YeniYaz saytı gənc şair Seyid Aynurla Nizami Bayramlının müsahibəsini təqdim edir.
– Xoş gördük, Aynur xanım. Seyid Aynur. İstəyərdim, təxəllüsünüzdən başlayaq. Niyə məhz Seyid?
– Xoş gördük. Təxəllüsümü soyadımdan götürmüşəm. İlk gündən Seyid Aynur adı ilə dərc olunmuşam. Bu təxəllüsdən istifadə edən tək gənc yazar olmasam da, tək xanım olduğumu dəqiq bilirəm. Məncə, təkcə orijinal təxəllüs axtarıb tapmaq azdır, mətnlər təxəllüsün haqqını verməlidir. Əks halda, boş hay-küy yaratmış olacaqsınız. Qısası, yaradıcı insanda özünəməxsusluq olmalıdır.
– O qədər də ədəbi cameədə görünmürsünüz. Ümumiyyətlə, ədəbi prosesləri izləyirsinizmi?
– Görünmürəm, çünki heç bir ədəbi qruplaşmanın üzvü deyiləm. Bu cameə bir-birlərinə “bəy tərifi” deyən, dalaşanda min bir qara yaxan yeyib-içmək və qeybət dostları ilə doludur. Hər kəsi olduğu kimi qəbul edirəm. Heç kəsin xətrinə dəymək istəmirəm. Bəlkə, ədəbi mühit bir az təmizlənsə və daha çox ədəbiyyat üçün nələrsə etmək istəyənlərin birliyi olsa, dediyiniz ədəbi cameədə mən də görəcəksiniz.
– Sizi də, bir növ gənc saymaq olar. Bəs hazırda ən çox oxuduğunuz gənclər kimlərdir?
– Düz qeyd etdiniz. Mən də gənc yazaram. Debüt yazısı dərc olunan istedadlı gəncimizdən tutmuş, ta ədəbiyyatda öz sözünü demiş hər kəsi oxuyuram. Kiminsə adını çəkməyi unutsam, inciyər deyə, ad çəkmək istəmirəm. Hamıya uğurlar arzu edirəm.
– Hazırda Azərbaycan ədəbiyyatında, sizcə, hansı müəlliflər dünya ədəbiyyatına daha yaxındır?
– Bu gün bütün istedadlı yazarlarımız dünya ədəbiyyatını oxuyub araşdırır. Hər kəsin bəlli bir səviyyədə ədəbiyyat bilgiləri var. Hər birimiz dünya ədəbiyyatının ən yeni ideyalarını, ən yeni dünyagörüşünü öyrənməli və diqqətə almalıyıq. Dünya ədəbiyyatına yaxın olmaq bir az da cəsarət işidir. Dünya səviyyəsində yaza biləcək potensialı olan yazarlarımız çoxdur. Ancaq yazar ilk olaraq ruhən azad olmalıdır. Əgər bir şair hər ay verməli olduğu kirayə pulunu düşünməkdən yazıb yarada bilmirsə, deməli, “yuxarıdan bir əl” onun bu məişət səviyyəli problemlərini aradan qaldırmalıdır ki, o da siz dediyiniz həmin dünya ədəbiyyatına çatmağı düşünə bilsin.
– Şeirlərinizdə ən çox hansı mövzulara müraciət edirsiniz? Ümumiyyətlə, şeir sizin üçün nədir?
– Əvvəla, onu bildirim ki, mən təkcə şeir deyil, essse və hekayə də yazıram. Orhan Vəlinin də dediyi kimi, şeir ruhun qidasıdır. Şeirin içində heç nə artıq olmamalı, söz, ifadələr onu tamamlamalıdır. Yəni məharətli şair əlləri mütləq möcüzəvi bir şey yaratmalıdır. Şeiri həm də “ağız dadı ilə” oxuya bilmək vacibdir. Şeir gələcəyə bir ümiddir.
– Şeirlərinizdə ən çox hansı mövzulara müraciət edirsiniz? Ümumiyyətlə, şeir sizin üçün nədir?
– Şeirlərimdə sevgi, təbiət, müharibə, vətən, ayrılıq mövzuları çox işlənib. Bəzən sadə məişət əşyalarını belə canlandırıb danışdırmağı xoşlayıram. Şeir cəmiyyətdə gördüyümüz gerçəklikləri dilə gətirməyi bacarmalıdır. Şeirin də insan kimi dili, gözü, başı, əli, ayağı var. Əsas odur ki, onun bu əzalarını sındırmayasan. Ümumiyyətlə, şeir həqiqətləri söyləməlidir.
– Yaxşı, bəs sizin üçün ideya əsasdır, yoxsa mövzu?
– Mövzu çox vacibdir. Yəni məni hansı məsələ narahat edirsə, başlayıram o hadisələr barədə düşünməyə. Beləliklə, düşüncələrim ya nəzmə, ya da nəsrə çevrilir. Yəni biri digəri ilə sıx bağlıdır. Mövzu çevrilib sonda elə ideya olur.
– Aynur xanım, niyə məhz şeir?
– Yəqin, poeziya bir köynək doğmadır mənə.
– Ən çox kimin şeirlərindən təsirlənirsiniz?
– Bəyəndiyim şeirlər çoxdur. Çalışıram, heç kəsin yaradıcılığından təsirlənməyim. Öyrənmək lazımdır, əlbəttə. Təsirlənmək adından da göründüyü kimi bir başqa ovqata düşmək deməkdir. Yaxşı yazılmış şeirlər müəllim kimidir, hər gün mütləq nəsə yeni bir şey öyrədir.
– Son olaraq, yaradıcılığınızda elə bir nümunə varmı ki, mövzu olaraq, yenidir. Yəni sizə görə və ümumi ədəbiyyat adına.
– Əlbəttə. Çoxdur (gülür).
Süd dişi ağarırdı göy üzünün:
yavaş-yavaş gözlərini
açırdı səhər.
Evdən məktub alan əsgər
nişanlısı üşüməsin deyə,
“buşlat”ını çıxarıb atdı xatirələrin üstünə.