Bakının yuxusunu ərşə çəkən Babil - Aqşin Yenisey

Bakının yuxusunu ərşə çəkən Babil  - Aqşin Yenisey

07 Sentyabr 2022 14:52 363


Hər şeyin ünvanı məqsədə görə dəyişir; bıçaq çörək doğrayanda məişət aləti sayılır, adam doğrayanda silah, yaxud narkotik maddə tibdə istifadə olunanda dəva olur, evdə istifadə olunanda bəla və s.

İnsan bədəni də həmçinin. Vizual effektlər üçün estetik məqsəd daşıyan cərrahi yolla yaradılan süni qadın gözəlliyi artıq Azərbaycanda seksual effekt daşıyıcısına çevrilib və bir fahişə estetikası kimi yayğınlaşıb. Podium gözəlliyi "podval” eybəcərliyinə çevrilib.

Qədim dünyada hesab edirdilər ki, insanın bədəni Tanrıya məxsusdur və ən sağlam oğlanları, bakirə qızları boğazlayıb tanrıya qurban kəsirdilər. Orta əsrlər dünyası bu yanaşmanı bir az yumşaltdı, insanın bədəninin deyil, ruhunun Tanrıya məxsus olduğunu söyləyən dinlər qurbanı heyvanla əvəzlədi. Dövrümüzdə isə insan bədəninin dövlətə məxsus olduğunu sübut etməyə ehtiyac yoxdur; Fransız filosofu Mişel Fuko bədənin dövlətə məxsusluğunu özünün yaratdığı "bio-iqtidar” anlayışı üzərindən şərh edir ki, bu da bədənlərin sinaqoqların, kilsələrin, məscidlərin nəzarətindən çıxıb dövlətlərin, iqtidar güclərinin hakimiyyəti altına düşməsinə işarədir.

Fukoya istinadən deyə bilərik ki, müsair insan öz bədəninə münasibətdə sələfindən fərqli olaraq, öz dininin, məbədinin deyil, öz dövlətinin dünyagörüşünü təmsil edir.

Bütün dövrlərdə insan bədəninə sahib çıxmaq istəyən Tanrı din və dövlət əxlaq anlayışından yararlanıb və bütün tanrıların, dinlərin, dövlətlərin mövcudluğu da məhz əxlaqa, yəni insan bədəninə münasibətin nəticəsindən asılı olub. Əxlaq isə həmişə maddi mənfəətlərə görə dəyişib.
Amerika filosofu, mədəniyyət tarixçisi Vil Durant "Mədəniyyətin təməlləri” əsərində yazır ki, mulkiyyət anlayışı formalaşana qədər ailə namusu deyilən bir anlayış yox idi. Ulu analarımız qız vaxtı bəkarətlərinin pozulmasına görə deyil, adlarının el arasında qısır çıxmasına görə narahat olurdular. Çünki kişilər ana olmaq bacarığını sübut etmiş qızlara üstünlük verirdilər. Bəkarət ailə qurmaq üçün vacib şərt yox, ciddi əngəl idi. Bu əngəli aradan qaldırmaq üçün müxtəlif xalqlar müxtəlif yollara əl atırdılar. Məsələn, tibetli analar qızlarının bəkarətlərini pozdurub ərə vermək üçün yoldan keçənlərə yalvarırdılar. Malabarda, Filippində gəlin köçən qızın bəkarətini pozdurmaq, ər evində rüsvay olmaması üçün qız evi yad bir kişi kirayələyirdi. Mülkiyyət anlayışı formalaşanda kişilər tikdikləri evlə, əkdikləri tarla ilə yanaşı, evləndikləri qadınların da toxunulmazlığını istədilər, çünki mülkiyyətə sahib olacaq övlad yad kişidən doğulmamalıydı və min illər ərzində formalaşmış kişi-qadın münasibətləri tam tərsinə çevrildi. Qəbahət sayılan şey namus adlandırıldı. Bəkarət ailə üçün vacib şərt sayılmağa başladı. Bu gün də bizə dəyişilməz kimi görünən ənənələr, adətlər, dəyərlər var ki, uğrunda ölür, oldürürük. Hamısının da arxasında mənəvi örtüklə ört-basdır etməyə çalışdığımız şəxsi maddi mənfəətlər yatır. Sərvətlərin yenidən bölüşdürülməsi, ilk növbədə, əxlaqı sarsıdır.

