Əli Zərbəlinin yeni hekayəsi: Entropiya

Əli Zərbəlinin yeni hekayəsi:   Entropiya

12:55 31


– Söz ver ki, aramızda qalacaq.

– Söz verirəm.

*

– Oyan, Rəfael, gecikəcəksən.

Gözlərini könülsüz açır və çarpayısından tələsik uzaqlaşan siluetə baxır. Bir müddət yerində hərəkətsiz uzanıb mətbəxdən gələn qab-qacaq səslərinə qulaq verir. Gözünü otaqda boş-boş gəzdirir: radiatorun üstündəki bir cüt coraba, stulun arxasından asılmış tünd boz şalvarına, mavi, düyməli köynəyinə, aralı qapıdan içəri süzülən sarımtıl işığın yaratdığı zolağa key-key baxır. Hava hələ açılmayıb, çöldə külək vıyıldayır. Yorğanı üstündən atıb ayaqlarını döşəməyə basır. Ayaqları döşəməyə dəyən kimi canındakı istilik dağılır.

İşəyib, əl-üzünü yuyur. Mətbəxə keçəndə burnuna dolan qayğanağın yağlı qoxusu və təzə dəmlənmiş çayın ətri ona xoş təsir etmir, əksinə, bədəninə hopmuş halsızlığı və həvəssizliyi daha da dərinləşdirir. Bu tanış qoxular çoxdan içində lillənmiş narazılıq və sıxıntını çalxalayıb bulandırır.

Özünü bir-iki tikə yeməyə məcbur edir, səhərlər iştahası olmur. Masaya dirsəklənib pəncərədən tünd sürməyi səmaya tamaşa edərək ağzındakı horranı həvəsssiz-həvəssiz çeynəyir, çayından qurtum alıb iri loxmaları udur. Mədəsini doldurduğu əsnada Gülnar ötən axşamdan bişirib qablaşdırdığı yeməkləri, təzə yuyulmuş paltarları səliqə ilə ərinin qara parça çantasına yığır. Rəfael vaxtı yoxlayıb ayağa qalxır, köynək-şalvarını stulun başından götürüb əyninə geyinir, qalstukunu bağlayır. Gülnar çantanı hazır edib koridora qoyur, qabları masadan yığışdırıb yemək qırıntılarını təmizləyir. Rəfael çantasını götürüb evdən çıxır, sübh çağının şaxtalı, tər-tərtəmiz havasını ciyərlərinə çəkib siqaret yandırır və avtovağzala üz tutur.

*

Auditoriyadakılar iki dəfə astaca döyülüb aralanan qapıya çevrilirlər. Rəfael cümləsini yarımçıq saxlayıb üzünü sola döndərir. Qapıda görünən qız çaşqın baxışlarla düzgün yerdə olub-olmadığını anlamağa çalışır.

– Fizikanın əsasları... – mızıldanır. Bir gözü lövhədə, digəri mühazirə zalındadır. Rəfael masasının üstündəki siyahını əlinə alır, qızın sözünü bitirməyinə imkan vermədən soruşur:

– Ad, soyad?

– Flora Qəniyeva.

– Flora? – Rəfael siyahıya baxa-baxa soruşur – İlk iki dərsdə burda idin?

– Xeyr, – qız açıq qəhvəyi gözlərini qırpıb başını yelləyir – dərs qeydiyyatından gec keçmişəm, adım ola bilsin siyahıda yoxdur.

Rəfael gözlərini siyahıda bir neçə saniyə daha gəzdirir və nəhayət başını qaldırıb qıza diqqətlə baxır:

– Problem deyil, əyləş – gülümsəyərək deyir və əli ilə oturacaqlara işarə edir.

Flora gülümsəyir və asta addımlarla partaların arasından keçib əyləşməyə yer axtarır. Qız zalda addımladıqca Rəfael onun açıq mavi cins şalvarına, krem rəngli plaşına, plaşın üstünə dağılmış şabalıdı saçlarına oğrun-oğrun nəzər salır. Flora arxa sıradakı boş yerlərdən birində oturur. Rəfael üzünü yenidən lövhəyə çevirir. Əlindəki göy markerlə ağ lövhənin sürüşkən səthində iri hərflərlə yazır:

Hərəkətin kinematikası.

Auditoriyaya dönüb danışmağa başlayanda baxışlarının qonduğu ilk sima Floranın siması olur.

– Deməli, uşaqlar, bu gün hərəkətin kinematikasından danışacağıq. Kinematika cismlərin hərəkətini öyrənir, – Flora plaşını çıxarıb asır və yerinə qayıdır. Rəfaelin gözləri qızın təmkinli simasından aşağı sürüşür. Partasına tərəf addımlayarkən bədəninə tarım oturmuş ağ, boğazlı sviterinin altında xəfifcə yırğalanan iri döşləri Rəfaeli çaşdırır. Gözlərini cəld qaçırıb bir an əvvəl deyəcəyi cümləni xatırlamağa çalışır. Qeyri-ixtiyari lövhəyə tərəf dönür və əlindəki markeri uzadıb yazdıqlarına işarə edərək boğazını arıtlayır, – yəni, burada bizi maraqlandıran əsas anlayışlar – yol, zaman, sürət, təcil və trayektoriya kimi anlayışlardır...

*

– Salam, Rəfael müəllim. Olar?

– Gəl.

– İlk iki dərsin materialları üçün gəlmişdim.

– Yaxşı eləmisən. Əyləş. Adın necə oldu? – Rəfael qızın adını yaxşı xatırlasa da, özünü unutmuş kimi göstərir. Özünü o yerə qoymur.

– Flora.

– Flora...gözəl adın var.

– Çox sağ olun, – Flora çantasının qayışını yüngülcə sıxaraq gülümsəyir.
*

“İnşaatçılar” metro-stansiyasında düşüb kirayələdiyi evə doğru, Rasim Səfərov küçəsinə istiqamət almır, Abbas Şərifzadə küçəsi ilə addımlamağa davam edir və baxışlarını yaxınlıqdakı Araz marketə yönəldir. Rəfaelin içində ona öz gəncliyini, iyirmi yaşlarını xatırladan tanış bir həyəcan var. İndi təngnəfəs olmağının yeganə səbəbi sürətli addımları deyil, həm də qarın boşluğundan sinəsinə doğru sığal-sığal qalxan həyəcandır.
Saat beşdir. Hava tutqundur.

