Yusif Yusifzadə yazır: Bizim Qorki

Yusif Yusifzadə yazır:   Bizim Qorki

22 Fevral 2023 09:40 263


Böyük proletar şairi Aleksandr Blok deyir, yalnız sosial ədalətsizlik haqqında biliklər insanı insan edir. Necə də dəqiq müşahidədir. İnsan olmağa çağırış da adlandıra bilərik bu sətri. Bu gün insan olmağa bizi kim səsləyir? Barbarlığın bu qızğın çağında insanlıq haqqında kim düşünür?

Bu gün bizim dünyamızda sosial ədalətsizlik haqqında biliklər yayan, əsərlərini bu müstəvidə yazan, yaradıcılığını bu istiqamətdə formalaşdıran, insanlara lazım olan həqiqət hayqırışlarını öz yazılarında ucaldan kimlər var? Onlar mövcuddurmu? Mən onları tanımıram. Mən onlarla rastlaşmamışam. Haradadır onlar? Yazılarında insanlara necə yaşamalı mövzusunda mühazirələr oxuyan, həyatın sadə həqiqətlərini olduqca mürəkkəb şəkildə bizə çatdıran mühafizəkar estetlər bu yazımıza ağız büzə və məşhur “yazıçının cəmiyyətin xilası yolunda mübarizə aparmaq kimi hər hansı bir missiyası yoxdur” fikrini təkrarlaya bilərlər. Olsun.

Trotski deyir, mənəviyyat bütün ideoloji formalardan daha çox sinfi xarakterə malikdir. Mənəviyyat, əxlaq bütün digər insanı insan edən duyğular da çox möhkəm sinfi əsaslara sahibdir. Tarixin bütün mərhələlərində olduğu kimi bu gün də həmin duyğular hakim sinif tərəfindən öz maraqları uğrunda dəyişdirilir, yaxud ümumiyyətlə yenidən yazılır.

Biz əxlaqın dəyişilməsinin, onun bir ovuc hakim sinfin maraqları uğrunda yenidən yazılmasının şahidi olduq. Bu dəyişiklik elə də uzaq keçmişdə baş verməyib. Biz Sovet Sosialist Respublikalar İttifaqından ayrılaraq müstəqil respublikalara çevrilən ölkələrin əxlaqının kapitalist əxlaqına “evalusyasını” müşahidə etdik. Bu “evalusiya” həyatın hər sahəsində kəskin dəyişikliklərlə özünü göstərdi. İnsan münasibətlərindən, gələcək qayğısına qədər. Bu yazıda isə əsasən, incəsənətdə daha dəqiq demək lazımdırsa ədəbiyyatda əxlaqın dəyişdirilməsindən yazacağıq. Bəs ədəbiyyatda əxlaqın dəyişdirilməsi nə deməkdir?

Əvvəlki ədəbi simaların yoxa çıxarılması yaxud daha az nəşr olunması cəmiyyət üçün əxalqın mənəviyyatın dəyişdirilməyə başlanmasının sübutudur. Çünki Blokun peyğəmbərcəsinə dediyi yalnız sosial ədalətsizliklər haqqında biliklər insani insan edir fikri məhz ədəbiyyatda bir başa səslənə bilər. Yəni, ədəbiyyat həqiqətlərdən hali etdiyi kimi həm də proseslərin başlanğıc nöqtəsidir. Hakim və bizim üçün düşmən sinif ilk olaraq onu zərərsizləşdirməlidir.

Zərəsizləşdirilən ilk sima, yazılarına dövlət səviyyəsində məhdudiyyət qoyulan ilk imza və tərcüməsi demək olar ki, dayandırılan ilk müəllif Maksim Qorki oldu. Onun dilimizə tərcümə olunmuş onlarla cild kitabı latın qrafikalı əlifbanın istifadəsi ilə sırandan çıxdı, gözlənilən kütləvi tərcümələr isə bu günə qədər edilməyib. Maksim Qorkinin dövlət kitabxanaları üçün dövlət tərəfindən nəşr edilmiş kitabları cəmi iki cildən ibarətdir. Bəli, Maksim Qorki müasir Azərbaycanda cəmi iki cildə özünə yer tapa bilib. Həmin kitabların birinci cildi Qorkinin ilk yaradıcılıq illərinin məhsulu olan apolitik bədii qələm təcrübələrindən ibarət hekayələrdir. İkinci cildində isə Ana romanın çap olunub. Bəs, “Uşaqlığım” , “Özgə qapılarında”, “Mənim universitetlərim” hanı?

Hanı Maksim Qorkinin sosial ədalətsizliklər haqqında biliklər yaydığı məqalələri, esseləri? Yoxdur. Bizi inandırmağa çalışırlar ki, Qorkinin yazdıqları köhnəlib, siniflər çoxdan aralarındakı ziddiyyətləri qaldırıblar, hər şey yaxşıdır.

