“Mənim tanıdığım Ələsgər” kitabı haqqında qeydlər
Adilə Nəzərova
filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün
Şərif Ağayar “Mənim tanıdığım Ələsgər” kitabında qarşısına Aşıq Ələsgəri həm ədəbi, həm mənəvi, həm də tarixi kontekstdə yenidən qiymətləndirməyi, onu çağdaş oxucu üçün canlı, əlçatan və dərin mənalı bir obraz kimi təqdim etməyi məqsəd qoyur. Kitab publisistik üslubla yazılmış, yeni ifadə ilə desək, ədəbi ustad dərsidir. Ş.Ağayar Ələsgəri yalnız folklor və ya klassik poeziya müstəvisində deyil, müasir ədəbi düşüncənin “canlı müəllimi” kimi təqdim edir. “Bu xalqın dili onun mövcudluğunun şəhəridirsə, qapısı Ələsgərdir.”
Müəllif kitabın ilk – “Tərki-vətənlik” bölməsində bildirir ki, divani janrı təkcə heca sayı və forma yox, həm ruh və intonasiyası olan canlı bir sənət nümunəsidir. Divani oxunarkən nəfəs dayanmır – fasiləsiz, ruhla, canla oxunur. Şair öz iç dünyasını, əhvalını, ruhunu mətnə üfürür. Bu səbəbdən hər şairin intonasiyası unikaldır, başqasının havasına bənzəmək mümkün deyil. Məclislərin divani ilə başlanması, onun Tanrıya müraciət tərzində olması, janrın “minacat” (dua, yalvarış) funksiyasını vurğulayır. Deməli, müəllifə görə divaninin oxunması təkcə ədəbi yox, həm də sakral bir ənənədir.
Ş.Ağayar elə kitabın əvvəlində şəxsi təcrübə və motivasiya hekayələri ilə oxucuya Aşıq Ələsgərlə birgə Füzulini və digər şairləri də təqdim edir. O, bu janrın ruhunu və təsirini konkret hadisələrlə göstərir. “Danışır” ki, yaxın qohumunun imtahanda uğur qazanması, başqa bir qohumunun ağır xəstəlikdən sağalması zamanı Ələsgərin divanisi ona böyük ümid və enerji verib. Bu nümunələr divaninin həyatdakı canlandırıcı təsirini konkret şəkildə göstərir.
Kitabın məqsədi Ələsgərin yerini yalnız aşıq ədəbiyyatı və heca şeiri kontekstində deyil, həm də klassik divan ədəbiyyatı və Ələsgərdənsonrakı Azərbaycan ədəbiyyatı (məsələn, Füzuli, S.Vurğun, M.P.Vaqif, Ə.Kərim, S.Sarvan ilə) müqayisəsində araşdırmaqdır. Bu yanaşma onun şəxsiyyətini və yaradıcılığını daha düzgün anlamağa yardım edir. Ş.Ağayar Ələsgərin yaradıcılığını zen-buddistlərin oxçuluq sənəti ilə müqayisə edir. Ustadın məqsədi hədəfi vurmaq deyil, bütövlüyü görməkdir.
Ş.Ağayar yazır ki, Ələsgərin ruhu sözlərdə, əhvalatlarda yaşayır, və o, daim hərəkətdə, canlıdır. Bu səbəbdən onun yaradıcılığı ruhu ilə ünsiyyət qurmaqla daha yaxşı dərk olunur. Müəllif kitabın əvvəlindən sonuna özünü Ələsgərin bələdçisi, dostu kimi təqdim edir, onu bütləşdirmədən, ehkamlaşmadan, canlı və cana yaxın biri kimi oxuculara çatdırmaq istəyir. Kitab elmi tədqiqat yox, şəxsi təəssüratlar və yaradıcı düşüncələr toplusudur.
Kitabın 4-cü - “90-ların akısı və Ələsgər. Dad sənin əlindən çərxi-kəcmədar...” bölümündə müəllif yazır: “90-ların Bakısında şeirdə ciddi bir Ramiz Rövşən-Salam Sarvan xofu dolaşırdı. Hamı onlar kimi yazmağa çalışırdı. ... İçimdən gəlmirdi yazdıqlarım. İçimdən gəlmədiyi üçün başqalarına da təsir etmirdi.”
