Yaşadıqlarını yazdı, amma...

Yaşadıqlarını yazdı, amma...

13:43 30


“Yaşadıqlarımı yazsam, roman olar” fikri çoxlarının ürəyindən keçir, amma yazmaq az adama nəsib olur.

Qumuq oğlanla bakılı qızın sevgisi, yaşadıqları hər gün eşitdiyim hekayə deyildi. Qızın anası həmişə: “Kaş bizim yaşadıqlarımızı yazaydılar, bir romanlıq həyatımız var” deyirmiş.

Sara İbrahim

İki-üç ay idi Sara İbrahimin yeni çapdan çıxan “Çəhrayı çobanyastığı” kitabını oxumaq istəyirdim. Pis vaxta düşdü, başım bərk qarışıq idi, kitabı oxuya bilmədim.

Keçən həftə kitabı onlayn almaq üçün internetdə axtarışa verdim. Gördüm Fəridə Zero da kitab haqqında yazı yazıb. Yazını oxudum. Heç nə başa düşmədim. Yazıdan bir hissəni bölüşüm , siz də baxın:

“Qadını susdurub tarixi dəyişirlər. Amma qadın nə vaxtsa dillənir. Ən azı pıçıldayır. Və qadın pıçıldayanda artıq heç nə əvvəlki kimi olmur. Çünki o pıçıltı divarlara çat salır — dağılmaz, uçmaz dediyin divarlara. Sonra soyuqlar dolur o çatlardan içəri. Və bir də heç vaxt qızmır o otaqlar. Bizə sevgi nazla yox, səssiz dözümlə öyrədildi. Və çox vaxt həyatımızı alt-üst edən də elə dözdüklərimiz oldu. Sevdiklərimiz… Ya da adını sevgi bildiklərimiz.”

Vallah, elə bu cür də yazıb. Hərfbəhərf, necə var köçürmüşəm.

Siz nə isə başa düşdünüz? Bəlkə mənim intellektual səviyyəm Fəridə xanımın cümlələrini başa düşmək gücündə deyil.

Mənə maraqlıdır, roman haqqında səmimi fikirlərini yazmaq nə üçün çətin bir iş olmalıdır? Klip çəkməyə, klipə çəkilməyə nə ehtiyac var?

Bir az eşələndim, gördüm Bəhruz Tağızadə də bu roman haqqında yazı yazıb. Oxudum. Başa düşdüm. Mətni necə tərifləyibsə, mən onun yazısının yarısını evdə, yarısını taksidə oxudum. Gedib kitabı almalı idim. Bəhruz Tağızadə çox iddialı fikirlər səsləndirmişdi. O deyirdi ki:

“Çəhrayı çobanyastığı”nın gücü süjetində yox, müşahidə dəqiqliyindədir. Bu baxımdan roman Teodor Drayzerin “Kerri bacı” əsəri ilə müqayisə oluna biləcək sosial-psixoloji təsirə malikdir: hər iki əsərdə insan taleyi böyük hadisələrin deyil, mühitin görünməz təzyiqinin altında formalaşır. Sara İbrahimin mətni də eyni cəsarətlə ailə, qadın taleyi və sosial mühit münasibətlərini açır və lokal mövzudan çıxaraq ümumbəşəri oxu qazanır. Bu səbəbdən “Çəhrayı çobanyastığı” təkcə regional oxu üçün yazılmış roman deyil, doğru təqdim olunduğu halda dünya ədəbiyyatı arenasında müzakirə oluna biləcek ciddi bədii nümunədir”.

Artıq möhkəm inanırdım ki, romanı bəyənəcəyəm. Taksidə kitabxanaya gedə-gedə Sara xanımın müsahibəsini oxuyurdum. O, mistik şeylərdən, yazıçılığın göydəndüşmə, ilahi bir şey olduğundan danışırdı. Romanın üzərində neçə il işlədiyini, nəticəsindən razı olduğunu, oxuyanların da bəyəndiyini vurğulayırdı. Gənclərin klassikləri oxumadan, dili bilmədən yazdığını, məhz bu səbəbdən uğursuzluğa düçar olduğunu iddia edirdi. Müsahibəni oxuyanda it peşmanı oldum ki, mən bu müəllifi niyə oxumamışam, niyə 2-3 ay təxirə salmışam. Xülasə, kitabı aldım. Redaktoru da kim olsa yaxşıdır — Ataqam bəy. Aqşin Yeniseyin təbirincə desək, dünya səviyyəsindəki nasirimiz Ataqam bəy.

