Xülasə
Məqalədə sosial qüvvənin dil proseslərində dinamik rolunu vurğulayan fəlsəfi-nəzəri yanaşmalar təhlil olunur. Əvvəlcə antik dövrdən günümüzə qədər fəlsəfədə gedən dil müzakirələrinin vacib məqamları nəzərdən keçirilir, ardınca ənənəvi Sössürçü strukturalist dil modelinin metodoloji yanaşması poststrukturalist, praqmatik və sosiolinqvistik mövqelərdən tənqid edilir. Adıçəkilən nəzəriyyələr bu mövqedən çıxış edir ki, dil sabit mənalar sisteminə əsaslanan işarələr sistemi deyil, dəyişkən sosial kontekstlə daim qarşılıqlı əlaqədə olan dinamik fenomendir. Azərbaycan dilinin transformasiyasında sosial qüvvənin roluna dair misallar da gətirən tədqiqat göstərir ki, dilin istər analitik fəlsəfədəki məntiqi, istərsə də dilçilikdəki strukturalist təhlili sosial aspektdən ayrı aparıldıqda məhdud qalır.
Giriş
Əsasları F.de Sössür tərəfindən formalaşdırılan linqvistika dili nitq komponentindən ayıraraq, sabit işarələr sistemi kimi təhlil edirdi. Lakin fəlsəfədə və dilçiliklə sosiologiya arasında interdissiplinar sahə olan sosiolinqvistikada dil sosial təcrübədə formalaşan dinamik və dəyişkən fenomen kimi başa düşülür. Xüsusən hazırda analitik fəlsəfədə gedən sosial çevriliş bilik və dil kimi anlayışların yalnız fərdi idrak subyektinə deyil, sosial qarşılıqlı əlaqələrə və institusional kontekstlərə əsaslanaraq dəyərləndirilməsini aktual edir. Qloballaşma, media və texnologiya dillərin qarşılıqlı təsirini artırmaqla yanaşı, dilin sosial kontekstdə istifadəsi, formalaşması, dəyişməsi, normallaşdırılması və məna inşasına dair yeni suallar doğurur. F.de Sössürçü linqvistika bu dəyişkənliyi izah etməkdə yetərli olmur, bu səbəbdən dilin formalaşmasında sosial qüvvələrin rolu son onillərdə dünyada post-strukturalist, sosiolinqvistik, nitq aktları nəzəriyyəsi və s. prizmalardan dəfələrlə düşünülüb. Bu nəzəri yanaşmalar təkcə ümumi dil fəlsəfəsi üçün deyil, konkret lokal dil dəyişikliklərinin təhlili baxımından da əhəmiyyət daşıyır, misal üçün, Azərbaycan dilinə linqvistik konvergensiya müstəvisində Türkiyə türkcəsindən qısa müddətdə çoxlu yeni söz və ifadələrin gəlib oturuşması sosiolinqvistik nəzəri məsələlərin konkret tətbiq sahəsi kimi çıxış edir. Odur ki, haqqında danışacağımız mövzu həm fəlsəfi-nəzəri, həm də cəmiyyətin dilə münasibəti, milli-mədəni mənsubiyyət və dilin gələcək inkişaf istiqamətləri baxımından aktualdır.
Dil sabit işarələr sistemidirmi, yoxsa onun formalaşması, dəyişməsi və məna istehsalında gündəlik istifadəçilər, yazıçılar, intellektuallar, sosial proseslər və güc strukturları fəal rol oynayır? Bu sual çərçivəsində, əvvəlcə dilin sosial aspektlərinin, dildə canlı nitqin rolunun fəlsəfi fikir tarixində necə tanındığını qısa şəkildə nəzərdən keçirəcəyik. Ardınca isə dili sosial-mədəni kontekstdə dəyişən dinamik bir praktika kimi şərh edən müasir yanaşmaları konkret nümunələr əsasında təhlil edəcəyik. Məqalədə tarixi-konseptual metoddan və sosiolinqvistik təhlildən istifadə olunub. Məqəd strukturalist metodoloji yanaşmanın nəzəri tənqidini verərək, dildə gedən proseslərdə sosial qüvvənin rolunu göstərməkdir.
Əsas hissə
Məşhur tərifində “Dil – ünsiyyət vasitəsidir” - deyilsə də, fəlsəfədə dil antik dövrdən XX əsrin ortalarına qədər sırf idraki müstəvidə öyrənilib. Dildə sosial aspektlərin öyrənilməsi isə xeyli dərəcədə müasir yanaşmadır. Uzun əsrlər fəlsəfədə dil müzakirələri “Sözlər şeyləri necə təmsil edir?”, “Dil reallığı göstərə bilərmi?” kimi suallar ətrafında cərəyan edib.
