YeniYaz.az Ramil Əliyevin “Vazeh” hekayəsini təqdim edir.
Vazeh sabah baş tutacaq terapiya seansına gecədən hazırlaşırdı. Bundan əvvəlki iki seansa, çox içkili olduğundan, getməyi unutmuşdu. Belə hallar Vazeh üçün bir az ağırdır. O, özünü qarşı tərəfin yerinə qoya bilir, görüş təyin olunan vaxtda heç bir xəbər vermədən getməməyin həmin şəxslərdə oyadacaq təəccüb və bir qədər də qəzəb hissini təxmin edirdi. Buna görə, həmin gecələr çox içdiyinə, vaxtında oyana bilmədiyinə görə peşmançılıq çəkirdi.
Bu dəfə fərqli oldu. Vazeh gecikməmək üçün üç başqa telefonda "budilnik" qurmuşdu. Gecə bir az gərgin olsa da, onun uşaqlıqdan bir xüsusiyyəti var idi. Əgər, növbəti gün səhər saatlarında çox vacib öhdəliyi var idisə, səhər lazım olan vaxtdan daha tez oyana bilirdi. Bu dəfə də elə oldu. "Budilnikdən" ən az bir saat əvvəl oyanmışdı. Sadəcə, isti yatağı tərk edib, qaranlıq mətbəxə keçmək ona çətin gəlirdi. "Heyif deyildi o vaxt, saatlar hər sezon çəkilirdi, oyananda ən azı gün var idi, indi alaqaranlıq, qəribə hava..."- düşünərək, günün ilk zəhərini havaya və günəşə tökdü.
Təzəcə telefonu əlinə alıb, oynayırdı ki, qapı qonşunun evindən səs-küylü çıxışını, qapının bərkdən çırpılmasını eşitdi. Fikirləşirdi... Özü hər evdən çıxanda, qonşular narahat olmasın deyə qapını çox asta örtüb, açarı yavaşca içəri itələyirdi. Yenə cəmiyyətinin mədəniyyətsizliyinə şahid olan Vazehin daha güclü silahı vardı. Onun evinə dostları tez-tez gəlirdi və onların ən tez getmə vaxtı gecə saat iki idi. Qonşunun elədiyini artıq Vazeh hər dəfə dostlarını yola salanda təkrarlayacaqdı. Çünki, o, çox prinsipial insandır.
Üç telefonun üçü də eyni anda qışqırmağa başlayanda, yataqdan çıxma vaxtı çatmışdı. O, üşüyə-üşüyə sobaya tərəf gedib, çaydanın altını yandırdı. Ərindiyindən dünənki dəmdən çay süzüb, xırda tort tikəsi ilə içəri ötürərək, daxili orqanlarını oyatmağa çalışdı. Ardınca siqaret yandırıb, tələm-tələsik geyindi. Budur, o artıq hazırdır, aşağı düşmək vaxtıdır. Bir saatlıq piyada yolu var idi. Çirkin Bakının ümidsiz sakinlərini müşahidə etmək üçün bu əsl fürsətdir.
Hava əvvəlki günlərə nisbətən yaxşı idi. Qulağında çox sevdiyi musiqilər çalınırdı. Niyəsə o, əvvəlki kimi rəqs etməkdən utanmır, əksinə, musiqini bədəni ilə hiss edirdi. Amma, bu küçələrə aid deyildi. Bakı küçələri heç vaxt sakinləri üçün təhlükəsiz olmayıb. Daim tələsən insanların aqressiyası, sürücülərin heç kimi düşünmədən eşşək kimi sürməyi, insanı başdan ayağa süzən baxışlar, siqaret və ya qəpik dilənmək üçün bəhanələrlə yaxınlaşan insanlar beyinə qəribə təhlükə hissi ötürür. Xüsusən, rəqs edən sırğalı gənc oğlan üçün. Bu qorxuya baxmayaraq, onun əlləri beyninin sözünə baxmır, ya cibində, ya da aşağıda, ayaqlarının yanında musiqinin ahənginə uyğun azadlıq nümayiş etdirirdi. O azadlıq ki, ətrafda heç kəsdə yoxdur, əllər bunu onu əhatə edən hər şeyə qarşı mübariz ruhla hayqırır, qandallanmayacağını ifadə edir. Amma, bu da təhlükəli idi, çünki insanlar azadlıqdan qorxurlar.
Musiqini dinləyə-dinləyə ətrafa boylanır, binalara baxırdı. Çölündən dəbdəbəli daşlarla bəzədilmiş, amma içdən səfalət iyi verən binalara... Ən böyük arzularından biri yadına düşürdü. Belə binalardan mənzil alıb, oranı səfalət üfunətindən azad etmək. Pəncərələrə boylanırdı, arxasından ucuz və çirkli pərdə asılmış hündür, gözəl çərçivəli pəncərələrin ona məxsus olduğunu xəyal edirdi. O pəncərələrə öz dünyasını gətirmək istəyirdi; çoxlu dibçəkləri, özünün çəkdiyi rəsmləri, qədim əşyalarını və evə qayğısını. Amma bu hündür, sənət əsərinə bənzəyən pəncərələrin hərəsində ayrı-ayrı hekayələr yatırdı. Bəziləri fəryad, bəziləri ağrı, iztirab, bəziləri isə sevgi, xoşbəxtlik saçırdı. Bunlara baxmayaraq, hər pəncərə yoldan keçənlərin arxasınca daim ümidsizcə baxır. Hətta, dəmir barmaqlıqlarla pəncərələr Bakının təhlükələrindən qorunurdu.
Sevdiyi binalar artıq geridə qalmışdı, qarşıda bazar və yöndəmsiz, çirkin inşaat mağazalarıyla dolu böyük bir prospekt var idi. Yolun sonunu Təhsil Nazirliyinin binası tamamlayırdı. Hər dəfə Vazeh bu yoldan keçəndə, mütləq dönüb o binaya baxmalı idi. Budəfəki baxışı daha uzunmüddətli və sual doluydu. Bina eynilə inşaat mağazaları kimi yöndəmsiz, balaca və çox pis yerdə idi. Digər nazirliklərlə müqayisə etsək, Azərbaycanda təhsilə verilən qiymət onun binasından özünü çox bəlli edir. Sanki bütün nazirliklərə bina paylayanda, lazımsız qurum olduğundan, Təhsil Nazirliyi unudulub. Qurumun "bəs biz, qaqaş?" sualından sonra hansısa köhnə məktəbi türkəçarə fasad işləri ilə tamamlayıb, onları yola veriblər.
Yol boyu belə gic-gic fikirlər və musiqinin hiss edilməsi Vazehin beynində mübarizə aparırdı. Gah düşünür və musiqini duymurdu, gah da bu düşüncə bataqlığından tez çıxıb, özünü musiqinin qollarına atırdı. Artıq xəstəxanaya çatmışdı. Evdə doyunca yemədiyinə görə, acmışdı, tez çantasındakı bananı mədəsinə yola salıb, siqaretini çəkdi.
Maskasını taxıb, binaya daxil oldu. Vazeh heç vaxt xəstəxanada “baxil” geyinməyi sevmir, çox gülməli göründüyün düşünürdü, həmçinin, əlavə tullantıya səbəb olmaq istəmirdi. Qapıdan keçib, bu gün “baxil” lazım olub-olmadığını masasında əyləşən nəzarətçidən soruşdu. Eşitdiyi “yox” sözü onu sevindirmişdi. Amma nəzarətçinin ona yaxınlaşdığını görəndə, özünü itirdi. Diqqətlə baxanda, əlindəki termometri görüb, qolunu uzatdı. Nəzarətçi Vazehin biləyindəki "fuck" döyməsini görmüşdü və onun gözlərinə baxaraq, hırıldayırdı. Vazehin üzündə suni təbəssüm yarandı, o düşünürdü ki, niyə hansısa söyüş və ya cinsi münasibət sözləri bu cəmiyyətlə gülüş doğurur? Niyə bizim yumorumuz sadəcə bura qədərdir? Kimdəsə "fuck" yazılı döymə varsa, niyə həmin insana göz-qaş edib, güləsən?
Vazeh bu situasiyanın təsirindən çıxmamış, bədənini lift gərginliyi bürümüşdü. Onsuz da, bu binaya hər gəlişində liftə görə əsəb keçirirdi. Əslində, liftin nə günahı var? Onu istifadə edən mədəniyyətsiz insanlarımıza görə əsəbləşirdi. Növbə mədəniyyəti olmayan, başqasının yerinə hörmət etməyən, lift tez gəlsin deyə bütün düymələrini sıxan tərbiyəsizlərə əsəbləşirdi. Həmin gün liftdə ona yol verən yaşlı cütlük və çatdığı mərtəbəni xatırladan qadın Vazehi bir az da olsun, insanlara ümidli baxmağa səsləyirdi. Təsəvvür edin, bir yeşik xarab çiyələyin içində beş-altı dənə hələ də həyata tutunmağa çalışan təzə çiyələk var. Amma sən özünə əziyyət verməyib, ya da iyrəndiyindən bütün yeşiyi tullayırsan. Bax, Vazeh üçün vəziyyət belə idi. Bircə liftdə onun sırğasına gözünü zilləyib, baxan digər yaşlı kişi olmasaydı, hər şey daha yaxşı olardı.
Yaşlı cütlüyün yol verməsinin nəticəsi olaraq, ağzından "çox sağ olun" sözlərini liftin atmosferinə buraxan Vazeh, adəti üzrə liftin yanındaki böyük bitkiyə nəzər saldı. O, hər gəlişində bu qoca bitkini sanki salamlayır, onu öz evində xəyal edirdi. Xəstəxananın mənasız, bir-birinin içində olan koridorları da təəssüf ki, Vazehin əsəblərini tarıma çəkirdi. Sanki, bu nəhəng binanın “çertyoj”unu bir "çubuş"a hansısa "alkaş"a çəkdiriblər. Amma Vazeh xoşbəxt idi. O, tez gəlmişdi, seansının başlamasına hələ üç dəqiqə var idi. Psixiatrın otağından nisbətən kənarda oturub, gözləməyə başladı. Çünki içəridən hansısa tanışı çıxıb, Vazehin psixiatr yanına gəldiyini başa düşə bilərdi. Axı, psixiatra dəlilər gedir, elə yerdə olmaq zəiflik nişanəsidir. Ən azından, onun cəmiyyəti belə düşünür.
Saatın əqrəblərini dəqiqliklə izləyirdi. Budur, saat on tamamda o ayağa qalxdı, qapıya tərəf yönəlib, iki dəfə tıqqıldatdı. İçəri gələ biləcəyini dedikdən sonra, qapını aralayıb, otağa keçdi. Həmişəki kimi, qarşısındakı stulu bir az da arxaya aparıb əyləşdi. Gərgin görünürdü, çünki, keçən iki seansa gəlməmişdi və əvvəlcədən mənə xəbər etməmişdi.
Söhbətimizə seansa xəbər etməmiş gəlməyənlərdən başladıq. Keçən həftələrdə bu cür halların çox baş verdiyini, hətta bir gündə altı nəfərin yazılıb, üçünün gəlmədiyini dedim. Belə vəziyyətlərdə bekar oturmağa məcbur oluram. Əslində, mənim üçün bekar oturmaq problem deyil, sadəcə bəzən o insanlardan küsdüyümü hiss edirəm. Gəlməmək səbəbini belə yazıb soruşmağa bir növ tərəddüd edirəm. Yazıb-yazmamaq arasında qalıram. Amma, Vazehə yazmışdım və məndən sadəcə üzr istəmişdi. Heç bir bəhanəsiz, sadə bir üzr... Yazdığım mesajları da uzadaraq cavablamırdı, qısa, konkret cavablayırdı. Düşünürdü ki, uzatmaq və gətirilən bəhanələr çox mənasızdır, onsuz da bunu hamı edir. O, hamı kimi olmaq istəmirdi. Anlaşılandır. Girdiyi marketdə belə satıcıların mədəniyyətsizliyini mənə əsəbi halda danışan birisi, onlar kimi olmaq istəməzdi. Artıq, əvvəlki kimi deyildi. Üzümə danışmadan baxıb, nədən söhbət açmalı olduğunu soruşmurdu. Girir, əyləşir və danışmağa başlayırdı.
Bir balaca sakitlikdən sonra, keçəndəfəki mövzunu davam etdirmək ehtiyacı duydu və valideynlərindən danışmağa başladı. Vazeh artıq bir ildir valideynlərinin evindən çıxmışdı və ayrı yaşayırdı. Bu hal ona daha çox rahatlıq və azadlıq gətirsə də, heç vaxt qarşılaşmadığı valideyn münasibətlərinə tuş gəlmişdi. Əslində, bu münasibət və davranışları o dünyaya gələndən, özünü tanımağa başlayandan bəri görür, hiss edirdi. Sadəcə, bu davranışların miqdarı və konteksti dəyişmişdi. Valideynlərinin həmişə alçaldıcı "sən bacarmazsan" düşüncəsi onda müəyyən izlər qoymuşdu.
Mənə valideynlərinin onun evinə qonaq gəlməsi barədə söhbət açdı. Bu dəfə atası da onun evinə qalxmağı qərara almışdı. Binaya ilk girdikləri andan bəyənməmək və xüsusi tonla lifti, pilləkənləri pisləmək onların eyni düşüncə üzərindən danışmasını göstərirdi. Evə girdikdən sonra, bütün məkanın onların sadəcə mətbəxi boyda olması, evin köhnə rus nənələrinin evinə oxşaması, çox soyuq olduğu, divanın narahat olması fikirləri hər ikisinin ağzından eyni vaxtlarda çıxırdı. Sanki, əvvəlcədən buna hazırlaşıb gəlmişdilər. Bütün bunları eşidən Vazeh mətbəxtə çay dəmləyirdi və bu eşitdiklərinə nifrətlə gülümsəyirdi. Vazehin dediyinə görə, əvvəllər o, valideynlərinin bu kimi sözlərini içinə atar və günlərlə düşünərdi. İndi isə, nifrət dolu gülümsəməsi və eşitdiklərinin heç birinin onun xətrinə dəyməməsi onu güclü hiss etdirirdi. O, böyüdüyünü bilirdi.
Valideynləri onun dəmlədiyi çayı belə bəyənməmişdilər. Suyunun və qaynadığı çaydanın qəribə iyləndiyini dəfələrlə söyləmişdilər. Əslində, onların xüsusi bir missiyası var idi; Vazehin şəraitini pisləməklə onu yenidən öz yanlarında yaşamağa məcbur etmək. Təbii ki, Vazeh onlarla hər görüşdən əvvəl bu kim təzyiqlərə və oyunlara hazırlaşırdı. Valideynləri onun maddi durumu ilə maraqlanır, növbəti qol zərbəsi üçün Vazehi sınağa çəkirdilər. Qapıçılıq və müdafiədə ustalaşan Vazeh isə çox asanlıqla bu hücumu dəf edir, "mən çox yaxşı yaşayıram" ifadəsi ilə əks hücumu gerçəkləşdirirdi. Son gücünü toplayan qarşı tərəf , "gələcəkdə sən gəlsən, biz qəbul etməyəcəyik" sözü ilə qalib tərəf olmağa hazırlaşırdı ki, Vazehin "elə şey olmayacaq, narahat olmayın" cavabı rəqibin tam ruhdan salaraq, qarşılaşmadan yenə də qalib tərəf olaraq ayrıldı. Artıq, Vazehi təbrik edən minlərlə fanatı, ona əl çalan milyonlarla izləyicisi var idi. O, kuboku başına qaldıraraq, valideynlərini öz evlərinə yola saldı. Bütün bu qalibiyyətlərə baxmayaraq, hər dəfə mübarizə və qələbə üçün Vazeh çox enerji sərf edirdi. Əslində o, yorulmuşdu.
Vazehi yaxşı başa düşürdüm. Seansların daha canlı və qarşımdakına daha doğma olması üçün mən də öz keçmişimdən və ya yaşadıqlarımdan misallar gətirirdim. Bu dəfə valideyn münasibətlərimdən bir neçə yadda qalan şey danışdım. Vaxtilə mən də atamla çox davalar etmişəm, amma, Vazehdən fərqli olaraq, onlar mənə daim dəstək olublar. Bunu Vazehə bildirəndə, dəstəyin əslində uşağa və onun gələcəyinə mənfi təsirlərin olduğunu, onları daha gücsüz, çətinliklərdə daim valideyn axtarışına qaçdıqlarını, onlara sığındıqlarını dedi. Razılaşmadım. Bəlkə də, Vazeh valideyn dəstəyinin nə olduğunu bilmədiyi üçün düşüncələri ona yad olan müsbət davranışları belə birmənalı qarşılamırdı.
Vazeh uşaq və valideyn münasibətini mülkədar və mal əlaqələriylə müqayisə edirdi. Dediklərinə görə, dostu ilə içki masasında bu haqda qısa, amma, çox geniş mənalı müzakirə aparıb. Bu danışıq Vazehin qardaşının ilk yuvarlaq ad günündə baş vermiş hadisəni nəql edərkən yaranıb. Susayan uşaq masaya yaxınlaşır və araq dolu stəkanı təsadüfən başına çəkir. Arağın yandırıcı tamı onu masanın altında gizlənməyə məcbur edibmiş. Dostu bu hadisəni eşidəndən sonra uşaqların valideynlərə mülkədar kimi baxdıqlarını, onların elədiyi səhv əməllərə baxış bucağının sadəcə mülkədara dəyən ziyandan ibarət olduğunu demişdi.
Vazehin cəmiyyəti üçün təəssüf ki, bu belədir. O, uşaqlıqdan bəzi dostlarının yediyi yeməkdən tutmuş, geyindiyi paltara qədər valideynlərinin verdiyi qərar əsasında böyüdüyünü dəhşətli bir situasiya kimi danışırdı. Həqiqətən də, bu dəhşətli situasiyadır. Edilən hər səhvdən nəticə çıxarıb, dərs almaq əvəzinə, uşaqlar valideynlərinə dəyən zərər haqqında düşünür, onlardan qorxurdular. Vazeh nisbətən azad böyüsə də, münasibətin konteksti bundan fərqlənmirdi. Ətrafdakı uşaqlara nisbətən görünüşü, geyim zövqü, düşüncələri hamıdan seçilirdi. Atdığı hər addımda anasının "bizə nə deyərlər?", "gərək köçüb gedək burdan?", "filankəsin oğlu belə edir, deyəcəklər" kimi sözləri onun daim mülkədarın alnını açıq etməyə məcbur olan kölə, heyvan olaraq hiss etdirirdi.
Onun evdən getməyi və ayrı yaşamağı belə mülkədarının nüfuzuna xələl gətirirdi. Çünki, anası dəfələrlə "sən nəsildə tək oğlansan ki, evlənməmiş ayrı evə köçmüsən" sözü əslində, tək valideynlərin yox, ümumilikdə, böyük bir nəslin uşaqlara mülk kimi yanaşmasından xəbər verir. Vazehə görə bu hal insanların həyatını iki mərhələyə bölür. Hər iki mərhələdə uşaqlar doğulandan evlənənə qədər valideynlərinin təzyiqi və idarəsi altında, evlənəndən ömrünün sonuna kimi isə, öz ailəsinin təsiri və idarəsi altında qalır. Bu, doğuşdan ölümə qədər olan həyatdır ki, tək qərar verə bilmirsən, tək yaşaya bilmirsən, həyatı kəşf edə bilmirsən, zövq və damaq dadını iştahlandıra bilmirsən, əylənə bilmirsən. Səhv edə bilmirsən, səhvlərdən öyrənə bilmirsən, ən əsası, yaşaya bilmirsən. Onun tək istəyi bütün cəmiyyətin eşidə biləcəyi yerə qalxmaq və hər kəsi qatillikdə günahlandırmaq idi. Bütün valideynlər onun səsini eşitməli, uşaqlarına daha yaxşı gələcək üçün öz istək, arzu və qərar verə bilmə hüququnu uşaqlarının üstündən qırmaq idi. Vazeh bütün insanların valideyn olmazdan əvvəl, terapiyalar alması, insanların öz ata-analarından qazandığı psixoloji şiddətin uşaqlarına ötürməməsi, bu şiddət zəncirinin qırmasını arzu edirdi.
Terapiyanın böyük hissəsi artıq geridə qalmışdı. Bundan sonra Vazeh nitqində daha tez-tez fasilələr verir, düşünürdü. Hər ikisinin Vazehin evinə qonaq gəlməsini və atasının onun evində pişikləri ilə oynamasını eşidəndə, bunun irəliləyiş olduğunu, yeni bir addım ola biləcəyini, pozitiv xarakter daşıdığını demişdim. O isə sakitcə dediklərimi düşünür, öz beynində nələrsə yaşayırdı. Mənimlə nisbətən razılaşırdı. Sanki özü də bilir, bəlkə bunu qəbul etmək istəmir, belə müsbət fikirlərdən uzaqlaşmaq istəyirdi. Başa düşürdüm, bu yaşa kimi görmədiyi isti valideyn münasibəti və onlarla dost əlaqələri bu yaşdan sonra cazibədar gəlmirdi. Vazehə sanki, valideynləri tərəfindən dəyərləndirilmə ehtiyacının olduğunu dedim. Cavab yenə qarışıq və tərəddüdlü idi. Yenə də böyüdüyünü dilə gətirirdi. Dəyərlənmə ehtiyacının bəlkə də uşaq olduğu zaman zəruriliyini vurğuladı. O artıq böyümüşdü və valideynləri tərəfindən dəyərləndirilməyə ehtiyacı yox idi. Amma, məqsədləri və arzuları bunun əksini deyirdi. Elədiyi çox şeyin əslində, valideynlərə özünü sübut və sevdirmək xarakter daşıdığı hiss olunurdu. Bunu qismən qəbul edirdi.
Bəlkə də, onlarla danışmalı, qaranlıq yerləri açmalı, suallarını ünvanlamalıydı. Fikrimi ona ifadə edəndə, yenə sükutun çökdüyü düşüncə dənizinə baş vurdu. Onlarla danışmağın lazım olub-olmadığını bilmirdi. Hər ikisi üçün səbəblərinin olduğunu dedi. Danışığın lazımsız olduğu fikrinə daha çox səbəblər gətirib, onları qabardırdı. O, velosiped sürməyi belə məhlədəki digər uşaqlardan öyrənmişdi. Filmlərdə, kitablardakı ata-bala münasibətini yaşamamışdı, onunla birlikdə balıq tutmamışdı, meşəyə getməmişdi. Valideynlərinin Vazehin qardaşına münasibəti isə ona olan münasibətdə fərqlənirdi, ona daha isti, dostcanlı münasibət bəsləyirdilər. Qardaşının bunu tələb etdiyini soruşanda, Vazeh bunu qəbul etdi. Qardaşı bu münasibəti tələb edirdi. Vazeh isə uşaqlıqdan ev işləriylə yüklənmişdi, qardaşının qayğısına qalırdı. Uşaqlığını yaşamadan qardaşının üçüncü valideyninə çevrilmişdi. Atası və anasından qayğı istəməyə vaxtı yox idi, indi isə bu qayğını tələb etmir. Çünki, valideynlərinə yaxınlıq təhlükəlidir onun üçün. Onlardan uzaq gəzməyi, valideynlərinin yerli-yersiz tənqidini uzaqlaşdırırdı. O, bu halda daha yaxşı hiss edirdi, nəinki valideynlərinə yaxınlaşıb, sevgiylə bərabər tənqidi daha yaxından qəbul etsin. Əslində, o yaxınlaşmaq istəyirdi, sadəcə yaxınlaşmaq onun üçün çətin və təhlükəlidir.
Seansın sonuna yaxınlaşırdıq. Dediyim bəzi sözlər Vazehi kədərləndirdi. O valideynlərindən təqdir gözləyirdi. "Əhsən", "sən bizsiz də yaşaya bilərsən, öz ayaqlarının üstündə dura bilərsən" kimi sözlərinə vəhşi kimi ac idi. Düşüncə dənizinə baş vurub, çətinliklə danışmağa başladı. Gözlərinin dolduğunu hiss edirdi, amma, güclü görünmək istəyi göz yaşlarına qalib gəldi, onlara azadlıq vermədi. O, hələ də möhkəm qala divarlarıyla əhatələnmiş rahat zonasında yaşayırdı, ağladığını, kədərləndiyini, ağrılarını heç kimə göstərmirdi. Vazeh aqressivdir, hər mənfi fikri şəxsi qəbul edir və bunun nəticəsində ətrafa, çox sadə şeylərə belə zəhər qusa bilirdi. Çünki, o böyümüşdü və cəzalandırmaq qabiliyyətinin olduğunu kəşf etmişdi. Əsəbiləşərək, zəhər qusaraq, heç kimə güvənməyərək, möhkəm qalxanın arxasında hər kəsi cəzalandırırdı. O bilirdi ki, bütün etdiyi neqativ əməllərin, xüsusi psixoloji şiddətin arxasında müəyyən qaranlıq otaqlar dayanır. Bu otaqlara girmək onun üçün qorxuludur, ağrılıdır.
Seansın sonu idi. Məndən sonrakı insan, qapını açaraq birbaşa otağa daxil oldu. Seansın hələ bitmədiyini görüb, çöldə gözləmək üçün üzr istəyərək otaqdan çıxdı. Vazehlə sağollaşdım. Masadan qapıyaqədərki iki-üç saniyəyə bütün bir saatlıq seansı düşüncələrimə sığdırdım. Görəsən, bu hekayədə Vazeh mənim yerimdə olsaydı, bu düşündüklərimi edəcəkdimi? Yoxsa, daha fərqli davranışlara sahib olub, fərqli hekayəyə gəlib çıxacaqdı? Düşüncələrdən çıxdım, real dünyaya qayıtdım. Vazeh mənim yerimdə deyildi, hekayənin baş rolu özüməm. Bütün bunları yaşayan və mübarizə aparan mənəm.
Otaqdan çıxıb, mənasız koridorlardan keçərək liftə yönəldim. Amma, pilləkənlərin ətrafındaki bitkilər məni gözləyirdi. Ənənəyə sadiq qalaraq, liftlə yol, pilləkənlərlə aşağı düşməyə qərar verdim. Hər bitkiylə sağollaşıb, məndən başqa heç kəsin olmadığı pilləkənlərin sürahilərinə toxunurdum. Sevindim, mən bitkilər və böyük pəncərələrlə tək qalmışdım. İnsanlardan fərqli olaraq, ayaqlarıma əziyyət verməyi sevirdim, onlar gəzməli idilər. Buna görə də, evə piyada qayıtdım. Yol boyu yenə gic-gic düşüncələr, qulaqlarımdan bədənimə axan musiqilər və dəbdəbəli binalar mənə yol yoldaşlığı edirdi. Hər pəncərə məni gördükdə, artıq, ümidsizcə yox, sevinərək salamlayırdılar. Çünki qarşılarında adi Bakı sakini yox, Vazehin güzgüsündə özünü tapan insan görürdülər.
Qeyd: Hekayə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb.