Vəziyyətə uyğunlaşmaq haqqında - Seymur Baycan

Vəziyyətə uyğunlaşmaq haqqında   - Seymur Baycan

08 Martt 2024 09:37 1378


Hörmətli Mirmehdi bəy yazır: “Hələ də rus sözlərini gündəlik dilimizdən silib ata bilmirik. Gündəlik danışıq dilimizə fikir versək, istifadə etdiyimiz sözlərin rahat 30-35 faizi rusca olur”.

Əvvəla, 30-35 faiz çox şişirdilmiş rəqəmdir. Mirmehdinin rahat təhrif edilmiş rəqəmlərindən belə çıxır ki, azərbaycanlılar danışanda hər üç sözdən bir rus sözlərindən istifadə edirlər. Mirmehdi bu faizləri, bu statistikanı haradan alıb? Xahiş edirəm, dəqiq mənbə göstərsin.

İkincisi, küçədə, avtobusda, evdə rus sözlərindən istifadə edən adamlar efirdə rus sözlərindən istifadə etmirlər. Ən azı efirdə rus sözlərindən istifadə etməməyə çalışırlar.

Məsələn, yaxınlarda bir aparıcı efirdə rus sözü işlətdi. Tamaşaçılardan üzr istədi. Özü də bir dəfə yox, iki dəfə üzr istədi. Amma həmin verilişdə həmin aparıcı Akop Martayanın uydurduğu sözlərdən dəfələrlə istifadə etsə də, heç kimdən üzr istəmədi. Akop Martayanın uydurduğu süni, saxta sözlərdən istifadə etdiyinə görə heç kimdən üzr istəmək ağlına gəlmədi. Buna ehtiyac hiss etmədi.

Bu çox vacib məqamdır. “Rus sözlərindən də istifadə edirik” deyən şəxslər bu vacib məqamı, xahiş edirəm, nəzərə alsınlar. Ümumiyyətlə, Azərbaycan dilinin rus dilinə qarşı immuniteti var. Rus dili Azərbaycan dilini məhv edə bilməz.

Onu da mütləq qeyd edim ki, adamların rus sözlərindən istifadə etmələrini heç vaxt təqdir etməmişəm. Belə bir şey yadıma gəlmir. Əksinə, ayrı-ayrı yazılarda, müxtəlif vaxtlarda rus dilini Azərbaycanda sıxışdırmağın yollarını göstərmişəm.

Mirmehdi bəy yazır: “Ona təəccüblənirəm ki, əvvəllər alovlu beynəlmiləl kimi camaata dərs keçən Seymur dostumuz nədənsə türk dilində reformlar edən Akop Martayanın erməni olmasını əlində dəstəvüz edir”.

Şəxsən mənim Akop adı, Martayan soyadı ilə heç bir problemim yoxdur. Akop adını, Martayan soyadını tez-tez yazmaqla Akop Martayanın uydurduğu sözlərdən danışığında, yazısında istifadə edən adamların riyakarlığına işarə vururam. Bir yandan guya ermənilərə nifrət edirlər, digər yandan isə Azərbaycan dilini erməninin yaratdığı süni, saxta, uydurma dilin ayağına verirlər. Bu riyakarlıq, bu “çevrilmə”, bu “qıvraqlıq” mənə qəribə görünür.

Mirmehdi yazısında mənim əsas sualıma cavab verməyib. Əsas sualdan yayınıb. Əsas sual isə belədir:

Niyə mənim dilim aşınmaya məruz qalmır, amma Mirmehdinin dili Akop Martayan türkcəsi tərəfindən aşınmaya məruz qalaraq moltanı dilinə çevrilib? Niyə mən Akopun uydurduğu sözlərdən istifadə etmirəm, amma başqaları Akopun uydurduğu sözlərdən gen-bol istifadə edir? Niyə mən Azərbaycan dilində yazılar, hekayələr yaza bilirəm, amma başqaları yaza bilmir? Əgər dil pisdirsə, əgər dil kasaddırsa, bu hamının publisistikasına, bu hamının nəsrinə öz təsirini göstərməlidir.

Mən deyirəm ki, Akop Martayan türkcəsinin belə at oynatması kiçik qardaş xəstəliyinin, azsaylı istisnaları çıxsaq, azərbaycanlıların türklərə yaltaqlanmağının nəticəsidir. Mövqeyim, müşahidələrimdən çıxardığım nəticələr sadə və konkret şəkildə ortadadır. Vəziyyəti süni şəkildə qəlizləşdirməyə, dağa-daşa düşməyə ehtiyac yoxdur. Publisistikanın vəzifəsi mürəkkəbləşdirmək, qəlizləşdirmək yox, sadələşdirməkdir.