Elə kitabı aldığım kitab dükanında əyləşib özümə amerikano sifariş verdim, böyük səbirsizliklə, həyacanla oxumağa başladım. Kitab belə başlayır:

Romandakı hadisələr Kabarda-Balkarın paytaxtı Nalçik şəhərində və Bakıda cərəyan edir. Qumuq zadəganı Timurçin bakılı ailə dostlarının gənc qızı Leylaya ilk baxışdan vurulur. Lakin taleyi onları olduqca mürəkkəb bir zamanda qarşılaşdırır. Müharibə, terror, insan oğurluğu… Çətinliklər təkcə bunlarla bitmir; ailədaxili münaqişələr də bu iki gəncin həyatını alt-üst edir. Timurçini kölgə kimi izləyən qaranlıq keçmişi arzularının önündə kor dalana çevrilib. O, bu qaranlıq döngədən çıxıb sevdiyi qızla xoşbəxt ola biləcəkmi?”

***

Romanı oxuyub bitirdim. Adamın üstündə Allah var, xeyli canlı təsvirə, yaxşı səhnələrə, inandırıcı dialoqlara rast gəldim. Romanın dili də yüyrək idi. Oturub birnəfəsə oxudum. Doqquz-on saatımı aldı. Bəyəndiyim hissələri yazıb yazını çox uzatmaq istəmirəm, həm də onsuz da kitab haqqında hamı kifayət qədər yüksək fikirdədir.

Sara xanım müsahibəsində də öz dili ilə deyir:

“Məncə, bizdə “ədəbi tənqid” anlayışı çoxdan “ədəbi tərif” kimi başa düşülür. Ədəbi tənqid də nəşriyyat sistemi kimi tənəzzül dövrünü yaşayır”.

Deməli, hər kəsə məlumdur ki, müəlliflərin hamısı Cek Keruak kimi yazı masasına əyləşib iyirmi bir günə, bir nəfəsə roman yazmırlar. Hissə-hissə yazırlar. Vaxt olduqca yazı masasına əyləşib yazır; bezəndə, sıxılanda, yuxusu gələndə, işi çıxanda və ya digər səbəblərdən yazı masasından qalxırlar. Mən bu romanda müəllifin nə vaxt yazı masasına oturduğunu, nə vaxt qalxdığını hiss edə bilirdim. Deməli, roman çox canlı təsvirlərlə, aydın və funksional cümlələrlə başlayır, getdikcə sönür. Həmin canlı təsvirlərin yerini “bir anlıq duruxdu”, “o kədərləndi”, “o sevindi”, “ürəyi sıxıldı”, “çox sevindi” “çox xoşbəxt oldu” kimi yolaverdi ifadələr tutur. Cümlələrin birinə baxaq:

“Üzü kədərli ifadə alıb gözünü bir nöqtəyə dikdi, susdu”.

Bunları min dəfə çeynəyib, min dəfə udublar. Şablondur. Canlı təsvirlərin şablon təsvirlərə çevrildiyi hissələri kəsmək, doğramaq lazım idi. Buna hər beş-on səhifədən bir rast gəlmək olurdu. Bu hissələri bir-birinə calamaq, cilalamaq, qırışları ütüləmək, keçidləri kipləşdirmək lazım idi. Ən azından bunu, Aqşin Yeniseyin təbirincə desək, dünya səviyyəli yazıçımız Ataqam bəy görməli idi.

Romanın əsas və əzazil obrazlarından biri olan Aybikə xanım (Zamirənin nənəsi) gəlininə də, nəvəsi Zamirəyə də göz verir, işıq vermir. Tutduğunu şillələyir, əri də ondan çəkinir. Heç kim heç nə deyə bilmir. Hər fürsətdə gəlinin, nəvəsin, ümumiyyətlə öz səviyyəsindən aşağı kim varsa alçaldan əsəbi və dominant nənə obrazı roman boyunca necə əsəbiləşsə yaxşıdır?

“Yaramaz uşaq, bir də məni dişləsən, səni çubuqla döyəcəyəm”

“İlan balası, səninlə özüm məşğul olacağam”

“Ah, mənim vazam, bu uşaq məni dəli etmək üçün doğulub”

Və bu kimi onlarla süni reaksiya… Bu səhnələr mənə tərcümə olunmuş xarici filmləri xatırladırdı:

“Lənət olsun, Artur, səni kötəkləyəcəyəm!”

Aybikə xanım əsəbiləşəndə deməliydi ki: “Səni qanına bələnəsən, it balası it! Getdi oxşadı oxşamışlarına. Toyuq yumurtasından qaz çıxmaz ha!” “Görüm allah sənə qotur versin dırnaq verməsin” “Dil dil ötürsən elə Allah ağzından eşitsin, qoynuna töksün”

Aybikə xanım gəlini ilə didişən, oğlan nəvə arzulayan, xarici ölkələrə istirahətə gedən, fransız ətirləri vuran karton obrazdır. Canlı deyil. Erməni radiosu kimi roman boyu eyni şeyləri təkrarladı; nə dəyişdi, nə də dəyişməməyi əsaslandırıldı. Nə nənə kimi nənədir, nə qaynana kimi qaynana, nə də zadəgan kimi zadəgan. Əsasən, yaxşı romanlarda bir obrazın pis, yoxsa yaxşı olduğuna qərar vermək çətin olur. Real həyatda da belədir. İnsan tamamilə pis və ya tamamilə yaxşı olmur. Ən pis insanların da eşələyəndə yaxşı, insani tərəflərini tapmaq olur. Volter deyirdi: “Mən ziddiyyətlərdən ibarətəm, çünki insanam”. Romanda heç olmasa Aybikə obrazı bir az inandırıcı olsaydı, davranışları əsaslandırılsaydı, hətta elə ola bilərdi ki, biz ona da haqq qazandırardıq. Amma bu romanda obrazlar ya mütləq mənfidir, ya da mütləq müsbət.

Romanın birinci hissəsi beşyaşlı Zamirənin dilindən nəql olunur. Aybikənin onlara cəhənnəm etdiyi evdən Zamirə və ailəsi başqa evə kirayə köçürlər. Burda müqayisə məqsədli təsvirlər olmalı deyildimi?

“Bura köçəndən valideynlərim mehribanlaşmışdı”

“Artıq anam xoşbəxt idi”

“İndi məni daha çox sevirdilər”

Bir ay əzazil Aybikəsiz qaldıqları müddəti müəllif belə yola verir. Necə anladın ki, səni daha çox sevirlər? Səninlə oynayırdılar? Hədiyyə alırdılar? Necə anladın ki, onlar mehribanlaşıblar? Onları öpüşəndə gördün? Qucaqlaşanda? Yoxsa anan artıq hər gün xüsusi yemək bişirirdi? Atan sizi gəzməyə aparırdı? Yoxsa onlar toylarından sonra ilk dəfə parkda şəkil çəkdirmişdilər? Müəllif bunları yazmaqdansa, bizə göstərməkdənsə, “sevindi”, “üzüldü”, “mehribanlaşdı” kimi ümumi sözlərlə başımızı qatır.

Bir səhnədə Zamirə bikarçılıqdan birtəhər olur. Deyir ki: “Son vaxtlar televizorda maraqlı cizgi filmləri vermirlər”.

Sonrakı cümlədə isə mövzu başqa yerə gedir. Müəllif yazmır ki, obrazın sevdiyi, maraqla baxdığı cizgi filmləri hansılar idi, həmin dövrdə hansı cizgi filmləri populyar idi? Maraqsız olanlar niyə maraqsız idi? Maraqlı olanlar niyə maraqlı idi?

Adicə bunu yazmaqla beşyaşlı qızın psixoloji vəziyyətini aça bilərdi. İyirmi səhifə “o utandl”, “bezdi” , “darıxdı” “duruxdu” “dondu qaldı” “qorxdu” “bayıldı” “əli əsdi” deməkdənsə, üç-dörd cizgi filminin adın sadalayardı, biz də görərdik ki, bu uşaq hansı məzhəbə, dinə-imana qulluq edir.