Tarixçilərin bir çoxu Roma imperiyasının dağılmasını siyasi-əxlaqi çürümə ilə əlaqələndirirlər. Oxumayanlar mütləq Albert Kamyunun "Kaliqula” pyesini tapıb oxusunlar, dilimizə tərcümə olunub. Doğma bacıları ilə insest münasibətdə olan, xoşuna gələn kişi və qadınlarla yatan, Roma tanrılarının heykəllərinin sifətini yenidən yondurub öz sifətinə oxşadan, dostlarının arvadını əlindən alıb özlərinə intihar etmələrini əmr edən, ən çox sevdiyi işgəncə növü məhkumu başı aşağı asdırıb xayalarını çeynəmək olan general oğlu imperator Kaliqulanın hakimiyyətdə olduğu dörd il ərzində əxlaqsızlıq elə bir həddə çatdı ki, rəvayətə görə, bundan qəzəblənən Tanrı romalıların əyləncə mərkəzi olan Pompey şəhərini Vezuvi vulkanı ilə qədim Sodomun gününə qoydu.

Bu cür əxlaqi-siyasi çürümə Qərb xalqlarının Romaya güvənini sarsıtdı və Roma xalqları yeni bir əxlaqi sığınacaq axtarmağa başladılar; Yaxın və Orta Şərqdə, qulaqlarının dibində isə sərvətlərin yenidən bölüşdürülməsinə can atan, saraya axan pulların bir hissəsini öz kilsələrinə yönləndirmək istəyən xristianlıq gizli mənəvi bir sığınacaq kimi böyüməkdə idi. Bundan sonra insanlar öz rifahları, nicatları üçün imperatorla yanaşı, Papaya da vergi ödəyəcəkdilər. Nəticədə Roma sarayı və xristian kilsəsi öz aralarında qarşılıqlı güzəştlərə getdi. Roma imperiyası xristinalığı, xraistianlıq isə Roma imperiyasını ələ keçirdi.

Əxlaqsızlığın şiddəti əxlaqın şiddəti ilə əvəz olundu. Əxlaqsızlığın şiddəti kimi, əxlaqın şiddəti də insan üçün zülmə çevrilir. Məsələn, "Zəbur”da Musa peyğəmbər yəhudiləri fələstinlilərin eyş-işrət tanrılarına qısqanan və bitməz-tükənməz əxlaq qadağaları ilə hədələyən iudaizm tanrısına üz tutaraq deyir: "Əl çək bizdən, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən?” Xristian peyğəmbər isə əxlaqi cahillikdən ilham alan kütlənin daş-qalaq etmək istədiyi fahişəni xilas edir.

Bu gün Azərbaycanda baş verən məişət cinayətlərinin çoxu süni şəkildə şiddətləndirilmiş, başqalarının həyatına nəzarət etmək haqqı kimi təbliğ olunan şəriət əxlaqının insanlarda yaratdığı aqressiyanın nəticəsidir. Ən yaxşısı, yenə tarixə müraciət etməkdir. Yəqin ki, oxucularımızın çoxu "bəkarət kəməri” deyilən bir şeyin adını eşidiblər.

Əxlaqi şiddətinin bu gün karikaturalarda xatırlandığı 1837-1901-ci illər İngiltərəsində kraliça Viktoriyanın ixtirasıdır bu kəmər. Başdanxarab qadın kimi tarixə düşsə də, hakimiyyətdə olduğu illərdə İngiltərəni iqtisadi, memari və sənət baxımından dünyanın ən güclü dövlətlərindən birinə çevirən və bu dövrə öz adını verməyi bacaran kraliça Viktoriya həm də manyakcasına bir əxlaq düşkünü idi. Bu qadın hələ sovet hökumətindən xeyli əvvəl dünyaya sübut etmək istəyirdi ki, İngiltərədə seks yoxdur.

Viktoriya dövrünün ideal qadını cinsi duyğuları olmayan qadın idi. İngilis kişilər üçünsə seksi xatırlamasınlar, hətta unutsunlar deyə addımbaşı xəbərdar edən qadağa nişanları vardı, cinsi yaxınlığın qarşısını almaq üçün bütün dövlət imkanları səfərbər edilmişdi. Məsələn, kraliçanın əmri ilə zooparkda erkək heyvanlara şalvar geydirilirdi ki, kişilər onların cinsi orqanlarını görüb özlərində də ondan bir dənə olduğunu xatırlamasınlar.

İngilis qadınlarına əmr olunmuşdu ki, altında bir bədən yoxmuş kimi göstərən cəngavər libası fason ağır, qat-qat geyimlərdən ibarət paltarlar geyinsinlər. Bu paltarları heç bir qadın təkbaşına geyinib-soyuna bilmirdi.

Toyuq yeyəndə "döş” əvəzinə "boyun” deyirdi ingilislər, döş, bud kimi sözlər istifadə etmək qəbahət sayılırdı. Kraliça Viktoriya hətta keçmişin əxlaqına da əl gəzdirməyi unutmamışdı; "İncil”də, Şekspirin əsərlərində erotika işartısı olan yerlər senzuraya məruz qalaraq, kəsilib atılmış, yaxud dəyişdirilərək yenidən nəşr olunmuşdu.

Hətta hədələrə, verilən cəzalara, kötəklənmələrə baxmayaraq, qabırğalarını cinsi yetişkənliyinin ilk illərindəki masturbasiya əzablarına fəda edən gənclər xədim edilirdi (qızlar da daxil). Qadınlar da, kişilər də bakirəlik kəməri taxırdılar. Bu kəmərlər qıfılı olan dəmirdən düzəldilmiş alt paltarları idi. Evdən çıxan ingilis kişilər həyat yoldaşlarının geyindiyi bu zirehli alt paltarlarını qıfıllayb açarı da özləri ilə götürürdülər. "Açarını itirmək” ifadəsi də, çox güman, Viktoriya dövrünün yadigarıdır. Çünki bəkarət kəmərinin açarını itirmək hər bir ingilis kişisi üçün böyük rüsvayçılıq demək idi.

Yaxşı ki, biz qılınc gücünə də olsa, vaxtında müsəlmanlığı qəbul etdik, yoxsa allah göstərməsin, belə bir mühafizəkar kraliçanın təəbəliyində yaşasaydıq, bəlkə, bu gün ömrümüz FHN əməkdaşları ilə əl-ələ verib gecə saat 2-də arvad tumanında qıfıl sındırmaqla keçəcəkdi.

Bu əxlaqi barbarlığın axırı nə oldu? Viktoriya zamanında qadağan olunan cinsi həyat çox keçmədən İngiltərədə pedofilliyin artmasına, pornoqrafiyanın, fahişəliyin, cinsi xəstəliklərin yayılmasına səbəb oldu. Eyni şey bu gün əxlaqın şiddətindən əziyyət çəkən üçüncü sort ölkələrdə də baş verir. Statistik rəqəmlərə görə, fahişəliyin, uşaqbazlığın, cinsi yolla yayılan xəstəliklərin tüğyan etdiyi ölkələrin hamısı əxlaq qadağalarını insan azadlığından üstün tutan ölkələrdir.

O ölkələr ki, orada insanlar öz bədənlərinə özləri sahib olmaq istəyirlər, öz bədənlərini teo-iqtidarların, bio-iqtidarların nəzarətindən qurtarmağa can atırlar və ilk dəfə öz bədəninə özü sahib olan insan onunla necə rəftar edəcəyini bilmir. Nəticədə Bakı öz yuxularında gördüyü, tarixin və tanrının cəzalandırdığı Sodoma, Babilə və Pompeyə oxşamağa başlayır…

Qaynar İnfo