YaniYaz.Az yazıçı-publisist, fəlsəfə doktoru Akif Əlinin essesini təqdim edir.
Tanrı istəməsə yarpaq düşməzmiş,
Tanrı istəməsə insan ölməzmiş...
Başının üstündə Tanrı tanıyan, qəlbində ədalət yuva quran adama zaval yoxdur bu dünyada.
Nə olur-olsun, bu yer, bu göy, bu kainat İlahi bir Qüdrətin nizamına tabedir. Mizan-tərəzisi var aləmin. Ölçü-biçisi, səliqə-sahmanı, dəqiq və səlis məntiqə tabe olan düzümü var bu dünyanın. Bütün müqəddəs Kitablar da o məkandan endirilir. Ordan, yuxarılardan Tanrı pıçıltısı üstündə gəlir.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya...
Əbədiyyət qanunudur bu: daim boşalan dolur, dolan boşalır. İtən itmir, şəkil itir, dəyişir, özək qalır. Həqiqət yox olmur, gedir - qayıdır, nazilir - üzülmür, üstü örtülür – ölmür, gizlədilir – amma yenə var olur, qalır. Şərin qara əbası onu nə qədər bürüsə də - Haqqın dərgahında mütləq Həqiqət üzə çıxır. Çünki O-nun divanı ədalətin nizamına uyğun qurulur. Yalanlar O-nun işığında itir, batır, yox olur...
Niyyətin saf, nəfsin toxdursa, Tanrı da səninlədir. Niyyətin pis, nəfsin qulusansa – içinə qara-quralar doluşacaq, dincliyin pozulacaq, yediyin şirin də zəqquma dönəcək.
Kamil insanlar bilir: şərdən, pislikdən, bədlikdən, həsəddən nə qədər uzaq dursan, Tanrıya bir o qədər yaxın olursan. Və Tanrı sevimli bəndəsini daim hifz edir, qoruyur.
Təbii, kimlərsə fərqli düşünüb nələrisə fərqli qəbul edə bilər, yazılanlara-yaradılanlara fərqli baxar. Bu hər zaman olub və olacaq. Amma özü gözəl olan və gözəlliyi sevən Ulu Tanrının nəfəs verdiyi, OL deyib yaratdığı bu tənha dünyada tək-tənha yaşayan bəşəriyyətin də öz qayda-qanunları var. Öz mizan-tərəzisi, sarsılmaz nizamı, dəqiq və çox da səlis həyat məntiqi var. O dəqiq və səlis məntiqdən kənarda hər şey saxtadır, sünidir, qondarmadır. Həyati və sağlam deyil. İblisanə oyunbazlıqdır.
O şey ki, Yaradanın verdiyi nəfəslə qızınar, o ruh ki, Tanrını istəyincə alovlanar, o zəhmətin məhsulu əbədi var olar, onu kimsə yox edə bilməz. Onu nə məhv etmək, nə də inkar etmək mümkündür. Çünki Ulu Yaradanın xəyal verib ruhlandırdığı yaradıcı İnsana üstəlik vəhy də verib yazdırdığı həqiqət Sözünün mayası - Əbədi Həqiqət nüvəsindən pay alır. Tanrının Həqiqəti isə fərdlərin pis niyyətindən, bəndələrin şər əməlindən asılı olmadan, var olur, qalır.
Özü gözəl olan və gözəlliyi sevən Ulu Tanrının yaratdığı bu tənha dünyada tək-tənha qalan bəşəriyyət üçün ən doğru yaşam yolu - Tanrının Doğru Yoludur!
Əsil İnsan olanlar da o yolla getməyə çalışanlardır.