Siz beş yaşlı uşağın monoloqlarına baxın:

“Atam anamı sevib evlənmişdi. Bütün bunları düşünəndə sanki onun heç bir dərdi-səri olmamalı idi. Bəs elə isə atamın bu qədər qəhərlənməyinə səbəb nə idi? Görəsən, onun baxışları niyə bu qədər qüssəlidir? Atamın fotolarına baxanda bu, daha aydın görünürdü: obyektivə kədərlə dikilən bir cüt qara, iri göz… Mənə elə gəlirdi ki, bu gözlər həmişə mənimlə danışır, mənə nəsə pıçıldamaq istəyir.”

Yetişmiş insan kimi düşünən uşaq həm də pərilər diyarına inanır, böyüyəndə sehrli pəri olmaq istəyir. Qəribədir, deyilmi?

Mənim yaxşı dediyim təsvirlər, səhnələr demək olar ki, romanın bu hissəsinə qədər idi. Sonra roman çönür olur “Hollivud”. Zarafat eləmirəm. Qız yuxuda ağzında tək qabaq dişi qalan, pırpız saçlı bir qarı görür.

Bu qarı qızın yuxusunda onu qaçırmağa cəhd edir. Sabahısı yelləncəkdə yellənməkdən bezən beşyaşlı qız hündür hasara nərdivan söykəyib , hasarı aşır.

Həmin o qarı gəlib qızın qolundan yapışır ki, gəl sənə konfet alım. Qız da bunu yuxuda gördüyü üçün qarının kələyinə inanmır. Sonra da qara eynəkli “qaqaşlar” qızın başına torba keçirib qaçırırlar.

“Məni maşına basıb qaçıranda gözlərimi bağladıqları üçün hara aparıldığımı bilmirdim. Əslində gözlərim açıq olsaydı belə, sanki haranı tanıyacaqdım ki?”

Burda “sanki” sözünə ehtiyac yoxdur. Yaxşı tutaq ki, müəllif “sanki” sözünün harda işlədilməsini bilmir, bəs Ataqam bəy niyə bunu görməyib.

Gözləri bağlı olduğu üçün hara aparıldığını bilməyən qız deyir ki:

“Meşəlik ərazidən keçəndə məni qaçıran adamlar maşını üç-dörd dəqiqəlik saxladılar. Növbə ilə düşüb təzədən mindilər və yola davam etdilər.”

Gözləri bağlı olan qız bu səhnəni görməməli idi. Bu, çox primitiv xətadır. Əgər qız meşəlik ərazidən keçdiklərini hansısa şəkildə hiss edibsə, müəllif bunu əsaslandırmalı idi. Sonra qızı qaçıranlar babasından əlli min dollar istəyirlər. Xülasə, qız xilas olur.

İşin gülməli tərəfi budur ki, Zamirə atasına sehrli pəri qanadları düzəldir ki, cəbhədə ona güllə təsir etməsin. Yelləncəyə minmək istəmədiyi üçün küçəyə çıxan, qaçırılan Zamirə, sonra anası ilə marketə gedəndə ayağını dirəyir ki, məhz yelləncəyə minmək istəyirəm. Niyə? Axı bezmişdi yelləncəkdən, nə oldu birdən birə?

Çünki müəllif bütün qalmaqallı səhnələri ancaq yelləncəklə yola verir. İndi də başqa bir kişi bunları güdür, evlərinə girir, heç bir zinət əşyasına toxunmadan uşağı axtarır. O, qızın otağına girəndə ayağı pəri qanadına ilişir. Ayağa durub geri qayıdır, qızın anasına da deyir ki, bu dəfə uşağa görə keçirəm. Ay quldur, sən elə uşağa görə gəlməmişdin? İndi uşağa görə nəyi keçirsən? Özü də bu balaca qız niyə qorxmur? Qaçırırlar, söyür, quldurların üstünə cumur, qışqırır, dişləyir.

Qızın atası Timurçin də əsl Hollivud qəhrəmanıdır. O, həm çox yaraşıqlıdır, həm uşaqlıqdan idmanla məşğuldur, həm cəsarətli jurnalistdir, həm də həkimdir. Üstəlik, yazıçıdır, şairdir, romantikdir. İmkanlıdır. Zəif tərəfi yoxdur. Ölüm səhnəsində də kiminsə həyatını xilas edəndə ölür. İlahi pərvərdigara…

Ən əsəbiləşdiyim səhnələrdən biri toy səhnəsi idi. Axı bu qızın iştirak etdiyi ilk toydur. Toyun qızın üzərində qoyduğu təsir elə ləzginkadan, rəqsdən, paltarlardan, işıqdan ibarət idi? Vəssalam?