Cürbəcür çaxırlar düzülmüş içki rəfinin qarşısında dayanır və butulkaları əlinə alıb o tərəf-bu tərəflərinə nəzər salır. İçindəki həyəcan, arabir baş qaldıran vicdan əzabının iti sancılarıyla növbələşir.
İki butulka qırmızı, kəmturş “Hillside”.

Kassaya yaxınlaşır. Boyun əydiyi qaydaların üstündən eqoistcə xətt çəkəndə, həyatın qadağan olunmuş həzzləri yenidən necə də şirnikləndirici görünür! Sırada dayanıb məhsulların üzərindəki barkodları oxuyan qırmızı lazer işığına, eynəkli satıcı qızın bezgin simasına boş-boş baxır, soyuducuların uğultusuna qulaq verir. Boyun əydiyi qaydalar. Bəli, ağlına gələn sözlər bunlar idi: boyun əymək.

İyirmi yaşlarında yaşıdlarının toyuna dəvət alanda qəribə bir istehza ilə sevinərdi. Onunla eyni parçadan tikilmiş digər kişilərin öz xoşları ilə boyunlarına keçirdikləri iplərə baxardı və öz azadlığını bir az daha artıq hiss edərdi. Onlar toy günlərini, o isə azadlığını qeyd edərdi.

Otuz beş yaşına qədər onlarla qadınla gəzdi-tozdu, yatdı-durdu, sevişdi, ayrıldı, barışdı. Hər şey fərqli başlayıb eyni cür bitdi. Zaman ehtirasın şirəsini qurudub dadsız vərdişə çevirdi. Bir müddət sonra ona elə gəldi ki, eyni münasibəti fərqli qadınlarla yaşayır. Sözlər və gecələr təkrarlandı. Sirr məişətin banallığı qarşısında tab gətirə bilmədi. Amma hara kimi? Nə vaxta kimi? İçindən və kənardan eşitdiyi bu suallar bir müddət sonra beynində fasiləsiz dolaşmağa başladı. Qaydalara boyun əyməli idi. Və nəhayət, otuz beşdə evləndi. Evlənməməli olduğunu bilə-bilə.

Kassir qız çaxır butulkarının barkodlarını oxudur. Nə olacaqsa, olacaq. Özünü inandırır ki, artıq bu nöqtədən sonra nəzarəti itirib, çoxdan özünü axına buraxıb. Çoxdan. Babası ölüm döşəyində can verərkən nənəsinin onun haqda dediyi sözləri xatırlayır: Baban ömrünü bazlıq dalınca qaçmaqla keçirdi. Ürəyində gülür, görünür, irsi xislətdən qaçış yoxdur. Qan diktə edir. Qəbzi ovcunda əzə-əzə marketdən çıxır.

Tale mirasdır.

Şüşə butulkalar plastik torbada bir-birinə toxunub cingildəyir.

*

Rəfael evdən çıxan kimi rayondakı həyatını unudur. Bakıda, hər həftənin beş gününü keçirdiyi birotaqlı kirayə mənzilində elə bil yenidən tələbəlik illərinə qayıdır. On beş-iyirmi il əvvəlin tənhalığını, qayğısızlığını, məsuliyyətsizliyini xatırladan bir yüngüllük duyur. Səhərlər universitetin səs-küylü koridorlarında yeriyəndə, metro ilə işdən qayıdanda, axşamlar evdə dincələndə, bulvarda gəzişəndə arvadı və qızı nadir hallarda yadına düşür.

Rəfael unutqanlığından agahdır. O vəziyyətin niyə belə olduğu haqda, qüsurunun təbiəti və qaynağı haqda düşünsə də, çox keçmir, verdiyi sualların qarşısındakı acizliyini qəbul edir və tədricən fikirləri dağılır, analizləri səngiyir. Başında apardığı uzun, dolaşıq müzakirələrin sonunda çatdığı yeganə qənaət bu olur ki, unutqanlığının nə etinasızlıqla, nə də vecsizliklə əlaqəsi var. Bu, sadəcə olaraq unutqanlıqdır, vəssalam. Unutqanlğı vicdanını sızlatsa da, dözülməz həddə çatmır. Axı mən buna qəsdən, düşünərək qərar vermirəm. Axı mən bilərəkdən ailəmin varlığını beynimdən uzaqlaşdırmıram; sadəcə bu faktı çox nadir hallarda xatırlayıram. Hər şey spontan, qeyri-iradi baş verir. Aramızdakı məsafə bu faktın nəbzini yavaşladır.

Beləliklə, Rəfael cümə günləri, sonuncu mühazirəsindən sonra, rayona ailəsinin yanına qayıtmaq vaxtı çatana qədər unutqanlığını da unudur.

*

...şərabı və qədəhləri jurnal masasına qoyacağam. Bu andan etibarən nə olacağını təxmin etmək çətin deyil. Sərxoş olub boş-boş söhbətlər edəcəyik, gülməli olmayan şeylərə hırıldayacağıq. Onun içki və ehtirasdan şüşələşmiş gözləri ona daha yaxın oturmağım üçün yalvaracaq. Öpüşərək bir-birimizi soyundurmağa başlayacağıq. Onu qucağıma alıb çarpayıya atacam. Saçları ağ mələfələrə səpələnəcək. Əvvəlcə sinəsindən sərxoş bir qaqqıltı qopacaq, dizlərini azca qarnına yığacaq, gözlərini yumub uğunacaq. Çox keçməmiş ayaqlarını belimə dolayacaq, başımın arxasından, boynumdan bərk-bərk yapışıb inildəyəcək. Bədənlərimiz titrəyib boşalanda təngnəfəs kürəyi üstə uzanacağıq. Boşluq və peşmanlıq hiss edəcəm. Bədənimdəki yorğunluq içimdəki boşluğu ört-basdır etməyə çalışacaq, alınmayacaq. Hər şey səssiz və ağır olacaq, təbiətin dövrlərinin sonsuz təkrarı kimi. Baharın çiçəklənməsinin şövqü və yayın enerjisi öz yerini payızın sükunətinə və qışın soyuq boşluğuna verdiyi kimi bir az əvvəlki qarşısıalınmaz arzu da öz yerini saf boşluğa verəcək. Orqazmdan bir an sonrakı bu boşluq hissi təbiətin dizaynındakı qüsurdur. Özümü təbiət tərəfindən aldadılmış hiss edəcəm. Amma təbiətin dövrlərində olduğu kimi, bu boşluq, bu aldanış da ötəridir, çünki, bir müddət sonra yenidən yanımdakı çılpaq bədənə tamaşa edəndə, ona toxunanda içimi şirin bir sızıltı qıdıqlayacaq, şiddətli, tamahkar bir arzuya könüllü uduzacam.

*

Rəfael qızının iri, xumar gözlərinə baxdıqca içinə həm arxayınlıq, həm də izaholunmaz bir təlaş yayılır. Gözləri necə onunkunun eynisidir! Qaşları anasınınkı kimi dümdüzdür, dodaqları da daha çox anasınınkıları andırır, burnu və qulaqları da anasınınkıdır…amma gözləri…gözləri atasının gözləridir. Bu iri, dalğın gözlərə baxdıqca boğazı düyünlənir.

– Ağıllı qızım – Rəfael pıçıldayır.

– Mən də gəlirəm – Nuray gözlərini xırda əlləri ilə ovuşdurub cır səslə deyir.

– Hara gəlirsən? – Rəfael qızının qarşısında çömbəlib oturur, xırda əllərini ovcunun içinə alır.

– Bakıya.

– Sən bir mənə de görüm, niyə bu vaxt oyanmısan? – Rəfael gülümsəyərək deyir – Hələ çox tezdi. Bir azdan gün çıxacaq, hava işıqlanacaq, məktəbə gedəcəksən.

– Məktəbə getmək istəmirəm.

– Olmadı ki, qızım.

– Mən də gəlirəm.

– Get yat qızım. Qoy ata getsin, uşaqlara dərs öyrətsin, gəlsin.

Rəfael qızını qucağına alıb ayağa qalxır, Nurayın yanağına səsli, nəm bir öpüş yapışdırır. Nuray dartınıb üzünü çəkir, əliylə yanağını silir.

– Yaramaza bax ha, atanın dodaq yerini təmizləyir.

Gülnar bir qızına, bir də ərinə baxır. Gülüşürlər.

Nuray narazı-narazı atasının qucağında dartınır.

– Mən də gəlirəm.

– Çox tərs adamsan ha – Rəfael zarafyana gözlərini bərəldir, qızının qarnını qıdıqlayır.

*

Mən nə edirəm? Niyə belə edirəm? Həyatım məhv olub. Məhv ola-ola gedir. Daha doğrusu, həyatımı dayanmadan məhv edirəm. Təkcə özümünkünü yox, başqalarının həyatını da məhv edirəm. Mənimlə rastlaşan adamlara yazığım gəlir. Onları necə dəhşətli məyusluqların gözlədiyindən xəbərsizdirlər. Nə istəyirəm axı mən? Nədir mənim dərdim? Nədir mənim istədiyim ancaq hec cürə əldə edə bilmədiyim şey? İyirmi yaşlarımda böyük işlər görmək üçün doğulduğumu, nəcib, xüsusi bir insan olduğumu, olacağımı düşünərdim, içimdə gələcəyin arxayın vədləri budaq-budaq şaxələnib məni riqqətə gətirərdi, qurduğum ssenarilərin, ehtimalların etibarlı kölgəsində əllərimi başımın arxasında daraqlayardım və hər şeyin yavaş-yavaş öz yerini tapacağına ürəkdən inanardım. Otuzdan sonra yavaş-yavaş, anladım ki, mən xüsusi istedaddan, haqlarında heyranlıqla oxuduğum, əhəmiyyətli təyinatlar üçün dünyaya gəlmiş adamlara xas xüsusi məharətdən məhrumam. Bunları başa düşüb həzm etmək necə dözülməz, necə utancverici idi. Necə müqavimətsiz və məyus idim. Mən ortabab hərdəmxəyalam. Ortabab bir fizika müəllimi. Ömrüm boyu nə axtardığımı, həyatımla nə etməli olduğumu çözə bilmədim. Şəhvət və qadın bədəni yeganə sığınacağım oldu. Aylar ilə tamamlandı və fəsillər tərəddüdlə başlayıb çaşqınlıqla bitdi, qırx ikini geridə qoyanda anladım ki, yaşamaq istədiyim həyat, əl atdıqca məndən uzaqlaşan həmin o nəsə artıq mövcud deyil. Əminlik və asudəliyin sakitliyi tənəzzülün sağalmaz sükunəti ilə sarsıldı. Həyat puça çıxdı. Mən gecikdim.

*

– Necə gülməlidir. – Flora çarpayıda böyrü üstə çevrilir, onun saqqalındakı ağ tüklərə maraqla toxunaraq tədqiq edir.

– Nədir gülməli?

– Hər şey necə belə tez baş verdi. Necə deyərlər, bir göz qırpımında.

– Düz deyirsən. Gülməlidir.

– Məni ilk dəfə görəndə heç bunlar ağlına gələrdi?

– Səncə?

– Birinci bəlkə sualıma cavab verəsən, hə? – Flora dikəlib yerinin içində oturur və gözlərini zarafatyana bərəldir.

Rəfael uzandığı yerdən azca sağa dartınıb Floranın belindən yapışır və özünə çəkir. Cəld hərəkətlə yenidən arxası üstə uzanaraq lələk kimi yüngül və itaətkar bədəni qucağında otuzdurur. Ehtiraslı, eyni zamanda təmkinli hərisliklə baxışlarını Floranın dolu dodaqlarında, gecə paltarını qabartmış döşlərində, çılpaq, tarım budlarında gəzdirir. Qasığının istisini daha şiddətli hiss etdikcə, gözlərinin içinə zillənir və bu gözlərin dərinliyində qımıldayan ipə-sapa yatmayan şəhvətin qığılcımı Rəfaelin səbrini tükədir.

– Çıxart bunu – əlini Floranın əynindəki tül gecə paltarının ətəklərinə atıb qaldıraraq astadan deyir.

*

Rəfael fasiləsiz əsnəyir. Qısa müddət ərzində aşırtdığı dörd butulka pivə onu taqətdən salıb, əzələlərini boşaldıb. Telefonu tutmağa belə halı yoxdur. Boş butulkalardan birini qabağa çəkib telefonunu söykəyir.

– Papa yorğundu, qızım, sağollaşaq, qoy dincəlsin – Gülnar telefonun ekranında görünür, aşağı əyilib qızının əlindən telefonu almağa çalışır. Nuray telefonu vermək istəmir.

– Dəymə, Gülnar, qoy görək nə deyir – Rəfael içkili olduğunu bildirməmək üçün var qüvvəsini səfərbər edib.

– Papa... – Nuray qapqara gözlərini iri açıb deyir və sözünün ardını gətirmir.

– Hə, qızım, de görüm – Rəfaelin səsi azca titrəyir.

Nuray çəkdiyi rəsmi ekrana tutur.

– Bax, bayaq çəkdim.

Solğun rənglərlə çəkilmiş rəsm aydın görünmür. Rəfael ayırd edə bilmir: görəsən internet zəifdir, yoxsa içki gözlərini torlandırıb? Bu haqda çox baş sındırmır.

– Nədir o?

– Güldan ev.

– Güldan ev? O necə olur?

– Yekə güldandır da. Qapısı da var, pəncərələri də.

– Hə, nə gözəl çəkmisən. Afərin, qızıma.

Rəfael qızının ekrandan görünən balaca əllərinə, süd dişlərinə, toppuş yanaqlarına, iri, mənalı gözlərinə baxıb kövrəlir. Gözləri arxada arabir görünüb itən Gülnarı axtarır. Udqunur, sinəsi göynəyir. Ana ilə qızın sakit, bir az da darıxdırıcı axşamını təsəvvüründə canlandırır. Mətbəxdə qab-qacaqlar cingildəyir, şkaflar açılıb örtülür. Qonaq otağındakı televizorda göstərilən, heç kimin baxmadığı verlişdən otağa axan danışıq səsləri yeknəsəqliyin kədərini yumşaldıb dözülən edir. Nuray xalçanın üstündə üzüqoylu uzanıb. Televizorun işığı balaca yanaqlarında sayrışır. Hər iki tərəfinə səpələnmiş rəngli karandaşlardan birini əlinə alır və rəsm dəftərinin üzərinə həvəslə basır.

– Yaxşı, papa, get yat. Mən də yatıram. Sabah zəng vuracam – Nuray onu fikirlərindən qoparır.

– Ata sənə qurban! Gecəniz xeyirə!

*

- Olar?

- Gəl, Flora. Qapını yaxşı bağla.

- Darıxmışam sənin üçün.

- Qapını yaxşı bağladın?

- Narahat olma, koridor bom-boşdur.

- Boynun buz kimidir.

- Sənin əllərin necə həmişə belə istidir?

*

Saat doqquza qalmış oyanıram. Yerimdən qalxanda o, yuxuda mızıldanıb kürəyi üstə çevrilir. Aramla enib-qalxan sinəsinə, qaşlarının arasındakı dərin qırışa baxa-baxa gülümsəyirəm. Bilmirəm niyə, onun qaşlarının arasındakı bu dərin qırışdan xoşum gəlir. Qəribədir. Heç vaxt ağlıma gəlməzdi, kiminsə üzündəki bir qırış mənə cəlbedici gələ bilər.

Duşdan çıxıb yataq otağına qayıdanda onu necə qoymuşdumsa, elə də tapıram. Kürəyi üstə, ağzı açıq. Qırmızı hamam xalatımı çıxarıb çarpayının boş tərəfinə atıram və əynimi geyinməyə başlayıram. Yerində qurdalanır, sol çiyini üstə çevrilir, sağ qolunu yorğanın altından çıxarıb çarpayının mənim yatdığım tərəfinə uzadır. Azca bükülmüş barmaqları xalatıma toxunur.

Mətbəxə üz tutmamışdan əvvəl geri çevrilib qarşımdakı mənzərəyə bir də baxıram. Pərdələrin arasından süzülən gün işığı onun xalatıma uzanan qolu boyunca yayılıb bərq vurur. Telefonumun kamerasını açıram. Çərçivədəki mənzərə həyatdakı qədər canlı və təsirli deyil, əlbəttə.

Hər halda, şəkil gözəl alındı.

Qulaqlıqlarımı taxıb musiqiyə qulaq asa-asa səhər yeməyi hazırlamağa başlayıram. Hər şey hazır olanda yataq otağına girib onu oyadıram. Gözlərini narazı–narazı açır, qaşlarının arasındakı qırış daha da dərinləşir. Kal səslə adımı tələffüz edir. Flora...Çarpayının kənarına oturub saçlarını sığallayıram. Məni özünə dartıb çarpayıya atır.

*

– Bir otaqlı evdir də. Universitetə yaxındır. Mətbəxi səliqəli, hamam-tualeti normal. Mənə onsuz müvəqqəti bir şey lazımdır – Rəfael sözünü bitirib çayından qurtum alır.

– Müvəqqəti nə qədər? – Gülnar əllərini qurulaya-qurulaya gəlib ərinin qarşısında oturur.

– Dediyim kimi. Bu semestri yola verim, görək o ərəfədə bu evə bir alıcı tapa bilirik ya yox. Evi satmadan Bakıya köçmək alınan iş deyil. Birinci günlər səhər o başdan gedəcəm, beşinci günlər qayıdacam. Hələlik belə yola verək.

– Telefonda yaxşı eşitmədim. Dedin, tapdığın evin paltaryuyan maşını yoxdur?

– Hə, ən böyük problemi odur. Amma buna görə evin kirayəsindən xeyli düşdü.

– Olsun. Beşinci günlər rayona qayıdanda çirkliləri gətirərsən, evdə yuyaram, birinci gün şəhərə gedəndə təmizlərin apararsan.

Rəfael Gülnara gülümsəyir, ayağa qalxıb onun saçlarından öpür.

– Gedirəm bir az yatım, bütün günü ayaqüstə olmuşam.

*

Çılpaqdırlar. Yanaşı uzanıblar. İlk seksdən sonrakı psixoloji məsafə. Orqazmdan sonra eyforiyanın dumanı seyrəkləşib, beyinlərindəki sərxoşluq su kimi çəkilib gedib. Gerçəkliyin qəfil qayıdışı.

Rəfael gözlərini qırpmadan hündür tavanın küncündəki hörümçək toruna zillənib. Flora çarpayıdan qalxır. Rəfael gözünün quyruğu ilə onun çılpaq bədəninin əyildiyini görür. Flora əyilib yerdən paltarlarını götürür və tələsik əyninə keçirir. Rəfael baxışlarını ona tuşlayır. Flora saç sancağını ağzında tutub saçlarını yığır. Rəfael gözlərindəki qorxu və təşvişi büruzə verməməyə çalışaraq deyir:

– Söz ver ki, aramızda qalacaq.

Flora qaşlarını qaldırıb ona baxır və gülməyə başlayır.

– Nəyə gülürsən? – Rəfael Floranın yöndəmsiz gülüşünə sızan narahatlığı və çaşqınlığı eşidə bilmir. Yerində dikəlib qaşlarını çatır.

Flora tellərini qulağının arxasına yığır, sonra sanki əlləri ilə nə etməli olduğunu bilmədiyindən burnunu qaşımağa başlayır. Artıq gülmür. Rəfael astadan bir də deyir:

– Söz ver ki, aramızda qalacaq.

– Söz verirəm.

*

Yaşıdım oğlanlar mənə qətiyyən maraqlı deyillər. Hər dəfə peşman oluram. Onları ciddi qəbul edə bilmirəm. Yanlarında özümü qayğısız və arxayın hiss etmirəm. Etibarsızdırlar, nə istədiklərini bilmirlər. Çaşqınlıqlarını səs-küylə, zarafatlarla ört-basdır edən yeniyetmələr kimidirlər. Onlarla hər şey süni və durğun alınır. Mənim təmkinli, yanında susanda belə rahatlıq duyduğum bir kişiyə ehtiyacım var. Rəfaelin yanında özümü qadın kimi hiss edirəm. Qayğısız və arxayın. Mənə elə gəlir ki, o, hər şeyi bilir, hər şeyə nəzarət edir, təlaşlanmağa ehtiyac yoxdur. Məni qucağına alır və mən əriyirəm.

Ancaq ona nə qədər yaxınlaşmaq istəsəm də, müəyyən bir nöqtədən o tərəfə keçə bilmirəm. Keçməyimə icazə vermir. Dünən gecə bu haqda fikirləşirdim: elə bil, həmin bu keçilməz məsafə məni daha da həyəcanlandırır. Elə bil laqeydliyi onu daha çox arzulamağıma səbəb olur. Bilmirəm, mənə nə olub. Bəzən özümdən, içimdəkilərdən qorxuram.

*

– Məncə, artıq “siz”i yığışdıraq. Mühazirə zalında deyilik. Mənə sən deyə bilərsən.

*

Gecə.

Rəfael çantasını yığır. Tez-tez ayağa qalxır, otağın hər tərəfinə səpələnmiş köynək-şalvarlarını, mətbəx şkafından təmiz yuyulmuş plastik yemək qablarını götürür və qayıdıb yenidən çantasının qarşısında çömbəlir. Flora məhəccərə söykənib. Qollarını sinəsində çarpazlayıb ona tamaşa edir.

– Bəlkə bu həftəsonu getməyəsən? – səs tonu inamsız və ehtiyatlıdır.

Rəfael ayağa qalxıb bir neçə saniyə baxışlarını Floranın məyus simasında gəzdirir, onunla göz-gözə gələndə pəncərədən qatı qaranlığa zillənir. Flora asta addımlarla ona yaxınlaşır. Qarşısında dayanır və başını Rəfaelin sinəsinə söykəyib qollarını onun belinə dolayır.

– Bilmirəm heç niyə dedim bunu. Başa düşürəm, alınan şey deyil. Sadəcə səninlə daha çox vaxt keçirmək istəyirəm. Nəysə, unut getsin.

Rəfaelin əlləri havada bir anlıq ilişib qalır. Sonra astaca Floranın kürəyinə enir, barmaqları nazik, ipək parçanı sığallayır, parçanın altındakı qıvraq bədənin hərarətini duyur. Saçlarının təravətli, çiçəkli qoxusu Rəfaelin burnuna dolub yaddaşına ilişir.

*

Geniş mühazirə otağı parlaq və sıxıcıdır. O, havada görünməz xətlər cızır və bir an sonra bu görünməz xətləri göy markerlə, gur işığın altında par-par parıldayan ağ lövhəyə köçürür. Bir gözü auditoriyada, digəri lövhədəki düstur və qrafiklərdədir; izahlar verir, arabir fikirlərini yarımçıq saxlayıb tələbələrə zillənir və bir yerdə durmayan nəzərləri başladığı izahları bitirəcək ağızlar axtarır. Ağ köynəyi və tünd boz şalvarı ütülüdür. Yorğun gözləri işığın altında daha şişkin görünür. Qəribədir... Üzünə rəsmi ifadə vermiş, hər beş sözündən üçü termin olan, gicgahları və çənəsinin saqqalı ağarmış bu adamla bu gün axşam sərxoş olub gic-gic hırıldayacağıq. Bu ütülü və qalstuklu, peşəkar görkəmli müəllimlə bir neçə saatdan sonra çarpayısında çılpaq uzanacağıq. Ayağımı üstünə aşırıb ona qısılacam və nəfəsimin sinəsindəki tükləri necə yüngülcə tərpətdiyinə fikir verəcəm. İri əlləri ilə çılpaq kürəyimi sığallayacaq və boşalmış bədənlərimiz məmnunluqla yuxuya təslim olana qədər beləcə səssiz və tərpənməz qalacağıq. Hələlik isə mən tərəfə demək olar baxmır. Bundan incmirəm, onu başa düşməyə çalışıram. Bilirəm ki, dərsdən sonra binanın altında siqaret çəkəndə gözləri məni axtaracaq. Əlbəttə, həmin vaxt ordan keçəcəm. Ona baxıb gülümsəyəcəm.

*

– Gözlə... gözlə, tərpənmə.

Flora telefonu ikiəlli tutub qollarını azca qabağa uzadır.

Rəfael başını çevirəndə telefon kamerasının ona tuşlandığını görür. Cəld yerindən sıçrayır.

– Nəyləyirsən sən?! – Floranın üstünə şığıyır, telefonu əlindən qapır. – Nəyləyirsən, həə-ə?! Aç bunun kodunu! Sil o şəkli!

Flora əsəblə telefonu onun əlindən geri dartır.

– Sakit ol. Şəkil filan çəkməmişəm.

– Şəkil çəkməmisən? Neyləyirdin bəs?

– Çəkmək istəyirdim, imkan vermədin – Flora ona göz süzdürüb arxasını çevirir.

– Başın xarabdı?! Məqsədin nədir sənin?! – Rəfaelin səsi boğazında qırılır və yenidən yüksəlir – Bəlkə kravatda uzanıb selfi edək, aparıb sinif otağından asasan?

*

– Papa, sabah gəlməyəcəksən? – Nuray telefonun ekranın dodaqlarına yaxınlaşdırıb uzaqlaşdırır, barmağı ilə qabaq kameranı qurdalayır.

– Sabah yox, qızım. Gələn həftə – Rəfael əsnəyir, divandan qalxıb otaqda gəzişməyə başlayır – telefonu yaxşı tut da, görmürəm axı səni.

– Sabah niyə yox?

– Papanın işi var.

Nuray heç nə demir.

– Papa gələndə sənin üçün Nutella gətirəcək.

– Nə vaxt? – Nuray sağ əlinin baş barmağını dişləyir, xırda sifətinə çəkingən bir təbəssüm yayılır

– Dedim axı, gələn həftə. Yeddi gün sonra!

– Yeddi çoxdu.

– Çox deyil. Dərslərini oxu, adam dərslərini oxuyanda vaxt tez keçir.

– Dərs oxumaq istəmirəm. Rəsm çəkmək istəyirəm.

– Əcəb edirsən. Amma dərs də oxumaq lazımdı.

– Papa, gəl bir yerdə rəsm çəkək.

*

Zamanın necə uçub getdiyi haqda düşünür. Universitetin həyətində siqaret çəkə-çəkə qarşısından keçən tələbələrin üzündə, arxayın baxışlarında, zamana, yaşlanmağa, məsuliyyətə meydan oxuyan azadlıqlarında, şövqündə öz gəncliyini, tələbəlik illərini xatırlayır. Qıyılmış, nəm gözlərinin dərinliyində keçmişin yadlaşmış, əlçatmaz bir əksi titrəyib bulanır. Mən nə vaxt qırx iki oldum? – pıçıldayır və siqaretindən dərin bir qullab alır. İyirmi il nə tez keçdi belə? On il də bir göz qırpımında keçəcək və əlli gələcək. Sonra daha bir on il...altmış... Burun dəliklərindən çıxardığı qatı tüstüyə boş-boş baxır. Yetmişə çatacağıma heç inanmıram. Bu fikir ona vahiməli olduğu qədər gülünc gəlir.

*

Rəfael video-zəngi bitirən kimi soyuducudan növbəti “Xırdalan”ı götürür və qayıdıb divana sərələnir. Telefonunu çıxarıb mesaj yazmağa başlayır. Evdən çıxmamısansa, bu gün görüşməyək. Özümü yaxşı hiss etmirəm.
“Göndər” düyməsinə basmır. Mesajı silib telefonu divana tullayır. Butulkanı xalçanın üstünə qoyub uzanır.

On beş-iyirmi dəqiqə sonra qapı zənginə diksinib oyanır. Ağzı qup-qurudur, başında küt ağrı var. Ağır hərəkətlərlə divandan qalxır, ikinci addımında yerdəki pivə butulkasına toxunub aşırdır. Köpüklənmiş butulkadan qurtum alıb əlinin üstü ilə ağzını silir və yöndəmsiz yerişlə qapıya tələsir.

– Yatmışdın?

– Yox. Özümü yaxşı hiss etmirəm.

– Niyə?

– Bilmirəm. Səninlə bir şey haqda danışmaq istəyirəm.

– Nə haqda?

*

İşdən evə qayıdır. Hava artıq qaralıb. Metroda iynə atsan yerə düşməz. İki barmağı ilə polad tutacaqlardan yapışıb gecə gördüyü yuxunu xatırlayır. Yuxuda öldüyünü görmüşdü. Belə yuxularda məna axtarmağa dəyməz, yaxşı bilir. Elə bir adam varmı ki, nə zamansa yuxularında öz ölümünü görməyib? Yuxudan ayılıb düşünmüşdü: Ölümə bu gün daha yaxınam. Necə səfeh bir qənaətdir! Belə çıxır ki, onun həyat yolu müəyyəndir, o, sadəcə əvvəlcədən təyin olunmuş xətt üzərində addımlayır və indi, qırx iki yaşında, bu xəttin son nöqtəsinə iyirmi yaşındakından daha yaxındır? Cəfəngiyyat. Axı ölüm hansısa bir nöqtədə dayanıb bizi gözləmir. Axı ölüm hər yerdədir. İki ürək döyüntüsü arasındakı fasilədə, ən dərin yuxuların dərinliyində, göz qapaqlarının arxasında, barmaqların ucunda. Onun ölümlə arasındakı məsafə hər gün eyni olub, dünən də, bu gün də, sağ qalsa, sabah da.

*
– Səsini aşağı sal.

– Mənim səsim aşağıdır, qışqıran sənsən.

– Sən, deyəsən, mənim evli olduğumu yadından çıxarmısan.

– Nə olub sənə? Sən belə deyildin axı.

– Necə idim?

– Belə deyildin. Hər şey yaxşı idi.

– Bilirsən, niyə hər şey yaxşı idi? Çünki məndən heç nə tələb etmirdin. Çünki, məni işğal eləməyə çalışmırdın. Əslində, “sən belə deyildin” cümləsini işlətməli olan mənəm.

– Nə tələb edirəm səndən? Sən daşdansan, ya nə?

– Qulaq as.

– Qolumu burax.

– Onda ağlama. Gəl, sakitləşək, yaxşı?

– Qolumu burax dedim sənə, incidirsən məni!

– Flora, mən evliyəm. Üstəlik səndən iyirmi yaş böyüyəm. Başqa nə gözləyirdin ki?

– Sənin ürəyin yoxdur, vallah yoxdur!

– Ağlama, Flora, sakitləş. Nə edim, yalvarım sənə? Niyə özünü uşaq kimi aparırsan?

– Uşaq oldum indi, hə? Bu vaxta kimi uşaqla yatırdın?!

*

Axşamdır. Yağış çisələyir.

Rəfael güzgünün qarşısında dayanıb saqqalını səliqəyə salır. Telefonu cibində titrəyir. Telefonu cibindən çıxarıb bildirişin üstünə vurur və mesajı oxuyur. Flora on beş dəqiqəyə çatır. Barmağını ekranda beş dəfə taqqıldadır. Y-a-x-ş-ı.

Əl-üz yuyandakı xırda tükləri təmizləyə-təmizləyə fikrə gedir. Artıq Floranın gəlişini həyəcanla gözləmir. Əksinə, sanki bu görüşlər indi özünü yerinə yetirmək üçün məcbur etdiyi gündəlik qayğıya, yükə çevrilib.

Floranın şabalıdı saç tükləri ilişmiş balaca yumru darağına, duş kabininin kiçik rəfindəki çəhrayı tutacaqlı lezvasına, kremlərinə baxır. Diş fırçası öz fırçasının yanında çoxdan yerini tutub. Niyə belə bir səhvə yol verdi? Başqa necə bir nəticə gözləyirdi ki? Bir-iki dəfə yatıb sağollaşacaqdılar? Sonra həftəiçi təzədən bir-birilərindən gözlərini qaçıran yöndəmsiz və yad müəllim-tələbəyə çevriləcəkdilər? Bu haqda, əlbəttə ki, çox fikirləşməmişdi. Axına vermişdi özünü. Nə olacaqsa, olacaq, demişdi özünə. Belə oldu.

Bəs indi nə olacaq?

Əlçatmaz gənc qız, qadağan olunmuş arzu artıq mövcud deyil. Əvəzində səhərlər güzgü qarşısında makiyaj etməyinə, saçlarını fenləyib ütüləməyinə, çılpaq ayaqlarına kolqotka sürüşdürməyinə, yatmamışdan bir az əvvəl yaşıl çay qurtumlamağına, fikrə gedəndə çeçələ barmağını dişləməyinə, filmə baxanda saçlarını barmağına dolayıb uclarını qoxlamağına tamaşa etdiyi, gündüz və gecə rutinini, ən adi, ən özünəməxsus vərdişlərini bildiyi tanış bir bədən var.
Haqqında düşünməyi təxirə saldığı an gəlib çatıb. Təzə köhnəyə çevrilib, təmin olunmuş arzu vərdişə dönüb sirrini itirib. Rəfael yanındakı qadından sıxılmağa, öz tənhalığını arzulamağa başlayıb.

Görəsən, problem ondadır, yoxsa bütün kişilər bu aqibətlə üzləşirlər? Təkcə kişilər, yoxsa bəlkə qadınlar da? Əgər elədirsə, onda necə olur ki, bir yerdə əlli il yaşaya bilirlər? Cavabsız suallar. Rəfael üzünü dəsmalla silib hamamdan çıxır.

Tezliklə semestr sona çatacaq. Artıq eyni sinif otağında olmaq məcburiyyətində qalmayacaqlar. Bu bir semestrlik məşuqluq da tezliklə bitməlidir. Başqa necə ola bilərdi ki?

*

Dünən gecənin bir yarısı məni evdən qovur, indi isə özünü heç nə olmamış kimi aparır... Əlindəki markeri oynada-oynada mən tərəfə bircə dəfə belə baxmadan danışır. Üzündə heç bir ifadə yoxdur. Daşdır, daş.

– Ötən dərsimizdə termodinamikanın birinci qanunundan, enerjinin saxlanılmasından danışmışdıq. Bu gün isə termodinamikanın ikinci qanunundan, əsasən entropiyadan bəhs edəcəyik.

Ayağa qalxıb zaldan çıxıram. Barmaqlarımı koridordakı ilıq radiatora toxunduraram, pəncərədən universitetin həyətində zarafatlaşıb-gülüşən oğlanlara huşsuz-huşsuz baxıram. Bura niyə gəldim? Guya onun vecinədir? O elə bilir ki, insanları alçaldıb incidə bilər və heç bir bədəl ödəmədən həyatını qaldığı yerdən davam etdirə bilər. Görünür, bu vaxta qədər heç kim ona səbəb olduğu ağrılara görə cavabdeh olduğunu göstərməyib. Bunu kimsə eləməlidir.

Mühazirəyə qayıdıram. Pencəyini soyunub, qollarını çırmalayıb. Lövhədə iri hərflərlə ENTROPİYA yazılıb. Masasının kənarına söykənir və auditoriyaya baxır. Mənimlə göz-gözə gələndə baxışlarını qaçırır.

– Nədir entropiya? Gəlin əvvəlcə daha sadə və yaddaqalan dildə izah edək. Entropiya bir sistemdə nizamsızlığın ölçüsüdür. Qapalı sistemlərdə entropiya zamanla artmağa meyillidir. Başqa sözlə, təbiət özbaşına nizam yaratmır; heç nə öz əvvəlki halını qoruyub saxlaya bilmir. Hər şey zamanla dağılır, qarışır, dəyişir və tədricən daha nizamsız və qeyri-sabit hala doğru gedir. Məsələn, buz əriyəndə molekullar daha sərbəst hərəkət etməyə başlayır. Nizamsızlıq artır, yəni entropiya yüksəlir.

...etdiklərinə görə məsuliyyət daşıdığını öyrənməlidir. Bunu ona öyrətməyin bir yolu var.

*

Onunla açıq-aydın danışmalıyam, Rəfael düşünür. Gec-tez bu söhbət baş tutmalıdır. Bu hər nə idisə, olub keçdi, üstündən bir xətt çəkək, unudaq getsin. Floranın məyus və qəzəbli baxışlarını gözünün qabağına gətirir. Sən başa düşmürsən ki, başqa cür ola bilməz? Belə olacağını bilmirdin ki?

Axı bu, tele-serial deyil, həyatdır həyat. Ömürdən nə istədiyini bilməyən bir qadın düşkününün impulsiv səhvlərlə dolu bir həyatı. Burda arxa fonda həzin musiqi yaxud tamaşaçılar üçün hesablanmış xoşbəxt sonluq yoxdur. Özünə gəl. Arvad-uşağımı tərk edib səninlə yaşayacağımı gözləyirdin? Ümid edirəm, yox. Mən beləyəm. Mənimlə yolları kəsişənlərin hamısının həyatını alt-üst edirəm. Qaç, canını qurtar.

*

Dərs bitən kimi qələbəliyə qarışıb mühazirə zalından çıxıram. Rəfael müəllim, etdiklərinin əvəzini ödəməlisən. Ürəyin istəyəni edib belə asanlıqla aradan çıxa bilməzsən. Etdiklərinə görə məsuliyyət daşıdığını öyrənməlisən. Bunu sənə öyrətməyin bir yolu var.

*

Flora ağlayır. Rəfael üçün yad mənzərə deyil. Birlikdə olduğu qadınların hamısı nə zamansa qarşısında beləcə çiyinləri titrəyə-titrəyə ağlayıb. Heç vaxt özünü onların göz yaşlarının həqiqi baiskarı kimi görməyib. Ortada baiskar-filan yoxdur, o düşünür, qadınlar istədiklərini almayanda uşaq kimi ağlayırlar. Bəs yaxşı, nədir Floranın məndən istəyib ala bilmədiyi? Bir anlıq fikrə gedir. Axtardığı hər nədirsə, o, məndə yoxdur. Bundan əminəm.

*
– Artıq bu haqda danışmaq istəmirəm. Xahiş edirəm, çıx – Rəfael baxışlarını döşəməyə dikib əlini qapının dəstəyinə atır.

– Qovursan məni? – Flora əsəbi-əsəbi gülür.

– Qovmuram. Xahiş edirəm. Səbrim tükənib. Xahiş edirəm, get.

*
Çıxmışam, Gülnar, gəlirəm.

Rəfael mesaj yazıb telefonu cibinə dürtür. Yerini rahatlayıb başını arxaya söykəyir və gözlərini yumur.

Gözlərini açanda rayonun girişindəki yanacaqdoldurma məntəqəsini keçdiklərini görür. Yağış başlayıb. Demək olar bütün yolboyu yatıb. Başının yanındakı adamın çiyninə sallandığını görən kimi cəld boynunu dikəldib üzr istəyir. Ayaqları keyiyib, gözlərinin içi qaşınır. Əsnəyə-əsnəyə yağış damlalarının pəncərəni döyəcləyib axmağına tamaşa edir. Xəyalında Nurayın “papa” deyən məsum və yumşaq səsini eşidir. Bir neçə dəqiqə sonra qızını görəcəyini düşünmək ürəyini şirin bir həyəcanla doldurur. Onu bərk-bərk qucaqlayacaq, iri, dalğın gözlərinə tamaşa edəcək, qoxusunu içinə çəkəcək.

Qızının doğulduğu gün yaddaşında canlanır. Həmin gün hiss etdiklərinə yəqin ki, heç vaxt ad tapmayacaq. Necə qəribə, necə sehrli gün idi. Həmin gün Rəfaelin emosional yaddaşında elə bir iz qoyub ki, ona elə gəlir, əgər bir gün yaddaşını tamamilə itirsə belə, o günü yenə xatırlayacaq. Nuray, qızım, deməli gəlib çatdın, – yaxşı xatırlayır, xəbəri eşidən kimi beynindən bu fikirlər keçmişdi – hələ bu dünyaya gəlməmişdən qabaq sən artıq mövcud idin, adın var idi, paltarların var idi, gəzəcəyin yerlər, öyrənəcəyin sözlər səni gözləyirdi. Nəhayət, gəlib çatdın. Necə sehrli bir gün idi o gün. Rəfael pəncərədən baxa-baxa dalğın-dalğın gülümsəyir.

Avtobusdan düşüb bir neçə addım atmamış yağış qəfil güclənir. Boşda qalmış sağ əli ilə paltosunu başına qaldırır və addımlarını yeyinlədir. Evə çatır, islanmış qara parça çantasını koridora qoyub aşağı əyilir və çəkmələrinin bağını açmağa başlayır. İçəridə qarşılaşacağını gözləmədiyi, qaş düyünlədən bir sükut var. Evdə heç kim yoxdur? Gözü Gülnar və Nurayın ayaqqabılarını həmişəki yerlərində axtarır.

Ayaqqabılarının bağını təzədən bağlayıb ayağa qalxır, asılqandan çətir götürüb evdən çıxır.