Müəllif həmin dövr ədəbi mühitini gənclər üçün həm tələbatlı, həm də məhdudlaşdırıcı kimi təsvir edir. Gənclər öz səsindən çox, məşhur şairlərin təsirində qalıb öz yaradıcılıqlarını itirirdilər. Və bu məqamda Ələsgərin şeirlərinin müəllif üçün xilas və ilham mənbəyi olması:“İçimi həmişə diri saxlayan ən əhəmiyyətli səbəblərdən biri, birincisi Ələsgərin dua kimi əzbərlədiyim şeirləri idi” kimi qiymətləndirilir. Burada Ələsgərin xalq ruhuna, səmimiyyətə söykənən sadə və dərin şeirinin müəllif üçün canlı dayaq və ilham olduğu vurğulanır. Ramiz Rövşənlə Ələsgərin müqayisəsində “Ramiz Rövşən eyni fikrin intonasiya və enerjisində Ələsgərə yüksək hesabla uduzmuşdu.”- deyir. Və əlavə edir ki, “Məmməd Aslan, Məmməd İlqar, Akif Səməd, Ramiz Qusarçaylı, Murad Köhnəqala, İbrahim İlyaslı kimi sırf xalq ənənəsi üzərində gələn şairlərin ... təsir imkanları zəif idi.”
Müəllif ədəbiyyatda sadəliyin dəyərini vurğulayır, Səməd Vurğun kimi ustadların tənqid olunmasının səhv olduğunu bildirir.“Abşeronun ədəbiyyat həvəskarları ... Səməd Vurğunu Füzuliyə, Seyidə, Nəbatiyə qarşı qoyurdular. ... Sadə yazmaq üstünlükdür.” Bu və bu kimi fikirlər kitab boyu Ələsgərlə yanaşı müəllifin özünü də oxucuya tanıdır. Yəni kitabda bir Şərif Ağayar obrazı var – həm də baş rolda. O, özünü Laçının dağ kəndindən çıxan, saz və poeziya mühiti ilə iç-içə olan bir insan kimi təqdim edir. Uşaqlıqdan Ələsgərin və digər aşıq-şairlərin təsiri altında böyüyüb, onların şeirlərini yaddaşına həkk edib və bu şeirlər onun ruhunda, həyatında dərin iz buraxıb. Ələsgərin poetik dili, incə ruhu və əxlaqi mesajları onun ailəsində – nənəsində, əmisində və ümumilikdə kənd mühitində güclü təsir göstərib. Ələsgərin şeirləri onun yaddaşında canlıdır, ona güc və rahatlıq verir, xüsusən də 30 illik işğal və Qarabağ müharibəsi kimi ağır dövrlərdə. O, üç il boyunca Füzulini oxuyub, təfsirlər, müqayisələr apararaq, həm özünü itirmiş, həm də ruhani səviyyədə yüksəlmiş hiss edir. Müəllifin getdiyi bu çətin yolu oxucular da gedir və bu səfər sonunda insanın dünyagörüşü və ədəbi duyumu zənginləşir.
Bu bölümdə ədəbi yolçuluğun və mənəvi axtarışın metaforu kimi Bişr Hafi hekayəsi “danışılır”. Bişr Hafi əhvalatı (ayaqyalın gəzərək ruhunu təmizləməsi) Ş.Ağayar üçün bir metafordur – poeziya, irfan və iman yolunda olan çətinliklər, sınaqlar və sarsıntılarla dolu, lakin şərəfli bir səfərdir ki, özünü tam o səviyyəyə gətirmək hər kəsə nəsib olmur. Bu səfərin sonunda müəllif İçərişəhərin Cümə məscidində Quranı sinəsinə sıxıb Allaha dua edir, ruhani dəstək axtarır. Bu, həm ədəbi, həm dini səyahətin final nöqtəsidir ki, insanın yaratdığı əsərlər və mənəvi dünyası yalnız ilahi qüvvə ilə tamamlanır.