Gül kimi fürsət düşüb, müəllif yazmır ki, toyda yeməyə nə verirdilər, toyda hansı ayinlər həyata keçirildi, hansı adət-ənənələr var idi? Bəy-gəlin necə görünürdü? Sifətlərindən zəhrimar yağırdımı? Yoxsa onlar evləndiyinə görə xoşbəxt idi? Qız toyda ən çox nəyi bəyəndi? Kişilər içib özlərini apara bilirdilərmi? Ağbirçəklər öz oğullarına toydan gəlin seçirdimi? O dövrdə əsasən necə qızlara üstünlük verirdilər? Məsələn, yadıma düşür, o vaxtı bizimkilər toyda xalam oğluna qız seçirdilər. Bir az dolu, ətli-qanlı qızlara üstünlük verirdilər. Arıq qızların dalıyca deyirdilər ki, bu elə qapı süpürgəsinə oxşayır, bu nə ev işi görəcək? Kişilər də həmçinin, əgər kişi arıqdırsa, deməli, o acından ölür, özünə baxa bilmir arvada necə baxacaq? Yox əgər, kök, iri, bazburutludursa, deməli arvada da yaxşı baxacaq.

Zamirənin Bakıya gəlməsi də toy səhnəsindən geri qalmır: Avtovağzal, Qız qalası. Bunları çıxsaq, Bakı ilə Nalçikin qram fərqi yoxdur. Müəllif qəti ab-hava yarada bilməyib. Gücü çatmayıb, ya da sadə olmaqdan qorxub. Müəllifə elə gəlib ki, eynəkli agentlərdən, ölüm-itimdən yazmaqla ciddi nə iləsə məşğuldur. Amma müəllif bilmir ki, “qeyri-ciddi” saydığı detallar elə mətnə can verən, mətni qidalandıran əsas köklərdi.

Bakıdakı nənəsi, Sevda obrazı Zamirəni görən kimi soruşmalı idi: “Ora yaxşıdır, yoxsa bura?”, “Aybikə nənəni çox istəyirsən, yoxsa məni?”. “Aybikə nənən yaxşı yemək bişirir yoxsa mən?”

Əgər qız birdən desəydi ki, aybikə nənə səndən yaxşı yemək bişirir Sevda nənə uşağı götürüb balkondan aşağı tullayardı. Ya da qızı elə cırardı ki, tikəsi ələ gəlməzdi. Mən buna sidq ürəkdən inanıram.

Bu sualları vermək Sevda nənənin fitrətində var, müəllif obraza barmaq eləməsəydi, obrazın özü bu sualları mütləq verəcəkdi .

Çox xoşuma gələn “ürəkgöbəyimi salmışdın” ifadəsi ürəyimə sarı yağ kimi yayıldı, amma təssüf ki, ardınca belə bir ifadə gəldi və kefimə soğan doğrandı: “Aybikə xanım Zaura toz qondurmurdu”.

“Toz qondurmurdu” nə deməkdir? Müəllif müsahibəsində dildən danışırdı, gəncləri klassikləri oxumadıqları üçün mühakimə edirdi. “Ürəkgöbəyim düşdü” yazandan sonra, müəllif yazmalı idi ki, “Aybikə xanım Zaura gözün üstə qaşın var demirdi”

