Bizdə imkanlı ölkə yoxdur, amma... - Şahbaz Xuduoğlu

Bizdə imkanlı ölkə yoxdur, amma...   - Şahbaz Xuduoğlu

23 Sentyabr 2022 09:59 215


Milli Kitab Sərgisinə günlər qaldı. Bütün universitet rəhbərlərinə dəvət göndərdim. Bütün nazirlik və komitə sədrlərinə məktub göndərdim.

Nacizanə rica etdim ki, Milli Kitab Sərgisinə qatılsınlar.

Ötən il 10 gün davam edən kitab sərgisi gələnlərin yaxşı yadındadır.

Unudulmayan xatirələri təzələmək lazımdır!

Qafqazda bizdən sayı çox olan ölkə yoxdur, bizdən iqtisadi imkanı yüksək olan ölkə də yoxdur. Di gəl ki, oxuyan deyilik. Kitab çeşidi və sayına görə qonşularımızdan xeyli geridə qalırıq.

Tiflisdə hər il kitab adına çox fərqli tədbirlər keçirilir. Gürcü ədəbiyyatının xaricdə nəşrinə külli miqdarda maliyyə ayrılır. Rəssamlığın inkişafı üçün elə bir təklif yoxdur ki, onu baxılmamış saxlasınlar. Bütün meydanlar kitab, rəssamlıq və sənətkarlığın üzünə açıqdır.

Bizdə isə adi bir sərgi üçün də siyasi qərar gözləyirlər. Bakıda neçə-neçə şair heykəli var, amma qabağında sərgi, ya poeziya günü keçir qoymazlar. Kitabını oxuma, oxumağa şərait yaratma, onda heykəl nəyə lazım?! Rey Bredberi yaxşı deyir, kitabı oxumamaq onu yandırmaqdan daha ağır cinayətdir.

27 Sentyabr ‒ 1 Oktyabr arası tarixlərdə Bakı İdman Sarayında Milli Kitab Sərgisidir. Kitablara 90%-dək endirim olacaq. Sərgidə hər sahəyə aid kitablar tapa bilərsiniz.

Vaxt edin sərgiyə gəlin. Mədəniyyət millətin özünə lazımdır. Millət gərək öz kitabına, öz teatrına, öz sənətinə sahib dura. Sonra deməyin ki, əşi indi kitab oxuyan yoxdur.

Sən oxu, qoy sənə baxıb başqaları da oxusun.

Sən gəl, qoy sənə baxıb başqaları da gəlsin.