Ana
(üç hissəli faciə)
Birinci hissə
N prospektindəki köhnə binalardan birinin ikinci mərtəbəsində yerləşən kabinetimə cəld və yüngül addımlarla incə vücudlu, gəşəng geyimli bir gənc qadın daxil olur. Davranışından, üzündəki əminlikdən hiss olunur ki, maddi vəziyyəti yaxşı, xasiyyəti isə ağırdır. Əlimin işarəsi ilə ona qarşımdakı kürsüdə oturmasını təklif edirəm. Bir saniyə tərəddüd etdikdən sonra qadın ona təklif edilən kürsüdə oturub, yerini rahatlayır və boğazını arıtlayaraq, söhbətə başlayır:
– Mənə psixoloq rəyi lazımdı. Yumurtalıqlarımı götüzdürmək istəyirəm. Cərrah deyir ki, psixoloq ağlımın başımda olduğunu təsdiq edən rəy verməlidir, – qadın birnəfəsə dedi.
– Bəlkə əvvəlcə özünüzü təqdim edəsiniz, – əlimdəki qələmi bir kənara qoyub, qarşımdakı qadının gözəl üzünə baxdım.
Onun iri, qnur gözləri, sıx və uzun kirpikləri vardı. Saçlarını açıq rəngə boyatdığı hiss olunurdu, amma bu boya onun üzünün rənginə olduqca yaraşırıd deyə, süni görünmürdü, əksinə açıq rəngli saçlar onun sifətini daha qəşəng, daha sevimli göstərirdi. Qaşlarını indi dəbdə olduğu kimi səliqəyə salmışdı, ideal qalınlıqda və əyrisi mütənasib. Qadının bütün görünüşündən o dəqiqə hiss olunurdu ki, özünə, görünüşünə, geyiminə babat vaxt ayırır. Bu, hətta onun kosmetikasız üzündən də bəlli idi. «Gənclik özü bir gözəllikdir...», – yaşımı yadıma salıb, kədərlə düşündüm.
– Adım Samirə Əhmədovadır, – həmsöhbətim hövsələsiz halda tez cavab verir.
– Lap yaxşı, Samirə, mənim də adım Natavandı. Təəssüf ki, siz səhv gəlmisiniz, belə bir rəyi psixoloq deyil, psixiatr verir.
– Hə, yəqin həkimi tam diqqətlə dinləməmişəm, – qadın çaşır, sonra ayağa qalxır.
– Gözləyin, bir halda ki, gəlmisiniz, vaxtınızı və pulunuzu xərcləmisiniz, bəlkə bir az danışaq? Sonra da mən sizə lazım olan sənədi verə biləcək psixiatr tanışımın əlaqə nömrəsini verərəm.
– Məni fikrimdən daşındırmaq istəyirsiz? – Samirə gözlərini qıyaraq, mənə baxır.
– Yox, – deyib, gülümsəyirəm. Masanın arxasından qalxıb, qadının qarşısına keçirəm, onun oturduğu kürsü ilə üz-üzə qoyulmuş kürsüdə otururuam. – Amma əminəm ki, psixiatrınız bunu edəcək.
Qadın təzədən yerinə oturur, çantasını təzədən yerə qoyaraq, kürəyini oturacağa dayayır. Bu kürsü bütün pasiyentlərimin xoşuna gəlir. Bu iki kürsünün süngərini də, üzlüyünü də özüm seçmişəm. Qum qəngli velür üzlükdən ətrafa rahatlıq və qayğı yayılır. Hədsiz yumşaq oturacaq isə adama həyatın bütün ağırlığını unutduracaq qədər rahatdır. Bunu qəsdən eləmişəm ki, pasiyentlər özlərini mümkün qədər qayğılardan uzaqda hiss etsinlər.
Samirə susaraq, kabinetimə göz gəzdirir. Onun sağından, mənim isə solumdan baxanda pəncərə qarısındaki daxili həyəti görmək olur. Bu daxili həyətdə sakitlik hökm sürür. Kabinet seçəndə otağın da, ətrafın da sakitliyi mənim üçün əsas şərtlərdən birir idi. Ancaq belə sakit, rahat yerlərdə keçirilən seansların bir köməyi ola bilərdi. Kabinetin neytral, boz divarlarından dağ mənzərələri olan tablolar asmışam. Kagız-kuğuzla dolu masamın sağında kitablarla qalaqlanmş stellaj var, çoxu psixologiyaya aid olan bu kitablar kabinetdə mənim peşəkarlığımı sübut etməkdən daha çox, butafor məqsədi daşıyır. Tavanın düz ortasından köhnə sovet çılçırağı asılıb. Özündə qədim əzəməti daşıyan, “qol-qanadını” ətrafa yaymış qızılı şamdan...Buranı tutanda, nə qədər əlləşsəm də, ondan yaxamı qurtara bilmədim, məkanın sahibi inad elədi ki, çılçıraq yerində qalacaq. Ondan bir balaca oyuncaq quş asmışam – pasiyentlərimin birində hədiyyədir...
İki dəqiqədən sonra söhbətə başlayıram:
– Deməli, özünüzü gələcəkdə ana olmaqdan məhrum etmək istəyirsiniz?
– Bəli, – Samirə dəqiq və qısa cavab verir. – Belə istəyirəm.
– Başa düşürsünüz ki, bunun geriyə yolu yoxdur?
– Bura baxın, mən burda özümü müdafiə eləmək fikrində deyiləm, – qadın qollarını yaxasında çarpazlayaraq, özünü söhbətə qapatdığının nişanəsini verir.
– Bilirsiz, mənim vaxtımda belə bir imkan olsaydı, özüm də bu prosedurdan keçərdim, - deyirəm.
Qadın başını qaldırıb, diqqətlə üzümə, gözlərimin içinə baxır. Mənimlə dialoqa girib-girməməkdə tərəddüd etdiyini aydın hiss edirəm. Bir neçə saniyədən sonra qərarını verir.
– Uşaqlara nifrət edirəm, – axır ki, o dilə gəlir.
– Bunu etiraf etmək üçün kifayət qədər cəsarətli olmaq lazımdı …
– Bu ümumi ifadələrin mənası yoxdu. Siz də mənim həndəvərimdəki hər kəs kimi, uşaqların xoşbəxtlik olduğunu hesab edirsiniz. Sizin nəsli yaxşı tanıyıram. Anam, xalalarım, siz yaşda olan bütün qadınlar belə düşünür.
– Samirə, məni sancmaq istəyiniz əbəsdir. Sizin qərarınızın mənə dəxli yoxdu, özünüzə, öz bədəninizə nə edəcəyiniz mənim işim deyil. Maraqlı olan, bu qərara səbə olan şeydir.
– Yaxşı, deyim. Anamın dörd uşağı var, yəni biz dörd bacı-qardaşıq. Böyükləri mənəm, buna görə də iki ekiz qardaşımın da, balaca bacımın da qayğısına mən qalmışam. Biz kasıb ailə idik, valideynlərim daima işdə olurdu. Atama sovet vaxtı işdən ikiotaqlı ev vermişdilər. Dörd uşaq bir otaqda böyüyürdük. Nə şəxsi məkan, nə tək qalma imkanımız yoxdu. Bir az böyüyər-böyüməz uşaqların qayğısı, ev işləri, biş-düş, qab-qaşıq yumaq –hamısını mənim çiyinlərimə yüklədilər. Uşalqların bütün məsuliyyəti mənim üzərimdə idi, onlara nəsə olanda, ya onlar nəsə edəndə, günahkar həmişə mən olurdum. Yəqin ailədə ən çox döyülüb-söyülənin də kim olduğunu deməyə ehtiyac yoxdur. Razılığım olmadan, gənc yaşımda çoxuşaqlı ana olmuşdum. Yaşıdlarım dondurma yeyib, parkda oynayanda mən balacalarla oturumalı, onların dərslərinə fikir verməli, ağlayanda kiritməli idim.