Niyə yazmayıb? Çünki özü də dilə ciddi yanaşmayıb. Çünki özü də dili kifayət qədər yaxşı bilmir. Çünki türk serialları onun da dilini pozub. “Sevincini yaşadı" … kimi serallardan gəlmə İfadələrlə gül kimi canlı təsvirləri korlayıb. “Xoş hisslər yaşatdı”, “o dadmadığı duyğuları yaşamışdı”, “övlad acısı yaşamışdı” tipli cümlələrə üstünlük verib. Bayaqdan səsimi atmışam başıma, mən yazıq elə bilirəm ki, Sara xanım “Hollivud” səhnələrindən təsirlənib yazır. Sən demə, o məhz “Çukur”, “Eşref Tek”, “Ezel” kimi banal türk seriallarından təsirlənib. Elə bundan əvvəlki kitabının adından da bilinir ki (Yasaq Sevgilər), müəllif serial təfəkkürünə məruz qalmışdır. Müəllif özü də qəbul edir ki, kitabın 90%i uydurmadır, təxəyyül məhsuludur. İndi gedin, kitabı alın, oxuyun, öz gözlərinizlə şahid olun ki, bu banal türk serialları insan təfəkkürün, təxəyyülün nə günə qoya bilərmiş. Bu kitabdan əvvəl “Alın yazım” kitabı haqqında yazı yazmışdım. Orda da bu türk sözlərindən yola çıxaraq müəllifin təfəkkürünə, təxəyyülünə qədər getdik, gördük ki, bunlar bir-birinə sıx bağlıdır, ağzımızdan çıxan hər söz təfəkkürümüzün və təxəyyülümüzün məhsuludur. Hansı kitabda, yazıda bu türk ifadələri, sözləri işlənirsə, müəllifin bədii təfəkkürü də, təxəyyülü də, serial səviyyəsini keçə bilmir.

Romanın ikinci hissəsində Zamirə atasının dəftərini tapır və atasının dəftərini tapmasıyla təhkiyə dəyişir. Artıq hadisələr atanın dilindən nəql olunmağa başlayır. Etiraf edim ki, təhkiyə keçidi qəşəng alınmışdı. Dil çox fərqli idi, seçilirdi. Amma bu beş səhifə davam etdi. Kişi perspektivi ilə, kişi səsi ilə müəllif sadəcə beş səhifə danışa bildi. Sonrası oldu, romantika. Serial.

Sara xanım kulisə verdiyi müsahibədə belə bir hissə var:

“—Romanın qəhrəmanları və onların dünyası ilə işləyərkən hansı metod və yanaşmalardan istifadə edirsiniz?

– Heç bir xüsusi metod və yanaşmam yoxdur, sadəcə qəhrəmanlarım və onların dünyası ilə səmimi olmağa çalışıram. Real həyatdan qopub onların dünyasında yaşayıram. Zamirənin yaşadıqlarını yazanda altı yaşlı qızcığaz idimsə, romanın ikinci hissəsinə gəldikdə terrorun, müharibələrin od-alovunda ailəsini, öz həyatını qorumağa çalışan hərbi jurnalist, həm də həkim Timurçin olurdum.”

Sara xanım, inanın səmimiyyətimə ki, siz nə birinci hissədə 5 yaşlı Zamirə, nə də ikinci hissədə jurnalist, həkim Timurçin ola bilmisiniz.

Bəhruz Tağızadə müəllim, uşaq səhvləri ilə dolu bir romana bu boyda bəy tərifi vurmaqda məqsədiniz nədir? Niyə obyektiv ola bilmirsiniz? Siz deyirsiniz ki, bu artıq ölkə sərhədlərini aşan ümumbəşəri əsərdir. Ümumbəşəri əsər o demək deyil ki, hadisələr ölkə sərhədindən kənarda cərəyan edir və eynəkli “qaqaşlar” qız qaçırıb əlli min dollar istəyir. Çox lokal bir səhnəni də qazıb dərinliyindən ümumbəşəri detallar tapmaq olar. Ədəbiyyat da elə bu deyilmi? İnsanın, həyatın mürəkkəbliyini ən sadə detallarda üzə çıxarmaq?

Fəridə xanım isə, deyəsən, heç romanı oxumayıb. Onun “sentimental ” yazısındakı adları dəyişib istədiyiniz romana urcah edə bilərsiniz.

Ataqam bəy, Aqşin Yenisey düşünür ki, siz dünya səviyyəli nasirsiniz, mənim bu barədə fikrim hələ ki sirr kimi qalsın.

Amma belə redaktorluqla Biləcərini keçmək olmaz.
Sara xanıma yeni kitabında sadə yazmağı, sadə yaza bilməyi arzulayıram və gənclərə irad tutmaqdansa, dili öyrənməyini, türk seriallarına az baxmağı tövsiyyə edirəm.