1
Azad avqustun on üçü səhər saat onda “2 saylı Psixi Sağlamlıq Mərkəzi”ni tərk etdi. Koridorda onu əmisioğlu Elman qarşıladı. Elman əmisioğlunu görcək gülümsəyərək qollarını açdı və ona tərəf addımlamağa başladı. Azad çiyinlərini yüngülcə tərpədərək əmisioğlunun açılmış qollarına həvəssizcə qarşılıq verdi. Simasında həyəcandan, yaxud sevincdən əsər-əlamət yox idi. Baxışları donuq, hərəkətləri astagəl idi.
– Can qardaşıma! – Elman onu başdan-ayağa süzüb dedi.
¬Azadın dodaqlarında, az qala, sezilməyən bir təbəssüm yarandı. Sanki özünü gülümsəməyə məcbur etdi, ancaq tam alındıra bilmədi.
– Nə vaxt gəlmisən? – Azad soruşdu.
– Bir həftə olar. Oralarla qurtardım daha.
Onlar təxminən iki il idi görüşmürdülər. Elman evlənən kimi Tiflisə köçmüşdü və iki il sonra yenidən Bakıya qayıtmağa qərar vermişdi.
Elman əmisioğlunun əlindən çantasını aldı. Çıxışa addımladıqca tez-tez başını çevirib Azadın üzünə baxdı, elə bil o ifadəsiz çöhrədə, nəhayət, bir qımıltı, bir işartı görməyə çalışırdı. Əvvəlcə, ona klinikada keçirdiyi günlər barədə sual vermək istədi. Amma sözləri beynində istədiyi kimi düzüb-qoşa bilmədi, çəkindi ki, birdən bu haqda söhbət açmaq tez olar. Əvəzində, ondan soruşulmamış sualları cavablandıraraq Gürcüstanda keçirdiyi son iki ili bir neçə cümlədə yekunlaşdırdı. Tiflisdə dünyaya gəlmiş oğlundan, oraların havasından, Bakı üçün necə darıxdığından, iki ildə heç cürə imkan edib Azərbaycanı ziyarət edə bilməməyindən danışdı.
Elman klinikanın qapısından çıxana qədər ərazidəki idman meydançasını, süni gölü, yaşıllıqlara qulluq edən, skamyada fikrə getmiş adamları maraqla müşahidə etdi. Maşına əyləşəndə, nəhayət, Azaddan soruşdu:
– Əşi, məni keç. Mənəm də, girələnirəm. Sən necəsən? Özünü necə hiss edirsən? Qeydinə yaxşı qaldılar burda? – Elman gün eynəyini taxıb maşını işə saldı.
– Yaxşıyam – Azad əlini alnında günlük edib dedi.
– Şükür, təki yaxşı olasan. Bardaçokda eynək var, götür tax.
Yolboyu çox danışmadılar. Azad sakitcə pəncərədən dəyişən şəhər mənzərələrinə tamaşa elədi. Elman bir neçə dəfə söhbət açmağa cəhd etsə də, Azad gah qısa cümlələrlə onu yola verdi, gah sualları başını tərpədərək, gah da bulayaraq cavabladı.
Elman bir neçə dəqiqəlik səssizlikdən sonra yenidən bir gözü yolda, bir gözü Azadda danışmağa başladı:
– Xidmət adamı çox yorur. Yadıma gəlir, mən də qayıdandan sonra bir müddət özümə gələ bilmədim. Əsəblərim pozulmuşdu. Amma keçib getdi. Düzdür, mənim xidmət elədiyim vaxtlar nisbətən sakitlik idi. Sən çox pis vaxta düşdün.
Azad əmisioğluna baxıb fikirli-fikirli başını tərpətdi. Elman davam etdi:
– Əmioğlu, and ola Allaha fəxrimizsən. Hara getdim, kimlə görüşdüm səndən danışıram.
Azad heç nə demədi. Başını oturacağa söykəyib yoldakı maşınları, səkilərdəki adamları boş-boş seyr etməyə davam etdi.
– Rayonda bir az istirahət elə, dincini al, sonra inşallah bir iş tap, köç Bakıya. Rayonda, onsuz, adam qalmayıb. Yaşanılası yer deyil də, camaat neyləsin. Vallah, o xarabanın havasında nəsə var, nə vaxt ora getsəm bütün qanım qaralır, ruhdan düşürəm – Elman əmisioğluna göz atıb ondan dediklərini təsdiq etməyini gözlədi, Azad isə eləcə yola zillənmişdi – nəysə, onsuz da, bunlar bildiyin şeylərdi. Eynək qəşəng yaraşdı ha. Amerikan aktyorlarına oxşayırsan. Orijinal markadı. “Ray-ban”. Bağışladım sənə, götür.
2
Elman maşını yolun kənarındakı supermarketin qabağında saxlayıb düşdü.
– Marketə dəyim, qayıdıram. Ürəyin nə istəyir?
– Heç nə – Azad başını yelləyərək cavab verdi.
Bir neçə dəqiqədən sonra Elman əlində iki enerji içkisiylə maşına qayıtdı. Alüminium bankalardan birini Azada uzatdı.
– İç, sərinlə.
Elman içkini son damlasına kimi qurtuldatdı. Gicgahlarında tər puçurlanmışdı.
– Atama nə olub? – maşın yenidən işə düşəndə Azad soruşdu.
– Rasim əmi bir az xəstələnib...Qaraciyəri nasazdı. İnşallah, tezliklə sağalar. Baxmır da özünə. Adam nə qədər içər.
– Kefindən içmir ki – Azad atasını müdafiə etmək fikrində deyildi, sadəcə onun mühakimə olunmağına ani reaksiya verdi.
Elman karıxdı, Azaddan belə bir cavab gözləmirdi. Bir anlıq susdu, sözlərini ehtiyatla seçərək davam etdi:
– Yox, orası düzdür... Amma adam gərək öz qeydinə qala da. Bilirəm, kefindən içmir, ancaq araq problem həll eləmir də, yox?
Azad cavab vermədi. Əlindəki alümimium bankadan qurtum aldı. Klinikadakı bir-birini təkrarlayan, səssiz, sanki zamandan qopmuş bir axış içində keçən günləri xatırladı. Ona elə gəldi ki, mütləq nəsə hiss etməlidir; həyəcan, kədər, narahatlıq, məyusluq, qorxu… Nəsə. Heç nə hiss etmirdi. Varlığını qatı və qeyri-təbii bir dinclik dumanı bürümüşdü. İfrat sakitlik. Elə bil çəkisizləşmişdi. Öz bədənini, zehnini, ümumiyyətlə, mövcudluğunu özünə sübut etmək üçün xırda bir əlamət tapa bilmədi.
3
Azad hərbi xidmətdən qayıtdıqdan iki-üç həftə sonra özünü qəribə aparmağa başlamışdı. Hərəkətlərindəki bu qəribəliyi, parlaq gözlərinin ölgünləşdiyini, gəncliyin və qayğısızlığın ləkə götürməyən fərəhinin gülüşü ilə birgə yoxa çıxdığını əvvəlcə anası sezdi. Dinib-danışmır, eləcə qaşqabağını töküb otururdu. Hər şeyə qarşı laqeydləşmişdi, elə bil ətrafındakı dünya onun üçün artıq əhəmiyyətini itirmişdi. Ona söz də demək olmurdu, həmin andaca gözləri bərəlir, özündən çıxıb qışqır-bağır salır, fısıldaya-fısıldaya evin bir küncünə çəkilirdi. “Əsəbləri pozulub” – atası siqareti siqaretə calayıb deyirdi. Anası əli ilə nəm gözlərini silib fikirli-fikirli təsdiqləyirdi.
Çox keçmədi ki, Azadın vəziyyəti tamamilə sarsıdıcı məqama çatdı. Mətbəxdə oturub pıçıltı ilə nəsə danışır, kimləsə xəyali müzakirələr, mübahisələr aparırdı. Bəzən diksinib yerindən sıçrayır, təlaşla evin içində var-gəl edirdi. Pərdələri aralayıb küçəni pusur, qapının arxasında dayanıb səslərə qulaq verirdi. Telefon zənglərini açmırdı. Evdən çölə çıxmamaqda israrlı idi. Yuxusu da pozulmuşdu. Çarpayıda bütün gecəni vurnuxur, tavandakı, divarlardakı kölgələrə baxırdı. Bəzən birtəhər gözünü yuxuya versə də, gecənin bir yarısı səksənib oyanır, xısın-xısın ağlayırdı. Gözlərinin altı torbalanmış, üzündə günlərlə davam edən yuxusuzluğun izləri görünməyə başlamışdı. Onunla danışmaq artıq müşkül məsələyə çevrilmişdi. Söz soruşanda düz-əməlli cavab vermirdi, dodağının altında mızıldanırdı. Nitqi əvvəlki kimi səlis, aydın deyildi, dedikləri anlaşılmaz və rabitəsiz idi. “Qurban olum sənə, Azad, nə olub? Niyə belə edirsən?” – anası ağlamsınır, qarmaqarışıq fikir selinin içindən başa düşdüyü bir neçə cümlə eşidə bilirdi: “Onlar burdadılar”, – Azad gözlərinə həkk olmuş vahimə ilə deyirdi, – “məni axtarırlar”.
Əvvəlcə, onu çıldağa apardılar. Əlbəttə ki, bir şey çıxmadı. Tanış-bilişlə məsləhətləşdikdən sonra nəhayət, onu birtəhər yola gətirib psixiatrın qəbuluna yazdırdılar. Azadı danışdırmaq, əvvəlcə, çətin olsa da, psixiatr tədricən onun içindəki qaranlıq, vahiməli kölgələrin boylandığı dünyaya yol tapa bildi. MRT müayinəsinin və qan analizinin nəticələri də gəldikdən sonra həkim diaqnozu qoydu.
– MRT nəticələri qaydasındadır, beyində şiş, zədə, hər hansısa bir fiziki xəsarət aşkarlamadıq. Qan göstərciləri də normaldır. Uzun sözün qısası, problem nevroloji deyil, psixolojidir. Müharibə dönəmində keçirdiyi travmalara görə post-travmatik stress pozuntusu yaşayır. Davranışındakı pozuntu ciddi psixotik əlamətlərlə müşahidə olunur. Yəni bəzən real olmayan şeylərə inanır, ya da nələrisə eşidir və ya hiss edir. Bunlar travmanın beyində yaratdığı müdafiə reaksiyasıdır. Fiziki baxımdan sağlamdır, amma psixoloji olaraq böyük bir yük altındadır.
Həkimlə təkbətək danışıqdan sonra Azadın atası gözlərini bir nöqtəyə zilləyib heykəl kimi dondu, anası isə üzünü ovuclarına alıb hönkür-hönkür ağlamağa başladı. Həkim mülayim səslə danışmağa davam etdi; sözlər bir-birinə qarışdı – post-travmatik stress pozuntusu, psixotik epizodlar, hallüsinasiyalar, paranoya...
– Bir müddət antipsixotik dərmanlar, antidepresantlar, sakitləşdiricilərlə stasionar müalicə almalıdır. Dərmanlarla və psixoterapiya ilə vəziyyətin yaxşılaşması mümkündür. Sadəcə vaxt və sabit müalicə lazımdır.
Ata-anası borc-xərcə girib onu statsionar müalicəyə qoydular.
4
Təxminən ay yarım davam edən müalicədən sonra Azad indi evə qayıdırdı. Bu müddət ərzində ilkin stabilləşmə mərhələsi başa çatmış, dərman dozaları tənzimlənmiş, həftəlik psixoterapiya seanslarından keçmişdi. Həkimi onun hələ də nəzarət altında qalmalı olduğunu vurğulayırdı. Ən azından ambulator müalicə, mütəmadi psixoterapiya seansları vacib idi. Lakin şərait buna imkan vermirdi. Ailə getdikcə artan maliyyə çətinliyi ilə boğuşurdu. Üstəlik, atasının qəfil yatağa düşməsi vəziyyəti daha da ağırlaşdırmışdı. Azad klinikanı tərk etmək məcburiyyətində idi.
Evə qayıtmaq Azadın ürəyindən idi. “Bu kimyəvi pox-püsür məni məhv edir” – tez-tez gileylənirdi. Səsi yorğun, bədəni süst, baxışları dalğın olurdu. Dərmanların qanında həll olub yayıldığını, hisslərini keyitdiyini, zehninə duman çəkdiyini anladıqca içində bir üsyan baş qaldırırdı. Lakin bu üsyan cəmi bir neçə dəqiqə çəkirdi, çox keçməmiş, dünya yavaşlayır, bədəni suyun altında hərəkət edirmiş kimi ağırlaşırdı. Gündə on-on iki saat yatsa da, günboyu özünü halsız hiss edirdi. Yuxu görmürdü, tez-tez başı ağrıyırdı, ağzı quru olurdu, iştahı küsmüşdü.
Anası da onunla həmfikir idi. “Dərmanlar oğlumun hissiyatını yuyub aparıb” – anası Azada baş çəkəndə qəhər boğazını tıxayırdı. Qarşısında oturmuş adamın həqiqətən oğlu olduğuna inanmaqda çətinlik çəkirdi. Bu qədər dava-dərmanla Azad yoxa çıxmış, onun yerində soyuq, susqun bir bədən qalmışdı. Anası düşünürdü ki, bəlkə, yenidən evə qayıtsa, tanış səslər, tanış simalar, ev yeməkləri oğluna təzə nəfəs verər, ürəyinə həyat eşqi salar, onun himayəsində sağlamlığını daha tez bərpa edər.
5
Qapını anası açdı.
– Gəldin... – doluxsunaraq pıçıltıyla dedi və pəncələrini qaldırıb hündürboy oğlunun boynuna sarıldı. Azad azca aşağı əyilib onu qucaqladı. Anası gözlərini silib Elmana tərəf baxdı, ona dönə-dönə minnətdarlıq etdi:
– Çox sağ ol, Elman. Allah razı olsun. Var ol! Allah balanı saxlasın!
– O nə sözdür, borcumuzdur – Elman baxışlarını aşağı salıb, təvazökarlıqla cavab verdi.
İçəri keçdilər, anası onları masaya əyləşdirib mətbəxə tələsdi.
– Bir çay için, özünüzə gəlin. Yarpaq dolması bişirirəm, indilərdə hazır olacaq.
Azad evin havasını içinə çəkdi. Mətbəxdə bişən yeməyin, köhnə mebellerin tanış qoxusu burnuna doldu. Anası mətbəxlə qonaq otağı arasında qaçhaçaqdaydı, gah əlində çay, gah turşu, gah təzə doğranmış göyərti, gah da çörək səbəti ilə peyda olur, masaya qabları düzə-düzə gözucu oğlunun donuq simasına baxaraq şəfqətlə gülümsəyir, təzədən mətbəxə tələsirdi.
Anası qazanı masanın ortasına qoyub boşqablara yemək çəkəndə Azad soruşdu:
– Ata hardadı?
– Yatıb. Bilirdi ki, bu gün gələcəksən. Səni gözləyirdi, – anası cavab verdi.
Elman çayından bir qurtum aldı. Stəkanı dodaqlarından ayırmadan fikrə getdi. Sonra asta səslə, sanki öz ilə danışırmış kimi dedi:
– Düzələr, inşallah. Rasim əmi möhkəm kişidi.
Elman iştahla yeyir, yeməyini çeynəyə-çeynəyə həvəslə danışırdı.
– Gürcüstanda həyat yaxşıdır – Elman deyirdi – bizdən yaxşı yaşayırlar. Amma son iki ildə orda da hər şey yaman bahalaşıb. Ev kirayələri elə artıb ki... Onu da deyim, adamları çox mədəni və müasirdi. Hamı öz işi ilə məşğuldur. Heç kimin sənlə işi yoxdur. Nə isə, ötəri həvəs idi də, getdim, yaşadım, gördüm gəldim.
Azadın anası maraqla qulaq asır, arabir “doğrudan?”, “hə, nə yaxşı” kimi sözlərlə söhbətə can verirdi. Onlar ikisi də Azadın ifadəsiz gözlərinə, söhbətlərə qətiyyən maraq göstərmədiyinə fikir verib onun danışmaq istəmədiyini başa düşmüşdülər, elə buna görə də özləri dayanmadan danışıb araya çökəcək mümkün sükutu gecikdirirdilər. Elman Gürcüstandakı ərzaq qiymətlərindən danışıb qurtardıqdan sonra iki yaşlı oğlunun təzə öyrəndiyi sözlərdən söhbət açdı. Azadın anası bu əsnada söhbətdən qopdu, Elmanın oğlu haqda dediklərini tam eşitmədi, fikrə gedib beynində Azaddan nəvə görəcəyi günlərin xəyalını canlanlandırdı. Ümid gözlərini parıldatsa da, nəzərlərini oğluna çevirəndə ürəyi sızladı, qırtlağına elə bil daş ilişdi, nəfəsini tutuldu, öskürməyə başladı.
Yeməklərini yeyib bitirənə kimi ordan-burdan danışdılar, Azadın anası söhbət əsnasında eşitdiyi hansısa sözün, yaxud təsvir olunan görüntünün yaddaşında üzə çıxardığı xatirəni nağıl edir, Elman başını dayanmadan tərpədir, birdən söhbətin ortasında yersiz bir sual verirdi.
6
Azad iştahla yemirdi, əksinə elə bil hər loxmanı çeynəyəndə əziyət çəkirdi. Çəngəlini dolmaya batırmaq istəyəndə duruxdu, qaşları çatıldı. Sanki beynini işlək saxlayan çarxlı mexanizm cırıldayıb təbii hərəkətini dayandırdı. Qarşısındakı dolmalar bulanıqlaşdı, gerçəkliyin sərhədi pozuldu. Üzüm yarpağı hərbi formaya çevrildi: gözlərinin önündəki boşqabda xırda əsgərlər peyda oldu; qan, yağış və palçığın islatdığı tünd yaşıl hərbi formalı, susqun, pərakəndə düşmüş xırda əsgərlər... Boşqab kiçik bir savaş meydanına çevrilmişdi və buradakı bütün əsgərlər ölü idi.
Azad gözlərini iri açdı, nəfəsi içində qaldı. Otağın konturları əyildi, ətrafdakı əşyalar yuxudakı kimi hər baxışda formasını dəyişdi, rəngləri soldu, masadakı səslər kəsildi. Bir neçə saniyə qarşısındakı boşqaba zilləndi. Sonra özünü kənardan gördü. Masada başıaşağı oturmuşdu. Kim idi o? Azad. Azad. Azad. Azad. Azad. Azad. A-Z-A-D. Adı başının içində mənasını itirənə qədər təkrarlandı. İçini qorxunc bir boşluq hissi bürüdü. Gözlərini tez-tez yumub açdı, başını cəld bir hərəkətlə yellədi, gördüklərini silkələyib beynindən qovmağa çalışdı.
Anası masanı yığışdıranda Azada dedi:
– Azad, siz çatmamışdan həkiminlə danışırdım. Dərmanların bu gün-sabaha qurtaracaq. Təzələri alınmalıdır. Dedi, resept səndədir. Onu ver mənə, birazdan durum gedim alım nə lazımdır.
Azad başını qaldırmadan cavab verdi:
– Çantadadır.
Elman söhbətə qarışdı:
– Solmaz bibi, əziyyət çəkmə, onsuz, mən yavaş-yavaş dururam, şəhərə çıxmalıyam. Aptekə dəyim, elə gedərəm.
Azad yeməkdən sonra atasının yatdığı otağa girdi. Atası xoruldayırdı. Anası açıb ağartmasa da, atasının vəziyyəti həqiqətən ağır idi. Yemək yeyə bilmirdi. Suyu da az-az içməli idi. Qaraciyəri bərbad günə qalmışdı. Ürəyinə, böyrəyinə də yük düşürdü. Gündə üç dərman, axşam da bir iynə ilə vəziyyəti nisbətən stabilləşmişdi. Azad kənardan onun açıq qalmış ağzına, damarları pırtlayıb çıxmış arıq əllərinə, rəngi solmuş dərisinə baxdı. Necə yazıq, necə misgin görünürdü! Ancaq içində ona qarşı heç nə hiss etmədi. Nə şəfqət, nə rəhm, nə də kədər. Qətiləşdirdi ki, heç nə hiss etməməyi təbiidir. Nə hiss etməli idi ki? Çarpayıya bir az da yaxınlaşdı. Necə qəribədir. O xəstələnib yatağa düşmüş bu adamı heç vaxt həqiqətən tanımamışdı. Lakin bu adamdan əmələ gəlmişdi və yaşı ötdükcə ona daha çox bənzəyirdi. Atası Azad üçün həmişə qapalı, uzaq bir adam olmuşdu. Aralarındakı münasibət həmişə səthi alınmışdı, heç vaxt yaxın, mehriban bir bağ, köklü münasibət qura bilmişdilər. Azad əvvəl-əvvəl atasını günahlandırıb qınasa da, sonradan bu qənaətə gəlmişdi ki, atası belə davranmağa şüurlu şəkildə qərar verməyib, o, sadəcə olaraq valideynlik qabiliyyətindən məhrumdur, onun laqeydliyi seçim yox, qüsurdur.
Yataqdakı halsız, çəlimsiz adama baxa-baxa gözlərində ani bir istehza qığılcımlandı. Bütün uşaqlığı boyunca bu adamdan qorxmuşdu? Bu adamın qarşısında büzüşmüşdü? Bir yay axşamüstüsü dostlarının yanında sifətinə yapışdırılmış şilləni xatırladı. On bir yaşı var idi. Şillə yanağında partlayan kimi şalvarına işəmişdi. Sidik ayağının iç ilə axıb boz şalvarını tündləşdirmişdi. Dostları ürkmüş halda qarşılarındakı sərxoş ataya və baxışlarını yerə dikmiş uşağa zillənmişdilər. Mümkün deyildi ki, dostları onun altını islatdığını görməsinlər. Utandığından bir müddət evdən çıxmamışdı, məktəbdə onları təsadüfən görəndə gözlərini qaçırmış, sinif otağına çəkilib yan-yörələrində olmamağa çalışmışdı. Bir müddət heç kimin gözünə dik baxa bilməmişdi, kimlə vaxt keçirsə, söhbət etsə içindəki xof ürəyini sinəsində daim tarım saxlamışdı; hər an həmin hadisə haqqında söhbət açıla və məsxərəyə qoyula bilər. Dostları sonralar heç vaxt o günə eyham vurub zarafata salmasalar da, iztirab ürəyində çöküntü kimi qaldı, düşündü ki, onlar gördükləri mənzərəni unutmayıblar, çox güman, öz aralarında onu ələ salıb dalınca o ki var gülürlər.
Atası yerində fırlanıb yuxusunda mızıldandı. Azad otaqdan çıxdı və qapını astaca örtdü.
7
Azad vaxtının çoxunu evdə keçirirdi. Anası işdə olanda evdə narahat, ağır bir səssizlik hökm sürürdü. Atası divanda halsız-halsız uzanır, mənasız şou proqramlara, futbola baxır, Azad isə ya telefonunda qurdalanır, ya da atası nəyə baxırdısa, o da ona baxırdı.
Həftəsonları Elman rayonda olanda zəng vurur, Azadı çay içməyə, bilyard oynamağa çağırırdı. Hər görüşdə onu işləməyə həvəsləndirir, ona iş tapmaqda kömək edəcəyinə söz verirdi. Azad isə fikirli-fikirli gözlərini qırparaq səssiz minnətdarlıq edirdi. Elman dayanmadan, mövzudan mövzuya keçib danışır, bir müddət sonra onun danışarkən bir yerdə durmayan canlı gözləri, havada oynaşan jestləri, öz zarafatlarına gülməyi Azadı gərginləşdirir, yorurdu. Elman əmisioğlunun darıxdığını sezir, baş-beynini apardığı üçün üzrxahlıq edirdi. “Yox, yox, sənlik bir şey yoxdur. Özümü bir parça ət kimi hiss edirəm,” – Azad atdığı dərmanların onda yaratdığı halsızlıqdan, ruhsuzluqdan gileylənirdi – “heç nəyə həvəs qalmayıb, elə ancaq yatmaq istəyirəm”.
Atasının vəziyyəti bir az düzəlmişdi. Ağrıları azalmış, üzünə rəng gəlmişdi, amma hələ də işə çıxmaq üçün tam sağlam deyildi. Günlərini divanda, televizorun qarşısında yarıyuxulu, yarıayıq keçirirdi. Bəzən günün müəyyən saatlarında, atası ilə eyni otaqda olmağa məcbur qaldıqları anlarda, dinib-danışmadan televizorda nəyəsə baxırdılar. Futbol, cəfəng bir serial, xəbərlər – fərqi yoxdur. Əsas odur ki, nəyəsə baxsınlar və danışmağa ehtiyac qalmasın. Həmişə baxmağa nəsə tapırdılar, çünki baxmağa nəsə tapmaq danışmağa söz tapmaqdan daha asan idi.
Anası işdən zəng vurub Azada dərmanlarını içməyi xatırladırdı.
– Atanın da dərmanını ver, içsin, yaxşı? Yemək yemisiz? Yaxşı, yaxşı, ana qurban, özünüzdən muğayat olun, hələlik.
Anası iş çıxışı yolüstü bazarlıq edib arğın-yorğun, tər-su içində evə qayıdır, qayıdan kimi tez ikisi ilə də maraqlanır, sonra mətbəxə tələsib şam və növbəti gün üçün nahar hazırlamağa başlayırdı. Yemək bişirə-bişirə səssiz-səssiz ağlayırdı. “İşlə, əlləş-vuruş, axırda da qazandığın iynə-dərmana, analiz kağızlarına, borc bağlamağa getsin”. Lakin inancı heç vaxt büdrəmirdi, Allaha dua edib sakitləşir, dualarında yaradanın sonsuz mərhəmətini xatırlayıb ovunurdu. İnanırdı ki, həyatlarına çökən zülmətin ömrü bitəcək, onlar da nəhayət, gün görəcək.
8
Azad yuxudan gec oyanır, yemək yeyib təzədən yerinə uzanırdı. Pəncərədən içəri süzülən gur işıq zolağındakı toz dənəciklərinə zillənib fikrə dalırdı. Həyat necə mənasız idi! İnsanlar hər səhər yuxudan oyanıb necə yaşamağa səbəb tapırdılar? Hansı səbəblər idi bunlar? Hələ üstəlik bir-birilərinin ətini yeyirdilər, bir-biriləri ilə ədavətə, yarışa girirdilər. Bu boyda cəfəngiyyata necə belə ehtirasla, həvəslə bağlana bilirdilər? Necə olurdu ki, bu əzici yeknəsəqlik onların şövqünü öldürmürdü? Hər şeyin bihudə olduğu məgər gün kimi aydın deyildi? Özlərini elə aparırdılar, sanki bu dünyaya öz seçimləri ilə gəliblər.
Azad bəzən dərmanlarının vaxtını ötürürdü. Baş ağrılarından, iştahasızlıqdan bezmişdi. Üstəlik, dərmanlar cinsi istəyini tamamilə yuyub aparmışdı. Bir dəfə televizorda qadınlar üçün saç boyası reklamı gördü. Reklamda möhkəm, parlaq saçlarını dalğalandıraraq kameraya cazibəli baxışlarla gülümsəyən qadını görəndə fikrə getdi. Sonuncu dəfə nə vaxt xəyallarında bir qadın canlanmışdı? Nə vaxt bir qadın arzulamışdı? Nə vaxt içində şəhvətli bir sızıltı hiss etmişdi? Bilirdi ki, bu yaşda libidosu onu düz divara dırmaşdırmalıdır, di gəl ki, ehtirasında zərrə qədər də qımıldanma yox idi.
Azad günlərin birində yataqda uzanıb bir xeyli boş-boş tavana baxdı və götür-qoy edib qərara aldı ki, artıq dərmanları dayandıracaq. Klinikada dərmanlar paylanandan sonra pasiyentlərin ağızları yoxlanılırdı, çünki bəziləri nəzarətçilər üzünü çevirən kimi dərmanları tüpürürdülər. İndi isə onunla bağça uşağı kimi davranan, ağzını yoxlayan yox idi. Həmin gün dərmanlarının heç birini içmədi. Sonrakı gün, anası ona dərmanlarını xatırladanda həb qutularını əlinə aldı, bir neçə dəfə dalğın-dalğın əlində çevirdi, üzərilərindəki eybəcər adları oxudu – “Olanzapin. Sertralin” – və siyirməyə qaytardı. İçində bərkimiş əminliklə düşündü: “Bu zir-zibilə ehtiyacım yoxdur”.
Dərmanları dayandırdığı ilk günlərdə bədənində qəribə bir dəyişiklik, bir tərpəniş hiss etdi: başı əvvəlki kimi dumanlı deyildi, əzələlərindəki süstlük çəkilmiş, addımları yüngülləşmişdi. Baxışları diri, zehni nisbətən ayıq idi. İçində lal qalmış duyğular yavaş-yavaş oyanırdı. Bu bir neçə gün ərzində özünü möhtəşəm bir azadlıqda hiss etdi. Elə bil uzun zamandır xirtdəyinə dolanıb nəfəsini kəsən görünməz ip bir anda qopmuşdu. Səslər daha aydın, rənglər daha parlaq, toxunuşlar daha həqiqi idi. Bütün varlığı riqqətə gəlmişdi.
Lakin bu heyrətamiz ovqat uzun çəkmədi.
Dünya yenidən incə bir hiyləgərliklə qurulmuş tələyə çevriləcəkdi.
9
Dərmanları dayandırdığı dördüncü gündən etibarən Azadın içində anlaşılmaz bir təşviş baş qaldırdı. Səhər dəhşətli bir baş ağrısı ilə oyandı, günboyu ürəyi bulandı. Ən adi səslər – saatın tıqqıltısı, qonşunun ayaq səsləri, həyətdən keçən maşınların uğultusu qulağında qışqırıq kimi səslənməyə başlamışdı. Gecələr gözünə yuxu getmirdi. Gözünü yuman kimi əcaib yuxular görür, başının içində qəribə obrazlar, anlaşılmaz, yad səslər, rabitəsiz fikirlər dolaşırdı. Bəzən anasının “gəl, yemək ye” çağırışı belə içində qəfil bir qəzəb oyadırdı. İçindən var gücü ilə çığırmaq, nəyisə sındırıb çilik-çilik etmək keçirdi, özünü zorla saxlayırdı. Bilirdi ki, özünü cilovlamasa, onu təzədən aparıb klinikada yatızdıracaqlar, qanını zir-zibillə doldurub həyatdan soyudacaqlar.
Ürəyini daraldan sıxıntı və təlaş hər keçən gün artırdı. Özünü gücsüz və divara dirənmiş hiss edirdi. Gecələr işgəncəyə çevrilmişdi. Durduq yerdə onu tər basır, əlləri titrəyirdi. Gözlərində vahimə peyda olmuşdu. Hər keçən dəqiqəsi qorxu və səksəkə ilə dolu idi. Sanki hər an nəsə dəhşətli bir şey baş verəcəkdi.
Evdən çölə çıxmağı tamamilə dayandırdı. Elman onu çay içməyə çağıranda bir bəhanə ilə evdə qalmağı seçdi. Qərarına haqq qazandırmaq üçün Elmanın ağlına gələn bütün mənfi xüsusiyyətlərini, onunla bağlı bəd xatirələrini yadına saldı. “Özündənrazı, boşboğaz” – düşündü. Uşaq vaxtı atasına xəbərçilik edib şillə yeməyinə, danlaq və qışqırıq eşitməyinə bais olduğunu unutmamışdı. Hələ də içində ona qarşı bu günlərdən qalan bir kin vardı və telefonunun ekranında Elmandan gələn zəngi görəndə yaddaşındakı bu kini qəsdən oyandırdı.
Dərmanları dayandırdığı gündən səkkiz gün keçirdi. Axşam yenicə düşmüşdü. Yeməyini birtəhər yeyib otağına çəkilmişdi. Pəncərədən baxa-baxa çay qurtumlayarkən qulağına bir səs gəldi: “Ehtiyatlı ol. Səni izləyirlər”.
10
Bir özü, bir də bəlkə, Allah bildi ki, növbəti bir neçə günü hansı zülmlə keçirdi. Elə bil hər gün yuxudan yox, ölümdən oyanırdı. Hər gün can verirdi, amma ölə bilmirdi. Başının içindəki səslər dözülməz həddə çatmışdı. Bəzən evin içində hərbi formalı adamlar görürdü; ona fikir vermədən bir göz qırpımında bir otaqdan digərinə keçirdilər.
Artıq yatmağa qorxurdu. Gözünü yuman kimi onu qara basır, sarsılıb dik atılırdı. Bir neçə dəfə yuxudan öz iniltisinə oyanmışdı. Çətinliklə yuxuya getdiyi günlərin birində tez-tez gördüyü həmin yuxunu gördü. Yuxusu gerçəkliklə ayırd edilə bilinməyəcək qədər real idi.
İkindi çağı idi. Əsgərlər silahları əllərində irəliləyirdilər. Ətraf sakitlik idi, yalnız çəkmələrin altında xırçıldayan daş-kəsəyin və arabir asta söhbətlərin kəsik-kəsik pıçıltısı eşidilirdi. Azad yoldaşlarından bir qədər arxada, taqətsiz ayaqlarını arxasıyca zorla sürüyərək yerdəki ayaq izlərinə, pulemyot güllələrinin gilizlərinə, torpağa qarışmış qurumuş qan ləkələrinə baxır, eyni zamanda da avtomatını bərk-bərk sıxaraq ətrafı nəzərdən keçirirdi. Növbəti addımında sanki zaman dayandı: dəhşətli bir partlayış bədənini çalxaladı, dişləri şaqqıldadı. Səsi eşitməyiylə ayaqları yerdən kəsildi, geriyə sovruldu. Avtomatı əlindən çıxdı, ətrafdakı hər şey tüstü və tozun içində itdi. Havaya qalxdı, amma yerə çırpılmadı, eləcə boşluqda asta-asta süzməyə başladı. Qulaqları tutulmuşdu. Burnuna nəm torpaq, barıt və bişmiş ət qoxusu doldu. Göydə qatı tüstünün içində süzdükcə, havaya səpələnmiş torpaq topaları və insan parçaları ondan yan keçib yerə düşürdü.
Göydən yerə baxdı. Yerdə konusşəkilli çuxur, hisdən sifəti qaralmış qolsuz-ayaqsız əsgərlər gördü. Səslərini eşitməsə də, onların bərəlmiş gözlərini, açılmış ağızlarını görürdü və bilirdi ki, onlar fəryad edirlər.
Birdən səslər geri qayıtdı. Qulaqlarına hay-küy doldu. Baxışlarını çevirəndə avtomatların göyə- ona tərəf istiqamətləndiyini gördü. Onu havada süzərkən yaxalamışdılar. Güllə səsləri guruldadı. Güllələrin bədənini dəlmə-deşik etdiyini bilirdi, amma zərrə qədər də ağrı hiss etmirdi. Yerə düşməyə başladı. Düşdükcə düşündü: deməli, ölüm belə bir şey imiş. Yerə çırpılacağı anda hər şey qaraldı və yuxudan diksinərək oyandı.
Gözlərini qaranlıqda açanda bir anlığa məkan hissini itirmişdi. Harada idi? Onu əsir götürüb zülmət bir zirzəmiyə qapamışdılar? Yoxsa postda yatıb qalmışdı? Gözlərini iri açıb qulaqlarını şəklədi. Çaşqınlığı keçib getdi, qavrayışı geri qayıtdı. Evdə idi. Gözlərini təzədən yumub yerində bir müddət vurnuxdu, yata bilmədi, ayağa qalxıb barmaqlarının ucunda otaqdan çıxdı. Qaranlıqda koridordakı bir cüt ayaqqabı gözünə qıvrılıb yatmış pişik kimi göründü. Ayağı ilə qaraltını itələyəndə ayaqqabı olduğunu anladı. Qonaq otağına boylandı. Anası divanda yatmışdı. Digər otağa tərəf addımladı. Otağın qapısı aralı idi. Çarpayıda atası yatırdı. Pəncərə açıq idi. Yüngül meh tül pərdələri aram-aram yelləyirdi. Açıq pəncərədən xəfif tappıltı səsləri gəldi. Elə bil kimsə aşağıda gəzişirdi. Gecənin bir aləmi kim ola bilərdi bu? Yoxlamalı idi. Çarpayının yanından keçəndə ədyalın altında bir tərpəniş sezdi. Ürküb geri çevrildi. Gözlərini bərəldib çarpayıya mat-mat baxdı. Necə qəribədir! Çarpayıdakı adam atası deyildi. Bu yad bədən atasının yerində necə peyda olmuşdu? Bəs yaxşı, atası harda idi? Azadın qorxudan ürəyi ağzına gəldi. Bir anın içində alnında tər puçurlanıb qaşının üstünə axdı. Dizləri boşaldı. Gözlərini qıyıb qaranlıqdakı siluetə diqqətlə baxmağa davam edərək xırda addımlarla qorxa-qorxa geri çəkildi.
Qaranlıqda bir parıltı keçdi gözünün qabağından. Qaşlarını çatdı. Ədyalın altından bir əl çıxıb tapançanı ona tərəf tuşlamışdı. Metal parıltı indi daha aydın görünürdü. Qışqırıb kömək çağırmaq istəsə də, ürək eləmədi. Boğazı qurumuş, əl-qolu boşalmışdı. Dodağının altında mızıldanmağa başladı. “Hə, deməli belə... Axır ki, məni tapdın. Olsun. Mənim də əcəlim gəldi”.
Birdən elə bil kimsə onu qabağa itələdi, içindəki cəsarət ən pik həddə çatdı və taleyi ilə barışmamağa çağırdı. “Vuruşmalısan”, başındakı səs diktə etdi. Azad çarpayıya şığıyıb adamın boğazından yapışdı. Elə bərk yapışdı ki, boyun əllərinin arasında xırçıldadı. Var-qüvvəsini səfərbər edib sıxmağa başladı. Bədən çırpındı, xırıldadı və çox keçməmiş tamamilə sakitləşdi. Azad hələ də hərəkətsiz bədənə bitişik boynu var-gücü ilə boğmağa davam edirdi. Qəfil sanki ayıldı. Bayaqdan əllərinin arasında sıxdığı nə idi? Ət, sümük və dəri ilə örtülmüş bir boru – ağlına gələn sözlər bunlar oldu. Əlləri nəm və yapışqan idi. Əllərindən iyrəndi. Özünü qəribə hiss etdi. Ancaq təslim olmadığına görə ürəyində sevindi.
Pəncərəyə yaxınlaşıb küçəyə baxdı. Sakitlik idi, hava bir azdan açılacaqdı. Pəncərənin qabağından dili ağzından sallanmış, qara, çəlimsiz bir küçə iti ləhləyə-ləhləyə keçdi. Azad geriyə baxmadan otağı tərk edib ayaqyalın həyətə çıxdı və binanın girişindəki pilləkənlərdə oturdu. Pəncələri üşüdü, barmaqları içəri qıvrıldı.
Hava işıqlanana qədər orada eləcə oturdu, yerindən tərpənmədi. Quşların cəh-cəhi, səhərin mehi yavaş-yavaş ətrafı bürüyürdü. Səhər mehinin gətirdiyi xumarlı qoxuları içinə çəkdi. Atası ilə arasındakı yadlıq onu birdən bərk kədərləndirdi. Özünə söz verdi ki, bundan sonra onunla dost olacaq, bir-biriləri ilə özgə, danışmağa sözləri olmayan, bir-biriləri ilə maraqlanmayan adamlar deyil, əsl ata-oğul olacaqlar. İçində bir həyəcan qımıldadı. Gülümsədi. Atasının hara gedə biləcəyini düşünə-düşünə ayağa qalxıb onu axtarmağa yola düşdü.