Mirmehdi isə deyir ki, “Trendyol”da özünə idman kostyumu sifariş verən adam bir neçə cəhddən sonra ona avtomatik olaraq “eşofman” deyəcək. Yaxşı, bunu başa düşdük, tutaq ki, doğrudan da, idman formasına bir müddətdən sonra “eşofman” deyilməsi labüd prosesdir. Bəs bir azərbaycanlı qadının körpəsinə “türkcə” layla deməyinə hansı izahı vermək olar? Bir azərbaycanlı qadının körpəsinə “türkcə” layla çalması da qarşısıalınmaz prosesdir? Bu qadının öz laylası yoxdur? Bir azərbaycanlı qadının körpəsinə “türkcə” layla çalmasının adı yaltaqlıq, özünə hörmət etməmək, düşüklük, səviyyəsizlik deyilsə, bəs nədir?
Mən deyirəm ki, ağsaqqal bir kişi nəvəsi yaşda bir türkü görən kimi quyruğunu bulaya-bulaya “türkcə” danışmağa başlayır. Yaxşı, bu da qarşısıalınmaz prosesdir? Yox, bu sadəcə düşüklük, yaltaqlıq, kiçik qardaş xəstəliyinin göstəricisidir.

Mirmehdi və Mirmehdi kimi şəxslər hələlik hər iki dili, həm Azərbaycan dilini (əlbəttə, daha zəif), həm də Akop Martayan türkcəsini bilirlər və fikirləşirlər ki, bu həmişə belə olacaq. Belə fikirləşməklə Mirmehdi və Mirmehdi kimi şəxslər böyük səhvə yol verirlər. Həmişə belə olmayacaq. Cəmisi on-on beş ildən sonra yeniyetmələr, gənclər Mirzə Cəlilin “Buz” hekayəsini oxuya bilməyəcəklər. Oxusalar da heç nə başa düşməyəcəklər. Artıq başa düşməkdə çətinlik çəkirlər.

Bunu bir dəfə qeyd etmişəm bu an, bu dəm bir daha qeyd edirəm. Mən bu yazıları bu gün üçün yazmıram. Bu gün kiməsə nəsə sübut, izah etmək, nəsə göstərmək çətin məsələdir. Elə tamaşalar var ki, əvvəlində, ortasında heç kimə heç nə başa sala bilməzsən. Elə tamaşalar var ki, axıra kimi göstərilməlidir. Sonuncu pərdəni adamlar görməlidirlər. Bu gün kiçik qardaş xəstəliyi azərbaycanlıların gözünü elə tutub ki, heç kimə heç nə izah etmək mümkün deyil.

Mən bu yazıları daha çox gələcək üçün yazıram. Gələcəkdə nəsillər arasında böyük uçurum yarananda, keçmişlə əlaqə kəsiləndə, gələcək nəsillər Mirzə Cəlili, Haqverdiyevi, Çəmənzəminlini oxuyub heç nə başa düşməyəndə və bunun nəticəsində Azərbaycan klassiklərinin xalqa vurduğu radikalizm əleyhinə peyvəndlər öz təsirini itirəndə, keçmişlə əlaqəsi itmiş azərbaycanlılar başı kəsilmiş toyuq kimi çapalayanda mənim bu gün nə demək istədiyimi iki-üç adam başa düşəcək.

Qoy gələcəkdə heç kim deməsin ki, niyə bu on milyonluq xalqın içində ağlı başında olan, prosesin hara getdiyini görən bircə adam tapılmayıb?

Əslində, indi Mirmehdiyə cavab yazmağım, futbol şərhçilərinin təbirincə desəm, açıq-aşkar tərbiyəsizlikdir. Mirmehdi yazısında səmimiyyətlə etiraf edir ki, dünən bizim böyük qardaşımız ruslar idi, bu gün bizim böyük qardaşımız türklərdir. Sən də bu vəziyyəti qəbul etməlisən, sən də bu vəziyyətə uyğunlaşmalısan. Mirmehdinin “şəraitə uyğunlaşmalısan, özünü əziyyətə salmağın yeri yoxdur”, “yaşamaq yeniliyə uyğunlaşmağı tələb edir”, “mamontlar da iqlim təlatümlərinə ayaq uydura bilmədikləri üçün məhv olub getmişdilər” sözlərinin əsl tərcüməsi, əsl mənası budur. Bütün hallarda, hər növ səmimiyyət alqışlanmalıdır. Nümayiş etdirdiyi səmimiyyətə görə Mirmehdi bəyə dərin təşəkkürümü bildirirəm.

azlogos.eu