Elçibəy, Zelenski, Qurban Qurbanov: Yaxşı oyunçu necə olmalıdır?

 Elçibəy, Zelenski, Qurban Qurbanov:    Yaxşı oyunçu necə olmalıdır?

26 Fevral 2022 14:48 895

Sərdar Amin
“Çaldıran” döyüşü dünyaya, tarixə dərslik səhifələrindən boylanan 90-cı illərin uşaqları kimi mənim də təməl mənəvi travmalarımdandır. Uşaqlıqda şahı bu qərarına görə min dəfə qınamışdım. Üzümə tük çıxdıqca, əlim qız əlinə dəydikcə şahı başa düşmüş, qürur duymuş, qalın-qalın kitablar oxuduqdan sonra tamam ayrı bir müstəvidə yenidən peşmançılıq çəkmişdim:

“Şah sağ olsun, dəyərdimi?”

Təbii ki, söhbət quru qürura əldən verilən o şansdan gedir.

Bəlkə də rəvayətdir, ancaq rəvayət də olsa, həmin emosional qərar şahımızın, yəni bizim adamımızın əyninədir.

Şah İsmayıl hərbi məsləhətçilərinin “Çaldıran döyüşünə gecə başlayaq təklifinə “mən quldurbasan deyiləm ki, gecə iş başına keçəm” cavabını verməsi onu gün işığında Osmanlı toplarının qarşısında aciz qoymuşdu. Bəli, həmin gün Günəş şah üçün doğmamışdı, 24 saat ərzində həm Ayın, həm də Günəşin sənin üçün doğacağını düşünürsənsə, bu mənəm-mənəmliyin qurbanını da çox gözləməyəcəksən. Bəli həmin gecə şahınki Ay idi, o isə bunu qəbul etmədi. Gümüşü qələbəni, qızılı məğlubiyyətə dəyişdi.

Osmanlı toplarının qarşısında hər nə qədər qəhrəmanlıq göstərsə də, sonda qurduğu dövlətin taleyindəki ən böyük məğlubiyyətə imza atdı, bu döyüşün nəticəsi Səfəvilər İmperiyasının gələcək taleyini bilmərrə həll etdi.

Mərhum diplomat, 1990-cı illərin əvvəllərində Rusiyadakı səfirimiz olan Hikmət Hacızadə özünün də təmsil olunduğu Elçibəy hakimiyyətini tənqid edərkən bir amerikan politoloqunun nəzəriyyəsindən sitat gətirir:

“Fərdi mənəviyyatla dövlət mənəviyyatı fərqli anlayışlardır. Fərd “öldü var, döndü yox” deyə bilər. Ölümə gedə, qəhrəman ola bilər. Lakin dövlətin buna haqqı yoxdur. Dövlət xadimi deyə bilməz ki, eləmirəm, ölürəm. Dövlət ölməməlidir. Millətə, dövlətə görə axmaqlıqlara belə gedə bilərsən. Biz isə bunu eləmədik. Məsələn, Elçibəy hakimiyyətdə olanda bizimkilər sərhəd pozuntusu səbəbilə rus gəmisini saxlamışdı. Rusiya Federasiyasının o zamankı prezidenti Yeltsin zəng etmişdi ki, gəmini niyə saxlamısız, orda insanlar var, buraxılmalıdır. Elçibəy də təxminən ona belə bir cavab vermişdi ki, sən kimsən, mənimlə bu tonda danışırsan? Sən mənim dostumsan? Yeltsin də demişdi yox, mən də prezidentəm, Rusiyanın prezidenti. Əbülfəz bəy də “onda sağ ol” deyib, onun qulağına “odboy” vermişdi. Bizimkilər də onu alqışlamışdı. Siz isə Yeltsinin böyüklüyünə baxın, 15 dəqiqə sonra təkrar yığıb Əbülfəzə demişdi ki, bəli, mən sənin dostunam, dost kimi xahiş edirəm ki, gəmini buraxasan. Əblüfəz də bu sözdən sonra gəmini buraxmışdı, yenə bizimkilər onu alqışlamışdı. İndi gördüz, Yeltsinin səviyyəsini? Bizdə belə olmadı. Dövlət adamı dövlətə görə lazım gələndə ayıya da dayı deməlidir. Yox əgər sən fərdsən, Koroğlu kimi qəhrəman olmaq istəyirsən, onda deyə bilərsən ki, bu mənim yolumdur, bu yolda canımdan keçəcəm”.

Rəhmətlik diplomat Hikmət müəllimdən bu uzun sitatı çəkməkdə məqsədim dünya gündəmini zəbt edib bizim də mətbəximizə girən “Rusiya-Ukrayna” müharibəsindəki analoji hadisədir.

Öncə onu qeyd etməliyik ki, vətəndaşlarımız böyük ürək yanğısıyla Ukrayna xalqına sevgisini, Ukraynaya haqlı olaraq mənəvi dəstəyini göstərir.
Son iki gün ərzində Ukrayna prezidenti Zelensikinin qəhrəmanlıqları, hamını silaha sarılmağa çağırması, bu çağırışdan sonra iqtidarlı-müxalifətli, böyüklü kiçikli – aktyorundan boksçusuna qədər –hər kəsin əlinə silah alması coşquyla qarşılandı. Bu mərdanə görüntülər hamının köksündəki qəhrəmanın kürəyini fəxarətlə şappıldatdı.

Elə həmin vaxt, müharibəylə müqayisəsi yersiz görünsə də, Azərbaycan gündəmində daha bir hadisə sayrışdı:

“Qurban Qurbanovdan dünyaya feyr-pley dərsi”. Rusiya-Ukrayna müharibəsi fonunda çox diqqət çəkməsə də, bu hərəkət də yetərincə səsdoğurucu addım idi. “Qarabağ” futbol klubunun başq məşçisinin komandasının “Marsel”lə qarşılaşmada vurduğu qola qarşı münasibəti... Belə ki, oyunda “Qarabağ”ın futbolçusu İbrahim Vacinin vurduğu qolu hakim qeydə alsa da, rəqib komandanın oyunçuları futbolçumuzu qolu əllə vurduğunu deyir, etiraz edir. Lakin hakim qərarını dəyişmir. Bu zaman Qurban futbolçusunu yanına çağırıb ondan əllə oynayıb oynamadığını soruşur və təbii ki, futbolçu baş məşqçisinə yalan demir, əllə oynadığını etiraf edir. Qurban Qurbanov isə ona deyir ki, get hakimə həqiqəti de. Vaci də Qurbanın sözündən sonra oyunun hakiminə qolu əllə vurduğunu deyir. Hakim bu sözdən sonra çarəsiz qalıb, qeydə aldığı qolu ləğv edir.

Bundan sonra rəqib komandanın məşhur futbolçuları Qurbanı alqışlayır. Ardınca da biz sevimli məşqçimizə əhsən deyirik.

İndi isə gələk məsələnin mahiyyətinə: həmin qol ləğv olunmasaydı, oyunun başqa hesabla bitmə ehtimalı olacaqdı. Bu da bizim üçün güclü fransız komandasını məğlub etməklə yanaşı daha bir tarix yazmaq demək idi.

Nəzərə alaq ki, “Qarabağ”ın dəfələrlə yanlış hakim qərarları səbəbilə mötəbər mərhələlərə yolu bağlanıb. Həmin qərarları düşünərkən adamın təpəsindən tüstü çıxır. “Qarabağ”a edilən ədalətsizliklərin kuliminasiya nöqtəsi isə məhz 2014-cü ilin dekabrın 11-də baş verdi. Bakıda keçirilən “Qarabağ” – “İnter”(Milan) oyununun 94-cü dəqiqəsində futbolçumuz Riçard Almeydanın vurduğu tər-təmiz qol hesaba alınmadı. Komandanın tamam haqqı olan bu qol ləğv olunmasaydı, “Qarabağ” ciddi bir mərhələ aşacaqdı, eyni zamanda dünyanın ən güclü klublarından olan “İnter”i məğlub etmiş olacaqdı.

Həmin qərara bizim futbolçularımız etiraz edəndə “İnter”in baş məşqçisi müdafiəçisini çağırıb soruşmamışdı: “Ay oğul, top sənin ayağına dəydi, yoxsa rəqibinin?”. Beləcə “Qarabağ” böyük mərhələdən 10 il geri düşmüşdü.

Bu dəfə isə Qurban Qurbanov fərdi qəhrəmanlığı naminə komandasının qolunu ləğv etdirdi.

Unutmayaq ki, nə Vaci 1986-cı ildə futbol üzrə dünya çempionatının yarımfinalında İngiltərə millisinin qapısına əllə qol vuran argentinalı Maradonadan böyük futbolçudur, nə də Qurban Qurbanov həmin il Argentina yığmasını dünya çempionu edən Karlos Bilardodan böyük məşqçi.
Şahın, Elçibəyin həmin qərarlarını alqışlayan bir şərqli balası kimi mən də bu gün Qurbanın həmin qərarına “bravo!” deyirəm, eyni zamanda Zelenskinin xalqına sona qədər vuruşmağa, tabe olmamağa, qorxmamağa çağırması mənim də içimdə alqış doğurur. Lakin biz qəbul etməliyik ki, Zelenski ölkəsini müharibədən yan keçirə bilmədi. Mahir sürücü qarşıdan gələn sərxoş həmkarının də məsuliyyətini daşıyır. Əks halda sərxoş sürücünün maşını onunkuna çırpıla bilər. Qəza vaxtı təqsirsiz sürücü də ölürsə, bu zaman təqsirin kimdə olması çox da əhəmiyyət daşımır.
Bütün dünyanın daşladığı Putinə haqq qazandırmaq, bu mövzunu siyasiləşdirmək niyyətim yoxdur. Təbii ki, XXI əsrdə başqa bir ölkənin sərhədlərini topla-tüfənglə keçməyin bir adı var, təcavüz. Bunu hər birimiz deyirik, deyəcəyik də! Demədiyimiz həqiqət də odur ki, Putin tarixə bu müharibəni başladan prezident kimi düşəcəksə, Zelenski də ölkəsini müharibədən qoruya bilməyən prezident kimi. Ümumiyyətlə, bu yazıda söhbət Putinin etdiklərindən yox, Zelenskinin etmədiklərindən gedir.

O, “silaha sarılın” dediyi an qəhrəmana çevrilsə də, dövlətin taleyini həll etməli olan şəxs kimi zəif lider olduğunu etiraf etdi. Beləliklə, 80 ildən sonra Ukraynanın mavi səmalarında yenidən qırıcılar göründü və həmin qırıcılar Ukrayna torpaqlarını sarı alova bürüdü. Ukrayna yenə öz bayrağına oxşadı, bu dəfə fəlakət fırçasıyla çəkilmiş bayrağına.

Artıq gecdir, Zelenski “məğlub olaq”, “silahı yerə qoyaq” deyə bilməz. Lakin illərdir davam edən “Rusiya-Ukrayna” qarşıdurmasının bu yerə gəlib çıxacağını anlamaq bir lider kimi Zelenskinin borcu idi. Diplomatiya cəhətdən axsayan lider sonda qəhrəman kimi görünərək vəziyyətdən çıxmaq istəyir, təəssüf ki, olan Taras Şevçenkonun vətəninə olur.

Artıq sabah Günəşin Qərbdən, yoxsa Şərqdən doğmasından asılı olmayaraq, xeyli ukraynalı dünyasını dəyişmiş olacaq, Kiyev, Xarkovda binalar yerlə yeksan olacaq, sağ qalan körpələr bir ömür qorxuyla yaşayacaq. Və Ukrayna tarixində bir daha sağalmayacaq yaralar peyda olacaq, ana ürəkləri, körpə qəbirləri kimi...

Tarix isə əsrlər əvvəldən bizə bu teoremi hayqırır:

“Qəhrəmanlıq firəvanlıqla tərs mütənasibdir və fərdlərə aid keyfiyyətdir, ölkələrin ən böyük nailiyyəti isə firavanlıqdır”.