Çəkilib uzaqdan baxdım özümə - Əlisəmiddən şeirlər

Çəkilib uzaqdan baxdım özümə   - Əlisəmiddən şeirlər

08 Fevral 2022 09:38 449


Bu gün tanınmış şair Əlisəmid Kürün doğum gündür. YeniYaz.az şairi təbrik edir və onun seçmə şeirlərini oxucuların diqqətinə çatdırır

Atamın ayaqları

Hara getdim dara düşdüm
Atamın ayaqları süründü arxamca
İndi
Atamın ayaqları Sibirdi
Özü kimi ayaqları da yuxusuz…
Üz sürtdüm ayaqlarına,
Qəlpə giziltisindən
Diksindi qulaqlarım.
Çəliyi ayaqlarına başdaşı Atam!
Səcdənə gəldim,
Ayaqlarını suya qoy,
Dirilik suyu kimi ayağının suyunu içim Atam oy!
Əlimdən nə gəlir daha
Ayaqlarımı verim, yeri, Atam!
Laylay atam, ayaqlarına laylay!
Ayaqları yuxusuz,
əlləri oyaq,
ürəyi dipdiri Pir Atam!

Alo, mən səni görürəm

Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…
-Al-lo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…

Qan-tər içində

Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm,
Qan-tər içindəyəm, anam,
Qan-tər içində.
Zaman dolaşıq nər qovğasında
Şeytan-mələk davasında
Ürəyim əlimdən gedir,
Çırpınır qollarım qoynumda,
Gecəm qan-tər içində,anam,
Günüm qan-tər içində.
Bu əlim,bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib-becərən dilim,
Sözüm qan-tər içində,anam,
Dilim qan-tər içində,
Alnımın qırış yerindən
Taleyin çaparı keçir.
Bu yurdun süyər yerindən
Bir ölüm qatarı keçir,
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.
Toxdayıb, səbrimdən asıldım,
Buğlanıb, ruhumdan asıldım,
Can hamı, qəbrimə qısıldım,
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində.

Adaşım, balabançı Kor Əlisəmid

Bir adaşım yaşayır Kürdəmirdə,
Muradxanlı kəndində
Gecəyarı ekranda gördüm
Xəzər TV-də.
Əvvəl-əvvəl danışmadı, dinmədi,
dizləri üstə gözləri yol çəkdi
barmaqlarının.
Sonra adamlar yığışıb
könlünü aldılar onun,
ovutdular.
Çıxartdı üzə balabanı.
Dedi, mənim işim balabanla, neylədi.
Sonra gör neylədi
adaşım, balabançı Kor Əlisəmid.
Qəfil nəfəs verdi balabana,
Sığalladı asta-asta,
bala-bala.
Asta çaldı balabanı.
Hərəkəti yavaş-yavaş,
bala-bala.
Dağı arana daşıdı, aranı dağa.
Anasının balasını ağlatdı,
balasının anasını ağlatdı.
Qəribi çağırdı qürbətdən,
həsrətdən
yolu-yolağa.
Qəfil balabanı qoydu qırağa,
Ürəyinin işığı üzündə,
üzü nur,
üzü pir Əlisəmid.
Çalğı çoxdan qurtarıb,
nə baxırsan?
Əlləri üzündə,
gözləri barmaqlarının ucunda,
adaşım, balabançı Kor Əlisəmid.

Ağı

Dəli çayların axarı
suların səsindən bəlli.
Mən keçdim,
Sən keçəmmədin.
Torpağım heeey!

Sirri kor quyu dibində,
Dərdi üzündən bəlli.
Dəlisi ağıllı kimi,
ağıllısı dəli kimi
Millətim heeey!

Tapdaq altda gözü qalan
ocaq külündən bəlli.
Qorxağı qaçmağından,
İgidi ölümündən bəlli.
Məmləkətim heeey!

Yurdu talan olanım
İndi həsrətlə qol-boyun.
Ulayım qurdtək, ulayım
Millətim heeey!
Məmləkətim heeey!

Adamlar dəyişir havalar kimi

Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…

Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».

Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!

Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.

Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.

Çəkilib uzaqdan özümə baxdım, –
bir də üzə gülüb,
arxamca daş atanlara…
Yol üstə ilantək qıvrılanlara…

Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!

Kentavr

Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü.
Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı…
Bir də qulaqlarıma at kişnərtisi gəldi…

Dərdin arxasınca dördnala çapan
Bədəni at, başı adam,
Bu yarıat, yarıadam
Qaçmağa hallı adam
hara gedir, Yaradan?!

Sözünün dalında dağ kimi durub,
Hər gün bir sevdayla döyüşə gedir.
Dalına atdığı şələyə baxmır.
Xəndəyə yıxılmır, tələyə baxmır,
Özüylə söyüşə-söyüşə gedir.

At kimi yeriyir qəmin üstünə
Çapır, dördnala çapır,
Hara gedir qəm gətirir
Bir gün çörək tapır,
bir gün də tapmır…

«Mersedes» gözəllər keçir yanından
Vaxtı yox onlara gözucu baxa.
Faytona qoşulmuş ata boylanır,
Bu yarıat, yarıadama
ana boylanır
ata boylanır.

Kentavr şəhərdən baş aça bilmir.
Dəyənək qorxusu çıxmır canından.
Bu köçkün kentavr,
qaçqın kentavr
Polisin əlindən qaça da bilmir.

Bu qovur, o qovur,
Göydə Allah qovur, yerdə bəndəsi
Kəpənək yuxusu qaçıb gözündən
Hələ kütə gedir onun kündəsi.
– Hara gedirsən, KENTAVR?
– Kimdən qaçrsan, KENTAVR?
Başın bədənindən ayrı,
Bədənin başından ayrı,
Özün-özündən qaçırsan,
Gedirsən qəmin üstünə
söyüşə-söyüşə,
Yaşamaqçün, ölməməkçün
Atlar örüşə gedir,
Kentavrlar – döyüşə!