Ev - İdris Heydərli yazır...

Ev  - İdris Heydərli yazır...

01 Avqust 2023 11:42 168


Biz Evin parçasıyıq, yoxsa Ailənin?

Ailə minilliklərin icadıdır, hər şəklini görə bilərik, müzakirə edə bilərik.

Ev isə ayrı bir şeydir, hər ailə Ev ola bilmir.

Evi dil necə tanıyır ki, burdan evlənmə başlar.

Hər dilin içində bu tanıma fərqlidir.

Home, Dom kimi.

Ev bizim üçün nədir?

Evin tikilsin, evin dağılsın alqış və qarğışın mərkəzindədir.

Bu dili daşıyan hər kəs üçün Ev əsasdır.

Ailə sonradır.

Evini qurmayanın Ailəsi mümkün olmaz.

Ev bizim düşüncənizdə nə sığınma, nə qorunma, nə də saxlanma yeri deyildir.

Ev bizim dünyamızın şəkillənən dünya halıdır. İçidir.

Ev bizim dünya anlayışımızın içidir.

Üzü adidir, sadədir, içi qat qatdır.

Evin içində struktur elə inşa edilib ki, poza bilmirsən, pozduğun an evdən qovulursan.

Ailədən olarsan, Evdən isə ayrıldığın an evin adamı deyilsən.

Hakimiyyətlər ailə üzərində qurular, ev üzərində isə hakimiyyət qurmaq mümkün deyil.

Evin içində sərhədlər çox kəskin qoyulur.

Hər kəs sərhədləri içində azaddır.

Evin verdiyi azadlıqlar sonra Dövlətləşər.

Və Dövlətə dönər.

Evi olmayanın dövləti qanun olar, Ev qanunu sevməz, qaydaları gözlər.

Qayda Evin təməlidir.

Biz qaydalarla yaşadığımız üçün Qanunu sevmərik.

Qayda ilə Qanunun fərqli nədir ki?

Qayda yaşanıb təcrübəsi olandır, cəzası hər kəsin özünə aiddir, dəyişməyəndir.

Qanun isə Diktədir, dəyişəndir.

Bu gün bu qanun ola bilər, sabah başqa ola bilər.

Bir quruma aid olan əmrlərdir.

Biz qanunu deyil, qaydanı seçənlər olduğumuz üçün məsələmizi həll edə bilmirik.

Ev qaydalar əsasında idarə olunar.

O qaydaların nədən belədir sualı olmaz.

Evin məsələsini tarix və zaman hələ həll etməyib.

Gələcək Evin məsələsidir.

Evi tikilənlər...