Dərslərimi yaxşı oxuyurdum. Arzum o idi ki, yaxşı oxuyum, karyera qurum, özümə ev alım və yatağımı bacımla bölüşməli olmadığım, vaxtımı uşaqlara sərf etməycəyim, həyatımla bağlı özümün qərar verə biləcəyim bir ömür yaşayım. Sinifdə hamıdan yaxşı oxuyurdum amma rəfiqəm yox idi, çünki dostluğa sərf edəcək vaxtım yox idi. Məktəbi bitirəndə anam tələb elədi ki, ali məktəbə sənədlərimi geri götürüm, çünki ona evdə köməkçi lazım idi. O saçlarımdan tutub, məni döşəmə boyu sürüyür, məni döyürdü, düşünürdü ki, məni zorla məcbur edə bilər. Amma mən evdən qaçdım..., – deyib, o başını dik tutdu.
– Siz ona görə uşaq istəmirsiniz ki, ananız kimi olmaqdan qorxursunuz?
– Yox, ona görə ki, mən artıq anamın üç uşağını böyütmüşəm. İnsanların qarşısında bir analıq borcum vardısa da, onu artıq vermişəm. Məndən bu qədər.
İkinci hissə
– Salam, buyurun, keçin, – kabinetimə girən gənc qadına diqqətlə baxıram.
Otuz yaşdan bir az çox vermək olar. Avazımış bənizi, at quyruğu kimi yığdığı, aralarına təzə-təzə dən düşən saçlarından onun yorğunluq və əsəbiliyini hiss etmək olur. Sadə, qara, formasız donu dizlərindən bir az aşağıya çatır, belə formasız paltarın məqsədi bədənindəki artıq çəkini ört-basdır etməyə hesablansa da, qadının köklüyünü namərdcəsinə büruzə verir. Qadın sakitcə oturur, sonra niyəsə qorxa-qorxa ətrafa baxır.
– Adınız nədir?
– Gülnarə, – qadın ehtiyatla deyir. – Sizi mənə bacım məsləhət gördü.
– Tanışlığımıza şadam, Gülnarə. Deyin, sizi nə narahat edir?
– Bacım dedi ki, siz anlayışlı insansınız, – deyib, pasiyentim ətrafa baxır.
– Siz nədənsə qorxursunuz?
Gülnarənin cavabı ləngiyir. Dərindən nəfəs alıb, cibindən dəsmal çıxarır, kənarlarının didişdirməyə başlayır. Diqqətlə onun dərisi kobudlaşmış, işləməkdən şişmiş əllərinə, lakı qopmuş dırnaqlarına baxıram. Onun üçün narahat oluram. Özüm söhbətə başlayıram.
– Samirə sizin böyük bacınızdırsa, deməli sizin… – dəhşətlə fərqinə varıram ki, qarşımda oturan, otuzu təzə keçmiş kimi görünən qadın əslində necə də gəncdir.
– İyirmi dörd yaşım var, – o, sanki bir az sakitləşərək, mənim başladığım cümləni bitirir. – Hə, ailədə ən balaca uşaq mənəm.
– Evlisiniz?
Gülnarə oturduğu kürsüdə sanki bir az dikəlir. Başa düşürəm ki, onu mənim kabinetimə gətirən məsələ də elə evliliyidir. Bəlkə də ərinin onun psixoloq yanına getdiyini biləcəyindən ehtiyat edir.
–Narahat olmayıb, bizim söhbətimiz son dərəcə məxfidir. Dediyiniz heç bir kəlmə bu divarlardan o yana çıxmayacaq, – pasiyentimi sakitləşdirməyə çalışıram.
– Özümə nifrət edirəm, – o axır ki, söhbətə və eyni zamanda ağlamağa başlayır.
– Niyə belə fikirləşirsiniz?
