Rəşad Səfər
Tarixin hansısa məqamında bəzi toplumların başı üzərində bir mədəniyyət günəşi doğar. Və bu günəş səmanın ən uca qatından tutmuş yerdəki çəmənliyin dibində gizlənən ən kiçik zərrələrinə qədər bütün işıqları bir yerə toplayar, o zərrələrin hər birini ulduza çevirər. Bir gün özü sönsə də, ulduzlar həmişə yanar, lakin o ulduzlara baxanlar ilk günəşi çox az xatırlayarlar...
Bəli, pafoslu səslənsə də, belədir. Bu anlamda, bəxti gətirən və gətirməyən toplumlar var. Bəlkə də, o günəşi doğuran qüvvə də elə həmin toplumun özündədir. Bilmirəm. İnsanlıq davam etdikcə müzakirəyə açıq mövzudur.
Borxes, Kortasar, Bioy Kasares... Ən məşhurlarının adını çəkirəm. Bu məşhurları ədəbiyyatla az-çox əlaqəsi olan, hətta bəzən olmayanlar belə tanıyır. Eləcə də, Ernesto Sabato, Adolfo Reyes, Silvina Okampo kimi onlarla Argentina yazıçısının həyat və yaradıcılıqları üçün minnətdar olduqları bir qadın adı da var: Viktoriya Okampo (Victoria Ocampo). Bu ad çoxları üçün bir anlam ifadə etmir. Amma "bu qədər yalanın, yanlışın və çətinliklərin içərisində olan bizim kimi 30-40-cı illər nəsli üçün özünə yol açmaqda yardım etdi" söyləyən Xulio Kortasar üçün, bütün fikir ayrılıqlarına və aralarındakı soyuqluğa rəğmən gözlərinin müalicəsini öz üzərinə götürdüyü, kitabxana müdirliyindən qovulduqdan sonra yardım göstərdiyi Borxes üçün, dünya ədəbiyyatını silkələyən, Kamyudan tutmuş Henri Millerə qədər çap olunmuş "Sur" jurnalının yetişdirdiyi dahilər üçün bu qadın ismi yüksək anlam daşıyır.
Həyata doğru
1890-ci ilin 7 apreli. Buenos-Ayres şəhərinin göbəyində, San Martin və Viamonte küçələrinin kəsişməsindəki bir binada Ramona Victoria Epifania Rufina Ocampo adlı bir qız dünyaya gəlir. Bu qız sonralar Viktoriya Okampo olacaq. Amma hələ ki uzun bir adı olan bu qızcığaz doğulduğu məkanla bağlı maraqlı bir təsadüfün hədəfi olur. San Martin və Viamonte küçələri 1810-cu ilə qədər Viktoriya və Okampo küçələri adlanırmış. Bu adların bu nəsillə heç bir əlaqəsi yoxdur. Sadəcə, təsadüf.
Zəngin bir aristokrat ailəsində doğulan Viktoriya Okampo dövrün dəbinə uyğun olaraq, məktəbə getmədən, evdə fransız bir dayə tərəfindən tərbiyə və təhsil almağa başlayır. Öz ana dilindən (yəni ispan dilindən) öncə fransız dilini öyrənir. Lap kiçik yaşlarından ədəbiyyat, tarix, din, riyaziyyat dərsləri alır. Altı yaşındaykən ailəsi ilə birlikdə qısamüddətlik Avropaya gedir. Paris, Roma, London, Cenevrə kimi şəhərlərlə tanışlığı o illərdən başlayır. Geri qayıtdıqdan sonra ingilis dilini öyrənir. Öyrəndiyi üçüncü dil isə, nəhayət, öz ana dili - ispan dili olur. 7-8 yaşlarında artıq oxuyub tanış olduğu Jül Vern, Konan Doyl, Çarlz Dikkens, Gi de Mopassan, Daniel Defo kimi yazıçıların vurğununa, Şopenin və tennis oynunun xəstəsinə çevrilir. 11 yaşında fransız dilində kiçik hekayələr yazmağa başlayır. 10 yaşında ikən bir teatr tamaşasının səhnələşdirilməsinə yardımçı olur. O zaman aktrisa olmaq arzusu yaranır. Lakin mühafizəkar ailəsi bu arzuya imkan vermir. Yalnız uzun illər sonra bir neçə opera və konsertdə reçitant kimi çıxış etməklə qismən də olsa, arzusunu reallaşdırmış olur.
