Elgiz Əkbərin metamorfozu haqqında esse - Seymur Baycan

Elgiz Əkbərin metamorfozu haqqında esse   - Seymur Baycan

09 Sentyabr 2022 15:12 81


Hər şey haqqında fikirləşsəm, başım partlayar.

Aleksey Baqa
(“Sumqayıt” komandasının baş məşqçisi)

Həqiqətən, bu fani həyatda hər cür hadisələr baş verə bilər və həqiqətən, heç kim heç nədən sığortalanmayıb. İkicə gün əvvəl buna bir daha əmin oldum. Bəzi şəxslər deyirlər ki, bu fani həyatın yeganə gözəlliyi, hər cürə hadisələrin baş verə bilmə ehtimalında, heç kimin heç nədən sığortalanmamasındadır.

Bununla razılaşmaq bir az çətindir. Amma məsələyə ədalətlə və soyuq başla baxsaq görərik ki, həqiqətən, həyatın yolları hamar, quru, insan taleləri standart olsaydı bu qədər romanlar yazılmaz, bu qədər filmlər çəkilməzdi. Məchulluq, qeyri-müəyyənlik, gözlənilməzliklər, heç kimin heç nədən sığortalanmaması sənət üçün mövzular verir, insan həyatına tünd rənglər əlavə edir. Beləcə aylar, illər, qərinələr, əsrlər keçir. İnsanlar doğulur, bir müddət yaşayır, sonra ölüb öz arzuları, istəkləri ilə bir yerdə çürüyüb torpağa qarışırlar. Biz isə (“biz” dedikdə güclü bədii təfəkkürü olanları nəzərdə tuturam) xüsusən, zamanın sınağından çıxmış, müəyyən mənada ölümsüzlük qazanmış sənət əsərlərinin sayəsində keçmişə səyahət edirik, çoxdan çürüyüb torpağa qarışmış insanların arzuları, qorxuları, həyat fəlsəfələri ilə yaxından tanış oluruq.

Ölümsüzlük demişkən, insan ömür boyu bilərəkdən və ya bilməyərəkdən heçliyə, boşluğa qarşı mübarizə aparır. Nəyə görə bəzən ən qatı ateistlər ömürlərinin sonunda əqidələrini, fikirlərini dəyişirlər? Çünki “finala” yaxınlaşdıqca boşluq və heçlik onları qorxudur. Söhbət burda kiminsə intellektinin, bazasının zəif və ya güclü olmasından getmir. Söhbət burda iradədən, cəsarətdən gedir. Ölürsən və yoxa çıxırsan. Acı və banal həqiqət bundan ibarətdir. Vəssalam.

Cənnət, cəhənnəm, qır qazanı, hurilər, ruh, o dünya, əməllərinə görə sərnişinlərin axirətdə dəqiqliklə və ifrat ədalətlə plaskart, kupe, SV tipli vaqonlara yerləşdirilməsi... Bunlar hamısı banal həqiqətdən qaçmaq üçün uydurulmuş şirin nağıllardır. Banal həqiqətin gözünə dik baxmağı, boşluğa, heçliyə çevrilməyi qəbul etməyi hər insan bacarmır. Boşluğa, heçliyə çevrilməyi qəbul etmək üçün insanda yekə bir “DUX” olmalıdır. İnsanlar hətta cəhənnəm odunda yanmağa, qır qazanında qaynamağa da hazırdırlar, təki boşluğa, heçliyə çevrilməsinlər, təki hansısa bir formada bu miskin həyatları başqa dünyada davam etsin. Banal həqiqətdən, boşluğa, heçliyə çevrilməkdən qaçmaq üçün insanlar ən əcaib addımlar atırlar, ən əcaib əməllər törədirlər.

Məsələn, elə adamlar var ki, adlarını tualet divarlarına yazırlar. Bunun özü də bir növ boşluğa, heçliyə çevrilməyə qarşı aparılan çox saylı mübarizə üsullarından biridir. Adlarını tualet divarlarına yazan adamları qınaya, ittiham edə bilmərik. Onların da əlindən adlarını tualet divarlarına yazmaq gəlir. Bacardıqları budur.

Əslində isə, ailə qurmaqla, doğub-törəməklə, nəsil artırmaqla adını tualet divarlarına yazmaq arasında mahiyyətcə elə bir ciddi fərq yoxdur. Hər ikisi heçliyə, boşluğa qarşı əbəs yerə mübarizə aparmaq, müqavimət göstərmək formasıdır. Fərq yalnız üslubdadır. Necə deyərlər, üslub insanın özüdür.

Amma məsələyə geniş yanaşsaq, əlbəttə ki, heçliyə, boşluğa qarşı ən effektiv mübarizə üsulu zamanın sınağından çıxmağı bacaran sənət əsəri yaratmaqdır. Dahi Folkner bu söhbəti çox dəqiq tutub.

Folkner deyirdi: “Hər bir sənətkarın məqsədi ədəbi üslublarla həyatı və hərəkəti dayandırmaqdan ibarətdir. Ancaq o formada ki, yüz ildən sonra kənar bir adam əsərə baxanda əsər yenidən canlansın, hərəkətə gəlsin. İnsanlar ölüb gedirlər və ölümsüzlüyün yeganə mümkün forması, səndən sonra daimi hərəkətdə olan və buna görə də ölümsüzlüyü haqq edən bir şey qoyub getməkdir”.

Mən bu mövzuda “Tuta bilmədiyim iki adam” adlı yazı yazmışdım. Özümdə böyük bir cəsarət taparaq Folknerin fikrinə bəzi fikirlər əlavə etmişdim. Ki, sənətkarın zamanı dondurması, zamanı dayandırması hələ hər şey demək deyil. Zamanın sınağından çıxmış sənət əsəri ilə tanış olan adamın bədii təfəkkürü də zamanı hərəkətə gətirmək iqtidarında, gücündə olmalıdır. Tutaq ki, bədii təfəkkürü olmayan, qabırğası standartlardan qat-qat qalın bir adam Tomas Mannın “Sehrli dağ” əsərin oxuyur. Bədii təfəkkürü olmayan, qabırğası standartlardan qat-qat qalın adam Tomas Mannın dondurduğu zamanı hərəkətə gətirə biləcəkmi? Gətirə bilməyəcək. Ən uzağı əsərin məzmunu ilə tanış olacaq. Orda-burda “Sehrli dağ”dan danışıb camaatın, ətraf mühitin zəhləsini tökəcək.

Müşahidələrimə söykənərək bir daha qətiyyətlə bəyan edirəm ki, insanların çoxu zamanın sınağından çıxmış əsərlərlə tanış olarkən sənətkar tərəfindən dayandırılmış, dondurulmuş zamanı hərəkətə gətirməyi bacarmırlar. Mən heç də adi, sıravi oxucuları nəzərdə tutmuram. Elə yazıçıların, tənqidçilərin, özünü püxtələşmiş, hazırlıqlı, zövqlü hesab edən oxucuların böyük əksəriyyəti ən yaxşı halda əsərlərin məzmunu, süjeti ilə tanış olurlar...

***

Diqqətli oxucular adətən mövzuya bir başa girdiyimi yaxşı bilirlər. Elə isə bu qarışıq, dolaşıq, uzun müqəddimə nə üçündür? Aydınlıq gətirim.

İkicə gün əvvəl yerli saytlardan birində aparıcı Elgiz Əkbərin laçın vaxtlarında çəkdirdiyi şəkli qarşıma çıxdı. Burda fürsətdən istifadə edib gənclik dostum Elnur Məmmədliyə ərklə lənətlər oxuyuram. Axı o şəkilin saytda nə işi vardı? Mən niyə o şəkli görməli idim? Saytda verilməsəydi o şəkli görməyəcəkdim...

Heç vaxt ağlıma gəlməzdi ki, Elgiz Əkbərin şəkli məni doxsanıncı illəri xatırlamağa, həyat haqqında dərin düşüncələrə dalmağa vadar edə bilər. Görün həyat insanın başına nə oyunlar açır. Ona görə deyirəm, heç kim heç nədən sığortalanmayıb və həyatda hər cür hadisələr baş verə bilər. Bunun hamısı çox yaşamağın fəsadlarıdır.