Qorkini niyə oxumalıyıq?

Çexov yazırdı, yazıçının vəzifəsi cavablar vermək yox suallar qoymaqdır. Qorki suallar qoyur. Bəzən sualları özü cavablamlı olur. Birinci rus inqilabının bədii təsviri olan məşhur “Ana” romanına nəzər salaq.

“- Yoldaşlar, deyildiyinə görə yer üzündə cürbəcür millətlər yaşayır, yəhudi, alman ingilis və tatar. Amma mən buna inanmıram. İkicə xalq ikicə tayfa var ki, bunlar da bir-birinə düşməndir - bu da dövlətlilər və kasıblardır. Adamlar müxtəlif paltarlar geyinir, ayrı-ayrı dildə danışır ancaq dövlətli fransız, alman və ingilislərin fəhlə ilə rəftarını görsəniz, bilərsiniz ki, onların hamısı fəhlənin qanını bir qaydada şüşəyə tuturlar : hamısı talançıdır. Ay bunların boğazında sümük qalsın.

İzdihamda kim isə güldü.

- O biri yandan baxanda da görərik ki, fransız fəhləsi də, tatar-türk fəhləsi də bizim kimi rus fəhləsi kimi it günündədir”.

Bəs Maksim Qorki niyə bu gün də kimlərsə tərəfində soruşulur, niyə bu qədər mütəşəkkil qaralama kompaniyasına qarşı Qorki hələ də xatırlanır? Cavab bəllidir. Qorki balaca adamların yazıçısıdır. Barbar kapitalizim əsrində əzilib yoxa çıxan kim varsa özünü tapmaq üçün Qorkiyə bel bağlayacağını bilir. Onları bu kəşfə aparmaq lazımdır.

Fikrimizi Maksim Qorkinin “Mənim universitetlərim” romanından bir sitatla gücləndirək.

“Hər halda belə fəhmlə, nəşə ilə dəli kimi çalışan güclərə heç kim qarşı qoya bilməzdi. Bu güc yer üzündə möcüzələr yarada bilər, bir gecə içində bütün yer üzünü nağıllardakı kimi başdan-başa möhtəşəm saraylarla, şəhərlərlə bəzəyə bilər. Bu insanların çalışmağına bir-iki dəqiqə tamaşa edən günəş daha sonra qalın bulud topasını aşa bilmədi və dənizdə boğulan uşaq kimi onların arasında yox olub getdi. Ardınca şiddətli yağış yağmağa”.

Bəli, Qorki balaca adamların yazıçısıdır. O adamlar ki, dünyanı öz çiyinlərində yüksəldir, o adamlar ki, dünyanın bütün əziyyətini daşıyır. Qorki bu adamlara həyatı sadə həqiqətlərini mühafizəkar estetlərdən fərqli olaraq elə sadə formada da çatdırır. Qorki özü bu sadə həqiqətləri yaşayaraq yazıb.

Qorki ümid aşılayır. Onun ən kədərli əsəri də oxucunun qarşısında üçün yeni qapı açır, Qorki ən acı illərinin , yəni uşaqlıq illərinin xatirələrini yazdığı “uşaqlığım” romanında da gələcəyə inam hissini göstərməkdən geri durmur.

Uşaqlığım romanında kədər və ümidin harmoniyasını diqqət edək.

“Rus ənənəsinin vəhşiliyini çox yaxşı əks etdirən bu qorxunc hadisələri nəql etdikcə, bütün bunlarda danışmağa dəyərmi dəyməzmi deyə düşüncələrə dalıram. Amma düşündükcə də buna dəyəcəyinə əmin oluram. Çünki bu qorxunc gərçək bu gün belə öz canlılığını qorumaqdadır və bunları həyatımızdan silmək, ruhumuzdan söhüb atmaq üçün belə hər bir detalı ilə bilmək lazımdır. Məni bu çirkin hadisələri nəql etməyə məcbur edən ən əhəmiyyətli səbəb isə çirkin və bir çox gözəl ruhu əzəbiləcək qədər içimizdə özünə yer edən həqiqətləri xalqımızın məğlub edəcəyinə duyduğum sağlam və tükənməz inamdır”.

Qorki sözünün lüğət mənası kədər deməkdir. O, zülm ilə keçən uşaqlıq illərində, özgə qapılarında süründüyü ilk gənclik dövründə, ən əsası mənim universitetlərim dediyi insanlarla tanışıq mərhələsində də bu kədəri hiss edib. Ancaq Qorki bu gün ümid deməkdir. Bu ümidi daha gözəl dünya üçün çarpışan yeni Pavel Vlasovlara həmişə mövcud olmuş Pelegiya analara ilham verir.