1908-ci ildə Viktoriyanın ailəsi yenidən Avropaya gedir. Bu dəfə daha uzun müddətə. Əvvəlcə piano, vokal dərslərinə, "College de France"da Henri Berqsonun fəlsəfə dərslərinə qatılır. Daha sonra isə Sarbon Universitetində klassik yunan ədəbiyyatını, ingilis ədəbiyyatını, şərq tarixini, Dante və Nitşenin əsərlərini öyrənir.
16-20 yaşları arasında argentinalı qadın yazıçı Delfina Bunge ilə dərin dostluq yaşayır. Hər həftə öz fikirlərini, duyğularını yazıb Delfinaya göndərir. Tezliklə bu dostluq ruhi bağlılığa çevrilir. Delfinanın evliliyindən sonra dostluqları səngisə də, Viktoriya Delfinanın ölümünə qədər ona olan sevgisini saxlayır.
1912-ci ildə vəkil Luis Bernardo de Estrada ilə evlənir, lakin evlilikləri uzun çəkmir, bir neçə ildən sonra ayrılırlar. Viktoriya Luis Estrada ilə bal ayındaykən, Romada Argentina diplomatı olan, Estradanın kuzeni Martineslə tanış olur. İlk görüşlərindəcə Viktoriya duyğularının bir-birinə qarışdığını hiss edir və bir daha Martinesi görməmək qərarına gəlir. Lakin bir qədər sonra Buenos-Ayresdə, "Teatro Colon" opera binasında yenidən görüşürlər və bu görüş onları 1920-ci ildən başlayaraq birlikdə keçirəcəkləri 13 illik bir macəraya doğru aparır. Amma sadəcə birlikdə yaşayırlar. Viktoriya ilk ərindən sonra heç kimlə rəsmən evlənmir. Bütün həyatını mədəniyyətə, ədəbiyyata, xeyriyyəçiliyə həsr edən bu qadının bundan sonrakı şəxsi həyatı elə ictimai həyatı ilə eynidir, demək olar.
Ədəbiyyata doğru
Azərbaycan şairləri haqqında yazılan klişe cümlələrin dili ilə desək, Viktoriya hələ uşaq yaşlarından şeirlə, ədəbiyyatla maraqlanır. Gənclik illərinə qədər artıq kifayət qədər dünya ədəbiyyatı və fəlsəfəsi ilə yaxından tanış olur. Bir əsər isə onu dərindən təsirləndirir: Dantenin “İlahi Komediya”sı. 1920-ci ildə, yəni otuz yaşında ikən Argentinanın “La Nacion” qəzetinə “Babil” adlı ilk məqaləsini göndərir. Məqalə “İlahi Komediya”nın bir fəsli haqqında Viktoriyanın fikirlərindən ibarətdi. Məqalə dərc olunur. Həmin dövrlərdə “La Nacion” kimi nüfuzlu bir qəzetdə bir məqalənin dərc olunması müəllif üçün ədəbiyyata doğru qapıların açılması demək idi.
Daha sonra bir sıra məqalələri və hekayələri dərc olunan Viktoriyanın bir problemi vardı: öz ana dilində yaza bilmirdi. Fransızca yazır, sonra tərcümə olunurdu. O dövrün millətçiləri və solçu mətbuatı Viktoriyanı sərt tənqid edirlər, hətta ona “xariciləşmiş” damğasını vuraraq, ondan xalqa heç bir xeyir gəlməyəcəyini söyləyirlər. Ta otuzuncu ilədək bu durum davam edir. Lakin xoş bir tanışlıq Viktoriyaya dil problemindən xilas olmağa yardım edir.