İllər keçir, həyat tragikomediyaya, insan isə şüurlu meymuna çevrilir. Ən yaxşısı, ən salamatı vaxtında, üzüsulu ölməkdir. Qəti şəkildə bu nəticəyə gəlmişəm ki, qırxdan artıq yaşamaq sırtıqlıq, tərbiyəsizlikdir. Öz payıma deyirəm, şəxsən, mən artıq yeddi ildir sırtıqlıq və tərbiyəsizliklə məşğulam.



Buyur, sırtıqlıq və tərbiyəsizlik edərək çox yaşayırsan və nəticədə Elgizin saytda qəfildən qarşına çıxan şəkli səni doxsanıncı illəri xatırlamağa, həyat haqqında dərin düşüncələrə dalmağa vadar edir. Nəyə lazımdır bütün bu həngamələr? 2005-ci ildə ölsəydin daha yaxşı olmazdımı?

Elgizin şəkildəki sifəti səksəninci illərin sonları, doxsanıncı illərin əvvəlləri üçün olduqca xarakterik sifətdir. Yəni Elgizin sifətində qeyri-adi, xüsusi, əlahiddə heç nə yoxdur. Elə sifətə səksəninci illərin sonlarında, doxsanıncı illərin əvvəllərində hər yerdə, hər addımda rast gələ bilərdin.

Küçələrdə, avtobuslarda, texnikumlarda, ali məktəblərdə, müxtəlif dövlət idarələrində, şərəf lövhələrində, nümayişlərdə, mitinqlərdə, komsomol biletlərində, hətta qəbiristanlıqlarda Elgizə oxşayan adam hər an qarşına çıxırdı. Əgər siz ərinməyib istənilən qəbiristanlığa getsəniz orda köhnə baş daşlarının üstündə Elgizin şəkilinə oxşayan xeyli adam şəkli görə bilərsiniz.

Bununla belə Elgizin şəkildəki sifəti mənə konkret kiminsə sifətini xatırladırdı. Axı kimin? İndi gəl bu xaosun, bu anarxiyanın içində tap görüm Elgizin sifəti sənə kimi xatırlatmaq istəyir. Durduğum yerdə işə düşdüm. Çünki axmaq bir mərəzim var. Hansısa bir sifəti, misranı, səhnəni, mənzərəni, hansısa adı dəqiq xatırlamayınca heç cür rahatlıq tapa bilmirəm. Bütün sistemim pozulur. Hətta sənədli filmə də baxmaq da mümkün olmur.

Nəyisə dəqiq xatırlamaq istəyəndə çox vaxt evdən çıxıb piyada gəzirəm. Gəzə-gəzə yaddaşımı qurdalayıram. Bu üsul əksər hallarda müsbət nəticə verir. Bu dəfə evdən çıxa bilməzdim. Lənətə gəlmiş virus, baş ağrısı, əzələ ağrıları, ürəkbulanma, hərarət, öskürək, ishal on gündür sözün həqiqi mənasında məni sürüyür. Evdən çıxmağa halım, gücüm yox idi. Həm də açığını desəm ən çox küçədə ishalın məni qəfildən, anidən yaxalayacağından qorxurdum. Ona görə də evdən çıxmaq olduqca təhlükəli idi. Bu vəziyyətdə evdən çıxmaq, piyada gəzmək yaxşı heç nə vəd etmirdi.

...Günorta, südlü sosiska yeyirdim. Əslində, mən sosiskanı yox, el dilində desəm, sosiska məni yeyirdi. Çənəmi güclə tərpədirdim. Tikələri zorla udurdum. Hər tikəni udandan sonra bir qurtum limonlu çay içməyə məcbur olurdum. Belə sosiska yemək əzabdır, məşəqqətdir. Amma nə etməli, yeməyə məhkumsan. Acından ürəyim üzülürdü.