Ş.Ağayar “danışır” ki, “Bakı ədəbi mühitinə gələndə Aşıq Ələsgər haqda bildiklərim məndə böyük qürur oyadırdı. Elə bilirdim, onu əzbər bilirəm, artıq onunla bağlı işim bitib. Lakin Füzulinin şeir dünyasına daldıqca, Ələsgəri yenidən kəşf etdim. Bu kəşf mənim üçün uzun, ağır, amma həmişə maraqlı və mənəvi zənginliklərlə dolu bir yolçuluğa çevrildi. 15 yaşımda yola saldığım Ələsgər, 25 yaşımda məni təkrar qarşılayırdı.”O,misallar gətirərək müqayisəli təhlillər aparır və bu iki şair arasında yüzilliklərdə yaranan dialoq poeziyanın zənginliyini, çoxşaxəliliyini nümayiş etdirir. Füzuli ümidlərə şübhə ilə yanaşır, Ələsgər isə həmin ümidləri daha inamlı, daha sədaqətli bir nurla işıqlandırır.
Həm Füzuli, həm də Ələsgər ayrılıqda və müqayisəli təhlillərdə Ş.Ağayar qələmində bir başqa təsir yaradır. Bir daha əmin olursan ki, ədəbiyyatımızın iki dahisi – Aşıq Ələsgər və Məhəmməd Füzuli – şeir aləmində fərqli üsul və məzmunla bir-birini tamamlayan, eyni zamanda düşündürən simalardır. “Həqiqətdə iki gözəl sevmişəm, / Birisi Məhəmməd, birisi Əli...” misrası Aşıq Ələsgərin yaradıcılığında xüsusi yer tutur və onun poeziyasının dini-mənəvi köklərini, xalq ruhu ilə bağlılığını göstərir. Bu misranın təhlili həm Ələsgərin şeir anlayışına, həm də onun Füzuli ilə dialoquna işıq tutur. Ələsgərin şeirində sevgi yalnız romantik bir anlayış deyil, daha çox dərin mənəvi və mistik bağlılıqdır. Onun şeiri xalqın dini inancı ilə sıx əlaqəlidir, həm də ənənəvi folklor estetikası ilə yüksəlir. Füzuli isə klassik Azərbaycan ədəbiyyatında şeirə, yalan və həqiqət anlayışına fərqli yanaşması ilə seçilir. Onun “Gər dersə Füzuli ki, gözəllərdə vəfa var", / Aldanma ki, şair sözü, əlbəttə, yalandır” misralarında şair yalanının incə bir fəlsəfəsi gizlənir. Şairin “yalan” dediyi, əslində, poeziyanın metaforik gücüdür, gerçəyi daha dərin, daha təsirli şəkildə çatdıran bir vasitədir. Yəni, hər iki şairin “gözəlləri” Məhəmməd peyğəmbər və Həzrət Əlidir. Lakin, müəllifin Füzulinin bunların da vəfası yoxdur fikrinə izahı yenidir. Füzulinin “şair yalanı” məfhumunda bu “gözəllər” Allaha sadiqdirlər, ona görə də insana, o cümlədən Füzuliyə də vəfalı ola bilməzlər. Onların bizə vəfasızlığı Allaha sədaqətə xidmət edir.
Şərif Ağayarın “Mənim tanıdığım Ələsgər” kitabı iki əsas hissəyə ayrılır, hər hissədə on məqalə yer alır. Mənə görə, kitabın ikinci hissəsi daha maraqlıdır. “Allah, Allah!” bölümündə Aşıq Ələsgərin yaradıcılığının müxtəlif baxış bucaqlarından dəyərləndirilməsi mövzusunu mərkəzə qoyur. ANS-dəki “Dahilərin divanı” verilişində Məmməd Aslan və professor Hüseyn İsmayılov arasında baş verən mübahisədən çıxış edərək, iki fərqli yanaşmanı müqayisə edir: Məmməd Aslan Ələsgəri daha çox hiss, duyğu və poetik “sığal” kontekstində dəyərləndirir, onu dini-sufi çərçivəyə salmaqdan narahatdır. Hüseyn İsmayılov isə Ələsgəri islam-irfan ənənəsi, dini-mənəvi kontekst və Şərq mədəniyyəti çərçivəsində izah etməyə üstünlük verir.
Ş.Ağayar bu iki yanaşmanı Şillerin “saf” (hiss) və “düşüncəli” (ağıl) şeir bölgüsü ilə əlaqələndirir və Ələsgərin hər iki cəhəti daşıdığını vurğulayır. Müəllif tarixi-siyasi səbəblərə də toxunur: çar və sovet ideologiyasının milli-mənəvi kimliyi parçalayaraq Ələsgərin bütöv qavranılmasına mane olduğunu qeyd edir.
Bu bölümdə Ələsgərin “göz” və “qulaq” obrazları üzərindən eşitmə - görmə qarşılaşdırması aparılır; islam mədəniyyətində eşitmənin (səsin) görmədən üstün tutulması izah olunur. Müəllif həm irfani, həm də dünyəvi şeirlərdən nümunələrlə bu məntiqi əsaslandırır, Ələsgərin məcaz dünyasını zəngin misralarla açır.
Nəticədə, Ş.Ağayar balansın vacibliyini vurğulayır: Ələsgəri nə sırf dünyəvi şair kimi, nə də sırf dini-sufi obraz kimi təqdim etmək doğrudur. Onun yaradıcılığı hisslə ağlın harmoniyasıdır, əsas dəyəri isə “Ələsgər sığalı”nda, yəni özünəməxsus poetik üslubunda gizlidir.
Müəllifin ifadə tərzi emosional, obrazlı və ədəbi istinadlarla zəngindir, oxucunu həm tarixi-mədəni kontekstə, həm də poetik mətnin daxili qatlarına yönləndirir.
Kitabın “Qoşma məqamı” bölümündə çox gözəl bir analitik-publisistik mətn oxuyuruq. Ş. Ağayar sadəcə Ələsgərin şeirindən danışmır, qoşmanın Azərbaycan poeziyasındakı yerini və tarixi inkişaf yolunu, janrın semantik, musiqi və irfani qatlarını da açır. Qoşmaları yalnız şeir kimi yox, həm də mərifət və irfan konstitusiyası kimi təqdim edir. Ələsgərin misralarını Füzuli, Vaqif, Mövlanə, Şəms Təbrizi, Nəsimi kimi zirvələrlə dialoqda göstərir. Ən əsası, müəllif öz şəxsi duyğularını, oxucu kimi yaşadığı həyəcanı, heyrəti və zövqü də bu yazıya qatır. Bu da kitabı bədii-publisistik esse halına gətirir.
Bəzi güclü məqamları diqqətə çatdıraq:
‣ Ələsgərin qoşmaları ifadəsi Füzulinin qəzəlləri, Xəyyamın rübailəri...” analoqu çox uğurlu müqayisədir.
‣ “Onun yaradıcılığı bir ölkədirsə, aborigeni qoşmadır” cümləsi həm poetikdir, həm də məzmunu dərinləşdirir.
‣ “Şeir göydən gələndə belə olur – bütün daşlar ilahi qüdrətlə öz yerinə oturur” fikri yazının əsas açarlarından biridir.
‣ Ələsgərin sözlərindəki vizuallıq və müəllifin bunu “kamera effekti” ilə izah etməsi yazını həm də müasir ədəbiyyatşünaslıq baxımından maraqlı edir.
Bu bölümdə müəllifin gəldiyi nəticə oxucunun da qane edir: Qoşma Azərbaycan poeziyasının nəfəsidir. Amma bu nəfəsin ən saf, ən işıqlı anı Ələsgərin səsində eşidilir. Müəllif “Qoşma məqamı”nda Ələsgərin misralarında Füzuli ilə Mövlanənin, Nəsimi ilə Şəmsin, hətta Xəyyamın nəfəsini hiss etdirir. Qoşmanı yalnız bədii janr yox, mərifət, irfan, həyat konstitusiyası kimi təqdim edir və oxucu anlayır ki, Ələsgərin yaradıcılığı həqiqətən bir ölkədirsə, onun doğma, yerli xalqı qoşmadır.