Dilin məntiqi analizində sosial aspektin kəşfi. Dilin fəlsəfi müzakirəsi Platon və Aristotellə başlanır. Platonun dilə yanaşması ideyalar aləmi təlimi ilə bağlıdır və bu sual ətrafındadır: Sözlər maddi aləmdən müstəqil surətdə mövcud olan ideyalar aləmindəki ideal formaları ifadə edən ümumi anlayışlara (universalilərə) adekvatdırmı, başqa sözlə, adlar mahiyyəti əks etdirirmi? Onun 35 dialoqu arasında dildən bəhs edən əsas əsəri olan “Kratil” dialoqunda adlar və onların mənaları mövzusunda iki yanaşma arasında debat gedir: bir yanaşmaya görə, nəsnələrin adları onlarla daxili bağa malikdir, digər yanaşmaya görə isə adlar insanlar arasında ortaq razılaşma əsasında yaranıb. Platon özü dialoqda bu mövqedəyə meyl edir ki, dil həqiqəti çatdırmaqda fundamental rola malikdir, amma bu işi yaxşı görməyə də bilir, dil reallığı dəqiq təmsil etmək üçün ideal formalar aləminə sadiq olmalıdır. Aristotel isə “Orqanon” silsiləsində, xüsusilə “Kateqoriyalar” və “İnterpretasiya haqqında” əsərlərində dili düşüncənin aləti və reallığın məntiqi təsviri kimi təqdim edir. Onun fikrincə, dil adekvat idrak üçün vasitədir, çünki dil maddələri, keyfiyyətləri və əlaqələri təsnif edə bilir.
Orta əsrlərdə (V-XVəsrlər) Qərbdə dil ətrafında müzakirələr bir-biriylə əlaqəli bir neçə istiqamətdə gedib. Platondan gələn birinci baxışa əsasən dildəki hər bir obyekt həmin obyektin mahiyyətinə uyğundur. Adları şeylərə tanrılar və ya ilk müdrik insanlar verdikləri üçün adların etimologiyasını öyrənməklə şeylərin mahiyyətinə yaxınlaşmaq olar. Xristian ilahiyyatçısı İ.Sevilski “Etimologiya” adlı 20 cildlik kitab yazmışdı ki, bu etimoloji axtarışlar sözlərin dini mətnlərə uyğun ilahi mənasını tapmaq düşüncəsinə xidmət edirdi. Dil tədqiqatlarının digər bir istiqaməti dini mətnlərin Aristotelin məntiqi üzrə oxunması və onlardan deduktiv nəticələr çıxarılması idi. Aristotelin məntiq qaydalarını dini mətnlərin oxunmasına tətbiq edir, iki doğru hökmdən üçüncü doğru hökmü çıxarmağa çalışır, dildən ilahi həqiqətlərə çatmaq üçün vasitə kimi istifadə edirdilər. Orta əsrlərin ən qızğın dil müzakirəsi isə realizm və nominalizm arasında gedirdi. Bu debatın mərkəzində universalilər (“insan” kimi ümumi anlayışlar) dururdu. Bütün fəlsəfə dərliklərində yer alan bir fakt, “sonuncu romalı, ilk sxolast” adlandırılan Boetsi xristian ilahiyyatında ilk dəfə unviersalilər problemini həll etməyə çalışmış, ondan sonra demək olar hər bir orta əsrlər filosofu bu mübahisəyə münasibət bildirmişdi. Realistlər universalilərin əzəldən Tanrının ideyaları kimi mövcud olduğunu, buna görə də uiversalilərin real və əbədi olduğunu, Tanrının dünyadakı təkcə şeyləri həmin universalilər əsasında yaratdığını iddia edir, nominalistlər isə əksinə, universalilərin real deyil, sadəcə təkcələr-nominallar əsasında ümumiləşdirmə ilə yaradılan kateqoriyalar olduğunu deyirdilər.
XVI əsrdən etibarən dilin öyrənilməsi rasional və empirik yanaşmalara əsaslandı. Ardıcıl fəlsəfə oxucularına məlumdur ki, Yeni dövr fəlsəfəsinin banisi R.Dekart düşüncənin əvvəlcədən ruhda mövcud olduğuna inanıb, dil düşüncəni başqalarına çatdırmaq üçün vasitədir, amma dil bəzən düşüncəni təhrif edə bilər. O, dili şüurun deyil, bədənin funksiyası hesab etdiyindən, onu qeyri-mükəmməl bir vasitə kimi qiymətləndirirdi. Yeni dövrün dil problemindən yazan növbəti siması Con Lokk dili insanın təcrübədən əldə etdiyi anlayışları və ideyaları ifadə edən bir vasitə kimi izah edirdi; dilin mücərrəd anlayışları ifadə etməkdə məhdudiyyətləri var, bu da ondan irəli gəlir ki, fərdi təcrübələrə əsasən insanlar mücərrəd anlayışlar altında fərqli mənalar nəzərdə tuturlar. Yeni dövrün digər mühüm siması Q.Leybnis bu mücərrədlikləri və çoxmənalılığı aradan qaldıraraq, ideyaların aydın və sistemli şəkildə ifadə edilməsini təmin etmək üçün universal, riyazi işarələrlə formal dilin yaradılmasını təklif edirdi.
Onun bu arzuunu XIX əsrin sonlarında Q. Frege həyata keçirir, dildəki məntiqi əlaqələri açmaq məqsədiylə o, “universal formal dil”in təməlini qoyur. Bu o deməkdir ki, o, adi dilin nəinki Aristotel məntiqində olduğu kimi müəyyən məntiqi qanunauyğunluğa tabe olduğunu, həm də məntiqi qanunauyğunluğu riyazi işarələrlə ifadə etməyin mümkün və zəruri olduğunu iddia edirdi. Məsələn, “Hər kəs telefondan istifadə edir” cümləsini Frege sayağı, onun irəli sürdüyü işarələrlə formal dildə belə ifadə etmək olar:
∀x (İnsan(x) → İstifadə edir(x, telefon))
Burada:
• ∀x — hər bir x üçün (ümumi kvantor),
• İnsan(x) — x bir insandır,
• İstifadə edir(x, telefon) — x telefonu istifadə edir.
Yaxud məhdudlaşdırıcı bir hökm: "Bəzi tələbələr kitab oxumur."
∃x (Tələbə(x) ∧ ¬Oxuyur(x, kitab))
Burada:
• ∃x — “elə bir x var ki” (mövcudluq kvantoru),
• Tələbə(x) — x tələbədir,
• Oxuyur(x, kitab) — x kitab oxuyur,
• ¬ — inkardır ("oxumur" deməkdir),
• ∧ — “və” əlaqələndiricisidir.
Q.Fregenin məşhur “Begriffsschrift” əsərinin (1879) adının yanında belə bir alt-başlıq var idi: “Arifmetika əsasında modelləşən xalis düşüncənin formal dili”. Bu dilin əsasını “Sinn” (obraz, təsəvvür, məna) və “Bedeutung” (dil vahidinin obyektiv qarşılığı, reallıqda istinad etdiyi şey, referans, istinad) təşkil edirdi. “Sinn” - bir sözün bizdə yaratdığı təsəvvür, obraz, məna, “Bedeutung” isə bu ifadənin onunla əlaqəsini və reallıqla necə bağlı olduğunu göstərir. Eyni “Bedeutung”-u olan sözlər fərqli “Sinn”-lərə malik ola bilər. Bu fərq xüsusən sinonimlərin və təkrarlanan ifadələrin analizində əhəmiyyətli hesab olunur.
XX əsrin əvvəllərində dilin məntiqi strukturun vacib idraki həlqəsi kimi təhlili dərinləşdi. Bu ənənənin banilərindən biri olan B. Rasselin məntiqi atomizminə görə, dünya məntiqi faktlardan ibarətdir, bu faktlar əsasdır, daha kiçik hissələrə ayrıla bilməz, şeylər atomlardan əmələ gəldiyi kimi fikirlər də məntiqi faktlardan əmələ gəlir. Bu yanaşma dili dünyayla birbaşa, izomorfik əlaqələndirmək deməkdir. L.Vitqenştayn da ilk əsəri olan “Məntiqi-fəlsəfi traktat” (1921) əsərində hələlik bu mövqedə idi: dünya atomik faktlardan ibarətdir, dil isə bu faktları əks etdirir, dilin strukturu dünyadakı faktların strukturuna bənzəyir və məna yalnız faktların dil vasitəsilə ifadə olunması ilə mövcud ola bilər. Ümumiyyətlə, XX əsrin əvvəli fəlsəfədə Dil Çevrilişi dövrüdür, çünki filosoflar dilin idrakdakı mərkəzi rolu məsələsində həmrəydirlər. Onlar həqiqət, şüur, reallıq nədir - kimi sualların yerinə, bu anlayışları dildə necə işlətdiyimizə diqqət kəsilmişdilər. Bu dövrü Azərbaycan dilində ilk dəfə prof.F.İsmayılov tədqiq edib [1].
Məntiqi atomizmin ardınca, Vyana dərnəyi adıanan bir qrup məntiqi pozitivizm və ya məntiqi empirizm yanaşmasını irəli sürdü. Bu, sanki D. Yum empirizmi və İ. Kantın transendental idealizminin dilə tətbiqi idi. Məntiqi pozitivistlər biliyin empirik əsasını hər şeydən üstün tuturdular. Vyana dərnəyinin əsas tezisi belə idi: Bir hökmün mənası verifikasiya metoduna əsaslanmalı, yəni ya empirik, ya da məntiqi baxımdan yoxlana bilməlidir; yoxlanıla bilməyən hər şey cəfəngiyyatdır, buna görə də metafizik məsələlər mənasızdır. Mənası olan hökm ya empirik baxımdan yoxlana bilməli, ya da məntiqi baxımdan zəruri olmalıdır.
Antik dövrdən XX əsrin əvvəllərinə qədər belə bir formal traektoriya ilə uzanan dil müzakirələrinin ardınca L.Vitqenştayn öz fəaliyyətinin ikinci mərhələsində dil təhlilinə inqilabi yenilik gətirdi: Bu, sosial kontekst anlayışı idi. Onun yaradıcılığının ikinci mərhələsinin yekunu olan “Fəlsəfi Təhqiqatlar” (1953) əsərinin əsas ideyası belədir: Məna dilin sabit strukturu, məntiqi sistem, anlayış-hökm qaydalarından deyil, dilin sosial istifadəsində, sosial kontekst içərisində formalaşır. Fəlsəfədə dil mövzusunun yönünü dəyişdirən bu əsəri tezislər şəklində belə təqdim edə bilərik:
- Məna – istifadədir. Yəni sözlər şeyləri və yaxud konkret bir təyinatı göstərdiyi üçün məna almır, əksinə, məna sözlərin müxtəlif sosial kontektlərdə necə işlənməsindən yaranır.
- Dil oyunları - dil verilmiş anda hansı kontekstdədirsə, o kontekstin oyun qaydaları ilə işləyir. Bir sözün mənasını başa düşmək üçün onun həmin oyunda hansı funksiyanı yerinə yetirdiyinə baxmaq lazımdır.
- Dil-məntiq qaydaları fərdi fəaliyyət deyil, təbiətcə sosial xarakterə malikdir. Dilin qaydalarını bilmək və onlara riayət etməklə mənalar məntiqini bilmək olmaz, çünki məna həyatdan təcrid olunmayıb. Dil strukturu və qaydaları universal deyil, yalnız onları verilmiş anda təcrübə edən icma daxilində qüvvədədir.
- Xüsusi dil, yalnız bir nəfərin başa düşdüyü dil qeyri-mümkündür. Dil doğruluq-düzgünlük üçün ortaq meyarlar tələb edir ki, bunlar xüsusi dildə ola bilməz. Ağrı kimi fərdi hissləri də izah etmək üçün istifadə etdiyimiz sözləri uşaqlıqdan ictimai davranışlara və vəziyyətlərə əsasən öyrənirik, buna görə də belə sözlərin mənası cəmiyyət içində formalaşır.
- Fəlsəfi anlaşılmazlıqlar sözləri onların işlədilidiyi kontekstdən ayırmaqdan irəli gəlir. Bir çox ənənəvi fəlsəfi problemlər dilin kontekstdə necə işlənməsini aydınlaşdırmaqla həll oluna bilər.
- Mental reprezentaziyanın tənqidi. Vitqenştayn dili - sözlərin fikrimizdə yaratdığı daxili şəkillər və ya obrazlar sayəsində başa düşməyimiz ideyasını rədd edir. Belə görüntülər aldadıcı metaforlardır ki, fəlsəfədə psevdo-problemlər yaradır [8].
Beləliklə, L.Vitqenştayn yaradıcılığının ikinci dövründə məntiqi pozitivizmin formalizmini rədd edərək, mənanın dildən gündəlik istifadə zəminində formalaşdığını vurğuladı. Bu yanaşma, hökmləri məntiqi və empirik yoxlamalarla məhdudlaşdırmağa çalışan analitik fəlsəfənin ənənəvi metoduna qarşı, dilin praktik istifadəsini və mənanın adi kontekstlərdə başa düşülməsini önə çıxaran inqilabi bir dəyişiklik idi. L.Vitqenştayn mənanı dilin altında gizlənən sabit bir şey kimi deyil, sosial praktikada meydana gələn çevik fenomen kimi təqdim edərək filosofları abstrakt dilə yox, gündəlik dilə diqqət etməyə çağırırdı.
O, analitik fəlsəfənin dil müzakirələrini sabit mənadan oynaq sosial kontekstə çəkəndən sonra fəlsəfədə yeni perspektivlər açdı. L.Vitqenştaynın bir sıra tərəfdarları meydana çıxaraq bu yanaşmanı müxtəlif rakurslardan işıqlandırdılar. Onlar arasında Oksford Universiteti ətrafında formalaşmış, canlı insanı unutmuş fəlsəfə ənənəsini tənqid edən Adi dil fəlsəfəsi hərəkatı xüsusən seçilirdi. Misal üçün, G.Rayl fərdi şüuru və bədəni bir-birindən ayıran Kartezian dualizmini tənqid edir, mental xüsusiyyətlərin fiziki hərəkətlərdən, onlarınsa bizim dünyada necə davranmağımızdan, danışmağımızdan asılı olduğunu, insan şüuru və davranışını başa düşmək üçün adi dilə diqqət etməyin vacib olduğunu deyirdi. Yaxud, P.F.Strauson fəlsəfi problemlərin dilin adi gündəlik kontekstdə necə işləməsinə diqqət etməməkdən qaynaqlanması ideyasını müdafiə edərək, B.Rasselin dili sadəcə təsvirçi kimi göstərməsini tənqid edir, bir mənanın başa düşülməsində danışan adama və kontekstə həssas olmağa çağırır. C.L.Austinin Nitq Aktı nəzəriyyəsi dilin sadəcə mənaları ötürən vasitə deyil, eyni zamanda sosial fəaliyyət forması olması ideyasını daha da inkişaf etdirərək, dilin gündəlik istifadəsindəki praqmatik funksiyaları anlamağa çalışan dil fəlsəfəçilərinə birbaşa təsir göstərdi.
Beləliklə, L.Vitqenştayn və davamçıları, dili sosial təcrübənin ayrılmaz hissəsi kimi kəşf edərək, mənanın kontekstdə və istifadə zamanı formalaşdığını göstərdilər. Bu yanaşma, fəlsəfədə dilin canlı, dəyişkən və praktik tərəfini ön plana çıxardı. Lakin XX əsrin əvvəlində fəlsəfədə bu proseslər gedərkən, linqvistikada dilə başqa bir formal yanaşma – F.de Sössür strukturalizmi hakim idi.
Dilçilikdə strukturalizm və bu metodoloji yanaşmanı tənqid edən nəzəriyyələr. Linqvistika “Dil işarələr sistemi kimi necə işləyir?”, “Cümlələr necə qurulur?” kimi empirik suallara cavab axtarır. Linqvistikanın banisi F. de Sössürün nəzəriyyəsi, fəlsəfədə gedən müzakirələrdən fərqli olaraq, dilin məna və məntiq baxımından deyil, müstəqil struktur kimi necə fəaliyyət göstərdiyini anlamağa çalışırdı. Onun əsas tezisləri bunlar idi: Dil işarələr sistemidir; Hər bir işarə səs və ya rəsm formasında işarə edəndən və işarə edilən anlayışdan ibarətdir; onlar arasında münasibət ixtiyaridir (yəni, etimologiyanın mahiyyətlə əlaqəsi yoxdur, adlar şeylərə ixtiyari şəkildə verilir); məna sözlərin struktur daxilindəki yerlərindən və onlar arasındakı münasibətlərdən asılıdır, sözlərin mənası onların digər sözlərlə fərqliliyi üzərindən qurulur (məsələn, “ata” sözünün mənası onun “ana”, “oğul”, “uşaq” kimi anlayışlarla olan münasibəti ilə, antonimləri və semantik sahəsi vasitəsilə təyin olunur); dilin iki komponenti var - sabit işarələr sistemi (“langue”) və fərdi nitq aktı (“parole”) [7]. Göründüyü kimi, F.de Sössür strukturalizminə görə, məna dil sisteminin daxilində formalaşmış sabit əlaqələrə əsaslanır, dil daxili qaydalar və əlaqələrlə işləyən sabit kodlu mexanizm, nizamlı bir strukturdur.
Dilçilikdə strukturalizm canlı nitqi və sosial qüvvələri dilin əsas komponentindən ayırdığı üçün XX əsrin ortalarından etibarən praqmatika, nitq aktı nəzəriyyəçiləri və post-strukturalizm kimi yanaşmalar tərəfindən inkar olundu. Dilçilikdə praqmatika, dilin konkret sosial vəziyyətlərdə necə istifadə olunduğunu öyrənən bir sahə kimi, sözlərin hərfi mənasından kənara çıxaraq, sosial normaların, əlaqələrin və kontekstin ünsiyyətə necə təsir etdiyini başa düşməyə çalışır. Misal üçün, R.Rorti mənanı yalnız sistem daxilindəki fərqlərlə məhdudlaşdıran F.de Sössür strukturalizmini tənqid edərək deyir ki, dil insan məqsədləri və sosial əlaqələr üçün yaranmış bir alətdir, onu “langue” kimi ideallaşdırıb həyatdan ayırmaq dilin istifadədəki çoxqatlı sosial və praktik funksiyalarını nəzərdən qaçırmaqdır.
XX əsrin ortalarında Oksford Universiteti ətrafında, L.Vitqenştaynın ikinci – “Fəlsəfi təhqiqatlar” əsərinin təsiriylə formalaşmış Adi dil fəlsəfəsinin tərəfdarı C.L.Austin dilin ideallaşdırılmış strukturuna qarşı gündəlik dilin nüansları və funksiyaları haqda Nitq aktları nəzəriyyəsini irəli sürdü. O, Harvard Universitetindəki mühazirələrini topladığı “Sözlərlə necə iş görmək olar” adlı əsərində iddia edirdi ki, dil təkcə faktları göstərmək üçün deyil, həm də nə isə etmək üçündür; “üzr istəyirəm” demək həyatdan ayrı bir cümlə deyil, üzr istəmək aktıdır. C.L.Austin özündən sonra müasir amerikalı filosof C.Sörl kimi bir sıra nəzəriyyəçilərin “Danışmaq etməkdir” istiqamətli fikirlərinə təsir etdi. Nitq Aktları nəzəriyyəsinə görə, dil sosial qarşılıqlı əlaqələrdir, məna yalnız dil qaydalarıyla formalaşmır, digər insanların reaksiyalarını başa düşməyin də bu məsələdə böyük rolu var. Bununla belə, Austin və Sörlün nitq aktlarına əsaslanan praqmatik yanaşması mənanı yenə də danışanın niyyətinə və müəyyən sabit formullara bağladığı üçün post-strukturalist yanaşmalar nəzərindən kifayət qədər açıq və çevik görünmür. Bu cür qapalı və sabit mənalar üzərində qurulan yanaşmalara qarşı çıxan post-strukturalizm dilin qeyri-müəyyənliyini, mənanın daima sürüşkən və kontekstə bağlı olduğunu vurğulayaraq, strukturalizmin təməl prinsiplərini tənqid edir.
Əgər strukturalizm dili qapalı və nizamlı bir sistem kimi təqdim edirdisə, post-strukturalistlər bu sistemin sabitliyini və obyektivliyini tənqid etdilər; dil F.de Sössürün yazdığı kimi sabit strukturlu mənalar toplusu – “langue” deyil. F.de Sössür “pişik” sözünün mənasını onun “yarasa” və ya “siçan” olmamasına görə müəyyən edir, o, bir sözün mənasını fərqlər sistemi daxilində anlayırdı. Lakin post-strukturalist düşüncənin əsas simalarından biri olan J. Derrida hesab edirdi ki, F.de Sössür işarələrin kontekstdən asılı olaraq fərqli şəkildə yozula biləcəyini nəzərə almamışdı; əslində mənalar heç vaxt sabit olmur, daim dəyişir. J.Derrida bu qeyri-sabitliyi “différance” anlayışı ilə izah edir; “différance” sözlərin mənasının digər sözlərə istinadla meydana gəldiyini, üstəlik, bu istinad prosesinin heç vaxt tam sabitliyə və qapanmaya çatmadığını göstərir [2, s.67]. Başqa sözlə, dil və məna daim yenilənir, hər yeni kontekst mənanın yenidən qurulmasına səbəb olur. Əgər F.de Sössür dili qapalı və nizamlı struktura malik bir sistem kimi təqdim edirdisə, post-strukturalistlər bu sistemin obyektivliyini tənqid edir, dilin sosial praktikada daim dəyişən, sürüşkən və qeyri-sabit olduğunu iddia edirlər.
Post-strukturalizm yalnız mənanın qeyri-sabitliyinə görə deyil, başqa əsaslarla da dilin sosial qüvvələrdən asılı olduğunu müdafiə edir. Dil sosial reallığın formalaşdırdığı və sosial reallığı formalaşdıran bir güc alətidir. Bu baxışın aparıcı simalarından olan M.Fuko “diskurs” anlayışı vasitəsilə göstərir ki, cəmiyyətlərdə nə danışıldığı, necə danışıldığı və kimlərin danışmaq haqqı olması kimi suallar dilə birbaşa təsir edir. Başqa sözlə, “həqiqət” dil vasitəsiylə yaradılır. [4, s.49] Müəyyən tarixi dövrlərdə dominantlıq qazanan diskurslar vasitəsilə bilik formalaşır və bu bilik formaları hakimiyyət strukturları ilə sıx bağlı şəkildə fəaliyyət göstərir. Bilik, güc və dil qarşılıqlı şəkildə bir-birini istehsal edən proseslərdir. Beləliklə, dil təkcə ifadə vasitəsi deyil, həm də sosial idarəetmənin, normallaşdırmanın və məhdudlaşdırmanın əsas vasitəsidir.
F.de Sössürün strukturalist yanaşmasına nitq aktı, post-strukturalizm möqelərindən başqa, sosiolinqvistlər (W. Labov, D. Hayms, C.Qamperz və b.) də etiraz edirlər. Bu tədqiqatçılar dili abstrakt və sabit bir sistem kimi inkar edərək, dilin real sosial kontekstlərdə necə istifadə edildiyini araşdırırlar. Bu araşdırmalara görə, hər bir dildə variativlik müşahidə olunur. Bu variativlik özünü təkcə bölgəyə görə dəyişən dialektlərdə götərmir, dil həmçinin sosial sinif, mədəni səviyyə, yaşa, cinsə, təhsil səviyyəsi kimi amillərdən asılı olaraq, dəyişir. Dil əlahiddə ideal bir sistem deyil, o, gündəlik həyatın, sosial təsirlərin və insan münasibətlərinin təzahürüdür. Dil sosial reallıqları yalnız əks etdirmir, həm də onların aktiv şəkildə qurulmasında iştirak edir. Strukturalizmin dilə yanaşması, dilin yalnız qapalı və sabit bir sistem olaraq təhlilini təklif edir, dilin sosial və mədəni dinamikalarını, insan və cəmiyyət arasındakı qarşılıqlı təsirləri isə nəzərə almır. Halbuki dil sabit və neytral bir sistem deyil, cəmiyyətin təsirlərləriylə formalaşan dinamik hadisədir. Dilin mahiyyətində sabitlik qədər də dəyişkənlik, yəni kontekstə uyğunlaşma bacarığı var. Doğrudur, F. de Sössür dil sistemini sabit kimi təsvir etsə də, onun tətbiqi olan nitqin daim fərdi və sosial amillərlə formalaşdığını qəbul edir, lakin həmin nitqlərin “langue”a nə qədər dinamik şəkildə təsir etdiyini nəzərə almır.
1. Yuxarıda dedik ki, dil sabit ideal sistem deyil, sosial-mədəni kontekstdə formalaşan sosial praktikadır. Bu xüsusiyyət Azərbaycan dilinin son əsrlərdə keçdiyi transformasiyada da aydın şəkildə müşahidə olunur. Azərbaycan dili tarixən müxtəlif dillərlə intensiv kontaktda olub. Hakim ideologiyadan asılı olaraq, dil ərəb, fars, rus və digər dillərdən nəinki çoxlu yeni sözlər alıb, həmçinin dilin sintaksisi, fonologiyası həmin dillərə bənzəməyə başlayıb ki, bunlar əvvəlcə xalqın, yazıçıların və ziyalıların yazısı və nitqi şəklində özünü büruzə versə də, çox da uzun olmayan zamanda həmin təsirlər ədəbi dildə normallaşdırılıb. Linqvistik konvergensiya iki və ya daha çox dilin zamanla bir-birinə yaxınlaşması prosesidir. Müstəqillik dövründə bu konvergensiya yeni istiqamətdə getdi, bu dəfə Türkiyə türkcəsi ilə dil yaxınlaşması aktuallaşdı. Xüsusilə media və populyar mədəniyyətdə Türkiyə türkcəsinə xas leksik və sintaktik strukturların Azərbaycan dilində artan istifadəsi yeni bir fonoloji və semantik yaxınlaşma prosesini hərəkətə gətirdi. Televiziya, sosial media və təhsil sahəsində Türkiyə türkcəsinə məruzqalma səviyyəsi artdıqca, Azərbaycan dilində yeni bir konvergensiya halı müşahidə olunur və mətbuatda vaxtaşırı (Baycan, S. “Mircə Cəlilin dilinə Akop Martayanın icad etdiyi sözlərin hücumu”) polemika yaranır. İlk baxışdan elə görünür ki, bu təsirlər Azərbaycan ədəbi dilinə, sabit işarələr sistemi kimi “langue”-a təsiri olmayan nitq hadisələridir. Lakin nəzərə almaq lazımdır ki, dil lüğətləri xalqın gündəlik danışığı və dəyişən dil praktikaları əsasında tərtib olunur. Lüğətlər bir dəfə müəyyən olunmuş və o cür də qalan qəliblərlə dilə rəhbərlik etmir; əksinə, cəmiyyətin real dil təcrübələrini müşahidə edir, onlara uyğunlaşır, xalqın qəbul etdiyi dili sənədləşdirir. Xalq dili hansı dilin təsirinə məruz qalırsa, həmin təsirlər vaxt keçdikcə lüğətlərdə normallaşdırılır. Bəs xalq yeni sözləri nitqinə necə qəbul edir? Ənənəvi dilçilik bunu xalqın sırf ünsiyyətdə boşluqları doldurmaq üçün başqa dildən sözləri dilinə qəbul edərək, öz nitqini və yazısını zənginləşdirmək ehtiyacı hiss etməsiylə izah edirdi. Lakin sosiolinqvistika tamamilə başqa reallığa işıq tutdu. U.Labovun sosial variativlik nəzəriyyəsi bu tendensiyanı başqa cür izah edir: insanlar həmin anda verilmiş icmada sosial statusu, prestiji yüksək olan dillərə və ya danışıq üslublarına meyl edirlər. [6, s.86] Yəni bəzi dil dəyişiklikləri kommunikativ ehtiyaclarla deyil, sosial nüfuz və prestij axtarışlarıyla əlaqədardır. Bu, dilin dəyişkən sosial təbiətini bir daha təsdiqləyir. Bu dəyişiklikləri anlamaq və istiqamətləndirmək üçün dilə canlı və sosial bir fenomen kimi yanaşmaq zəruridir.
Nəticə
Beləliklə, dildə sosial qüvvənin rolunu, bir məqalə həcmimnin imkan verdiyi qədər, müxtəlif fələfi-nəzəri prizmalardan nəzərdən keçirdik. Əvvəlcə konseptual-tarixi yanaşma ilə fəlsəfi dil müzakirələrinin tarixi icmalını verdik, ardınca praqmatik, post-strukturalist və sosial dilçilik mövqelərindən strukturalizmin metodoloji yanaşmasının tənqidi üzərində dayandıq. Belə nəticəyə gəldik ki, dilin təbiətini anlamaq üçün onu yalnız idraki və əlahiddə struktur kimi deyil, həm də sosial kontekstdə analiz etmək zəruridir. Hətta dildə ən kiçik fonoloji dəyişiklik belə, daxili dil qaydalarının pozulması deyil, cəmiyyətin özü haqqında danışma tərzinin dəyişməsindən irəli gəlir. Dilin fəlsəfi təhlilində sosial qüvvələrin rolunu nəzərə almaq həm nəzəri, həm də praktik baxımdan əhəmiyyətlidir.
Ədəbiyyat siyahısı
1. İsmayılov, F. Dilin Metafizikası. Bakı: Milli Ensiklopediya Nəşriyyatı, 2002.
2. Derrida, Jacques. Of Grammatology. Johns Hopkins University Press, 1967.
3. Eco, Umberto. The Open Work. Harvard University Press, 1962.
4. Foucault, Michel. The Archaeology of Knowledge. Pantheon Books, 1972.
5. Hymes, Dell. Foundations in Sociolinguistics: An Ethnographic Approach. University of Pennsylvania Press, 1974.
6. Labov, W. (1972). Sociolinguistic Patterns. University of Pennsylvania Press.
7. Saussure, Ferdinand de. Course in General Linguistics. Philosophical Library, 1916.
8. Wittgenstein, Ludwig. Philosophical Investigations. Blackwell Publishing, 1953.
Məqalə Qərb Universitetinin “Humanitar elmlər” jurnalının 2025-ci il 3-cü sayında çap olunub.