Ziddiyyət obrazda yox, müəllifin yanaşmasındadır - Şərif Ağayarı tənqid etdilər...

Ziddiyyət obrazda yox, müəllifin yanaşmasındadır   - Şərif Ağayarı tənqid etdilər...

17 Fevral 2023 12:09 764


YeniYaz.Az teatrşünas-esseist Aliyə Dadaşovanın Şərif Ağayarın nəsr əsərləri haqqında yazdığı məqaləni təqdim edir.

Seyid Əzimin, Sabirin şeirlərində də bu söz çox işlənir, amma qövm deyəndə yadıma Məhəmməd peyğəmbər düşür. Guya qiyamətdir və peyğəmbər bir dəstə başı daşdan-daşa dəymiş insanı – qövmünü əziyyətlərdən keçirib haqq qapısına gətirib. Niyə belə bir assosiasiyam var? Yəqin uşaqlıqda eşitdiyim hədislərdən belə bir tablo cızmışam. Lüğətdə qövm ərəbcədən tayfa, ortaq ənənələrə, mədəniyyətə sahib olan xalq deməkdir.

Yazıçı Şərif Ağayarin kitabını "Görüm, Şərifin qövmü nə edir?” deyib açıram. Zarafatla. Həm də ciddi. Qövmün qohumluq mənası da var, amma Şərif adamlarına – obrazlarına qanıyla deyil, yaşadığı tale ilə qohumdur. Dərd-sər hərəni bir yerə atıb, Şərifi də yazıçı edib. Yeri gəlmişkən, Tale məsələsi Şərifin qəhrəmanlarının həyat hekayətində əsas qütbdür. Özünün çox sevdiyi aşıq ədəbiyyatından gəlir. İnsanın öz taleyi, qəza-qədəri ilə üz-üzə qalması aşıq ədəbiyyatında əsas rakurslardandı. Əlbəttə, bu, tək aşıq ədəbiyyatının deyil, yunan mifologiyasının, Qoca Şərqin, əksər dinlərin içindən qırmızı xətlə keçən bir tematikadır. Yazılı ədəbiyyatda da ta "Şah Edip"dən bəri işlənir. Və mövzunun ən ilginc nöqtələrindən biri qəhrəmanın taleyini qəbullanmasıdır. Heyrətlidir, özünü tale ilə, qədər-qismətlə üz-üzə hiss etmək insana gücsüzlük verməli ikən, əksi baş verir; insan tale qarşısında qəribə bir gücə sahib olur. Şərif Ağayarın taleyi ilə barışmış qəhrəmanları kənardan bədbin, gücsüz görünürlər, amma azca yaxınlaşanda əksinədir, onlar taleyin amansızlığına rəğmən həyata sarılıblar. Bu mübarizəli həyatlar sanki insandan taleyə hayqırışdır, nidadır. Çünki onlar tale savaşı aparmır, onlar gerçəkliyin taledən daha amansız olduğunun fərqindədirlər və onların savaşı ən ibtidai olan ölüm-dirim savaşıdır. Fərqi yoxdur, bu "Kərpickəsən kişinin dastanı"dır, yoxsa o qədər də dramatik hadisə baş verməyən tutalım, "Balabəy" hekayəsi.

Şərif Ağayarın bir neçə roman, onlarla hekayə yazıb.

Janra görə kiçik həcmli olmasına baxmayaraq hekayələrindəki obrazlar daha dolu, dəqiq alınıb, romanda haqqında səhifə-səhifə bəhs olunan obrazlarda, əhvalatlarda sxematiklik görə bilərik, amma hekayədəkilərdə əsla.

Oxuduqca "bu nəsrin zamanı keçib" tənqidinin hekayələr üçün keçərli olmadığını anlayırıq, çünki yeni və köhnə anlayışları, hər necə olsa, reallıqla bağlıdır, reallığa nəzərən dəyişir. Bizsə bu hekayələri oxuduqca mütəəssir oluruq ki, bu yetim reallıqları kimsə yazır. Nə qədər gözümüzü yumsaq da, ədəbiyyat insanı görməzdən gələ bilməz, bu adamlar hardasa yaşayır, hardasa ölür. Və modern dünya onların ziddiyyətini daha da itiləyir, nəinki kölgədə qoyur.

Əmin oluruq ki, hinduşka otaran Möhüş hardasa dünyanın gərdişimə bir "hıqq"la nöqtə qoyur, işdir, əgər sağ deyilsə də, qəbri bir yerdə vəfasız ömrünə qərib-qərib şəhadət verir, Haxverdi daha ərizə yazmağın daşını atıb şifahi şikayətlərlə kifayətlənir, Mirzə yataqxana otağında kəsbkarlığını edir.

Bu hekayələrin keyfiyyətini artıran daha bir cəhət var: onların əksərində siz dramatik hadisə görməyəcəksiniz, yəni dramatik hadisə çoxdur, amma müəllif bundan danışmır, o, qəhrəmanını təqdim edir, ondan danışır, amma obrazlar o qədər yüklü, vəziyyət o qədər doludur ki, hekayə güclü təəssürat yaradır.

Xırda detallar qəhrəmanın məişətini yox, bütün həyatını, keçmişini, hətta gələcəyini xəbər verir. Məsələn, "Köçəri" hekayəsində işğalda qalan evini düşünən Köçəri haqda müəllif "Onda zaman çox gec irəliləyir" qənaətinə gəlir. Həm də onun siqareti asta-asta çıxarmağına görə. Halbuki arif oxucu Köçərinin illər əvvəldə, işğaldakı evində ilişib qaldığını, bəri adlaya bilmədiyini görür.

Və ya "Cəfər əmimin yolları" hekayəsindən bir sitat:

“Dünya görmüş adamsan, niyə başa düşmürsən, uşaqlara şəhidlik pensiyası lazımdı, sənin danışdığın nağıllar yox. Cəfo kanalda batdısa da getdi, düşmən gülləsinə tuş gəldisə də!”

Yazıçı seçiminə gərək yoxdur, cümlə özü janrı diktə edir.

Bununla belə, hekayələrdə Kusturitsavari qara yumor duyulur. Bu dodaq qaçırdan cizgilərlə yazıçının öz qəhrəmanlarına sevgisini duyursan. Hətta cahil olanına belə...

Sevmək demişkən, yazıçının öz yaşadıqlarını yazmasını, tanıdıqlarını, lap elə qohumlarını ədəbi obraza çevirməsini qeyri-peşəkarlıq və ya çarəsizlik kimi görmək özü peşəkar yanaşma deyil. Məsələ obrazı tanımaqda deyil, oxumaqdadır. İllərlə birgə yaşadığın insan yanında açılmamış kitab kimi gəzə bilər. Deməli, yazıçı yalnız özünü yazmır, həm də müşahidə edir.

"Xanım T" kitabında toplanan ilk hekayələrin daha bir özəlliyi var: qısalıq, lakoniklik. Deməli, məsələ təkcə xırda detallarda deyil, yazıçı qısa portretini verdiyi, əhvalatını təqdim etdiyi qəhrəmanının haqqında uzun yazmağa macal tapmır, bununla belə faciəsini dərinliyi ilə görür. Bu lakoniklik faciəni əhvalatın altında gizləyir, çünki oxucunu yükləmək, əhvalatdan yayındırmaq istəmir. Bir-iki cizgi ilə eskizi verir, keçir danışmağa.

Dünyaca məşhur rejissor Nuri Bilgə Ceylan filmlərinin kadrarxasında aktyorlarına belə deyir: siz informasiyanı göstərməyə yox, gizləməyə çalışın, bu halda o daha çox görünəcək (Əslində, təvazökarlıq edir, "siz gizlədikcə mən görünməsinə daha çox şərait yaradacam" deməlidir). Şərif də allı-güllü geydirib, bəzəndirib toya aparır kimi obrazlarını adam, pardon, kitab içinə çıxarır, amma adamlar bu "geyim-kecim”in (zahiri təsvirlərin) altından o saatca özünü (faciəsini) faş edir.

Toyda yekə qarnını ata-ata oynayan, rəqs edən qadınları marıtlayan qohum da, Möhüş də, Haxverdi də yazıçının oxucuya baxmağa birovuz verdiyi üçüncü gözün altındadır. Bu üçüncü göz onlara həm gülür, həm də ağlayır.

O qarnını atan qohum gülməlidir, amma həm də xərçəng olduğunu bilməyən xəstə kimidir; dərdini bilmədiyi üçün xoşbəxtdir, amma bu faciənin üstündə atılıb-düşən oyuncaq bədənlər xoşbəxtlik yox, faciə duyğusu ötürür. Ustalıqsa hekayəni lazımı yerdə bitirmək, lenti "xırp" deyə kəsməkdi. Ki, bunu biz o hekayələrin çoxunda görürük. Bu şifahiliyin tələbidir, əhvalat bitibsə, göydən üç alma düşübsə, daha artıq danışmağa gərək yoxdur (Ona görədir ki, "Xürrəm" hekayəsi uzunluğuna baxmayaraq, bitkinləşə bilmir, uzun təsvirlər, qəhrəman Babək Ardanuşlunun ətrafında baş verən cürbəcür əhvalatlar obrazı dolğun etməkdən çox qeybətvari tonallığa düşürür) Ümumiyyətlə, Ağayarın təfəkküründə şifahi ənənə güclüdür. Qısa hekayələrin uğurunu buna bağlayıram: dramatizmi bir detalla, bir misra ilə vermək ustalığı. Romanlarda isə başqa cür davranmalısan, burda lenti istədiyin yerdə kəsib gedə bilmirsən. Romanda onlarla vacibat gərək olur və şifahilikdən gələn ənənə işə yaramır.

Məsələn, "Gülüstan" romanında yazıçı bir qəsəbədə baş verənlərin timsalında bir model təqdim etməyə qalxır. Məlum, elmdən başqa hər cür ümumiləşmə pafosa məhkumdur, o üzdən tək əhvalat deyil, nə qədər təsvir dəqiqliyinə çalışsa da, "Gülüstan"da Adəmin obrazı da sxematik alınır. Biz müəllifin zorunu hiss edirik. Bəzən qəhrəmanın yerinə müəllif danışır. Mətndə səs olduqca vacibdir. Oxucu ilk növbədə səsi tanıyır. Müəllif təhkiyəsinin səsi əlbəttə qəbul olunandır, amma bu səs obrazın ağzından çıxanda, oxucunu yorur.

Həm bir qəsəbədə baş verən sosial ədalətsizliyi təqdim etmək üçün bütöv bir model qurmaq izafi əziyyətdir, mətnin birqatlılığını bu başdan elan etməkdir, dibi görünən gölə ağ bayraq sancmaqdır. Belədə mətn üçüncü gözdən, qeybanə baxışdan, sirlilikdən məhrumdur, olsa-olsa vəziyyətə bir nəzər yetirməkdir. Realist nəsr üçün bu cür informativlik, xüsusən təhlükəlidir. Üstəlik, obrazlar roman üçün vacib olan keyfiyyətdən – daxili ziddiyyətdən, mürəkkəb mübarizədən məhrumdur.

"Haramı"da ziddiyyət obrazın özündə yox, müəllifin yanaşmasındadır. Əsər Səməndər obrazı ətrafında, təxminən "burda bir igid ölüb, göy kişnər, bulud ağlar" xalq bayatısı motivində cərəyan edir. Bəs ziddiyyət nədədir? Qəhrəman zəmanənin keşməkeşindən igid kimi "çıxarılır", amma sanki zəmanə özü ədalətsizdir, Səməndəri öldürən arvadı Xalidə kimi "vəfasızdır". Roman boyunca təhkiyədə belə kişimərkəzçi düşüncə tərzindən bir cümlədə də kənara çıxılmır, əlbəttə, müəllif coğrafiya, şərait reallıq belədir deyə bilər, amma daha "fələk birəhm, dövran bisükun, düşmən qəvi, tale zəbun" intonasiyası nəyə lazımdır? Məgər avtoritar düşüncəylə zəmanədən azad, ədalətli cəmiyyət gözləmək özü absurd deyilmi? Axı Səməndərin igidliyinə simpatiya hər cür avtoritarizmə haqq verir. Bu, müəllif yanaşması olaraq qüsurludur, Səməndər avtoritar cəmiyyətin qəhrəmanıdır, amma müəllif onu tərənnüm edir. Belə yerdə müəllifin adətən iki bəraəti olur:

1. Belə toplumun belə qəhrəmanı olur, mən olanı təsvir etmişəm.

Aha, bu, qəbulolunandır.

2. İkinci arqument daha irəli gedir: "Belə zəmanənin qəhrəmanı belə olmalıdır, zəmanə özü ədalətsizdir, Səməndər nə etsin?"

