Susurdu sünbüllər hər axşamçağı – Günün şeiri

Susurdu sünbüllər hər axşamçağı   – Günün şeiri

10 Fevral 2022 10:11 317


Pencək
Könül Arif

Bir qadın vardı -
Havalıydı.
Axşamlar oğrun-oğrun
Zəmidəki müqəvvaya
Yemək aparırdı.

Demə,
Müqəvvanın çiyninə
İtkin oğlunun pencəyi salınmışdı...

Qadını görcək zəmidəki qarğalar
Qoynuna sıxıb yavrularını
Elə heeey
Üzüyuxarı baxırdı.

Ağlayırdı qarğalar qadına,
Qarğa dilində
Ağlayırdı...

Susurdu sünbüllər hər axşamçağı,
Qucurdu zəmi torpağı
Sinəsinə düşüb unudulan
Əzik-çürük buğdaları...

Ötürürdü küləklər bir-birinə,
Öpürdü küləklər cümlə-cümlə
Ana laylasını:

"Bu tikəni də ye, balam,
Ye ki, rahaaat yatasan.
Ağlayır, bax, qarğalar -
Hamısı da acdı ha,
Ye! Qalmasın onlara..."