq.

Yaxın-uzaq dağlar atamdan güllü parça alıb əyninə geyinmişdi.

O günlər qonum-qonşu yazın ilk toyuna yığışdı. Çimnaz xala atamın gətirdiyi naxışlı parçadan qəşəng bir don geyinmişdi. Ortalığa düşüb necə sındırırdısa, hamının gözü onda qalmışdı.

Çimnaz xala lap balacalıqdan məni hər görəndə möhkəm öpür, dişləyir, yanağımı sıxıb ağzı sulana-sulana “usss!” eləyirdi. Əl çəkdiyini düşündüyüm an təkrar qamarlayıb yumşaq döşlərinə sıxır, aslan-ceyran misalı boyun-boğazıma dalırdı. Öldürürdü məni ləçər! Diri-diri basıb yeyirdi. Mən böyüdükcə xasiyyəti bir az yumşalsa da, yenə arada tutanda öpür, yenə dişləyir, yenə yanağımı çimdikləyirdi. Məktəbə gedib-gələndə hərdən rastlaşırdıq. Qaçış yox idi Çimnaz xanımdan! Bir-iki dəfə cəhd elədim, döşləri atıla-atıla dalıma düşüb tutdu. Tutdu və daha bərk öpüb-dişlədi. Canım ağzında getdi. Bir-iki dəfə də Alaşanın belindən düşürüb öpmüşdü. Atla da qaça bilmirdim Çimnaz xanımdan.

Toyda oynayandan sonra ilk dəfə qarşılaşanda Alaşanın belində örüşdən gəlirdim. Ömrümdə ilk dəfə məni öpməsini, həmişə gözəl ətir qoxuyan sinəsinin yumşaqlığına sıxmasını istədim, buna görə yanından keçəndə atı xeyli yavaşıtdım. Elə bil duydu istəyimi, mənə baxıb gülümsündü, “Maşallah yekə oğlan olmusan!” deyib yanımdan keçdi... və getdi.

Dərhal xəyalımda Çimnaz xalaya bənzəyən sevgilimi Alaşanın belində yaylağa qaldırdım. Tərkimə minmiş, qollarını ortama dolamışdı, yaylığını külək yellədirdi...

Evə gələndə dolayı otağımızın yarıaçıq qapısından atamla-anamı gördüm – atam stolda oturmuşdu, anam evi yalandan yığışdıra-yığışdıra hikkə ilə danışırdı.

Ayağımı saxlayıb sinsi-sinsi qulaq asdım.

Anam: “Onun pulu nə gəzir, ala o parçadan, əyninə o cür don tikdirə?!”

Atam: “...”

Anam: “Adam ailəsini onun-bunun ayağına verməz...”

Atam: “...”

Anam: “Biz belə danışmışdıq? Bu idi bir-birimizə etibarımız?”

Atam: “...”

Anam: “Niyə dinmirsən, üzün yoxdu danışmağa?”

Nəhayət, atam vəziyyətə heç uyğun gəlməyən çox sakit səslə cavab verdi: “Hər deyilənə inanma, ay arvad, quşbeyin olma!”

Anam hikkəsindən hönkürüb ağladı və ağlamaqdan dəyişib eybəcərləşən səsi ilə qışqırdı: "Bu gələn yazdan istəmişəm, alıb məni aparsın, azadlığa çıxasan!"

O gecə Alaşanı da apardılar.

Mən də tövlənin o başına – Alaşanın boş qalan yerinə gedib ağladım.

Axurunda hələ də ot-saman vardı.

...Dolayı otağımızda yatmışdım. Qəfil bir yaz sıxıntısına yuxudan ayıldım. Gözümü açanda anam ipək parçanı çarpayının üstünə sərib qırmızı güllərini asta-asta sığallayırdı...