Hava - Həsrət Rüstəmov yazır...

Hava   - Həsrət Rüstəmov yazır...

12:11 9


Çiskinli payız gecəsinin erkən saatları idi. Alman istehsalı olan təcili yardım maşını yüksək sürətlə şəhərin bağ evləri və villalarla zəngin olan ucqar qəsəbəsinə doğru şütüyürdü. Təngənəfəslik, boğulma şikayətləri ilə 65 yaşlı kişiyə təcili tibbi yardım tələb olunurdu. Sürücünün də, tibbi heyətin də yorğunluğu aşkar hiss edilirdi. Növbəyə üç dörd saat əvvəl başlasalar da, ağır çağırışlar bir-birinin ardınca gəlmiş, işin çətinliyi və psixoloji gərginlik onları əldən salmışdı. Bu çağırışı da ratsiya vasitəsilə əvvəlki çağırış bitər-bitməz almış və dərhal yola çıxmışdılar. Çağırış verilən ünvana hələ bir on dəqiqləlik yol qalırdı.

Həkim heyətin əhvali-ruhiyyəsini bir az yaxşılaşdırmaq üçün maşındakı radionu açdı və dalğaları dəyişməyə başladı. Kanalların birində gedən söhbət diqqətini çəkdi və axtarışı saxladı. Əsəb sakitləşdirən bir səslə tanınmış ruhani alim dini mövzuda söhbət edirdi. Həkimin indi yadına düşdü ki, bu gün cümə axşamıdır, adətən həftənin bu günü radio və tv kanallarda dini verilişlər verilirdi. Din xadimi İslam peyğəmbərindən hədis danışırdı: “Elə böyük və ağır günahlar var ki, Allah onların cəzasını o dünyaya saxlamır, elə bu dünyada ikən verir ki, insanlara ibrət olsun. Bunlar çox deyil və biri də darda olan insanlara zülm etməkdir.”

Sürücü bir əlini bayaqdan üstünə qoyduğu sükandan çəkərək həkimə tərəf uzatdı, “ay doktor, sən Allah, onu söndür, ya da bir şən musiqi tap ruhumuz dincəlsin”. Sürücü yeyib-içən adam idi. Belə adamların molla tayfasından xoşu gəlməzdi. Doktor bu stansiyada işə başladığı ilk gündən onun “diaqnozunu” qoymuşdu. Amma burada təzə idi deyə xətrinə dəyməmək üçün sərt reaksiya vermədi:

- Ay Zakir kişi, bir qulaq as, gör, bu yazıq nə deyir? Molla olanda nə olar, sən sözə diqqət et, peyğəmbərimizdən hədisdir və bu gün hamımız üçün əhəmiyyətli olan ədalətsizlikdən, zülmkarlıqdan söhbət gedir, zülm edənlər lənətlənir.

Tibb bacısı da sürücüyə çəpəki baxaraq başını yellədi. Şəhid bacısı olduğu üçün onun xətrini iş yerində hamı çox istəyirdi, Zakir də onun reaksiyasından bir az utandı və daha onlar tərəfə baxmadı.

Təcili yardım maşınlarını belə yerlərdə adətən qarşılayırdılar, çünki qəsəbə yeni salınmışdı, küçə adları və evlərin nömrələri hələ verilməmişdi. Bizim həkim briqadasını da bir köhnə “Mersedes” qarşılayaraq onun dalınca sürməsini işarə etdi. Az keçmiş üç mərtəbəli bir villanın daravazasında dayandılar və tələsik maşından düşərək darvazadan içəri keçdilər. İçəridən orta yaşlarında olan bir qadın “qadan alım balon da götürün, kislorod balonu. Boğulur, vəziyyəti pisdir” dedi.

Xəstə evin böyük girişində hər iki əlini pəncərə altlığına söykəyib yarım əyilmiş vəziyyətdə inildəyirdi. Dodaqlarının rəngi göyümsov rəng almış, üz-gözü havasızlıqdan şişmişdi. Sözləri az qala hecalayaraq, cümlələri yarımçıq deyirdi. Hava.... Hava... mə-nə ha-va verin...

Həkim və tibb bacısı tələsik oksigen balonunu açaraq üz maskasını xəstənin üzərinə yerləşdirdilər, onu stulda otuzdurdular. Həkim sürətlə çantasından alətlərini çıxartdı və fonendoskopla xəstənin tənəffüsünü dinlədi, barmaq ucunda qan oksigen səviyyəsini ölçdü, qan təzyiqi və ürəyini yoxladı. Bu zaman təcrübəli tibb bacısı da xəstənin dirsək çuxurundakı venaların birinə vazofiks taxaraq damar yolu açdı və baxışları ilə hansı dərmanı yığmalı olduğunu soruşurmuş kimi dinməzcə doktorun üzünə baxdı. Oksigendən sonra xəstə nisbətən yaxşılaşmışdı, amma təngənəfəsliiyin hələ davam etməsi xəstənin üzündəki qorxu və təlaşdan aydın hiss olunurdu. Həkimin göstərişi ilə xəstənin damarına bir neçə dərman məhlulu vurulduqdan sonra adam dərindən ah çəkərək rahat nəfəs almağa başladı.

Bu zaman həkim də, tibb bacısı da bir qədər rahatlaşaraq avtomatik olaraq ətrafa baxmağa və xəstədən xəstəliyinin tarixçəsini öyrənməyə başladılar. Bu zaman həkimin diqqətini otağın küncündəki iki ədəd böyük oksigen balonu çəkdi. Hə, aydındır. Adam 2-3 ildir ki, ağ ciyərin xroniki xəstəliyindən əziyyət çəkir, bəlkə də bütün günü, hətta gecə yatanda da oksigen dəstəyi alır, oksigen balonu olmadan bir dəqiqə belə rahat nəfəs ala bilmir.

Bayaqdan susaraq həkim heyətini izləyən evdəki xanım əzabla başını buladı:

- Ay qardaş hər gün bu iki balon boşalır və göndərilir ki, yenidən doldurulsun. Bir balon da hazırda oksigen stansiyasındadır, gec oldu deyə onu gətizdirə bilmədik. Evdəkilərin hamısı toya gediblər, bu boşalmış balonları aparıb həmin üçüncü balonu stansiyadan gətirmək yaddan çıxıb.

Xanım qonşu idi, onun dediyindən məlum oldu ki, xəstənin oğlu və xanımı qohum toyuna gediblər. Adamın səsi qonşuya çatıb, xanım yoldaşı ilə birgə kişiyə yardım etməyə çalışıblar. Həkim xəstənin ad-soyadını dəqiqləşdirəndə isə duruxaraq fikrə getdi. Əliyev Daşdəmir. Bəli bu o idi, onu indi tanıdı. Amma hər ehtimala əvvəllər harada işlədiyini sözgəlişi bir də soruşdu. Məlum oldu ki, bu elə həmin adamdır, həkimin şübhələndiyi kimi uzun müddət ölkədəki həbsxanalardan birinə rəhbərlik etmiş həmin adam.

Həkim az qala dəli olacaqdı. Bu qədər təsadüf ola bilməzdi. Radioda eşitdiyi hədis, əzazil həbsxana rəisi, təngənəfəslik və hər gün kifayət qədər böyük pul xərclənən hava.

İş elə gətirmişdi ki, doktor on il əvvəl kiçik bir səhvin ucbatından qısa müddətə həbs olunaraq bugünkü pasiyentinin rəis olduğu həbsxanaya yerləşdirilmişdi. Orada gördükləri haqsızlıqlar, həbsxana işçilərinin məhbuslarla rəftarı, bir birindən ağır insan faciələri yaddaşından silinməmişdi. Ən çox da bir epizodu xatırlayırdı – həbsxanada hər otaqda normadan iki dəfə artıq adam saxlanılmasına baxmayaraq kiçik nəfəslikləri açıb içərinin havasını dəyişməyə icazə verilmirdi. Daha doğrusu bunu yalnız müəyyən məbləğ qarşılığında etmək mümkün idi. Bu rüşvəti də hamı verə bilmirdi, ona görə də bu həbsxanaya sağlam girmiş insanlar iki-üç aydan sonra ağır xəstəliklərə mübtəla olurdular. Doktorun özü də bu mühitə dözməyib xəstələnmiş, azadlığa çıxdıqdan sonra uzun müddət müalicə almalı olmuşdu.

Bəli, ilahi hakimiyyətin qərarı çox ədalətli olmuşdu – dişə diş, başa baş, havaya hava...

Doktor bu adamın kimliyini xatırladıqdan sonra elə bil bu məkandan ayrılaraq göylərə qalxmışdı. Yanında baş verənlərə artıq diqqət edə bilmirdi. Tibb bacısının təlaşlı səsi onun elə bil ruhunu titrətdi və göylərdən geri qayıdaraq Allahın havasını məhbuslara pulla satan sabiq həbsxana rəisinin yenidən boğulduğunu, rənginin isə göyümtül-boz rəngə döndüyünü gördü. Balonda oksigen az qalıbmış, ona görə də tez qurtarmışdı. Tez sürücünü səslədi və ambulansdan digər balonu gətirməsini xahiş etdi.

Təqribən iki saatlıq mücadilədən sonra həbsxana rəisinin vəziyyəti nisbətən stabilləşdi. Doktor xudahafizləşərək sabiq rəisin geniş və hündür tavanlı, böyük pəncərəli villasından özünü bayıra ataraq azad bir nəfəs aldı. Ona bir anlıq elə gəldi ki, indicə günahsız olaraq tutulduğu həbsxana kamerasından bir də təzədən qurtuldu.

Ambulansa oturar oturmaz əllərini göyə qaldıraraq “şükür sənə İlahi, mərhəmətinin də, ədalətinin də tayı bərabəri yoxdur” deyən doktora tibb bacısı da, sürücü də sual dolu nəzərlə baxdılar. Həkim bu adamın kim, hansı işin sahibi olduğunu onlara danışdı. Tibb bacısının gözləri yaşarmışdı, sürücü Zakir kişi isə dərin sükuta qərq olmuşdu.

Stansiyaya çatmağa az qalırdı. Rabitə radiosu susurdu. Artıq gecə yarısı olmuş, təcili yardıma müraciətlər bir qədər səngimişdi. “İlahi ədalət var imiş... Allah gec edir, amma güc edir”. Bayaqdan dərin fikirlərə dalmış Zakir kişi özündən ixtiyarsız pıçıldayırdı. Deyəsən bu hadisə onu da möhkəm silkələmişdi.

Oktyabr 2025