Mənə elə gəlir ki, "Qraf Monte Kristo" yaxud "Monte Kristo qrafı" dilemması təkcə tərcümə problemi deyil və dilimizə münasibət məsələsinə aydınlıq gətirməyi tələb edir.
Bununla bağlı bir əyani misala müraciət etmək istəyirəm.
İrlandiyalı yazıçı Voyniçin "Ovod" əsəri xüsusilə yeniyetmələrin sevə-sevə mütaliə etdikləri kitablardan biridir. Roman dilimizə rus dilindən tərcümə olunmuşdur və tərcüməçi rus variantının adını qoruyub saxlamağı məqbul hesab etmişdir.
İngilis dilində əsərin adı "The Gadfly"dir. Dilimizə birbaşa tərcümə etsək və ingiliscəyə sədaqət nümayiş etdirsək, əsəri "Mozalan" adlandırmalıyıq. Amma mən sizi əmin edirəm ki, kitabın adı oxucu kütləsinin ondan üz döndərməsinə səbəb olacaq; bu həşərat zəhlətökən vızıltısı ilə əsərin canına nüfuz edəcək, onun pafosunu, ona xas olan yüksək və kövrək romantikanı alt-üst edəcək. Azərbaycan dili ona ehtiyatsız müdaxilə etmiş tərcüməçidən intiqam alacaq.
Dil özünə münasibətdə son dərəcə incə, yüz dəfə ölçülüb-biçilmiş rəftar tələb edir. Dil toplum tərəfindən fərd-fərd yaradılır, lakin o fərddən də, toplumdan da, Sossürdən də, hətta Çomskidən də qat-qat yüksəkdə durur.
Dil bir tərəfdən müxtəlif qəliblər hazırlayır və bizi onlara riayət etməyə məcbur edir, digər tərəfdən gözlənilmədən bizə göz vurub özü öz əli ilə bu qəliblərini dağıdır. Haydegger demişkən, biz dildən yox, dil bizdən istifadə edir.
Dil ancaq son dərəcə həssas adamları yaxına buraxır, hansı isə sirrini ona pıçıldayır.