Buludları uçururdu uşaqlar - Günün şeiri

Buludları uçururdu uşaqlar   - Günün şeiri

15 Aprelel 2022 11:11 514


Bu gün gənc şair Ümid Nəccarinin doğum günüdür. YeniYaz.Az Ümid bəyi təbrik edir və onun “Qızcığaz” şeirini oxucuların diqqətinə çatdırır.

Mən gördüyüm qızcığazın
köynəyini saraltmışdı günəş.
Pambıq doluşmuşdu saçlarına,
ayaqqabılarını güllələmişdi yollar...

Dodaqlarında təbəssüm tabutu.
Sahildə uşaqlar çılğıncasına
Uçururdular çərpələnglərini
Uçururdular günəşi...
Sabahları...

Buludları uçururdu uşaqlar.
Dünyanı başına götürmüşdü qəhqəhələr.
Sevinirdi qağayılar.
Xoşbəxtcəsinə üzürdü qayıqlar...

Mən gördüyüm qızcığaz
qoydu yerə satmağa gətirdiyi tumları.

Uşaqlara baxıb
Əlini uzatdı içinə,
çıxarıb ürəyini uçurdu göy üzünə...