Böyük ispan filosofu, esseist, sosioloq Xose Orteqa i Qasset 1916-cı ildə Argentinaya gəlir. Tezliklə Viktoria ilə tanış olurlar və dostluqları başlayır. Orteqa i Qasset Viktoriyanı öz ana dilini gücləndirməyə həvəsləndirir və ona bu işdə yardım edir. Birlikdə çalışırlar, onun yazılarının tərcüməsinə və redaktəsinə kömək edir. 1924-cü ildə Viktoriyanın ilk kitabını - Dante haqqında “Franseskadan Beatriçeyədək” adlı kitabını ispan dilinə tərcümə etdirib dərc edir. 1930-cu ildən sonra, “Sur” jurnalının meydana çıxması ilə Viktoriya və Orteqanın dostluğu daha da güclənir. “Sur” jurnalı haqqında isə bir az sonra...
Taqor və Viktoriya
“Bu çiçəyi dər və götür, ləngimə. Qorxuram ki, solar və torpağa qarışar. Qoy sənin çələngində bu çiçəyə yer olmasın, amma sənin əlinin təmasından iztirab duymağa onu layiq gör və onu dər! Qorxuram ki, günün qurtardığını hiss etmərəm və qurban vermək vaxtı keçər. Bu çiçək şux deyilsə və ətri zəifsə də, nə qədər ki, gec deyil, dər onu və başqa çiçəklərlə bir yerə qoy”...
Bu cümlələr Andre Jidin fransızcasında necə səslənir, bilmirəm, amma elə Mikayıl Rzaquluzadənin azərbaycancasında da həssas daxili dünyası olan, ruhu coşqun bir insanı, xüsusilə də gənc bir qadını məftun eləməyə kifayət edər, zənnimcə. Odur ki, Taqorun “Gitancali” mənzum şeirinin Andre Jidin tərcüməsində ilk oxunuşundan sonra Viktoriyanın Taqora məftunluğu təəccüblü olmamalıdır. Amma bu, iki həssas qəlbli insanın görüşməsi üçün hələ kifayət deyil. İl 1914-dür. Xoş təsadüf üçün on il gözləmək lazımdır.
1924-cü ildə Rabindranat Taqor Argentinaya gəlir. Səfəri zamanı möhkəm qripə yaxalanır və qaldığı “Plaza” mehmanxanasında bir neçə gün müalicə almalı olur. Bundan xəbər tutan Viktoriya dərhal mehmanxanaya gəlir. Bu hind dahisi ilə yaxından tanış olur və müalicə olunub tam sağalması üçün ailəsinə məxsus “Villa de Ocampo”ya dəvət edir. Taqor dəvəti qəbul edir, lakin Viktoriyanın mühafizəkar atası qızının xahişini rədd edir. Viktoriya çıxılmaz vəziyyətdə kuzeninin ərindən yardım istəyir. “Söz verirəm, cəmi səkkiz gün. Sonra sağalacaq və çıxıb gedəcək”, yəqin ki, Viktoriya kuzeninin ərindən ev üçün xahiş edəndə təxminən bu sözləri deyib. Amma ortada duyğusal və sənət həzzi varsa, zaman vahidlərinin ölçüsü dəyişir. Səkkiz gün də bu ölçü qarışıqlığı ucbatından iki aya çevrilir. Viktoriya Taqor üçün ayrıca bir ev kirayələməli olur. Öz sözlərinə görə, Taqor onun üzərində “böyük bir heyranlıq və mənəvi bağlılıq” yaradır. Taqor da həmin aylarda yazdığı poemalarından birini Viktoriya Okampoya həsr edir. İki ay sonra Taqor Buenos-Ayresdən ayrılır, ancaq aralarında yazışmalar uzun müddət davam edir. Növbəti və sonuncu dəfə 1930-cu ildə Parisdə, Viktoriyanın rəsmlərindən ibarət bir sərgidə görüşürlər.
“Mən bu sənət üçün doğulmuşdum”
İsveçrə dirijoru Ernest Anserme 1924-cü ildə bir konsert üçün Buenos-Ayresə gəlir. Viktoriya çox böyük şövqlə bu konsertin təşkilində Ansermeyə yardım edir. Konsertdən sonra ona Argentinanın yeni yaradılmış, üzvləri əmək haqqı almayan ilk simfonik orkestrində dirijorluq təklif edilir. Lakin orkestrin maliyyə mənbəyi yox idi və şəhər bələdiyyəsinin ayırdığı pul orkestrin yalnız xırda-para texniki işlərinə güclə çatırdı. Ansermeyə müntəzəm qonorar verilməsi də mümkün görünmürdü. Vəziyyətdən agah olan Viktoriya müdaxilə etmək qərarına gəlir: orkestrin maliyyə dəstəyini öz üzərinə götürür. Beləcə, Anserme üç konsert mövsümünü Buenos-Ayresdə keçirir. Viktoriya maliyyə dəstəyindən əlavə, ölkə prezidentinə də orkestra dəstək göstərilməsi üçün mütəmadi müraciətlər edir. Nəhayət, 1927-ci ildə orkestrin rəsmi büdcəsi üç dəfə artırılır. Lakin bundan sonra da Viktoriya orkestrin himayəsini davam etdirir.
1925-ci ildə Ansermenin dirijorluğu ilə Artur Honeqqerin “Çar Davud” əsəri səhnələşdirilir. Viktoriya tamaşada reçitantlığı öz üzərinə götürür. O qədər cuşa gəlir ki, konsertdən sonra dəfələrlə “mən bu sənət üçün doğulmuşdum” söyləməkdən özünü saxlaya bilmir.
Daha sonra, yəni 1934-cü ildə İqor Stravinskinin “Persephone” operasında da reçitant kimi çıxış edir. Viktoriya Stravinskiyə “Persephone”un Braziliya, Uruqvay və Argentinada öz dəstəyi ilə səhnələşdirilməsini təklif edir. Stravinksi yalnız Viktoriyanın bu operanın bütün ifalarında reçitantlığına razı olması şərti ilə təklifi qəbul edir.
Filosofun səhvi
1927-ci ildə Orteqa i Qassetin rəhbərlik etdiyi “Revista de Occidente” jurnalında alman filosofu Herman Qraf Keyserlinqin bir əsəri dərc olunur. Əsəri oxuyan Viktoriya filosofun fikirlərinə heyran olur və qısa müddətdə ingiliscə olan bütün əsərlərini tapıb oxuyur. Daha sonra filosofun yeni “Avropa spektri” kitabını ispan dilinə tərcümə və nəşr etdirmək üçün icazə almaq məqsədilə Keyserlinqə müraciət edir. Bu müraciətlə aralarında yazışmalar başlayır. Viktoriya Keyserlinqə Buenos-Ayresə gəlməyi və konfranslar verməyi təklif edir. İşinin çoxluğu səbəbindən Keyserlinq təklifdən imtina etsə də, təqribən il yarım yazışmaları davam edir. Yazışmaların əsas mövzusu Keyserlinqin səfəri və əsərlərinin müzakirəsi idi. Lakin bununla belə, filosof Viktoriyanın ona aşiq olduğunu düşünür.
Keyserlinq növbəti kitabı olan “Azad olunmuş Amerika” kitabında təxminən belə bir fikir yazır ki, insan varlığının əsl mahiyyəti yalnız bir kişi ruhu bir qadın cismi ilə birləşdiyi zaman əldə edilə bilər. Bu fikirlərdən pəjmürdə olan Viktoriyanın Keyserlinqlə səmimi münasibətləri soyuyur. Görünür, Viktoriya Keyserlinqlə yalnız ruhi birliyi düşünürmüş, filosofun bədənlərin birliyi fikrini qəbul etmək istəmir. Viktoriyanın bu reaksiyasından sonra Keyserlinq anlaşmazlıq içərisində qalır və hətta vəziyyəti anlamaq üçün Karl Yunqla da bir neçə dəfə məsləhətləşməli olur.
Səmimi münasibətlərin soyumasına baxmayaraq, Keyserlinqin Buenos-Ayresə səfəri zamanı mehmanxanada qalma xərclərini Viktoriya təmin edir. Keyserlinq Viktoriya ilə münasibətlərini təhlil edərək amerika qitəsinin insanları haqqında nəzəriyyələr yazır kitablarından birində. Viktoriya da Keyserlinq haqqında xatirələrini qələmə alır.
Kollaborasionistin sevgisi
Parisdə bir nahar zamanı masa arxasında Orteqa i Qasset və Viktoria Okampo ilə birlikdə başqa bir yazıçı da (arvadı ilə) oturmuşdu: fransız yazıçısı və esseisti Driyö La Roşel (Drieu La Rochelle). Ədəbiyyat, musiqi, siyasət... Daha nələr müzakirə olunmadı bu nahar ərzində... Və nahardan dərhal sonra Roşel arvadına etiraf edir: "Mən bu yazıçı qadına aşiq oldum". Yenidən görüşürlər Viktoriya ilə. Birlikdə Avropanı gəzirlər. Viktoriya Roşelin vasitəsilə Oldos Haksli (Aldous Huxley), Andre Malro ilə tanış olur.
Parisdən ayrılarkən Roşel Viktoriyaya yazır: “Həqiqətən təəssüf edirəm ki, mənim kimi pis bir insana qayğı göstərirsən, bu səni incidəcək və mən sənin səmimi xarakterinə cavab verəcək insan deyiləm. Mən təkcə qəlbsiz deyiləm, həm də istedadsızam. Yenə də, icazə ver, səni qəlbimlə sevim. Çünki qəlbim bədənimin qalan hissələri qədər dəli deyil”.
Bir il sonra, yəni 1930-cu ildə Parisdə yenidən görüşürlər. 1932-ci ildə isə Roşel Buenos-Ayresə gəlir. Viktoriya Argentinanın bir sıra şəhərlərində onun mühazirələrini təşkil edir. Borxeslə tanışlığı da Viktoriyanın sayəsində baş tutur. Bu görüşdən sonra Borxeslə Roşel arasında ciddi dostluq yaranır.
Viktoriya ilə Roşelin münasibətləri çox çəkmir. 30-cu illərin əvvəlində Driyö La Roşel faşistləri dəstəklədiyini elan edir. 1945-ci ildə kollaborasionist kimi həbs olunmaq təhlükəsi ilə qarşılaşınca, intihar edir. İntihardan öncə şəraiti elə düzüb-qoşur ki, ölümündən sonra etiraf qeydləri Viktoriya Okampoya çatdırılır.
"Sur"un yaranışı
Bir dəfə bir konfrans zamanı Viktoriya ABŞ yazıçısı Ualdo Frankla tanış olur. Viktoriya onun dəvəti ilə ABŞ-a gedir və orda Ualdo Frankın vasitəsilə Lakan, Sergey Eyzenşteyn, Le Korbuzye kimi məşhurlarla tanış olur. Daha sonra Ualdo Frank və Viktoriya birlikdə yeni bir jurnal buraxmağı qərarlaşdırırlar. Bu jurnal başda Cənubi Amerika olmaqla, dünyanın yeni ədəbi trendlərini, ədəbiyyatın problemləri əks etdirəcəkdi. Jurnalın adı da Frankın beynində hazır idi artıq: "Sur". (İspancadan tərcüməsi "Cənub"). Viktoriya layihə barədə atasına danışır. Atası dəstəkləyəcəyinə söz verir. 1930-cu ildə atasının vəfatı ilə ondan qalan mirasa sahiblənir və heç bir tərəddüd etmədən jurnalın dərcinə başlayır. 1931-ci ilin yanvarın birində "Sur"un ilk nömrəsi buraxılır. Borxesin, Driyö La Roşelin, Ualdo Frankın, Ernest Anselmenin, Bioy Kasaresin yardımı ilə. Yeri gəlmişkən, Adolfo Bioy Kasares Viktoriyanın üzə çıxardığı yazıçılardan biri, həm də Viktoriyanın bacısı, yazıçı Silvina Okamponun əridir. Kasares xatirələrində yazır ki, "bu jurnalın açılması Viktoriya üçün sıx meşədə cığır açmaq kimi çətin idi."