– Çünki … – o ağlamağını kəsmədən davam edir, – çünki öz uşağımı sevmirəm. Bilmirəm, bunu sizə necə izah edim. Mən ərə gedəndə elə biliridm ki, doğmaq çox vacibdir. Axı bütün qadınlar uşaq doğur. Qaynanam da həmişə soruşurdu ki, nə vaxt uşaq doğub, onu nənə edəcəm.
Qadın susur. O əslində mənə baxsa da, sanki baxışları məni dəlib, o tərəfə, harasa uzaqlara dirənir, fikri isə yaddaşının ən qaranlıq künclərini eşələyirdi. Gözündən axan yaşlar tədricən quruduqca, o sakitləşdi və yad, laqeyd nəzərlərlə mənə baxmağa başladı:
– Hamiləliyim çox çətin keçdi. Toksikozdan əziyyət çəkirdim, belim elə hey ağrıyırdı. O aylar istədiyim tək şey bu idi ki, bu körpə bədənimi tezliklə tərk eləsin. Amma əsl dəhşət doğuşdan sonra başladı: ərim işləyirdi, qaynanam isə dedi ki, doğmuşam, özüm də saxlayım. Uşaq qırx dəqiqəlik fasilələrlə yatırdı. Yuxusuzluqdan dəli olmuşdum, mənə elə gəlirdi ki, uşağı boğacam. Niyə heç kim mənə deməmişdi ki, uşaq saxlamaq necə zülümdü? Niyə hamı ancaq bunu deyir, uşaq – xoşbəxtlikdi! Belə deyil! O pambıq ayaqlar, o romantik söhbətlərin hamısı axmaq-axmaq şeylərdi!
– Çünki bütün bunları sizə desəydilər, bəlkə heç vaxt uşaq doğmaq qərarına gəlməzdiniz...
– Elə buna görə də, ikinci uşağı doğmaq istəmirəm. Ərim də, qaynanam da təkid edir. Elə bil, mən inkubatoram. Ikisi də deyir ki, ailəmiz böyük olmalıdır. Amma mən daha bacarmaram, – Gülnarə səsini alçaldır, artıq sakit danışmağa başlayır. – Amma ən qorxulusu bu deyil. Hamı deyir ki, uşaq doğandan sonra qadında analıq duyğuları baş qaldırır, o öz uşağını dəlicəsinə sevir. Bəs niyə məndə bu hiss yoxdur. Oğlum mənə tərəf qaçanda onu qucaqlamaq yox, itələmək istəyirəm. Sanki bunu hiss edir, mənə daha yaxın olmağa çalışır. Mənsə ancaq tək qalmaq istəyirəm. Heç kimi bunu başa düşmür. Nə hiss etdiyimi kiməsə deməyə qorxuram. Bədənimin ancaq özümə məxsus olmasını istəyirəm, bədənimlə bağlı ancaq özüm qərar vermək istəyirəm. Kinoya getmək, gəzintiyə çıxmaq istəyirəm. Özümə bol südlü, bol köpüklü qəhvə sifariş eləmək istəyirəm, istəyirəm ki, heç kim barmağını qəhvəmin içinə soxmasın. Uşaq qucaqlamadan yatmaq istəyirəm. Oğlum daima mənimlə oynamaq istəyir, mənsə onunla oynamaq istəmirəm. Qəzəbimi idarə edə bilmirəm, tez-tez onun üsstünə qışqırıram. Onun günahı yoxdur, anlayıram, bütün bunların günahı təkcə məndədir.
O, başını əllərinin içinə alıb, təzədən ağlamağa başlayır. Ayağa qalxıb, masama yaxınlaşıram, üstündən salfet dolu qutunu götürüb, pasiyentimlə üz-üzə oturduğumuz iki kürsünün arasındakı balaca masanın üzərinə qoyuram.
Üçüncü hissə
– Bura nə gözəl yerdir, – yaşlı pasiyentim ehtiyatla kürsüyə əyləşərək, otağıma nəzər salır. Onun köklüyə meylli bədəni var, başındakı qızılı naxışlı yaylığını əynindəki yaşıl rəngli ətəkli kostyuma çox qəşəng yaraşdırıb. Qarabuğdayı çöhrəsi qırışlarla doludur, baxışlarından yorğunluq yağır. – Heç mənim evim belə qəşəng deyil, - o bir daha otağımın gözəlliyini vurğulayır.
– Əslində, bura mənim mənzilim deyil, ancaq iş vaxtı burda oluram. Rahilə xanım, sizi mənim yanıma gətirən nədir.
– İndi psixoloqa getmək dəbdir, – yaşlı qadın köksünü ötürərək, deyir. – Bilirsiniz, mən sadə bir ailədə doğulmuşam. Orda dəqiq həyat qaydaları vardı – qadın həyatının ssenarisi bəri başdan hazır idi: evlilik, uşaqlara baxmaq, ev işləri görmək. Hamı bunu belə qəbul eləmişdi, şikayətlənmək heç kimin ağlına da gəlmirdi. Şikayət indiki, müasir qızların vərdişidir. İndikilər bizdən min dəfə yaxşı yaşayırlar.
– Hamı əziyyət çəkməlidir ki?
– Əziyyət çəkməsələr, bizim nələrdən keçdiyimizi hardan biləcəklər?
– Amma zaman dəyişir axı. Baxın, siz də durub psixoloq yanına gəlmisiniz, özünüzdən əvvəlkilərdən fərqli olaraq... – mən ironiya ilə gülümsəyirəm, qadının isə təkəbbürü sanki harasa yoxa çıxır.
– Ərim bir ildir ki, dünyasını dəyişib. Dörd övladım var, – pasiyentim birdən əsl dərdindən danışmağa başlayır. – Amma heç biri mənə vaxt ayırmaq istəmir. Böyük qıızm məktəbi bitirəndən bəri heç zəng də eləməyib. Oğullarım və balaca qızım da mənimlə deyil, onunla ünsiyyətdə olmağı üstün tuturlar. Onu öz anaları hesab edirlər. Böyük bacıları onlara daha yaxındır. Mənsə bütün gəncliyimi onlara xərcləmişəm. Nankor küçüklər!
Rahilə xanım hisslərini cilovlaya bilməyib, kürsüdən qalxır. Bir az ora-bura var-gəl elədikdən sonra mənə tərəf çevrilir:
– İndi də məni bura göndəriblər, elə bilirlər anaları dəli olub...
– Siz dəli olmamısınız, istədiyiniz vaxt da gedə bilərsiniz, – sakitcə deyirəm.
O dayanır, iki saniyədən sonra təzədən kürsüyə əyləşir.
– Doğrudanmı mən pis ana olmuşam? – qadın gözlənilmədən soruşur v nədənsə öz əllərinə baxır.
– Siz uşaqlarınızı sevirsiniz?
– Əlbəttə, sevirəm, – o düşünmədən deyir. –Ömrüm boyu işləmişəm ki, onların hər şeyi olsun, heç kimə möhtac qalmasınlar.
– Mən bunu nəzərdə tutmurdum.
– Nəyi nəzərdə tutursunuz, tutun. Mənim vaxtımda qadın ən az üç uşaq doğmalı idi. Heç kim bizdən soruşmurdu ki, bunu istəyirik ya yox. Uşaqlarını atan nə qədər valideynlər var. Amma ərimlə mən can qoymuşuq ki, uşaqlarımızı böyüdə bilək.
– Rahilə xanım, düzünü deyin, mənim yanıma niyə gəlmisiniz? Bura gəlmisinizsə, deməli, sizi nəsə narahat edir, sizə kömək lazımdır. Bəlkə sizi bu narahat edir ki, həyatınız niyə belə alındı, bəlkə təkliyiniz sizə əziyyət verir?
– Başa düşmək istəyirəm ki, niyə mənim balalarım başqalarınınkı kimi olmadı? Odur, qonşu qadınların, rəfiqələrimin, bacılarımın uşaqları analarının yanlarına gəlir, nəvələrini gətirir. Mənimkiləri isə elə bil, özüm böyütməmişəm, elə bil, heç mənim südümü içməyiblər?