Birinci arqument hardasa keçərlidir, 21-ci əsrdə avtoritarizmin qidası hardandır, bir mənbə olaraq romandan oxuyub təsbit edə bilərsiniz. İkinci isə müəllifin şəxsi yanaşması, mövqeyi ola bilər. Deyək ki, avtoritarizmə üstünlük vermək də öz işidir. Bizi maraqlandıran istənilən əsərə ruh verən, hissləri və hadisələri dərinləşdirən ziddiyyətlərdir. "Haramı"da daxili ziddiyyət olsa-olsa "Dəyərləri yalnız qılınc gücünə qoruya bilərsən, digər tərəfdən, qılınc çalan da öz dəyərlərini diktə edir" qənaətindədir. Daha başqa ziddiyyət budur: "Avtoritarizmdən əziyyət çəkənlər avtoritarlara simpatiya bəsləyir".

Aydan gəlməmişik, bu ziddiyyət də yaşadığımız ölkənin ziddiyyətidir. Çox da arzu edirik, bir ev o yana-bir ev bu yana, toplum olaraq bizim ailə quruluşumuz indi də avtoritardır. Lakin "güclü (romanda Səməndər) həmişə haqlı deyil, amma o, haqlı olmayanda da sevimlidir"i yetkin təfəkkür deməməlidir. Xüsusən reallıqdan şikayətçi isə...

Əlbəttə, bu "qoçuluq" Səməndərin reallığa etirazı, ədalət bərqərar etməsidir. Hətta bu, Səməndərin simasında müəllifin təsvir etdiyi reallığa, şəraitə etirazı da ola bilər. Oğrudan-oğruya halaldır hikməti... Lakin igidlik məfhumunu bu qədər bəsitləşdirmək nəyə lazımdır?

Reallıq və mistika qütbləri arasında yaranan "Ağ göl" romanı müəllifin tənqidçilərdə əks fikirlər yaratması ilə diqqət çəkir. Maarifin mövhumata qalib gəlməsi fikrindən tut, adamların tapınıb sakral bildiyinə istehzaya kimi...

Amma təhkiyəçi demişkən, "bircə mən şahidəm ki" müəllif bu əsərlə Ağ göl haqda əfsanəni durultmaq istəyib. Bütün konflikt-filan şərtidir. "Ağ göl"də Şərif Ağayar deyir ki, müqəddəslik heç nəyə, hər hansı möcüzəyə, qeyri-adiliyə, hekayəyə-filana ehtiyac duymur. Camal təbiətin özü kimidir: saf, bircins, sadə. O ən sadə işlə – iydə qoxusunda çəpər toxuya-toxuya (sanki özü ilə maddi dünya arasında çəpər çəkərək) ilahi məqama yetişib. Müqəddəslik hekayəyə ehtiyac duymadığı kimi, hər hansı çirkin əhvalat da ( məsələn, arvadının Camala xəyanət etməsi haqda söz-söhbətlər) onu kirlədə bilməz. İnsanlar anlamaq üçün əfsanələşdirirlər. Amma elə insanlar var ki, onlara haqq qapısına getmək üçün yol da, kol da birdir. Biz ilahi məqam haqda bilmək istəyirik, amma ilahi məqam elə bilməməkdir, özünü məchula buraxmaq və unutmaqdır – bilmək insanı korlayır.

Şərifin ən yaxşı hekayələrindən birində, "Mənə elə gəldi gülməli əhvalat danışır" hekayəsində müəllif qəhrəmanını məchul dünyaya özü buraxır. Atası ilə itkin əmisini axtaran yeniyetmə bir məchul sorağında başqa bir məchulla üz-üzədir. Getdikləri evlər, görüşdükləri adamlar, taleyindən xəbər tutmaq istədiyi əmisindən şübhəli nişanələr, kanaldan tapılan naməlum meyit, qəhrəmanı keçmişdən çox gələcəyə fokuslayır, yeni həyatın qarşısında bələdçi atası xaric hər şeylə üz-üzə qalır. O, itkin əmisinin taleyini soraqlarkən özü də gələcəyə itkin düşür. Bu janrca ekspressionist hekayədə qəhrəman keçmişdən gələcəyə səyahət edir. Baş verən hər şey indidən çox keçmiş, ya da gələcək soraqçısıdır.