Hər şey birdən baş verdi. Növbəti tikəni zorla udub üstündən bir qurtum limonlu çay içəndə, hind filmlərindəki kimi sanki başımda güclü şimşək çaxdı. Gözümün qarşısında bir mənzərə açıq-aydın canlandı və Elgizin şəkilinin mənə kimin sifətini xatırlatmaq istədiyini, nəhayət tapdım. Nəticədə xeyli yüngülləşdim. Ağır qrip olanda adamın başı, burnu tutulur. Möhkəm asqırırsan, başın, burnun bir anda açılır. Müvəqqəti də olsa, rahat nəfəs alırsan. Müvəqqəti də olsa, yüngülləşirsən. Elgizin şəklinin mənə kimi xatırlatdığını tapanda, bax, təxminən, o formada bir yüngüllük, bir rahatlıq əldə etdim.

İbtidai Hərbi Məktəbin müdavimləri şənbə və bazar günlərində daha çox dəmir yolu vağzalının ətrafında fırlanırdılar. Şənbə və bazar günlərində dəmir yolu vağzalının ətrafı müdavimlərlə dolu olurdu. Hara baxırdın gözünə müdavim dəyirdi. Müdavimlərin niyə məhz dəmir yolu vağzalının ətrafında fırlandıqlarının səbəbini dəqiq bilmirəm. Yəqin ki, müdavimlər orda özlərini daha rahat, daha arxayın hiss edirdilər. Şəhərlərarası telefonlarla evlə danışırdılar (şəhərlərarası telefonla danışmaq necə də uzaq görünür, elə bil bütün bunlar min il əvvəl baş verib, dünya, həqiqətən, surətlə dəyişir), oyun avtomatlarında oyunlar oynayırdılar, video zallarda karate, döyüş filmlərinə baxırdılar... Bəziləri isə eləcə tum çırtlaya-çırtlaya platformalarda o başa-bu başa gəzirdilər.

Şəhərlərarası telefonlarla danışmaq, video-zallarda karate, döyüş filmlərinə baxmaq gənc nəslə heç nə demir. Əlində telefonla dünyaya gələn, gözün açanda skayp, nə bilim, messencer görən adama şəhərlərarası telefonla danışmağın, danışıq məntəqəsində nömrə sifariş verib gözləməyin axı nə olduğunu necə izah edəsən? Saatlarla danışsan da, saatlarla izah etsən də, yenə də o ab-havanı, o atmosferi tam çatdıra, tam ötürə bilməyəcəksən. Hətta boşboğaz, çərənçi, çənədən boş adam kimi görünmək təhlükəsi də var. Bəlkə də, elə buna görə insan yaşlaşdıqca özünü yaşıdlarının arasında daha rahat hiss edir. Çünki danışanda, söhbət edəndə əlavə təfərrüatlara, detallara ehtiyac qalmır. Sən şəhərlərarası danışıq məntəqəsi sözün dedikdə yaşıdın artıq söhbətin nədən getdiyini dəqiq bilir. Çünki sənin danışdıqlarını öz gözləri ilə görüb, şəhərlərarası danışıq məntəqəsindən, şəxsən, istifadə edib. Sənin danışdıqların onun da keçmişidir. Hər şey ona aydındır, tanışdır, hüceyrəsinə qədər doğmadır.

Vağzalın birinci mərtəbəsində xudmani bir kafe vardı. (Sonralar orda səsyazma studiyası fəaliyyət göstərirdi). Həmin kafedə şənbə və bazar günlərində mən toyuq sousu yeyirdim. Məhz toyuq sousu. Başqa heç nə. Kafedə bir ofisiant işləyirdi. Vətənpərvər oğlan idi.

Hər zaman biz müdavimlərə deyərdi: “Siz bizim gələcək zabitlərimizsiniz”. Bəzən bizdən çayın pulunu almırdı. Biz də zərrə qədər sırtıqlığa yol vermirdik. Onun vətənpərvərlik hisslərindən əsla və əsla sui-istifadə etmirdik. “Siz bizim gələcək zabitlərimizsiniz” sözü bizə bəs edirdi.

O vaxtlar səmimi vətənpərvərlik hisslərinin fəvvarə vurduğu vaxtlar idi. Yaxşı yadımdadır, üstündə at şəkli olan Qarabağ siqareti vardı. Bəzi adamlar bu siqareti alanda satıcıya səmimi surətdə belə deyirdilər: “Ordan bir Qarabağ siqareti ver. Qeyrətin çəkə bilmirik, heç olmasa siqaretin çəkək”.

Qarabağda döyüşlər getdikcə qızışırdı. Ona görə də biz müdavimlər ölkənin gələcək zabitləri kimi çox yerdə adamlardan hörmət görürdük. Ölkə təzə müstəqil olub və biz də bu müstəqil ölkənin ordusunda zabit kimi xidmət edəcəkdik. İndi hal-hazırda mənə elə gəlir ki, onlar, deyəsən, bizə potensial qurban kimi baxırdılar. Adətən qurbanlıq qoyunu da o biri qoyunlardan ayırıb daha yaxşı yemləyir, əzizləyir, sığallayırlar. Kəsməzdən əvvəl buynuzuna, dırnaqlarına xına yaxanlar, boğazına zərli qırmızı lent bağlayanlar da olur...

Bütün bunları niyə yazıram? Şübhəsiz sözümün canı var. Dəli deyiləm ki, bu qədər söhbəti boş yerə yazım. Dəmir yol vağzalının birinci mərtəbəsində yerləşən, şənbə və bazar günlərində toyuq sousu yediyim xudmani kafedə ofisiant işləyən vətənpərvər oğlan sifətdən Elgizə oxşayırdı. Oxşayırdı sözü burda vəziyyəti tam ifadə etmir. Elə bil bir almanı iki yerə bölmüsən. Bir gün bu vətənpərvər ofisant yoxa çıxdı. Vəziyyətlə maraqlandıq. Məlum oldu ki, vətənpərvər ofisiant könüllü olaraq Qarabağa vuruşmağa gedib. Daha sonralar aləm bir-birinə qarışdı. Bir-birinin ardınca hamıya məlum olan qanqaraldıcı, travmatik hadisələr baş verdi. Mən vətənpərvər ofisiantın aqibətindən, taleyindən, sağ qalmasından, yoxsa ölməsindən xəbər tuta bilmədim.

Nəticə

Odissey iyirmi ildən sonra evə qayıdanda heç kim onu tanımır. Təkcə vəfalı iti Arğus onu tanıyır. Arğus peyin təpəsinin üstündə uzanmışdı. O sahibinin səsini eşidən kimi qulaqların şəkləyir, quyruğunu bulayır. Sahibinin qabağına qaçmaq üçün ayağa durmaq istəyir, lakin qoca itin hərəkət etməyə artıq heyi qalmamışdı. Qoca Arğus ölürdü. Odissey də öz vəfalı itini tanıyır. Onun gözlərindən yaş sel kimi axır. O, göz yaşlarını əlləri ilə silir. Arğus yerindən tərpənmək istədikdə ölür. Vəfalı Arğus sahibini iyirmi il gözləmişdi. Hətta dilənçi cildində olsa belə, Odisseyi görən kimi tanımışdı.

İndi məni bir sual çox maraqlandırır. Belə bir situasiya təsəvvür edək. Görəsən, Elgiz Əkbər mövcud zahiri görünüşlə qəfildən doxsanıncı illərə qayıtsa, onu kim tanıyar. Yəqin ki, heç kim tanımaz. Heç iti də tanımaz...

Geniş miqyaslı ictimai-siyasi-mədəni hadisələr insanların həm daxilən, həm də zahirən çevrilməsinə münbit şərait yaradır. İllərin gətirdiyi labüd daxili və zahiri dəyişikliklərlə geniş miqyaslı ictimai-siyasi-mədəni hadisələrin yaratdığı çevrilmələr arasında böyük fərq var. Bunlar tamam başqa-başqa şeylərdir.

Görəsən, yaxın gələcəkdə baş verəcək geniş miqyaslı ictimai-siyasi-mədəni hadisələr daha hansı sifətləri yaradacaq. Görəsən, bizi daha hansı formalarda çevrilmələr gözləyir?

Bunu təsəvvür etmək belə adamı qorxudur. Ən yaxşısı ölməkdi. Amma bir şərtlə. Luis Bunuel demişkən, arada qəbirdən çıxıb ətrafa baxasan, sonra hoppanıb yenə də qəbirə girəsən.

kulis.az