Kitabın “Ələsgər sənətkarlığı. Haqq səni sərraf yaradıb...” bölümü Ş.Ağayarın Ələsgər sənətkarlığına dair çox geniş, intellektual və dərin təhlilidir. Ədəbi üsul baxımından pastiş, göndərmə, cinas, məcaz, pünhanlıq vurğulanır, Ələsgər şeirlərində bunların sistemli şəkildə işlənməsi göstərilir. Ələsgərin Füzuli ilə paralelləri, Hafizlə, Mövlana ilə, Quran və dini əhvalatlarla səsləşmələri, həmçinin irfan qatları Ələsgərin şeirlərindəki dərin mistik və fəlsəfi məna araşdırılır.
Kitabın 9-cü bölümündə Ələsgərin humanizmi, onun ədalət duyğusu Nizami ilə müqayisədə təqdim olunur və oxucuya bir mənəvi yol göstərilir. Ələsgərin ədalət duyğusu canlı həyat hadisələri ilə - Yetim Əhməd dastanı, öz şəxsi ağrıları, şeirlərindəki fəlsəfi məqamlarla göstərilir. Müəllifin bu bölümdə gəldiyi nəticə budur: Ələsgər ədəbiyyatın deyil, həyatın özünün “ədalət tribunası”dır.
Ümumilikdə, kitab Ələsgəri həm yeni nəsillərə sevdirən, həm də onun əbədiliyini təsdiqləyən sanballı bir əsərdir. Bununla yanaşı, “Mənim tanıdığım Ələsgər” kitabında təqdir etmədiyim məqamlar da var və bunları bölüşməsəm, kitab haqqında dediklərimdə tam səmimi və obyektiv olmadığımı düşünərəm.
1. Subyektivlik üstün gəlir. Müəllifin şəxsi duyğuları, poetik təəssüratları çox güclüdür, bu da bəzən obyektiv təhlili kölgədə qoyur.
2. Aşıq Ələsgər tamamilə öz kontekstinin, öz mədəniyyətinin, öz ruh mühitinin məhsuludur. Onu Şekspir, Homer, Folkner və digərlərilə müqayisə etmək zahiri bənzətmədən o yana keçmir, bu, “daş divara palçıq vurmaq” kimidir: yapışmır, yovuşmur. Ələsgərin sözü Şərqin irfanı, xalq hikməti, saz havası ilə yoğrulub. Onu Qərb klassiklərinə bağlamaq həm Ələsgərin özünü kiçiltməkdir, həm də qərbli müəlliflərin qatını yanlış göstərməkdir. Çünki: Şekspirin poeziyası daha çox psixoloji dram üzərində qurulub. Homer epik qəhrəmanlıq dastanı yaradır. Folkner modernist zaman parçalanması və sosial ziddiyyətlər fonunda yazır. Amma Ələsgər xalqın nəfəsi, sazın dili, həyatın özüdür. Onun gücü budur ki, o, heç vaxt Qərb ədəbiyyatının intellektual, süni konstruksiyalarına möhtac olmayıb. Əksinə, Ələsgərin misralarını Şərq klassikləri ilə yanaşı qoymaq həm ruh, həm dil, həm də irfan baxımından daha təbii və davamlıdır.
Belə müqayisələrin səbəbi çox vaxt ondan irəli gəlir ki, bəzi müəlliflər (Ş.Ağayardan da başqa edənlər olub.) dünya ədəbiyyatında “tanınmış adlara” söykənməklə Ələsgəri “beynəlxalq ölçüyə çıxarmaq” istəyirlər. Amma Ələsgərin özü o qədər özül, orijinal, təməldir ki, onu kiminsə kölgəsinə salmaq yox, öz ədəbi günəşimiz kimi göstərmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
08.12.2025