Birinci il ərzində jurnalın 4 nömrəsi buraxılır. Yenə Viktoriya və jurnalı millətçilərin və kilsənin hədəfindədir.
İttiham: Viktoriya və jurnalı xaricilərə işləyir, jurnalda xaricilər dərc olunur; Viktoriya özü də kilsənin düşmənləri olan Taqor, Krişnamurti və Malro ilə dostluq edir.
Cəza: Kasıblara yardım kampaniyasında iştirak etmədiyinə görə kilsə tərəfindən "persona non grata" elan olunsun! (İl 1933). Sonralar kilsənin yazışmalarında Viktoriyanın əslində Taqor və Krişnamurti ilə dostluğuna və jurnalında açıq fikirli yazılarına görə "persona non grata" elan edildiyi yazılır.
Jurnalın tarixi boyunca kimlər burda çalışmayıb, kimlər dərc olunmayıb... Borxes, Kortasar, Bioy Kasares, Ualdo Frank, Tomas Mann, Oktavia Paz, Qabriela Mistral, Ekzüperi, Henri Miller, Kamyu, Tomas S. Eliot...
Jurnalın işə başlamasından bir neçə il sonra Viktoriyanən ağlına yeni bir ideya gəlir: o dövrün müasir dünya ədəbiyyatının ən görkəmli nümayəndələrini ispan dilinə tərcümə edib nəşr etdirmək. Bu məqsədlə 1933-cü ildə "Sur" nəşriyyatını yaradır. Bu nəşriyyatda müxtəlif illərdə Oldos Haksli, Federiko Qarsiya Lorka, Virciniya Vulf, Albert Kamyu, Qraham Grin, D.H.Laurens, Nabokov, Sartr, Yunq, Keruak kimi böyüklərin əsərləri tərcümə və nəşr olunur. Bu tərcümələrdə özü də iştirak edir. Kamyunun "Kaliqula"sı, Folknerin, Qraham Qrinin, T.E.Laurensin, Cavahirləl Nehrunun, Mahatma Qandinin əsərləri Argentinada ispan dilinə Viktoriyanın özü tərəfindən tərcümə olunub.
"Sur" jurnalı vasitəsilə Viktoriyanın ədəbiyyat üzrə ilk qadın Nobel mükafatçısı Qabriela Mistral və Virciniya Vulf ilə dostluqları yaranır. Virciniya Vulfu dəfələrlə Argentinaya dəvət etsə də, Vulfun səhhəti ilə əlaqədar səfər baş tutmur. Viktoriya onunla Londonda görüşür. Daha sonra əsərlərini ispan dilinə tərcümə edərək "Sur"da yayınlayır. Virciniya ilə olan xatirələrini də "Virciniya Vulf öz gündəliyində" adlı kitabında qələmə alır.
İlk illərdə qısa məsafələrlə yayınlanan "Sur" sonralar ləngiməyə başlayır. Səbəbi isə Argentina prezidenti Xuan Peronun yüksək miqdarda əmlak vergisinin tətbiqinə qərar verməsidir. Bu qərardan sonra Viktoriyanın sərvəti kəskin şəkildə azalmağa başlayır. Bu da "Sur"un dərcinə təsir edir. Hətta jurnalın 25 illik yubiley dərci üçün Viktoriya borc almalı olur. 1979-cu ildə Viktoriyanın ölümü ilə jurnalın dərci dayansa da, sonra dostlarının köməyi ilə bərpa edilir və 1992-ci ilə qədər uzun fasilələrlə yayınlanır.
Mussolini, müharibələr, Nürnberq və həbs
İtaliyada faşizmin at oynatdığı illərdə Viktoriya Okampo Romada bir neçə universitetdə mühazirə demək üçün dəvət alır. İtaliyada olarkən ordakı dostlarının köməyi ilə Mussolinidən İtaliyada qadınların vəziyyəti haqqında müsahibə götürür:
Viktoriya: İtaliyada qadının rolu necədir?
Mussolini: Qadının əsas öhdəliyi dövlət üçün oğul verməkdir.
Viktoriya: Qadın öz ölkəsinə başqa formada yardım göstərə bilməzmi?
Mussolini: Yox!
Buenos-Ayresə geri qayıtdıqdan sonra "Canlı tarix" adlı essesində "Duçe ölkəsini müharibəyə aparır və qadınlar da dövlət üçün ölüm aləti kimi oğullar istehsal edirlər" deyə yazır Viktoriya. Bu cümlələr Avropada və Argentinada böyük səs-küyə səbəb olur. Xüsusilə, Argentina nasistləri sərt reaksiya verirlər.
Viktoriya İspaniyadakı vətəndaş müharibəsi zamanı İspaniyadakı dostlarına, ikinci dünya müharibəsi zamanı isə Fransadakı sənət adamlarına yardım göstərir. Onun sayəsində fransız fotoqrafı Jizel Froyndun həyatı xilas olunur. Fransa Almaniya tərəfindən işğal olunan zaman onun ölkədən qaçışına yardım edir. Ümumilikdə, ikinci dünya müharibəsi zamanı başda Fransa olmaqla faşistlərin işğal etdiyi ölkələrə Viktoriya üç tondan artıq ərzaq və paltar göndərir.
Jizel Froyndu xilas etməsi və antifaşist hərəkatında yaxından iştirakı səbəbi ilə Nürnberq tribunalına prosesə yardım etməsi üçün dəvət olunur. Viktoriya tribunalda iştirak edən yeganə argentinalıdır.
Argentinada ilk feminist hərəkatı başlayanlardan biri, ilk şalvar geyinən qadın, ilk sürücülük vəsiqəsi alan qadın kimi tarixə düşmüş Viktoriya Okampo həm də kəskin antiperonist (Peronizm Argentinanın keçmiş prezidenti Xuan Peronun adı ilə bağlı siyasi kursdur) kimi tanınırdı. "Sur" jurnalının da əsas siyasi xətti antifaşizm və antiperonizm idi. Viktoriya sərt siyasi tənqidlərlə çıxış edir və Perona qarşı nümayişlərdə iştirak fürsətini qaçırmırdı. 1953-cü ildə Buenos-Ayresdə baş vermiş terror hadisəsinin təhqiqatı zamanı 63 yaşlı Viktoriya da həbs olunur. Lakin dünyanın hər tərəfindən gələn məktublar və xahişlər nəticəsində, 26 günlük həbsdən sonra Viktoriya azad olunur. Bununla belə, ölkədən çıxışına qadağa qoyulur.
Maddi problemlər, xəstəlik və ölüm
Həbsdən sonra Viktoriyanın maddi durumu daha da pisləşir. Onu daha çox incidən beynində qaynayan ideyaları həyata keçirə bilməməsi idi. Hətta bəzən "Sur"un nəşri üçün kifayət qədər vəsait tapa bilmirdi. Getdikcə çətinləşən maddi durum səbəbindən Viktoriyanın da yaşadığı Okampo villasının gündəlik baxımına da imkan olmurdu. Nəhayət, Okampo bacıları 1973-cü ildə UNESCO-a müraciət edərək villanı təşkilatın himayəsinə götürülməsini xahiş edirlər. UNESCO xahişi qəbul edir. "Villa de Ocampo" hazırda UNESCO-nun himayəsindədir və 1997-ci ildən etibarən Bəşəriyyətin Tarixi Abidələri siyahısına daxil edilib.
Dərd də azar kimi gələndə batmanla gəlir. Maddi problemlərin üzərinə bir də ağır xəstəlik əlavə olunur. 1963-cü ilin bir günündə Parisin küçələrində gəzərkən ağzında sərt bir ağrının olduğunu hiss edir. Bir neçə gün ağrılar səngimir. Həkimə müraciət etməli olur. Diaqnoz: Ağız xərçəngi. Müalicə və əməliyyatlar. Ömrünün sonuna kimi protez ağıza möhtac qalır. 70-ci illərin ortalarında xəstəlik yenidən baş qaldırır. Bacısı qızı xatirələrində onun ağrılardan necə əzab çəkdiyini yazır. Danışa və yeyə bilmirmiş son günlərində. Nəhayət, 1979-cu ilin yanvarında Viktoriya Okampo vəfat edir.
Post Scriptum
Bir qrup daxilində hər kəsin tanıdığı və heç kəsin tanımadığı (ya da çox az adamın tanıdığı) birisi haqqında danışmaq, yazmaq çətindir. Hər kəsin tanıdığı adamı anlatmaq ona görə çətindir ki, hər kəsin az-çox bilgisi, artıq formalaşmış fikri var, hər kəs şərh etmək ərki göstərə bilər, yaxud rahatlıqla yanlışını üzə çıxara bilərlər. Həm də maraqsız olmaq ehtimalı böyükdür. Kimsənin tanımadığı birisi haqqında danışmaq isə daha çox informasiya tələb edir. Ötəri fikirlər, qısa cümlələr, göndərmələr çox da yardım edə bilmir. Odur ki, sonda mətnin düşündüyündən daha çox alındığını görürsən. Bu yazı da bir az uzun alındı, fərqindəyəm. Amma yazmaq istəyib, çox uzatmamaq naminə yazmadığım bir xeyli məlumat qaldı. Bir müddətdir bu qadının həyatı ilə maraqlanıram. Bioqrafiyasından gələn enerji kifayət edir ki, əsərlərinə də tamam ayrı gözlə baxasan. Doğrudur, ədəbiyyat dünyasında Viktoriyanın əsərləri bir argentinalı olaraq Borxesin, Kortasarın əsərləri qədər məşhur deyil. Daha çox xatirələrindən və esselərindən ibarət kitablardır. Viktoriya dünyasını tərk edənə qədər bütün gördükləri işlərlə yanaşı otuza yaxın kitab yazmağa macal tapmışdı. Esselər, məktublar və xatirələrdən ibarət on cildlik kitab seriyası ("Testimonios"), altı cildlik avtobioqrafiya və ondan artıq tərcümə kitabı. Bu mətnlərin hamısını qısa müddətdə incələmək qəliz məsələdir. Hansının nə dərəcədə sanballı olduğunu bilmirəm. Hər halda, müəlliflərinə o qədər ədəbi şöhrət gətirmədilər. Bəlkə də, bu qadının möhtəşəm həyatı və gördüyü işlərin kölgəsi onun ədəbi irsinin daha da parlamasına imkan verməyib.
Borxes Viktoriyanın fikirlərini və əsərlərini o qədər də bəyənmirdi. Birlikdə çalışsalar da, bir-birilərinə qarşı rəğbətləri böyük deyildi. "Borxeslə dialoq" kitabında Viktoriya Borxeslə olan söhbətlərini, yazışmalarını, fikir ayrılıqlarını ətraflı yazır. Amma bu, nə Viktoriyanın Borxesə yardım göstərməsinə, onun tanınması üçün əlindən gələni etməsinə, nə də Borxesin Viktoriyanın dəyərini anlamasına mane olmadı. Viktoriyanın ölümündən sonra Borxes yazırdı: "Həm mənimçün, həm də Argentina üçün etdiklərinə görə sənə təşəkkür edirəm".
2015, Buenos-Ayres