"Şəkil" hekayəsində isə bir daxili səyahət gerçəkləşir. Babasının fotodakı gözlərini ona olan qəzəbindən deşən uşaq buna görə mənəvi əzab çəkir, özünü hər şeydə günahkar bilir, oxucu anlayır ki, nə olur-olsun, o uşaq bu ilk, qəribə nisgilini ömrü boyu daşıyacaq. Zira uşaqlıqda yaşanan təcrübə ilk ayıb, ilk kədər, adətən ömrü boyu qorunur. "Şəkil" uşağın babasıyla münasibətlərindən bəhs edir, amma əsas olan bu münasibətlər yox, onun xatirəsidir. Bu hekayədə iki emosional vəziyyət növbələşir: doğmalıq, ayrılıq. İlk başdan bir ögey münasibət, daha sonra anasının danışdığı köynəkdən keçirmə hadisəsi – doğmalıq; fotonu oymaqla nəticələnən ögeylik; daha sonra qəbirdəki şəkil – peşmanlıq, mənəvi əzab, doğmanın qədrini bilmək.

Hamı bilir ki, mərmər daşa vurulan fotoda insanın göz bəbəyi dərinlik alınsın deyə deşik kimi görünür, hətta bəzən heykəllərdə həqiqətən göz bəbəklərinin yerində deşik olur, amma "Şəkil"in qəhrəmanı bilir ki, bu, məhz onun "əsər"idir. Ədəbiyyatın bir sehri də budur: hər kəsin gördüyündə daha başqa bir şey görmək...

Şərifin mətnlərində təbiət təsvirləri o qədər də uzun deyil və bu təsvirlər çox vaxt obrazın həyatıyla, düşüncəsiylə və ya ümumiyyətlə hadisənin özüylə paralelləşir. Məsələn, “Anaxanım” hekayəsindən aşağıdakı parçaya diqqət edək. "…Çevrilib düzənliyin ortasındakı balaca təpəcikdən – Anaxanımın yeraltı damından korun-korun qalxan təzək tüstüsünə baxdım. Ağappaq idi… Bulud kimi..."

Bu hissə final üçün sıradan təsvir deyil, müəllif buluda oxşayan ağ tüstüdə özünə yadlardan doğmalar yonan, tək qalandasa dərdinə korun-korun yanan bir qadını görür, daha düzü, göstərir...

Bənzətmələr bəzən modern zamanlara xitabı ilə də heyrətləndirir:

"Dədəm yenə qaşlarını ata-ata fikrə getdi. Onun bu adətini sonralar kompüterin axtarış əməliyyatına bənzədəcəkdim" ("Kərpickəsən kişinin dastanı"). Atanın ayıq düşüncəsinə, iti zehninə, fəhminə heyranlıq onu modern çağın hər şey sorulan "ağsaqqalı"na – gugla bənzətməsinə gətirir. Beləcə fərqində olmadığın bənzətmə ilə savadsız bildiyin, amma həyat məktəbi keçmiş qocanın surəti canlanır.

Öz yazıçı hekayəsini danışanda Ağayar "İnsanların içindəki nəğməni eşidirəm" deyir. Bu, şişirdilmiş, bir qədər də plagiat ifadədir, məncə, Şərif adamların içindəki səsi – nəğmə ola bilməmiş zingiltini, sızıltını, hayqırtını, çığırtını eşidir. Bu səsin qəribliyi odur ki, bu insandan-insana çağıran səs deyil, bu insandan tanrıya olan nidadır.

Şərif Ağayarın qəhrəmanları həm də müharibənin dərbədər etdiyi, nəğməsindən ayrı düşmüş insanlardır, vətən adlı nəğmə bütövləşməyincə, bu hayqırtılar davam edir. Yazıçılıq tək istedad deyil, həm də bu səslərə dözməkdir, çünki insanlar tək döyüşdə, tək top səsindən deyil, dinc dövrdə də, insan səsindən də kontuziya ala bilir. Bununla belə bu hekayələrin yazılma stimulu bu səslərdən qurtulmaq da deyil. Olsun ki, Şərif Ağayar dağılmış vətənini Haxverdinin, Həsənin, Möhüşün, Köçərinin, Mirzənin, Cəfər əminin, Balabəyin sifətində bir yerə toplamağa çalışır. Vətən yalnız boz, qara torpaq deyil ki... Hətta vətən insanların ölümü ilə torpaq olur...

Şərifin bədii cəhətdən də daha güclü bildiyim qaçqınlıq hekayələri işğala məruz qalmış ölkə üçün əvəzolunmaz nümunələrdir. Xaricdə aparılacaq hansısa siyasi ideoloji təbliğat üçün yox, öz oxucularımız üçün. Bir-birini tanısınlar, bir-birinin reallığından xəbərdar olsunlar deyə...