–Siz heç düşünmüsünüz ki, niyə uşaqlarınız başqaları kimi olmaq istəmir? – həmsöhbətim etiraz etmək istəyirdi, amma mən fikrimi cəld davam elədim. – Siz başqalarının istəklərinə müdaxilə edə bilməzsiniz. Bu başqaları öz uşaqlarınız olsa belə. Dərd budur ki, siz uşaqlarınızı nə qədər çox sıxsanız, onlar sizdən daha çox uzaqlaşacaqlar. Yadınızda saxlayın, siz onların yerinə onların həyatını yaşaya bilməzsiniz. Sizin öz həyatınız olmalıdır.
İş otağıma yenə sükut çökür. Yaşlı qadın bir müddət sakitcə mənim sözlərimi həzm etməyə çalışır sonra inamsız halda soruşur:
– İndi mən neyləməliyəm?
Seansımızdan bir ay sonra Rahilə xanım bir daha yanıma gəlir. Bu dəfə həyatındakı yenilikləri mənimlə bölüşməyə, bu müddət ərzində nələr etdiyini danışmağa gəlib. Əynində həmin yaşıl kostyum olsa da, baxışları əvvəlki kimi soyuq deyil, üzündən də təbəssüm əskik olmur.
– Hə, danışın, işləriniz necədir? – qadını üzündəki dəyişikliklərdən təsirlənərək, soruşuram.
– Mən teatra getmişdim, – qadın əlini yanağına yapışdıraraq, heyrətlə deyir, – həyatımda birinci dəfə idi ki, teatra getmişdim! Düzdü, aktyorların bəzilərindən xoşum gəlməsə də, ora çox gözəl idi! O qədər xoşuma gəldi ki, indidən gedəcəyim növbəti tamaşanı düşünürəm. Bir dəfə balaca qızımın yanında demişdim ki, öz bədənimə yaraşan paltarları özüm tikmək istəyirəm. İndi qıızm məni tikiş qurslarına yazdırıb. Bir az çətindi başlamaq, amma yavaş-yavaş öyrənirəm. Bir dəfə də kinoya getmək istəyirəm, yadıma gəlir ki, axırıncı dəfə kinoya cavan olanda getmişdim.
– İndi nə hiss edirsiniz? Tək yaşamaq sizə rahatdır?
– Siz deyən kimi elədim, uşaqlarımla mübahisə eləməyin başını buraxdım, özümlə məşğul olmağa başladım. Əvvəl bir az çətin oldu. Evin içində o yan-bu yana gedib-gəlirdim, bilmirdim ki, nə edim. Sonra səhhətimə fikir verməyə başladım, teatra getdim, bazara tez-tez getməyə başladım, gəzintiyə çıxdım. Əhvalım düzəlməyə başladı. Düzdü, hərdən yadıma düşürdü ki, heç kimə lazım deyiləm, bir az kefim pozulurdu. Amma iki həftə sonra qızım Samirə zəng elədi. Dedi ki, məni tikiş kursuna yazdırıb. Sevindiyimdən ağladım. Axı bunu çoxdan istəyirdim. Kursdakıların çoxu gənc qızlardı, amma mən özümü narahat hiss eləmirəm. Fikrim ancaq öyrənməyin yanındadı. Axşamlar oturub hansı fasonu biçməyi fikirləşirəm. Seriallara baxıram. Qadın jurnalları oxuyuram. Bu jurnalları əvvəl də görürdüm, amma pul verməyə heyfim gəlirdi, özümə pul xərcləməyə qıymırdım.
– Necə düşünürsünüz, özünüzdə nəsə dəyişə bilmisiniz?
– Nə bilim, elə bil, özümü daha xoşbəxt hiss edirəm? – qadın tərəddüdlə deyir.
– Bəli, çünki o hiss sizin öz içinizdədir. Uşaqlarınız olsa da, olmasa da. Sizin yanınızda olsalar da, olmasalar da...
Hekayə Salaam Cinema-ın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb